Əlillərin dərəcə almaq
problemi var
MÖVZU: "Qaçqın və
məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Sahib Məmmədov: "Şərtlərlə
bağlı nazirlik yeni qaydalar hazırlayır"
Rauf Zeyni: "Yerlərdəki neqativ halları nazirliyə
bildirmək lazımdır"
Ölkəmizdə ən ciddi
problemlərdən biri sağlamlığını itirmiş
əlil vətəndaşlarımızın üzləşdiyi
çətinliklərdir. Problemin ən önəmli tərəfi
isə əlillik dərəcəsi almaq istəyən
insanlarla bağlıdır. Son illər Azərbaycanda əlillik
dərəcələrinin təyin olunması sahəsində
müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli
neqativ hallar müşahidə edilməkdədir. Xəstələrin
düzgün müayinə olunmaması sonradan ciddi
çatışmazlıqlar yaranmasına səbəb olur. Bu
cür problem yaşayan vətəndaşlardan biri də,
Neftçala rayonunun Oryad kənd sakinidir.
Belə ki, vətəndaş Şərifova
Elmira Əkrəm qızı bir ildir ki, əlillik dərəcəsi
ala bilmir. O deyir ki, belindən ağır əməliyyat olunub
və fiziki cəhətdən iş qabiliyyətini itirib:
"Hazırda yenə də belimdə ağrılar
olduğundan hərəkət etmək qabiliyyətini
itirmişəm və yenidən əməliyyat olunmağa
hazırlaşıram. Lakin bir ildir sənədlərimi Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçalada
yerləşən həkim komissiyasına təqdim etsəm də,
mənə əlillik dərəcəmi təsdiq edən sənəd
vermirlər. Dəfələrlə ailəmi get-gələ
salıblar. Nəticə yoxdur. Ailəmizin maddi imkanı
olmadığından həkim komissiyasına pul verə bilmədiyimiz
üçün bir ildən artıqdır ki, qanuni sənədimi
ala bilmirəm. FİTEK deyilən qurum deyir, dərdini kimə
istəyirsən, get de. Nazirlikdən sənədimi vermirlər.
Ona görə nazir Füzuli Ələkbərova sual edirəm:
-yorğan-döşək xəstəsi olan şəxs
hansı vəziyyətdə olmalıdır ki, əlillik dərəcəsi
ala bilsin? Bir ildən yuxarıdır ki, hansı səbəblərdən
mənim sənədim verilmir? Əgər mən
başqaları kimi yalandan sağlam olduğum halda əlillik dərəcəsi
alıramsa, mənə işçiləriniz sübut etsinlər.
Xahiş edirəm, şəxsən hörmətli nazir
müraciətimə cavab versin". Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin rəsmisi əlillik
arayışının saxtalaşdırılması,
nöqsanların qabardılmasının tərəfdarı
deyil: "Nazirlik bununla mübarizə aparır və
müraciət edənlərin əlil olub-olmaması tibb
müəssisələrində onlara verilən sənədlər
əsasında müəyyənləşir. İlk olaraq Tibbi
sosial ekspertiza və əlillərin reabilitasiya mərkəzi
daha da müasirləşdirilməlidir. Burada insanlara əlilliyin
verilməsindən öncə onun əlil olmaması
profilaktikasına fikir verilməlidir. Biz saxta əlilliyin
qarşısını almaq üçün Səhiyyə
Nazirliyində işlər aparmalıyıq. Digər tərəfdən
vətəndaşa əlillik verilirsə, onun sosial
reabilitasiyasına çox ciddi fikir verilməlidir". Nazirlik
əməkdaşının sözlərinə görə, vətəndaşlara
əlilliyin düzgün təyin edilməməsinə səbəb
isə Ərazi Tibbi Sosial Ekspertiza Komissiyalarının işlərini
düzgün qurmamasıdır. Səbəb isə ölkədə
sözügedən komissiyaların sayının az
olmasıdır: "Cəmi 22 zona TSEK-i (Tibbi Sosial Ekspert
Komissiyası) fəaliyyət göstərirdi və hər bir
TSEK 5-6 rayona xidmət etmək məcburiyyətində idi. Həmin
o rayonlarda bilavasitə səhiyyə təşkilatları ilə
dövlət orqanlarıyla əlaqə itirdi. Biz bu gün 38
Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyətinə nail
olduq. Hər rayonda olmasına müvəffəq
olmamışıq. Artım ona görədir ki, vətəndaşlara
xidmət daha səmərəli olsun, bu zaman neqativ hallar da
azalır. Neqativ halların azalması bizim inzibati tədbirlər
nəticəsində də baş verir. Respublika Tibbi Sosial
Ekspert Komissiyası əlillik dərəcələri alan
şəxsləri daim nəzarətdə saxlayır".
