Sosial Sığorta Fondu özü-özünü maliyyələşdirməlidir 

 

      MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

      Nazim Məmmədov: "Heç kəs özündən Amerika açmasın Dünya ölkələrinin əksəriyyətində proses belədir. Əksər dövlətlərdə pensiya fonduna dövlət büdcəsindən transfert olunmur"

 

      Musa Quliyev: "Hamıya məlum olan bir çox şirkətlər çox yüksək əməkhaqqı versələr də, onun çox az bir qismini rəsmiləşdirirlər"

 

      Əli Məsimli: "İslahat kimi ağır bir məsələni təkcə pensiya fonduna atmaq doğru deyil. Prosesin həyata keçirilməsində başqa qeyri-hökumət təşkilatları kənarda durmamalıdır"

 

      Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il üçün büdcəsinin layihəsində həm gəlirlər, həm də xərclər artırılıb. DSMF-nin sədri Səlim Müslümov bildirib ki, hazırda 85 manat olan əmək pensiyasının baza hissəsi 2013-cü ildə 15-20 faiz artırıla bilər. Onun sözlərinə görə, fondun büdcəsində dövlət büdcəsindən transfertin çox az məbləğdə, cəmi 33 mln. manat artırılması nəzərdə tutulub ki, bu məbləğ builki 1 044 mln. manatdan 1 077 mln. manata çatdırılacaq. Nəticədə, Fondun gəlirlərində dövlət büdcəsindən transfertin payı 42 faizdən 40 faizə düşəcək.

      Qeyd edək ki, fondun gəlirlərində əsas artım məcburi dövlət sığorta haqları üzrə nəzərdə tutulub. Yəni işləyənlərin sosial sığortaya cəlb olunması və maaşların leqallaşdırılması sahəsində görülən tədbirlər nəticəsində gələn il sosial sığorta ödəmələrinin 150 mln. manat və ya 10 faiz artması gözlənilir. Bunun hesabına gələn il əmək pensiyalarının həm baza, həm də sığorta hissəsində artım olacağı ehtimal edilir. Pensiyaların baza hissəsinin artımı bu addımın ilin hansı vaxtında atılmasından asılı olaraq 15-20 faiz səviyyəsində ola bilər. Bu addım sosial sığorta ödəmələrinin yığım səviyyəsindən asılı olacaq. S.Müslümov deyib ki, artımlar hazırda müşahidə olunan templə davam etsə, maliyyə ehtiyatı yaranacaq və biz belə bir təkliflə prezidentə müraciət edə biləcəyik: "Verdiyimiz pensiyalar əmək pensiyalarıdır. Yəqin ki, əməkhaqları artdığına görə, fondun verdiyi müavinətlərin də məbləği artacaq. Çünki müavinətlər əsasən maaşlara bağlı olan ödəmələrdir. Artımların belə sürətlə davam etməsi isə toplanan maliyyə ehtiyatının çoxalmasına səbəb olacaq. Əgər belə olarsa, biz ölkə rəhbərliyinə müraciət edə bilərik". Bundan başqa gələn il Fond tərəfindən verilən müavinətlərin, o cümlədən əmək qabiliyyətinin itirilməsinə, hamiləlik və doğuma görə, dəfn işlərinə görə verilən ödənişlərin də artması gözlənilir: "Əmək qabiliyyətinin itirilməsinə, doğuma, dəfn mərasiminə və s. məsələlərə görə müavinətlərin artırılması məsələsi də gündəmdədir. Əgər ümumi şəkildə baza hissəsi artacaqsa, avtomatik olaraq dəfn müavinəti də onun üç misli olduğuna görə artacaq. Əməkhaqqı artacaqsa, doğum və hamiləliyə, əmək qabiliyyətinin itirilməsinə ayrılan vəsait də yüksələcək".

