"Mən insanam, dəyişirəm"

 

    Azərbaycan Yazıçılarının 1-ci plenumu Plenuma baxış

  

    1933-cü il yanvar ayının üçüdür. Maarif evinin salonu gənc və yaşlı simalarla doludur. Az.Ş. yazıçıları cəmiyyəti təşkilati komitəsinin birinci plenumuna gəlmişlər.

  

     Burada:

  

     Mübariz, proletar gəncliyinin ədəbiyyat əsgərlər vardır.

     Burada: Şura cəbhəsinə keçmək istəyən yaşlı yazıçılar, (Ə.Cavad, Sanılı, H.Cavid, Süleyman Sani, hətta Soltan Məcid Qənizadə kimiləri belə vardır.

     Burada: Rayonlardan, işçi ədəbiyyat dərnəklərindən gələn gənc yazıçı kadroları vardır.

     Bir neçə, yoldaşları xatirinə gələn oğlan və qızları da əlavə edərsək, demək olar ki, salon plenuma müxtəlif gözlərlə baxan və müxtəlif nəticələr gözləyən müxtəlif adamlarla dolu idi.

     Plenum saat 7 radələrində komitənin məsul katibi İ.Mirzə yoldaşın sədrliyi ilə açılır. O, əvvəlcə plenumun tarixi əhəmiyyətindən danışır, birinci 5 illiyə yekun vurduğumuz və ikinci 5 illiyə hazırlaşdığımız bir dövrdə plenum çox iş görəcəyindən və görməli olduğundan bəhs edir. Mərkəzi komitənin bədii təşkilatların yenidən qurulması haqqında çıxardığı tarixi qərarının necə həyata keçirilməsindən danışaraq plenumun birinci iclasını açıq elan edir.

     Prizidum heyətinə: Şahbazov, Buqşpan, Quliq, Qamski, C.Cabbarlı, İbrahimov, S.Hüseyn, Davidyan, Səməd Vurğun, Ə.Nazim, Məmməd S. H.Soltanova seçilmişdir.

  

   Müzakirə ediləcək məsələlər:

  

   1) YİŞÆT komitəsinin birinci plenumu yekunları haqqında

  

   (məruzəçi Quliq).

  

   2) Az. ŞÆT Komitəsinin haqq-hesabı

  

   (İ.Mirzə)

  

   3) Sosializm realizmi (Ə.Nazim)

  

   4) Azərnəşrin haqq-hesabı (Ə.Heydərli),

  

   Sözə ilk dəfə başlayan yol. Quliq:

  

   - "YİŞJT komitəsi tərəfindən mənə tapşırıldığı üzrə, Az. Ş. yazıçıları və bütün Azərbaycan Şura ədəbi ictimaiyyətinə atəşin salamlar yetirməliyəm" - deyə davam edir:

     "Bununla belə mən bütün Ukrayna yazıçıları təşkilat komitəsi məsul katibi hesabilə bu təbrikə, bir təbrik də əlavə etməyi lazım görürəm: Mən, neft və pambıq ölkəsi yazıçılarına, çörək və kömür ölkəsi yazıçılarından salam yetirirəm" deyir.

  

   Salon gurultularla dolur.

     O, məruzəsində YİŞJT komitəsinin I plenumu əhəmiyyətindən danışır. O, keçmiş Rapp rəhbərliyinə olan səhvləri qeyd edərək, fikrini ayrı-ayrı rus yazıçıları üzərində əsaslandırır. Bəzi yazıçılar tərəfindən Mərkəzi Komitə qərarının hələ lazımi qədər anlaşılmamasını irəli sürür. O, məruzəni nəzəri sahəyə, tənqid sahəsinə keçirərək:

     - "Mən sizə, Marks-Lenin terminologiyası ilə pərdələnmiş bəzi tənqidlərin hətta zərərli olduqları haqqında bir çox faktlar göstərə bilərəm. Dialektik materializmi vulqarizə edən tənqidlərin sayı çoxdur".

     O, Rusiya yazıçıları arasından gətirdiyi faktları ixtisar edərək Az. Tənqidçilərindəki faktlara ("Udarnik" jurnalına əsasən) keçir.

     Popovun özü-özünə zidd gedən və heç nəticəyə gəlməyən eqleqtik tənqidindən danışır.

     Orjinal əsərlərimizin sürətli inkişafını qeyd emtəklə hələ də tənqidimizin bu yazılara yol göstərməkdən aciz olduğunu qətiyyətlə bildirir.