Məlumat üçün bildirək
ki, statistikaya görə, Azərbaycan əhalisinin təxminən
4,5 faizi əlildir. Hazırda əlilliyin təyin olunması
meyarları Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla
müəyyənləşdirilir. Artıq nazirliyin əməkdaşları
əlilliyin təyin olunması meyarlarını yenidən
işləyərək hökumətə göndərib.
Ümumiyyətlə isə əlillik vətəndaşın
xəstəliyinin ağırlıq dərəcəsindən
asılı olaraq təyin edilir. Yəni xəstə
müvafiq səhiyyə müəssisələrinin həkim-məsləhət
komissiyasına müraciət edir və həmin komissiya tərəfindən
xəstəyə "Forma 88" göndərişi verildiyi
halda, o, Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK)
göndərilir. TSEK tərəfindən bu şəxslər ətraflı
müayinə olunur və vəziyyətə uyğun olaraq əlillik
dərəcəsi (I, II, III) müəyyən edilməklə
əmək zəmanətləri verilir. Əmək zamanəti
verilərkən isə vətəndaşın əmək
qabiliyyətli olub-olmamasına dair məlumatlar (işi,
ixtisası, peşəsi) nəzərə alınır.
Nazirliyin 142 nömrəli "qaynar xətt"i fəaliyyət
göstərir və bu telefona daxil olan bütün müraciətlər
aidiyyəti üzrə araşdırılır.
Avropa ölkələrində isə
əlilliyin təyin olunması faiz dərəcələri ilə
müəyyənləşdirilir. Yəni vətəndaşın
həyat fəaliyyətinin məhdud olması (əmək
qabiliyyətini itirmə) faizlə müəyyənləşdirilir.
Tutaq ki, bir vətəndaşın həyat fəaliyyətinin
məhdudluğu 50 faiz, digərinin 80 faiz, başqa birisinin isə
90 faizdir. Nazirliyin mütəxəssisləri də beynəlxalq
təcrübəni öyrənərək onun əsasında
müvafiq sənəd hazırlayıblar. Hazırda bu sistemə
mərhələli şəkildə keçid
başlanıb. Məsələn, əmək qabiliyyətini
50-60 faiz itirmiş vətəndaşlara III dərəcə,
70- 80 faiz itirmiş vətəndaşlara II dərəcə,
100 faiz itirmiş insanlara isə I dərəcə əlillik
müəyyən edilir.
Əmək Hüquqlarını
Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov
deyir ki, cəmiyyətdə bu sahədə baş verən
ciddi neqativ hallara görə belə məsələlərə
çox diqqətlə və təmkinlə yanaşırlar:
"Yəni təftiş edirlər, müəyyən edirlər
ki, görsünlər kimlər hansı yolla əlillik dərəcəsi
alıblar. Amma şikayət edən xanım təkid edirsə
ki, ona əlillik qrupu düşür, sadəcə rayonda olan
qanunsuzluqlara görə sənədini vermirlər, bu halda xəstəlikdən
əziyyət çəkən qadın nazirliyin özünə
müraciət edərək haqqını tələb etməlidir.