      İqtisadçı-ekspertlərin artım faizi və büdcədən fonda edilən transfertlər haqqında fikirləri üst-üstə düşmür. Transfertlərin birdəfəlik dayandırılmasını istəyən ekspertlərlə yanaşı, indiki durumda bunun mümkünsüz olduğunu deyənlər də var. Onların fikrincə, iş yerlərinin az olması, olanların da əksərinin "kölgə" iqtisadiyyatı ilə məşğul olması fondun özünü maliyyələşdirməsinə imkan vermir. Qeyd edək ki, həyata keçirilən dövlət proqramına əsasən, 2015-ci ilə kimi dövlət büdcəsindən fonda ayrılan transfertlərdən tamamilə imtina edilməsi planlaşdırılıb. Amma builki azalma sadəcə iki faiz təşkil edib.

      Büdcədən fonda transfert edilməsinin mənfi hal olduğunu deyən tanınmış iqtisadçı Nazim Məmmədov Sosial Müdafiə Fondunun ictimaiyyəti aldatmaqla məşğul olduğunu bildirib. 2015-ci il tarixinə qədər, qəbul olunmuş sosial pensiya islahatlarının proqramına əsasən, büdcədən ayrılan transfertlər dayandırılmalı idi. Yəni həmin ilə qədər bu transfertlər "erası" başa çatmalı idi. Amma təəssüflər olsun ki, hər il ayrılan vəsait artmaqda davam edir. Bu onu göstərir ki, pensiyanın baza hissəsinin artırılması fondun yaxşı işləməsinin hesabına yox, bütövlükdə dövlətin büdcəsindən ayrılan vəsaitin hesabına həyata keçirilir. Həmin 42 faizin 40 faizə düşməsinin səbəbi isə ümumilikdə pensiya fondunun büdcəsinin artması ilə bağlıdır. Ancaq faizin dinamikasına baxdıqda görürük ki, məbləğin azalması yox, əksinə, yüksələn xətt üzrə artması müşahidə olunur. Bu baxımdan güman etmirəm ki, deyilən ilə kimi dövlət proqramında qəbul olunmuş müddəalar yerinə yetirilsin. Belə gedişlə bu, mümkün görünmür".

      İqtisadçı deyir ki, fondun öz-özünü maliyyələşdirməsi mütləqdir. Bunu yığılan sığorta haqları hesabına etməlidir: "Heç kəs özündən Amerika açmasın. Sosial Sığorta Fondu özü-özünü maliyyələşdirən qurum olmalıdır. Dünya ölkələrinin əksəriyyətində proses belədir. Əksər dövlətlərdə pensiya fonduna dövlət büdcəsindən transfert olunmur və özəl pensiya fondları yaradılır. Çünki özəl fondlarda yığım daha sürətlə gedir, idarəetmə daha dinamik olur".

      N.Məmmədovun fikrincə, ən böyük problem nəhəng holdinqlərin və şirkətlərin vergidən və sığortadan yayınmasıdır. Bir neçə şadlıq evini "sıxboğaz" etməklə nəyəsə nail olmaq olmaz: "Bizdə insanlar illərlə fonda sığorta haqqı ödəyirlər, amma vətəndaşlar öz hesablarına daxil olduqda orada heç bir artım dinamikasını müşahidə etmirlər. Bir çox suallar var ki, dövlət sosial fondu bunlara cavab verə bilmir. Əslində "kölgə" iqtisadiyyatının hələ də həcmi kifayət qədər böyükdür. Əsasən böyük holdinqlərin və şirkətlərin, onların arxasında duran oliqarxların "təmiz" fəaliyyəti hamıya məlumdur. S.Müslümovun rəhbərlik etdiyi qurum həmin insanlarla mübarizə aparmaqda acizdir. Bir neçə şadlıq evinin üzərinə getməklə və yaxud bir neçə qeyri-neft şirkətlərinə təzyiq etməklə məsələni həll etmək olmaz. Onsuz da o kiçik şirkətlər uzun müddət davam gətirə bilməyəcək. Çünki Azərbaycanda qeyri-neft sektorunun vəziyyəti heç də ürəkaçan deyil. Sığorta haqlarının yığılmaması ən ciddi problemlərdən biridir. Dövlətdən gələn pul hesabına guya islahatlar həyata keçirilirmiş kimi göstərmək düzgün deyil. Daha real və qalıcı işlər görmək lazımdır və vacibdir".

      Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, Dövlət Sosial Müdafiə Fondu öz-özünü maliyyələşdirəcək. Amma bunun üçün zaman lazımdır: "Fondun yarandığı cəmisi 20 ildir. 2005-ci ildən sonra fond demək olar ki, yenidən quruldu. Yeni əsaslarla işləməyə başladı. Pensiyaların ödənilməsində sığorta sisteminə keçildi. Cəmisi 7-8 ildə fond o qədər potensialı özünə yığa bilməz ki, bütövlükdə ildən-ilə sayı artan azərbaycanlılara pensiyaların verilməsini yüksək səviyyədə həyata keçirsin. Ona görə də müəyyən dövr üçün dövlət büdcəsindən transfertlə olmalıdır. Bu təbiidir. Həm də nəzərə alsaq ki, iqtisadiyyatımızın böyük hissəsi neft fondundan, neft gəlirlərindən əldə olunur və o gəlirlərdən də şübhəsiz ki, bütün vətəndaşlarımıza, o cümlədən pensiyaçılara pay düşməsi təbiidir. Fondun maliyyə mənbələrinin güclənməsi və artırılması üçün sistemli şəkildə tədbirlər həyata keçirilir. Fonda əsas maliyyə işləyənlərin ayırdıqları sığorta haqlarından daxil olur. Sığorta haqqını artırmaqdan ötrü bir neçə prosedur həyata keçirilməlidir. Ya əmək haqları daimi olaraq yüksək səviyyədə artırılmalıdır, ya sığorta haqlarının faizi qaldırılmalıdır, yaxud da ki, sığortaya cəlb olunan insanların sayı artırılmalıdır. Bütün bu işlərin hər biri barəsində bizdə planlı şəkildə proqramlar hazırlanıb. Əsas güc əmək müqavilələrinin bağlanmasına sərf olunmalıdır. Bu halda əmək haqlarının ödənilməsi də leqallaşacaq".

      Deputat bildirib ki, hamıya məlum olan bir çox şirkətlər çox yüksək əməkhaqqı versələr də, onun çox az bir qismini rəsmiləşdirirlər: "Pensiya üçün ayrılan sığorta haqları həmin o rəsmi hissədən ayrıldığına görə, az miqdarda sığorta yığılır. Bu məsələ üçün də müvafiq tədbirlər görülür və görüləcək. Hesab edirəm ki, təxminən 2020-ci ildən sonra fond tam şəkildə özünü maliyyələşdirəcək".

     Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hələlik dövlət tərəfindən pensiya fonduna transfert edilməsini zəruri sayır. Amma gələcəkdə islahatlar nəticəsində tədricən transfertləri azaltmaq və dayandırmaq olar: "Azərbaycanda pensiya sahəsində islahatların birmənalı şəkildə irəliyə doğru hərəkətini, istiqamətini təmin etməkdən ötrü iki şərt lazımdır. Birinci, islahat kimi ağır bir məsələni təkcə pensiya fonduna atmaq doğru deyil. Prosesin həyata keçirilməsində başqa qeyri-hökumət təşkilatları kənarda durmamalıdır. Bütövlükdə hökumət pensiya sahəsində islahatların həyata keçirilməsində pensiya fonduna sadəcə kömək etməlidir. İkinci, pensiya fondu tək qalaraq, bəzi məqamlarda manevr etmək və vəziyyətdən çıxmaq üçün addımlar atmasın deyə, mütləq islahatların həyata keçirildiyi dövrdə dövlət büdcəsindən pensiya fonduna vəsaitin verilməsi davam etdirilməlidir. İslahatlar bilavasitə təqaüdçülərin artırılmasına xidmət göstərməlidir ki, islahat sözü eşidəndə, pensiyaçılar qorxmasınlar. Bilsinlər ki, həyata keçirilən proqramlar onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün edilir. Bu baxımdan hələlik dövlət büdcəsindən pensiya fonduna köməklik edilməsi vacibdir. Zamanı çatanda, islahatların başqa mərhələlərində təbii ki, dövlət büdcəsindən ayrılan vəsaitin azaldılması istiqamətində addımlar atmaq olar".