     Yol. Quliq sənətin spesifiqumundan, yaradıcılıq metodu, bədiilikdən, sosializm realizmindən bəhs etməklə deyir:

     - "Sənət - bu məxsusi bir üst qurumdur; bu üst qurumun xüsusiyyəti onun obrazlılığındadır. Lakin onu ancaq obrazlıqda düşünüb bədii keyfiyyəti unutmaq qətiyyən yaramaz. Bilmək lazımdır ki, qəzetlərimizdə çap olunan məqalələri nəzmə çəkmiş olarsaq, bu proletar əsəri ola bilərsə də bədii əsər, şeir olmaz.

     "Bu doğru olarmı ki, biz, "sosializm realizmi" terminindən əl çəkib ancaq "realizm" ilə kifayətlənək? Yox. Çünki sosializm quran ölkədə sosializm realizmindən başqa bir realizm ola bilməz.

     Realizm-varlığı doğru ikinas etməkdir və Marksizm doğruluğundan başqa bir doğruluq ola bilməz, indiki belədir, demək bizdə realizm, sosializm xaraktersiz ola bilməz".

     Sonra o, məruzəsində Şura dramaturgiyasından, gənclər, çocuqlar ədəbiyyatının əhəmiyyətindən, ədəbiyyat dərnəklərinə olunacaq rəhbərlikdən, işçi-kolxozçu yazıçılarına olunacaq rəhbərlikdən danışaraq sözlərini belə bitirir:

     - "Yazıçının vəzifəsi - insan ruhunun formaya alınması, insaniyyət varlığının, psixolojisinin mühəndisi olmaqdır. Yazıçılarımızın qarşısında kommunizm həyatımız böyük məsul vəzifələr qoyur.

     Mən əminəm ki, həmin məsələlərin həyata keçirilməsində Azərbaycan Yazıçıları əsas yaradıcılıq cərgəsini tutacaqdır".

    Saat yarımdan çox çəkən məruzə Ukrayna və qonşu cümhuriyyət şura ədəbiyyat təşkilatlarının eyni idea uğrunda dönmədən çalışmaları və eyni bayraq altında sınıfsız cəmiyyət quran sosializm ölkəsinin gələcək qalibiyyətləri uğrunda ediləcək müttəhid mübarizə etimadilə bitir.

  

   Salon gurultularla dolur.

  

     Plenumun 2-ci iclası 4 yanvarda Az. Həmkarlar ittifaqı şurası salonunda açılır.

     Təşkilat komitəsi tərəfindən İ.Mirzə yoldaş görülən işlər haqqında hesab verir.

     O:

     - "Yoldaşlar, mən çox danışmayacağam" deyə 2 saat danışır:

     - Az.Arr rəhbərliyinin yaratdığı qrupçuluq, Atamançılıq əsas etibarilə ləğv edilmişdir.

     MK - qərarından sonra təşkilat komitəsi əski yazıçıları öz rəhbərliyi altına ala bilmişdir. Yazıçılığın maddi vəziyyətinin get-gedə yaxşılaşması barədə istər MK tərəfindən, istərsə Təşkilat komitəsi tərəfindən lazımi tədbir görülməkdədir".

     Mirzənin bu tonda davam edərək, yaradıcılıq metodu və dünyagörüşü barəsində, dialektik materializm əsasını öyrənməklə bütün məsələlərin həll olunmadığını, hələ bir çox priyomların, obrazların seçilməsi və yaradıcılıq sənətini öyrənmək lazım gəldiyini deyir.

     Haqq-hesabdan çox, nəzəri çıxışa bənzəyən bu məruzədə təşkilati məsələlərə az yanaşılır. Ədəbiyyat dərnəklərində işlərin qətiyyən aparılmadığı barədə danışılmayır. Rayon, qəza oxucu və yaradıcılarının rəhbərlik altına hələ də alınmaması yada salınmayır.

     Lakin Mirzə yoldaş bu suallara, son sözündə cavab verərək bu sahədə çox zəif iş aparıldığını etiraf edir və plenumun bir çox iş görməli olduğunu və görəcəyini qeyd edir (alqışlar)

  

   Tribundan səslər

  

   Prof.B.Çobanzadə

  

   - "Mən Şura ədəbiyyatının bugünkü qalibiyyətini etiraf etməyə bilmərəm. Mərkəzi Komitənin 23 aprel tarixli qərarını təbrik edərək, bu qərarın bizim Azərbaycan şəraiti üçün ən lazımlı olduğunu qeyd edirəm.

