"Allahdan
nə gəlsə xoş gəlib"
Zəlimxan
Yaqub: "Çalışıram ki, heç yerdə
ağrımdan danışmayım"
Onun üçün hamı
darıxıb. Kükrəyən gur səsi, bayatı,
qoşma, gəraylı... dolu sinəsi, ozan, aşıq, dastan
dili üçün. Xeyli vaxtdır elindən ayrı
düşmüşdü Zəlimxan Yaqub. Qürbət ellərdə
doğmalar arasında yəqin darıxırmış buralar
üçün. Nasazlıq da bir yandan... Şairlər həqiqətən
uzaqgörən olur. Sanki belə bir zamanın gələcəyini
duyubmuş şair;
Nahaq endik o dağların başından,
Gərək
orda qal oğlu qal olaydıq.
Ömrümüzü gül ömrünə döndərib
Zirvədə qar, pətəkdə
bal olaydıq.
Ruh paklaşır, yağan qardan
ağ olur,
Can bərkiyir, saf poladdan sağ olur.
Dağ başında vallah adam dağ olur,
Nahaq endik o dağların
başından...
Nəhayət, Vətən
həsrəti bitdi Zəlimxan Yaqubun və Bakıya dönən
şairin ilk açdığı qapılardan biri "Şərq"in
qapısı oldu. Qonağımız idi Zəlimxan
Yaqub. Ağrı-acının şairin
simasında saldığı izlər görünürdü.
Həmişəki
şuxluğunu itirməmişdi, icazə versən, şəlalə
kimi çağlayıb daşasıydı. Amma sağlıq durumuna bələd olduğumuzdan
onu yormamaq üçün bir qədər ehmallı söhbət
apardıq.
- Zəlimxan
müəllim, neçə vaxtdır Vətəndən kənardasınız.
Bu müddət ərzində ürəyinizdən
nələr keçib, özünüzlə baş-başa
qalanda ürəyinizə nələr demisiniz? Hansı hisslər keçirmisiniz?
- Hər zaman sağlam, möhkəm
olmuşam. Heç yuxuma da gəlməzdi ki, nə vaxtsa xəstələnərəm...
Xəstəlik məni yaxaladı. Ancaq bunun da öhdəsindən gəlirəm.
Son dövrlərdə ən çox Səməd Vurğunu, Məmməd
Arazı, Əli Kərimi, Xəlil Rza Ulutürkü fikirləşirəm,
vaxtında onların nələr çəkdiyini
düşünürəm. Onların hər
biri çox ağrılı-acılı həyat
sürüb. Düzdür, S.Vurğunu, Əli Kərimi
görməmişəm. Amma Məmməd Arazdı, Xəlil
Rzadı, onlara yaxın olmuşam, onların kəşməkəşli
həyat yolu gözümüzün qabağında
keçib...
Tək qalanda
Tanrı ilə söhbət edir, Allahla danışıram.
Yaşım artıq 60-ı keçib, 70-ə
doğru gedir. Bu yaş dövründə
də insanlar ən çox Tanrı ilə söhbət edir.
Ömür boyu elədiyin səhvlər,
günahlar, yaxşılıqlar, savab işlər barədə
düşünürsən. Ömrünü
saf-çürük edirsən. Almaniyada,
Gürcüstanda, Türkiyədə, Azərbaycanda müalicə
keçmişəm. Və gördüm ki, Azərbaycan
başqa bir nemətdir. Azərbaycan
çox müqəddəsdir. İnsanı,
daşı-torpağı, yeri-göyü, ulduzu,
çayı-bulağı ilə Azərbaycan başqa bir aləmdir.
Həmişə bu torpağın şəxsiyyətləri
ilə öyünmüşəm. Kimlər
ki, mətbuatda bir-birini söyür, acılayır, bir-biri
haqqında pis fikir yaradır. Onlar
haqqında düşünürəm ki, bunlar nə istəyir?
