"Carçıfilm" indiyədək 200-ə yaxın film çəkib"

 

  Qərənfil Xəlilova: "Cümhuriyyətin xronikasını yaratmaq çətin idi"

 

  Gərək göstərməyə bir şey ola ki, belə bir riskə gedəsən

 

   Radio-televiziya sahəsinin tanınmış mütəxəssislərindən biri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru, Əməkdar jurnalist Qərənfil Xəlilova "Şərq"ə müsahibəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə noyabrın 1-dən 5-dək təqdim etdiyi "Carçıfilm" kino həftəsi ilə bağlı təəssüratlarını bölüşüb. Q.Xəlilova eyni zamanda "Carçıfilm" Yaradıcılıq Birliyinin yaranmasından və gördüyü işlərdən də danışıb:

   - Bilirsiniz ki, Azərbaycan teleməkanında ən gənc televiziya kanalı İctimai Televiziya və Radio Yayımları Şirkətidir. 7 il bundan əvvəl açılıb. Elə ilk ildə də "Carçıfilm" Yaradıcılıq Birliyi yaradılıb.

   - Birlik hansı zərurətdən yaradılıb?

   - Birliyin ideya müəllifi baş direktor İsmayıl Ömərovun özüdür. İTV yeni yaranan zaman filmlərə, verilişlərə ehtiyac vardı. Arxiv də ancaq Azərbaycan Televiziyasının bazasında olduğu üçün biz verilişləri oradan götürüb, yayımlayırdıq. Çalışırdıq ki, milli filmlərimizdən verək. Bilirsiniz ki, Sovet dövrü ilə müstəqillik illəri arasında kino istehsalında bir boşluq yaranmışdı. Düşündük ki, tamaşaçılar artıq xarici filmlərdən bezib, milli filmlərimiz üçün darıxıb. Başladıq Azərbaycan filmlərini təkrarən verməyə. Və gördük ki, bu, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq Azərbaycan filmləri də bitmişdi. Və tamaşaçıları narazı salmamaq üçün biz nəsə etməliydik. Və ideya irəli sürdüm ki, Azərbaycan filmlərini özümüz çəkib, özümüz də göstərək. Bunu sadəcə söz kimi demişdim. Tam əmin deyildim. Amma işçilərdə olan yaradıcılıq eşqi və peşəkarlıq bizə bu ideyanı gerçəkləşdirmək üçün güc verdi. Doğrudan da hər şey insanın öz əlindədir. Qeyri-mümkün olan heç nə yoxdur. Kino çəkmək üçün nə lazımdır? Professionallıq lazımdır ki, o da bizdə vardı. Kino çəkmək üçün bir də pul lazımdır. O dövr üçün də Azərbaycanda çatışmayan yeganə şey elə pul idi. Bizimkilər şəxsi təşəbbüs və yaradıcılıq fədakarlığı ilə buna girişdilər və yaxşı da alındı. Kiçik filmlərdən başlamışdıq. Amma indi "Carçıfilm" Yaradıcılıq Birliyi serial çəkir. 5 noyabrda "Carçıfilm" günləri ilə paralel İctimai Televiziyanın efirində Birliyin məhsulu olan "Döngələr" serialı gedirdi. 15 seriyadan ibarətdir. Film artıq çəkilib qurtarıb, indi də efirə gedir. O vaxt kimin ağlına gələrdi ki, zaman gələcək "Carçıfilm" serial çəkəcək. Onu da deyim ki, heç də pis film deyil. Yaxşı ki, elə xarici seriallara qadağa qoyuldu, bizim də canımız o seriallardan qurtardı. İctimai Televiziya və Radio Yayımları şirkətində bəlkə də ən məsuliyyətli və bacarıqlı departament məhz "Carçıfilm" Yaradıcılıq Birliyidir. Çünki ən məsuliyyətli işlər bizim boynumuzdadır. 

   - Birlik bu günə qədər hansı işləri görüb?

