"Üç gün cənazəsi evdə qaldı"
"Axundov
canişin dəftərxanasının
qulluqçularının çiynində məzarlığa
aparıldı"
Azərbaycanın
böyük mütəfəkkiri, yazıçı-dramaturq
Mirzə Fətəli Axundovun bu il 200 yaşı tamam olur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
və TÜRKSOY-un qərarı ilə bu il Axundov ili elan
olunub. Əbdürrəhim bəy Haqverdiyevin 1928-ci ildə
"İnqilab və mədəniyyət" jurnalının
3-cü sayında çap etdirdiyi bu məqaləni yenidən
nəşr etməklə bu böyük fikir insanının həyatının
faciəvi məqamlarını oxuculara çatdırmaq istəyirik.
Mirzə Fətəlinin faciəsi
Mart ayının 12-də
Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir.
Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm
qoyandan axır nəfəsinə qədər böyük bir
faciə içərisində keçmişdir. Epoletlər,
imtiyazlar, xaç-medallarla bəzənmiş paltarın
altında od tutub alışmaqda olan bir ürək
döyünməkdə idi. Ətraf zülmət və cəhalət,
bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi
istədikləri yerə sürən ruhanilər -
başlarında şeyxül-islam Molla Əhməd olmaq
üzrə - Zaqafqaziyada təkcə yanmaqda olan bu
çırağın işığının
qabağına qalın bir pərdə çəkirdilər.
Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər
"Kimyəgər" komediyasında onun Molla Nuru şairin
dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər.
Molla Nuru üzünü mülklərini, evlərini girov
qoyub, Molla İbrahim Xəlilin yanına gümüş
almağa gedənlərə tutub deyir: "Hər kişinin
öz peşəsi özü üçün bir
iksirdir". Bunun cavabında ondan soruşurlar:
"Sən ki,
şairsən və şairlik də sənin peşəndir, bəs
nə səbəbə bu sənətin sayəsində sənin
dövlətin yoxdur?"
Molla Nuru cavab verir:
"Bəli, mənim hünərim filhəqiqə iksirdir.
Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa
filizat lazımdır ki, onun təsirini qəbul edə. Həbelə
mənim hünərim üçün dəxi ərbabi-zövq,
kamal və mərifət lazımdır ki, dediyim əşarın
qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən
həmşəhərlilərim də ki, sizsiniz, nə kamal
var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim
hünərimdən nə fayda hasil olacaq, mənim şeirim nəyə
məsrəfdir?"
Bundan böyük faciə
olarmı? Mirzənin yazdıqlarını, söylədiklərini
nəinki anlayan yox idi, hətta onun komediyalarını para ilə
alıb yandırmağı hər bir "müsəlman"
səvab əməl hesab edirdi.
1849-cu ildə
canişin Voronsovun əmri ilə Tiflisdə teatr binası
tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində
teatr əsərləri yazmaq üçün canişin
üç komisyon təşkilinə əmr verdi. Erməni,
gürcü komisyonları çox tezliklə işə
başladılar. Azərbaycan komisyonunda işləmək
üçün Mirzə Fətəlidən başqa bir adam
tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə
komediyalar yazmağa başladı. Bu da bir faciə.
Daha bir faciə. Mirzə
Fətəli ömrünün axırına qədər
öz əsərlərini Azərbaycan dilində səhnədə
görməyə müvəffəq olmadı. 1873-cü ildə
Bakıda indiki Zəhmət sarayında birinci dəfə
olaraq Azərbaycan dilində "Hacı Qara"
komediyasının oynanılmasının xəbərini Həsən
bəy Zərdabidən alıb, ona belə bir cavab verdi: "Mən
qocalmışam və qəbr evinə yaxınlaşmamı yəqin
etmişdim. Əmma, sizin, bu xəbəriniz mənim
ömrümün on sənə daha uzanmasına səbəb
oldu". On il yox, beş il ondan sonra Mirzə arzuları, əməlləri
ürəyində qalaraq, gözlərini həmişəlik
yumdu. Mirzənin vəfatı da faciəsiz keçmədi.
Şeyxül-islam
Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib
dedi: "Mən Mirzə ilə çox müsahibətdə
olduğumdan onun əqidələrinə dürüst bələdəm.
Bu bələdiyyət, məni onun namazını qılmaqdan
imtina etməyə məcbur edir". Bu sözü eşidib
qalan mollalar da Mirzənin namazını qılmaqdan boyun
qaçırtdılar. Mirzəyə namaz lazım deyildi. Fəqət
bu, onun əqrəbası üçün bir niskil oldu.
Çox danışıqdan sonra əməleyi-mövtadan
Molla Hüseyn adlı bir kişi gedib onun namazını
qıldı.
Mirzə
ömrünün axırına qədər camaatı
bürümüş zülmət və mövhumatla
mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik
adlandırıb cənazəsini yerdən götürmək
istəmədilər. Üç gün cənazəsi evdə
qalandan sonra canişin divanxanasının qulluqçuları tərəfindən
qaldırılıb qəbiristana aparıldı.
"Möminlər" onun cənazəsinin dalınca da getmədilər.
Bir neçə nəfər hər birisi üç rublə
alıb, onu qəbrə qoymağa razı oldular.
Bununla belə Mirzə naümid getmədi. Gələcəkdə ona qiymət
veriləcəyinə xətircəm
idi. Əsərləri çap olunan
qəzet parçalarını,
aldığı məktubları
yığıb saxlaması
buna şahiddir. Həmin parça kağızların
hər birinin bir qiymətli şey olacağını
Mirzə yəqin etmişdir. Mirzənin dedikləri doğru
çıxdı. Zəhmətkeş hakimiyyəti zamanında o
artıq qiymətləndi.
Onun üçün abidə tikildi, onun şərəfinə
bir çox təntənəli iclaslar
düzəldi. Bir çox
müəssisələr onun
adı ilə adlandı.
Budur,
böyük bir elm işçisinin zəhmətkeşlərdən
aldığı mükafat!
Şərq.- 2012.- 12 may.- S. 13.