Axı ömrümüz həddindən
artıq qısadır. Bu qısa, az
ömürdə yaxşı işlər görmək, həmişə
yaxşını görmək lazımdır. Ona
görə də mətbuatda bir-birini söyənləri, didənləri
görəndə çox ağrıyıram. Düşünürəm ki, insan niyə belədir.
Axı niyə biz Allahın bizə verdiyi
gödək ömrün qədrini bilmirik?! İnsan ölümündən sonrasını da
fikirləşməlidir. Özündən
sonra yaxşı iz buraxmaq üçün yaxşı
yaşamalıdır. Mən belə fikirləşirəm.
Bəlkə səhv, bəlkə düz, bilmirəm.
Elə bilirəm ki, Zəlimxan Yaqub
ömrünü yaxşı yaşayıb. Bundan sonra Allah nə qədər ömür verib,
onu bilmirəm. Amma indiyə qədər
yaşadığı ömürdə bir yazıçı,
şair, dövlət adamı olaraq, heç kimə pislik etmədim.
Heç kəs deyə bilməz ki, Zəlimxan
filan yerdə filankəslə pis danışdı. Elə bir şey heç vaxt olmayıb. Həmişə insanı böyütməklə məşğul
olmuşam. Çünki yaxşı
adamlar yazan, danışan adamın, onlarla oturan adamın
özü də yaxşı olur. Pisin
yoldaşı da pis olur. Ən çox
Nobel mükafatı olan yazıçıları, onların həyatını
oxuyuram. Necə olub ki, onlar böyüyüb,
yaxşı adam olublar. Kim nə
yazırsa, elə özü odur. O mənada mən
"Peyğəmbər"i, Heydər Əliyev haqqında
yazanda da həmişə insanı böyük görək
istəmişəm. Böyük görmək
istədiyim insanların hamısı böyükdür də.
Bu gün mən öz komama çəkilmişəm.
Xalq məndən, mən xalqdan ötrü
darıxmışam.
- Bəs
səhhətiniz necədir? Müalicə davam
edir?
- Səhhətimin öhdəsindən
gəlirəm. Allah heç kəsə
ağrı, çətinlik verməsin. Ağrı
pis şeydir. Yenə də dözürəm...
"Yarım bilməz, Lələm
bilməz,
İçim bilər, aləm bilməz,
Mən çəkəni qələm
bilməz,
Nə çəkdimsə, mən
bilmişəm..."
-
Almaniyaya nə vaxt qayıtmalısınız?
- Bu yaxınlarda gəlmişəm.
Bir də yanvarda gedəcəm. Orda məni müayinə edirlər. Həkimlər belə bir qənaətə gəlib
ki, çox sağlam adamam. Bütün mənalarda.
Həyatdı da. Böyrəklərim də
belə oldu... Amma inan ki, heç ağrı
vermədi. Xəbərsiz gəldi. Amma çox pis gəldi. Çox
zalım gəldi. Mənə çox ağrı, əzab
verdi. Yenə də
dözdüm. Çünki mənim ürəyim
bütün ağrılara dözməyə qadir ürəkdir.
- Son
dövrlər mətbuatda çıxan şeirlər yenidir,
yoxsa əvvəlcədən yazılanlardır?
- Son deyəndə ki, xəstələndiyim
dövrdə yazdığım şeirlərin bir hissəsidi.
Hələ çap olunmayanları da var.
"Başkeçid lövhələri" adlı bir əsərim
var. Dünyanı çox gəzmişəm. Amma Borçalıda Başkeçid deyilən bir
yer var ki, ora başdan-ayağa möcüzədir. Onun otu, kəkotusu, daşı-kəsəyi,
gülü-qanqalı da möcüzədir. Bu yaxınlarda gedib orada bir ay qaldım. Bu müddət ərzində Başkeçidin
çox hissəsini gəzdim. Oranın hər
yeri başqa bir aləmdir. Orada bir
genişlik, təbiətin səxavəti var. İnsanın səxavəti
var. Mən orada inanılmaz şeylər gördüm.