   - Birlik ilk başlarda sənədli filmlər, qısametrajlı təbiət klipləri çəkməyə başladı. Sonradan biz klassik şairlərin əsərləri, unudulmuş sənətkarların mahnılarını klipləşdirdik. Bədii televiziya filmləri çəkdik. Bütün bunlar gözəl və baxımlı alındıqca, biz də ürəkləndik, həm də təcrübə qazandıq. Elə bu templə də "Qaranlıqlar çiçəyi" serialını çəkdik. Və hesab edirəm ki, bu film tamaşaçı rəğbətini qazana bildi. Bundan sonra elə bir layihəmiz var ki, bütün bunlar yalan olacaq.

   - Film üçün mövzuları necə müəyyənləşdirirsiniz?

   - İlk gündən əsas prinsipimiz həm müasir, həm də milli televiziya yaratmaq olub. Yəni nə bəşəriyyətin nailiyyətlərindən geri qalmaq, nə də mentalitetimizi itirmək istəyirik. İlk olaraq, tarixi şəxsiyyətlərimiz haqqında film çəkdik. İlki də Fətəli xan Xoyski haqqında çəkilib. Buna qədər bu şəxs haqqında heç kəs film hazırlamamışdı. Sonra Qasprinskini ekranlaşdırdıq. Azərbaycan tamaşaçısı onu heç tanımırdı da. Həsən bəy Zərdabi haqqında film çəkdik. Guya ki, onu hamımız tanıyırıq. Amma filmə baxandan sonra gördüm ki, heç tədqiqatçısı olaraq, mən də onu tanımıram. Azərbaycan Xalq Cümhuriyyətinin xronikasını yaratdıq. Toxunduğumuz mövzularda insanpərvərlik, vətənə xidmət kimi ideyaları qabartdıq. Bu şəxsiyyətlərin ancaq Azərbaycan sərhədləri ilə kifayətlənmədiyini, Azərbaycan reallıqları ilə barışmayıb, dünyanın nailiyyətlərinə köklənmələrinə əsaslandıq. Və cəmiyyətə göstərməyə çalışdıq ki, belə insanlara ehtiyacımız var. Biz onlarla qürur duymalıyıq. Mövzu seçimi bizdə direktorlar şurasının rizası ilə aparılır. İrəli sürülən mövzuların vacibliyi kollegial surətdə dəqiqləşdirilir.

   - Cümhuriyyətin xronikasını yaratmaq çətin olmadı ki?

   - Quruluşçu operator Manaf Quliyev, montaj rejissoru Elşad Rasimoğlu və gördüyünüz Qərənfil Xəlilova. Bu qüvvə ilə biz 20-yə yaxın tarixi film yaradıb, canımızı qoymuşuq. Cümhuriyyətin xronikasını yaratmaq əlbəttə çətin idi. Hətta çox çətin idi. Arxiv yox səviyyəsindədir. Onlardan heç nə qalmayıb. Film elədir ki, həm danışmalı, həm də göstərməlisən. Yenə də danışmaq asandır, amma göstərmək, araşdırmaq çox çətindir. O dahi şəxsiyyətlərin davamçılarının çoxu məhv olub gedib. Qalanlarından da məlumatları yalvara-yalvara almışıq. Qorxurlar. Hətta canlarında sovet xofu o qədər qalıb ki, daha təhlükənin olmadığına belə inanmırlar. Bu çətinliklərə rəğmən filmdə Cümhuriyyətin 3 xronikasını yaratmışam. Və bu filmə baxan biləcək ki, o dövrdə nə olub. AXC niyə yaranıb, niyə dağılıb? Şərəf duyuram ki, Azərbaycan televiziya məkanında Cümhuriyyətin xronikasını ilk dəfə İTV verib və burada əməyim olduğu üçün çox sevinirəm.

   - Necə oldu ki, "Carçıfilm" günləri keçirmək qərarı aldınız?