     Bir az əvvəl mənim pantürkist, formalist, eqleqtizm kimi səhvlərimin üstü açılmamış qalsaydı, kim bilir bəlkə mən hələ indi də o səhvləri davam etdirirdim. Mən fikir və mövqeyimin bugünkü inkişafını, əsas etibarilə şura yazıçıları təşkilatına borcluyam.

     Artıq Lenini, Stalini, Marksı oxuyur və öz elmi işlərimi onların əsasında qururam. Mənə tapşırılan bütün işləri yerinə yetirməyə hazıram" deyir və alqışlanır.

     Bir çoxlarının görməyib tanıdığı bir adam tribunaya çıxır; bu, vaxtilə "müsavat" bayrağını, səmimiyyətlə oxşayan "Göy-göl" müəllifi Cavad Axundzadədir.

     O, ilk sözündə, özünü bir zaman müsavat yazıçısı olduğunu, bəlkə irəlidə gedənlərdən, təşkilatçılardan olduğunu etiraf edir.

     O, bunun səbəbini gördüyü tərbiyədə, aldığı təhsildə və mühitdə görür.

     O, böyük bir səmimiyyətlə etiraf edir ki:

     - Azərbaycan şuralaşandan sonra ədəbiyyat təşkilatına proletar gəncliyini buraxmaq istəməyirlərmiş".

  

   O, etiraf edir ki:

  

   "Ədəbiyyatda hegemonyanı proletar gəncliyi əlinə verməkdən sakınırlarmış". "Bu səhvdir" - deyir.

     O, bu səhvləri boynuna alaraq qızıl qələm cəmiyyətinin, nəhayət Azərbaycan proletar Yazıçılar İttifaqının onlara qarşı olan mənfi və dəyişməz əlaqələrini də səhv hesab edir.

     - Boynunda bir "toği-lənət" vardır, deyir Lakin Cavad bunu da etiraf etməlidir ki, proletar gəncliyi vaxtilə onları haqlı olaraq cəmiyyətdən kənarda qoymuşdu, o vaxt tarixi inkişafımız hələ bizə ədəbiyyat rəhbərliyi imkanını verməmişdi: hələ o vaxt Cavad-Cavid stili hakim stil hesab olunurdu. Lakin indi proletar gəncliyi Cavadın sıramıza gəlməsindən qorxmayır, bəlkə də bunu lazım görür.

  

   Cavad davam edir:

  

   - Mən insanam, dəyişirəm. Mənə 5 il əvvəl baxıldığı kimi baxmaq doğru deyil, mən dəyişmişəm, dəyişirəm, mən şura ədəbiyyatının parlaq qalibiyyətini görürəm. Mən sosializm quruluşunun dünya miqyasında böyük nailiyyətlərə çatdığına şahidəm, mən proletar diktaturası uğrunda çalışmaq lazım gəldiyini anlayıram. Lakin mənə imkan vermək lazımdır".

      MK-nin tarixi qərarı imkan yarandığına parlaq sübutdur. Biz, bizə tərəf atılan dost addımları (düşmən cəbhədən olsa da) hörmətlə qarşılayırıq.

      Baqri də öz formalist səhvlərini etiraf edir. O da böyük quruluşa xidmət edəcəyinə söz verir.

      Sanılı görünür. O əvvəlcə "eqoizmə" qapılır, tərcümeyi-halını danışaraq qolçomaq olmadığını isbat edir. Özü belə batraq olduğu halda necə olur qolçomaq ideologiyasını tərənnüm edir. (?) - "Azərbaycan şuralaşandan əvvəl yazdığı əsərlərdə heç idea olmadığını iddia edir... (?) Nəhayət güzəştə gedərək bu günün gəncliyindən yardım, rəhbərlik tələb edir və buraxdığı, buraxacağı səhvləri düzəldəcəyinə söz verir.

     Sonra Buqşpan, Jurin, Qamski, Əli Nazim, Rəfili, Rza, Əlisəttar. Yoldaşların çıxışı olur. Bu çıxışlar cəmiyyətin gələcək işlərini aydınlaşdırır.

       Plenumun üçün iclası Lenin kitabxanasında Əli Nazimin sədarəti altında açılır.

      Bu gün böyük mühərrimiz Mirzə Cəlil Məhəmməd Quluzadənin (Molla Nəsrəddin) vəfatının ildönümü xatırlanır.

      4-cü iclas yenə orada açılaraq, Əli Nazimin "sosializm realizmi" haqqında məruzəsi Heydərlinin Azərnəşr haqqında məlumatı dinlənilir.

 

 

     Şərq.- 2012.- 12 may.- S. 13.