Başkeçidi bir az gedəndə dedim
ki, harda bulaq var, orada saxlayaq, su içim. Fərqi
yoxdur, harda olum, hər bulağı öpməli, sevməliyəm.
Biz bulağın birinə yaxınlaşanda,
bizdən o tərəfdə 10-15 nəfər söhbət
edirdi. Birdən üzü bulağa
sarı bir qoca qarı ərini çağırdı ki,
"Zəlimxan" deyirdin, gəl, görüş, gəlibdi.
Məni görmürdü. Üzü
o tərəfə idi. Bulağa yaxınlaşıb,
dedim ay ana, xoş gördük, məni görmədən
hardan bildin gələn mənəm? Dedi, bala, səsindən
tanıdım. Ərim gecə-gündüz
"Zəlimxan" deyirdi. Çağırdım
ki, səninlə görüşsün. Oradakı
adamlar da yaxınlaşdılar. Orda bir
yığıncaq təşkil etdik, görüş
keçirdik. Sonradan Başkeçiddə
belə görüşlərimiz çox oldu. Hara getsəm, harda olsam, ora məni görməyə
gəlirdilər. Xalqımız
böyükdür. Öz şairinə
yüksək qiymət verməyi bacaran xalqdır. Ancaq
şairinə, yoldan keçənə yox da... Həmişə
xalqla, millətlə bir yerdə olmuşam. İndi xəstəyəm. Amma
yenə də çalışıram ki, gənclərin xeyir
işlərindən qalmayım. Əlimdən
gəldiyi qədər orada gümrah olum. Çalışıram
ki, heç bir yerdə ağrımdan danışmayım.
Çünki ömürlə, ağrı ilə
alver eləmək olmaz. Allah deyir ki,
şöhrəti, hörməti, el məhəbbətini, xalq
sevgisini verdim. Dünyada yaxşı nə
var, vaxtında hamısını vermişəm. İndi də ağrı, əzab göndərirəm.
Onları daşıdığın kimi bunu da
daşı. Mən də səssiz, sədasız
daşıyıram. Deyirlər mərd
Allahdan, namərd yoldaşdan görər. Burada
heç kəsi günahlandırmaq olmaz. Allahdan
gələni qəbul eləməlisən.
"Görüş sevincindi, həsrət
ahındı,
Sevənlər sevgili
bir dərgahındı.
Zəlimxan, mən kiməm,
hökm Allahındı,
Dəli olmağıma bir addım
qalıb..."
- Zəlimxan müəllim,
düzdü, xəstəlik, ağrı tanınmışa,
kasıba, varlıya baxmır. Amma ümumən
Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxslərin
ağır həyat sürmələri həm də sadə
insanlara bir nümunə hesab edilə bilərmi?
- Xalqımızın gözəl
bir bayatısı var:
Çəkənə ver,
Qəlyanı çəkənə
ver
Mən dərdi çəkəmmirəm
Məndən al,
çəkənə ver.
Doğru
vurğulayırsınız. O insanlar xalq
üçün bir nümunədir. Onlar da
ağrıları çəkiblər. Məmməd
Arazı hər gün görürdük. Nə
qədər əzablar çəkirdi. Amma
beyni çox ayıq idi. Hər zaman
işləyirdi. Ürəyi çox
sağlam idi. Yəni insan ağrılar
qarşısında əyilib-sınmamalıdır, möhkəm
olmalıdır. Həyat mübarizədir.
Xəlil Rza boşuna deməyib:
Doğransan da parça-parça,
tikə-tikə,
rizə-rizə
Mübarizə, Mübarizə,
Mübarizə, Mübarizə!
Gərək
mübariz olasan. Əlini, qolunu yanına
salmaq heç Allaha da xoş getməz. Bax,
bu dəqiqə iki böyrəyi olmayan bir adamla
danışırsınız. Amma elə
bilirəm ki, bədənimdə heç bir əskikliyim yoxdu.