   - Baş direktorumuz çox uzaqgörən adamdır. O, həmişə hadisələri qabaqlamağı bacarıb. Elə millət vəkili Aqil Abbasın da dediyi kimi, İctimai Televiziya film çəkməyə dövlət ona qayğı göstərməzdən əvvəl başlayıb. Doğrudan da, film çəkməyə başlayanda heç bizim ağlımıza da gəlməzdi ki, bir gün Azərbaycanda xarici serialların nümayişinə qadağa qoyulacaq, dövlət bu sahəyə maliyyə vəsaiti ayıracaq. Bu heç bizim xəyalımızda da yox idi. "Carçıfilm" günlərini biz bayram münasibətlə həmkarlarımızı təbrik etmək üçün həyata keçirdik. Bu layihəni reallaşdırmazdan əvvəl biz özümüzə əmin olduq ki, bunu bacara bilərik. Gərək göstərməyə bir şey ola ki, belə bir riskə gedəsən. Düşündük ki, biz onsuz da bu filmləri çəkib, reytinq yığmışıq. İndi də kino nümayişini edək. Mədəniyyət və Turizm Nazirliyi də bizi dəstəklədi və biz bu layihəni birgə reallaşdırdıq. Əvvəlcədən də tamaşaçıları buna hazırladıq. Anonslar, bukletlər verdik. Və 5 gün Nizami kinoteatrında öz filmlərimizi pulsuz olaraq nümayiş etdirdik. Çünki bizim burada maddi marağımız yox idi.

    Biz istədik ki, tamaşaçılar qarşısında işimiz haqqında hesabat verək, canlı ünsiyyət quraq, yeni-yeni ideyalar gəlsin, axtarışların təməli qoyulsun, biz də işimizi daha da yaxşılaşdıraq. Bax, bu məqsədlə bu kino həftəsini təşkil etdik. Dünyada deyə bilmərəm, amma indiyədək Azərbaycanda belə bir təşəbbüs olmayıb ki, yaradıcılıq birliyi öz filmlərini geniş ekranda tamaşaçılara təqdim eləsin. Bu bizim tərəfimizdən həm də bir cəsarət nümunəsidir. Çünki geniş ekranda filmin təəssüratı başqadır. Evdə, işdə televiziya vasitəsilə film izləyəndə fikrimiz dağınıq olur. Amma kinoteatrda bütün diqqət ekrana cəmləşir. Bu zaman işin ən yaxşı cəhətini də, qüsurunu da sanki daha açıq görürsən.

   - Kino həftəsində göstərilən filmlər necə seçilib?

   - Birlik 200-ə yaxın film çəkib. Təbii ki, biz bunun hamısını verə bilməzdik. Və 200 film içərisindən 14 filmi təsadüfi seçmədik. Vaxt az olduğu üçün çalışdıq ki, tamaşaçılara ən yaxşılarını və cəmiyyət üçün vacib olanlarını göstərək. Həm də ki, ən keyfiyyətli, bizim özümüzün və tamaşaçıların ən çox bəyəndiyi, rəğbətlə baxdıqları, ictimai rəy göstəricimiz olan reytinq cədvəlinə uyğun ən yaxşı filmlərimizi təqdim edək. Onların içərisində "Sovqat", "Azarkeş", "Yanlış da bir naxışdır", "Papaq", "Köhnə dəyirman" kimi filmləri nümayiş etdirdik. Biz çalışdıq ki, mövzu müxtəlifliyi olsun və müxtəlif sosial sahələri əhatə etsin. Yəni biz kino həftəsində göstərilən filmləri maraq dairəsi üzrə seçmişik. Və yanılmadıq da. Nümayiş olunan filmlərin hamısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 

   - Yəni "Carçıfilm" günləri istədiyini ala bildi...