      Millət vəkili çalışanların məcburi sığortaya cəlb olunması məsələsində də ciddi işlər görüldüyünü bildirib: "Biz bunu hər dəfə müzakirələr zamanı demişik. Qarşı tərəfin göstərdiyi arqumentlərdən birini qəbul edirik, digərlərinin isə nəzərə alınmasını düşünürük. İş obyektlərində qeydiyyatdan keçməyən, əmək müqaviləsi bağlamayan həddindən artıq adamın çalışması, daha doğrusu, onların bu vəziyyətdə çalışdırılması qəbuledilməz haldır. Əlbəttə, bunlar aradan qaldırılmalıdır. Ümumiyyətlə, "kölgə" iqtisadiyyatının leqallaşdırılması və orada qeydiyyat məsələsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir və bunun üçün geniş imkanlar var".

      Ə.Məsimli qısa müddət ərzində özəl pensiya fondlarının da yaradılacağını deyib: "Qeyri-dövlət pensiya-sığorta fondları barəsində biz məsələ qaldıran zaman fondun nümayəndələri proqramda belə bir şey olduğunu dedilər. Yəni islahatların növbəti mərhələsində sözügedən özəl fondların yaradılması reallaşacaq. Güman edirik ki, bu cür pensiya fondlarının yaradılması mümkün olacaq və kifayət qədər uğurlu fəaliyyət göstərəcək".

      İqtisadçı-alim, İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev isə dövlət büdcəsindən ayrılan transfertlərin birdəfəlik qaldırılması ilə razılaşmır. Onun sözlərinə görə, indiki vəziyyətdə fond özünü maliyyələşdirə bilməz: "Sosial Müdafiə Fondunun fəaliyyəti dövlət büdcəsindən ayrılan transfertlərin hesabına olmalıdır. Fondun baza hissəsi yaşayış minimumdan asılıdır. Bu da hamı üçün, yəni, bütün pensiyaçılar üçün şamil olunur. Yoxsa pensiya fondunun gəlirləri hardandı ki? Fond sadəcə çalışanların bir hissəsindən, müəssisələrdən pul toplayır. Həmin müəssisələrdə vergidən yayınmaq və işçilərinin sığortasını ödəməmək üçün əllərindən gələni edirlər. Çünki hər gəlirdən 25-26 faiz fonda pul ödəməlidir. Bu da onlara sərf etmir. Əgər işləyənlərin hesabına onu artırsalar, onda gərək vətəndaşlardan sığorta vergisi çox tutulsun. Amma indiki durumda bunu etmək çox mürəkkəb məsələdir. Çünki insanların əməkhaqqısı yüksək deyil. İş yerləri azdır. Tədricən bunu həyata keçirmək olar. Məhz bu səbəbdən ekspertlərdən fərqli olaraq hesab edirəm ki, pensiya fondunun büdcədən maliyyələşməsi labüddür".

      Qeyri-dövlət fondunun yaradılmasına münasibət bildirən iqtisadçı-alim hələlik cəmiyyətin buna da hazır olmadığını söyləyib: "Könüllülük prinsipi əsasında sığorta ödəmələrini həyata keçirmək hələlik mümkün görünmür. Cəmiyyət buna hazır deyil. Hələ inkişaf getməlidir".

  

  

      İsmayıl

 

     Şərq.- 2012.- 1 noyabr.- S.- 11.