Gəzdiyim dinclikdi, bir də azadlıq!

 

  Hələ 88-ci illərin axırında dünya ədəbiyyatının nadir incilərini bizlərə təqdim edənlərdən biri, bəlkə də birincisi Mahir Qarayev oldu. Ədəbi zövqün formalaşmasında böyük əməyi olan M.Qarayev həm də kütləvi oxucuların deyil, bəlli elitar dairələrin talantlı şairi kimi sevilir. Bu dəfə "Söz odası"nda onun şeirlərini yox, tərcümələrini təqdim edirik.

 

     M.Y. Lermontov

    

     Duman-çən içindən ağarıb keçən

     Daş yola çıxıram tənha, piyada;

     Ulduz-ulduz yanan lal, qərib gecə

     Tanrını dinləyir səhra, biyaban.

  

      Göylər bir nağıldır, bir əfsanədir!

      Mavi nur içində uyuyur yer ...

      Bu sayaq ağrıdan məni bəs nədir?

      Nədir axtardığım? itirdiyim ?

  

      Yoxdur umacağım həyatdan artıq,

      keçmişlərin həsrətindəyəm;

      Gəzdiyim dinclikdi, bir azadlıq!

      Hər şeyi unutmaq! yatmaq istərəm!

  

      Amma bu olmasın əcəl yuxusu...

      Elə bir yuxuyla uyuyum ki, mən -

      Uyusun könlümdə həyat duyğusu,

      Aldığım nəfəsdən qabarsın sinəm;

  

      Bir sevgi mahnısı gecəbəgündüz

      Qoy axsın, oxşasın qulaqlarımı,

      Bir qəmgin palıd da gərsin üstümə

      Hər zaman göyərən budaqlarını.

 

      

      Anna Axmatova

  

      Ürək ki, ürəyin əsiri deyil -

      Buyur get, indi ki fikrin başqadır.

      Kim ki bir kimsədən asılı deyil

      Xoşbəxtlik onunçün hər qarışdadır.

  

      Ağlayıb baxtımı qarğamıram da,

      Yoxdu qismətimdə səadət mənim.

      Ölüm oxşayar da, sığallayar da -

      Sən öpmə, oxşama yorğun çöhrəmi.

  

      Həsrət ağrıları getmiş sinəmdən

      Ağappaq, bəmbəyaz qışla bərabər.

      Mənim sevgilimdən axı sən nədən,

      Sən nədən yaxşısan, yaxşı bu qədər?!

  

      Ayrıla bilmirik, bilmirik artıq,

      Ölçürük yolları çiyin-çiyinə.

      Astaca-astaca çökür qaranlıq,

      Fikirli-fikirli durmuşuq yenə.

  

      Kilsəyə girərik -

      xaç mərasimi, ya ölü duası...

      Çıxıb kilsədən

      kimsəyə baxmadan dönüb gedərik...

      nədən özgə çürük axı, biz nədən?

  

      Ya da köks ötürüb əyləşirik biz

      Bir köhnə, bir uçuq məzarın üstdə;

      Qoşa qəbrimizi səssiz-səmirsiz

      Cızarsan ağacla boz qarın üstdə...

  

 

      Osip Mandelştam

 

      Nəhəng fil qulağında

      yaşayırıq sanki biz,

      Onca addım o yanda

      eşidilmir səsimiz.

  

      Qulaqları dəng edən o qaniçən, o alçaq -

      Kreml dağlısının səsi-sözüdür ancaq.

      Soxulcantək yağlıdır qapqara barmaqları,

      Qupquru kəlmələri pudluq çəki daşıdır.

      Tarakan bığlarının hey qımışır ucları,

      Par-par yanır, işarır çəkməsinin quncları.

  

      Boynuyoğun, heyvərə  

      bir yığın vəkil, vəzir

      Gəzir həndəvərində

      hər əmrinə müntəzir.

    

      Fərman dalınca fərman, yollayır sola-sağa

      Nallayır gah alına, gah gözə, gah qasığa.

  

      Ürəyinə yağ kimi

      yayılır edam səsi,

      qabarır dağ kimi

      gen osetin sinəsi.

  

 

      Marina Svetayeva

  

      Bu gecə, bu gecə yalqızam necə -

      Bir yurdsuz, yuxusuz rahibəyəm mən!

      bu yalqız gecə

      Bütün bu şəhərin sahibiyəm mən!

  

      Yuxusuzluq alıb aparır məni...

      - Kreml, gözəlsən, gözəl! Bu gecə

      Savaş içindəki Yer kürəsini

      Bağrıma basardım, öpərdim necə!

  

      Külək elə bil dərddi, acıqdı,

      Sıxır ürəyimi, sıxır beləcə.

      Bu gecə - yazıqlar daha yazıqdı,

      Bir öpülənlər yazıqdı məncə.

     

      Nəyim var, ayrılıb hər birisindən

      Könülsüz-könülsüz gedirəm, ancaq -

      Bu xəz kürküm mənim qurd dərisindən

      Heç bilmirəm kimə qismət olacaq;

  

      Kimi kövrəldəcək isti yun şalım,

      Kim mənim itimə sahib çıxacaq,

      Üstü firuzəli, üstü naxışlı

      Gümüş qolbağımı kim, kim taxacaq...

  

      Kimin olasıdır, gözümü yumsam,

      Bu məktublar kimin, çiçəklər kimin...

      İçimdən sürüşən sonuncu misram,

      Bir sən, bir sən, son gecəm mənim!

  

 

      Fednriko Qarsia Lorka

  

      GİTARA

  

       Başlanır

      gitaranın

      yanıq-yanıq naləsi

      Çiliklənir

      tökülür

      səhərin piyaləsi.

      Nalə çəkir gitara!

      Ondan sükut ummayın,

      nahaqdan üz vurmayın -

      çətin, çətin qurtara!

      Nalə çəkir gitara!

      Ağlayır arx boyunca sellər ağlaşan kimi,

      qarlı çöllər boyunca yellər ağlaşan kimi...

      Allahı sevərsiniz -

      yalvarmayın ki, sussun!

  

      Qürub o cür ağlayır dan şəfəqindən ötrü,

      o sayaq ağlayır ox - hədəfdən ki yan ötdü!

      Gün altda qovrulan qum eləcə zulum-zulum

      ağlayır bir çiçəyin sərin kölgəsi üçün!

  

      İlan çalmış quşcuğaz

      o cür dünyadan köçür -

      köçür sinəsi dağlı...

  

      Ah, gitara, gitara -

      beş amansız xəncərin

      biçarə qurbanlığı!

 

 

      Mahir Qarayev

 

     Şərq.- 2012.- 5 may.- S.17.