Sizinlə əvvəlki kimi danışıram.
Bilirsiniz, xalq sevgisi hər adama qismət olmur. Amma Allah bunu mənə bəxş edib.
Küçədə gedirsən, hamı qabağını kəsir:
"Allah sənə şükür, şairi sağ-salamat
gördük". Bəlkə bu sözləri
min dəfə eşitmişəm.
Hətta Almaniyada bir
görüş keçirdilər. Bir türk çıxışında
dedi ki, Zəlimxan bəyin görüşünə
hamınız xoş gəlmisiniz. Amma başqa tədbirlərə
də belə gəlin. Bir azərbaycanlı da ayağa
durub dedi ki, a kişi, biz elə Zəlimxan
burda olduğu üçün gəlmişik. Almaniyada
heç qəribsəmədim. O qədər azərbaycanlı
məni görməyə gəlirdi ki, elə bilirdim Azərbaycandayam.
Dünyanın harasına getsəm, Zəlimxan
Yaquba sevgi görürəm. Bu hörmət
də xalqdan gəlir.
İnsan gərək
özünü heç vaxt xalqdan, cəmiyyətdən
ayırmasın. Hər zaman nəşriyyata
gələndə, "Şərq"ə dəyməmiş
getmirəm. Çünki bura
bütövlükdə mənim psixologiyama uyğundur. Elə bilirəm ki, burda olanda öz evimdəyəm.
Bura mənim ana yurdum, ata ocağımdır.
Çünki burda mənə qarşı bir
doğmalıq, sevgi var. Çünki burda türk nəfəsi,
Şərq havası var. Burada dedi-qodu, təhqir yoxdur. Çünki burda insana insan kimi dəyər verirlər.
Ən çox
sevdiyim adamlardan biri İsa Hüseynovdur. İsa
Hüseynov mənim üçün bir ziyarətgahdır.
Bu cür insanların qədrini vaxtında bilmək
lazımdır. İnsan böyük
varlıqdır. İnsan Allahın yerdəki
şəklidir. Allahda nələr varsa,
onlar insanda da var. Sadəcə onu görmək, duymaq
lazımdır. Gözəgörünməzin
gözə görünən nümayəndəsinə
hörmət eləmək lazımdır. Kim
Allahı görmək istəyirsə, birinci insanı dərk
etməlidir. Həmişə ən pis
adamı da yaxşı görmək istəmişəm.
Pis adam yoxdur. İnsanın
necə olması, sənin onu necə görmək istədiyindən
asılıdır. Bir baxışınla
sən yaxşını pis, pisi yaxşı görə bilirsən.
Bu sənin özündən asılıdır.
İnsan, o, müqqəddəs bir
kainatdır,
O saf qəlbi pozan yalnız həyatdır.
Böyük şair
Səməd Vurğun elə-belə deməyib bunu. Həyatdakı çətinliklərə
qarşı gəlmək üçün insan böyük
olmalıdır. İnsanlardan o qədər
yaxşılıq görmüşəm ki, 10 ömrüm
olsa, min kitab da yazsam, qaytara bilmərəm. İnsan çəkdiyi əziyyətlə
böyükdür. Ağrılarla, dərdlə
böyükdür. Həmişə
Allahın verdiyini yüksək səviyyədə qəbul eləməlisən.
Mən də belə adamam. Bu
xəstəliyi mənə Allah verib, bəndə yox. Allahdan nə gəlsə, xoş gəlib. Səni məclislərdə başa çəkəndə
Allah yaxşı idi, indi sən ağrıyırsan pisdi?!
Elə şey yoxdur. Allah həmişə
böyükdür.
Şairin ürək sözlərini
qələmə aldı: Məlahət, Şəymən
Şərq.-2012.-14 noyabr.-S.5.