   - Bəli, biz yalnız istədiyimizi yox, gözlədiyimiz rəğbətdən daha çoxunu aldıq. "Carçıfilm" günləri ictimaiyyətin diqqətini cəlb edə bildi. Bütün telekanallarda və mətbuatda məlumatlar getdi. Elə bilirəm ki, "Carçıfilm"i istədiyimiz kimi cəmiyyətə təqdim edə bildik. Bilirsiniz, bu, ilk addım idi. Və biz bu təcrübədən sonra daha hansı tərəflərə fikir verməli olduğumuz barəsində öyrəndik. Və anladıq ki, artıq bizim zəif film çəkməyə haqqımız yoxdur. Bundan sonra biz ancaq irəliyə baxmalı və maksimum sürətlə inkişaf etməliyik. Deməli, tamaşaçılar bunu istəyirmiş və biz də onların ürəyindən xəbər verən bir addım atmışıq. Bizim üçün sevindiricidir ki, ölkədə söz sahibi olan bir çox insanlar bizim işimizə yüksək qiymət verdi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, gözəl şairimiz Ramiz Rövşən, millət vəkili Sabir Rüstəmxanlı, rejissor Ramiz Əzizbəyli kimi dəyərli ziyalılarımız layihə ilə bağlı çox xoş sözlər deyib, səmərəli təkliflər verdilər.

   - "Carçıfilm"in nə kimi planları var?

   - Yazıçı Anarın ssenarisi əsasında "Qırmızı limuzin" hekayəsinə film çəkilib. Hazırda film montaj prosesindədir. Yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq. Bir də yeni bir serial üzərində işləyirik. İndidən adını açıqlamaq istəmirəm. Amma hər birimizin maraq dairəsində olan, vətənin mənafeyinə xidmət edən tarixi mövzuda olan bir serialdır. Çəkilişlərə hazırlıq prosesləri başa çatıb, yaxın zamanlarda onun da çəkilişinə başlayacağıq. Bu serialda görəcəksiniz ki, biz bir addım da irəli getdik və heç bir kanalın müraciət etmədiyi bir mövzuya toxunmuşuq. "Carçıfilm" günlərini reallaşdırmaqla biz model yaratdıq. Çox güman ki, bu layihə bir ənənəyə çevriləcək və hər il olacaq. Hətta istərdik ki, digər televiziya kanallarında da bu cür layihələr həyata keçirilsin. İstənilən sahənin inkişafı sağlam rəqabətdən asılıdır. Və inkişaf olanda da işlədiyimiz sahə və cəmiyyət qazanır.

   - Mütəxəssis gözü ilə baxdıqda Azərbaycan televiziya məkanını və yeni çəkilən serialları necə qiymətləndirirsiniz?

   - Televiziya ekranı cəmiyyətin güzgüsüdür. Cəmiyyətimiz necədirsə, televiziyamız da o durumdadır. Cəmiyyət demokratiyaya keçid dövrünü yaşayır. Biz Azərbaycanda demokratik dövlət qurmağa çalışırıq. Çalışırıqsa, deməli ona çatacağıq. Sözsüz ki, bizim televiziyalarda da hər şey mükəmməl deyil. Çatışmazlıqlar var. Amma əsas odur ki, biz mükəmməl televiziya qurmaq, Avropa dəyərlərinə inteqrasiya eləmək üçün var-gücümüzlə çalışırıq. Hətta öz kanalımız adından deyərdim ki, biz ən yüksək mərhələyə çatmaq üçün iri addımlarla gedirik. Bu mənim yox, bizi izləyən tamaşaçıların, bizim işimizə qiymət verən insanların sözüdür. Bütün çatışmazlıqlar öz yerini tapacaq. Sadəcə səbr edib, keçid dövrünü keçmək lazımdır. Hər kəsin zövqünü oxşamaq lazımdır. Elə insanlar var ki, informasiyalı, maarifləndirici verilişləri izləmək istəyir. Amma qəbul edək ki, əksəriyyətin marağı şouyadır. Bunu inkar etmək olmaz. Yeni çəkilən seriallara gəldikdə isə onu deyə bilərəm ki, milli kino istehsalımızda vəziyyət yaxşılığa doğru gedir. Bir vaxtlar əcnəbi serialları həvəslə gözləyən tamaşaçı indi milli seriallarımızı gözləyir, izləyir. Milli seriallarımızda məni qane etməyən yeganə şey məişət xırdalıqlarıdır. Seriallarda bunu azaltmaq, bəşəri və insani dəyərlərə üstünlük vermək, tarixi mövzulara toxunmaq lazımdır.

 

 

  Şəymən

 

  Şərq.-2012.-9 noyabr.-S.12.