Keşiş dağı Azərbaycanın ərazisi olub
Azərbaycanlıların Keşiş dağ məbədi
və ya Qaraca məbədi, gürcülərin isə
"David Qareci" məbədi adlandırdığı
monastrın ətraf əraziləri Azərbaycan-Gürcüstan
sərhədində, hazırda mübahisəli ərazi
sayılan zonadır. Tarixçilər isə bunu
qədim Alban məbədi kimi
xarakterizə edirlər. Böyük coğrafi sahəni əhatə edən məbəd
kompleksinin bir hissəsi
Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi
isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə
dair Azərbaycan və gürcü
mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə
görə, Keşikçi məbədi
qədim alban mənşəli olub, Qafqaz
Albaniyasının mədəni irsinə aiddir.
Əksər gürcü mənbələri
isə məbədin gürcü mənşəli
olub, tarixən Gürcü
Pravoslav Kilsəsinə tabe
olduğunu iddia edir.
Azərbaycan tarixçilərinə görə, məbəd
gürcülər tərəfindən yalnız IV Qurucu Davidin
hakimiyyəti dövründə ziyarət edilməyə
başlanıb. O
dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti,
həmçinin Şirvanşahlar dövləti
xristian məbədlərinə o qədər də maraq
göstərməyib və onları himayə etməyiblər.
Məhz belə bir dövrdə onsuz da sayca
azlıqda qalan xristian
albanlar dağlara
çəkilib, bu məbəd də o dövrdə tərk edilib.
Aparılan tədqiqatlar göstərir ki,
məbədin divarlarına çəkilmiş şəkillər
və gürcü dilində olan yazılar onun
yaşına nisbətən xeyli gəncdir.
Xatırladaq ki, mübahisəli ərazi sayılan
Keşiş dağı məbədi ətrafında dəfələrlə
müzakirələr aparılıb, fikirlər səsləndirilib.
Azərbaycan
tərəfi bü ərazilərin Azərbaycana,
Gürcüstan tərəfi isə Gürcüstana aid olduğunu bildiriblər. Bu
günlərdə isə Gürcüstanın eks-prezidenti
Eduard Şevardnadzenin monastrla bağlı açıqlaması,
yenidən məsələni gündəmə gətirdi. Belə
ki, Şevardnadze -
"Hələ 1970-ci illərdə "David
Qareci" məbədi ətrafındakı
ərazilər mübahisə predmeti deyildi. Buna görə Azərbaycanla
Gürcüstan arasında heç
bir mübahisə olmayıb. Ona görə də bu ərazini
mübahisəli ərazi kimi qələmə
vermək doğru deyil.
Hər kəs bilir ki,
"David Qareci"
monastrı və onun ətrafı Gürcüstana aiddir"
- deməklə, Azərbaycana qarşı ərazi
iddiasında olduğunu dolayısı ilə
bildirmiş oldu.
Tarixçi-alim, BDU-nun dossenti Kərəm Məmmədov
isə deyir ki, birmənalı şəkildə demək olar
ki, o ərazi Azərbaycana aiddir. Tarixçinin sözlərinə
görə, dini abidələr, dini mənsubiyyətlə milli
mənsubiyyət məsələsini bir-birinə qatmaq doğru deyil: "İndi Azərbaycan
türkünün günahı deyil ki, əvvəllər
onların dini xristianlıq olub. Sonra isə yeddinci əsrdə islam dini yayılıb. Durub biz tarixi abidələrimizdən
imtina etməliyik bəyəm? Monastr məsələsinə baxanda
görünür ki, onu təmir etdirənlər türklər olublar, yəni Azərbaycan türkləri. XVI əsrin
araşdırmaları onu göstərir ki, gürcülərin "David
Qareci" adlandırdığı
monastrı azərbaycanlılar təmir etdiriblər. O zaman gürcülər heç
o ərazilərə iddia
da etməyiblər. Ona
qalsa, Zaqafqaziyada birinci dəfə məscid Tiflisdə tikilib deyə, Azərbaycan hökuməti
Tiflisə ərazi iddiası qaldırsa, nə dərəcədə
doğru olardı? Və yaxud
da Dmanisi ərazisindəki
məqbərələrin tarixi VII əsrə
gedib çıxır. Azərbaycan tərəfi
eyni formada deyə bilər
ki, Dmanisi də
mübahisəli ərazidir, orada müsəlman
qəbiristanlığı var. Hər
şeyə reallıqla yanaşmaq
lazımdır". Tarixçi-alim qeyd edib ki,
"David Qareci"
monastrı əslində Ay Məbədinin
yerində salınıb: "O ay Məbədi
ki, bu məbəd
haqqında Strabon məlumat verir. Bildirir ki, eramızdan əvvəl II əsrdə bu ərazidə Ay Məbədi
olub və oranın kahini
hökmdardan sonra ikinci hörmətli adam olub. Sonradan xristianlıq qəbul
edildikdə, Ay Məbədi dönüb olub "David Qareci" monastrı".
Bu ərazi
ilə bağlı mübahisənin son
10-15 ildə meydana
çıxdığını deyən K.Məmmədov
vurğulayıb ki, ondan
qabaq mübahisəli məsələ
olmayıb: "Əgər bura Gürcüstan ərazisi olsaydı, hələ
Stalin dövründə təsdiqlənərdi.
Necə olur ki, deportasiya olunmuş xalqların
əraziləri Stalinin güclü
vaxtlarında Gürcüstanın ərazisinə
qatıldı, amma Keşiş
dağı məbədi ətrafı Gürcüstan
ərazisi sayılmayıb. Stalinin
qılıncının dalı da,
qabağı da kəsilən vaxtlarda o ərazi Gürcüstan ərazisi kimi
göstərilməyib, Azərbaycan ərazisi kimi
göstərilib. Elə bir vaxtda ki, Stalin
deportasiya olunmuş
xalqların ərazilərini Gürcüstana
birləşdirirdi, qonşu dövlətlərin
ərazisi hesabına bu dövlət
yaradıldı. Sadəcə, Stalinin ətrafında
tarixi bilən adamlar olub, ona məsləhət
veriblər ki, bura tarixən
Azərbaycan ərazisidir. Ona görə
də Keşiş dağı məbədi
ərazisini Gürcüstana birləşdirməyib,
onların torpağı elan etməyib.
Adicə 1918-20-ci illərdə Borçalı Azərbaycanın
ərazisi sayılırdı, nəinki "David
Qareci" monastrı ətrafı ərazilər.
Həmin vaxt "David
Qareci" əraziləri Azərbaycanın
mərkəzi torpaqları sayılırdı. İndi
gürcülər bu tarixi
bilmirlərmi ki, iddia
edirlər?". "David Qareci"
adlı keşişin mənşəyinə
görə assuriyalı olduğunu da qeyd edən BDU-nun dosenti
vurğulayıb ki, assurlar
1940-cı illərə qədər Ağstafa
rayonu ərazisində yaşayıblar:
"David Qareci gürcü olmayıb axı. Assurlar
isə İraqın şimalında yaşayan
xalqlardır. Məsələ burasındadır ki, xristianlıq o dönəmlərdə
iki istiqamətdən gəlib bu ərazilərə. Bir qolu Bizansdan, digər qolu isə Suriya tərəfdən
gəlib. Bizans tərəfindən gələn
də David Qareci olub. Eləcə də müqəddəs Nino, gürcülərin dedikləri
"Assuriyalı müqəddəs atalar"
var ki, Gürcüstanda
xristianlığı yayanlar əsasən
onlar olub".
Anar Bayramoğlu
Şərq.- 2012.- 18 may.- S.7.