Yeri gəlmişkən deyim ki, nazirliyin yanında fəaliyyət
göstərən İctimai Şura var. Özüm də həmin
şuranın üzvüyəm. Qoy xanım müraciət
etsin, əgər həqiqətən dedikləri doğrudursa, əlillik
dərəcəsi almağında heç bir problem yaranmaz.
Amma indi o xanımın real vəziyyətini bilmirəm. Sadəcə
onu deyim ki, sui-istifadə halları həddindən artıq
çoxdur. Bu baxımdan olayları öncə ciddi
araşdırmaq lazımdır. O ki qaldı əlillik dərəcəsi
ilə bağlı kriteriyaların müəyyən
olunmasına, şərtlərlə bağlı nazirlik yeni
qaydalar hazırlayır. Köhnə qaydalara əsasən isə
üç (I,II,III) dərəcə üzrə əlillik
statusu verirdilər. Bunlar həmin adamın peşə-əmək
qabiliyyətinə uyğun olaraq və yaxud da işləmirsə,
xəstəliyinin dərəcəsinə uyğun olaraq
verilir".
Müxtəlif layihələrin həyata
keçirilməsinin təşəbbüskarı olan Milli QHT
Forumunun prezidenti Rauf Zeyni də yaranmış problemi nazirliyin əlaqədar
şöbəsinin həll etməsini zəruri sayır:
"Vətəndaşın sağlamlıq imkanları məhduddursa
və əlillik dərəcəsini almağa tam haqqı,
hüququ varsa, amma buna baxmayaraq hər hansı problemlə
üzləşirsə, təbii ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin müəyyən şöbəsinə
müraciət edə bilər. Şübhə yoxdur ki, əlaqədar
şöbədə məsələ araşdırılacaq və
müvafiq qərar qəbul ediləcək. Nazirliyin nəzdində
xüsusi ictimai şura var. Düzdür, çoxları bunu
bilmir. Həmin şura 2011-ci ildən bəri əgər yerlərdə
hər hansı bir problemlər olursa, onların birgə
araşdırılmasına şərait yaradır. Həmin
prosesdə bizim qeyri-hökumət təşkilatlarından da
nümayəndələr cəlb olunur. Əgər vətəndaşın
hər hansı çətinliyi yaranarsa, problem həm nazirlik,
həm də ictimai şura tərəfindən müzakirə
edilir və son nəticə əldə olunana qədər
proses davam edir. Heç kim hüququndan məhrum edilə bilməz.
Şəxsən bizə müraciət olunsa, əlimizdən
gələni etməyə hazırıq. Amma müraciət edən
vətəndaşın sağlamlığı doğrudan da
onun əlillik dərəcəsi almasına müvafiq
olmalıdır. Əks halda, nazirlik tərəfindən
alınmış mənfi qərar insanları narazı etməməlidir.
Dövlət səviyyəsində, qanun çərçivəsində
alınan qərarlar missiyanın fəaliyyətini və tibbi
ekspertizanı tənzimləyir. Yerlərdəki neqativ
halları nazirliyə bildirmək lazımdır".
"Əlil Təşkilatları
İttifaqı"nın rəhbəri Davud Rəhimov bildirib
ki, müraciət edən adamın bütün lazımi sənədləri
qaydasındadırsa, yəni xəstəliyi ilə əlaqədar
xəstəxanada yatıbsa, o, "Forma 88" alaraq tibbi-sosial
ekspertiza komissiyasına müraciət etməlidir. Təbii ki,
qadın yorğan-döşək xəstəsidirsə, o
harasa getməməlidir. Müvafiq qurumlardan gedib onu yerində
müayinə edərək əlillik dərəcəsini
müəyyən etməlidirlər. Bu onların vəzifəsidir
və o qədər problemli bir iş deyil. Düzü,
başa düşmürəm Neftçalada niyə məsələ
bu qədər yubadılıb. Yəqin ki, nəsə
başqa şey var. Məsələni özüm şəxsən
araşdıracam. Regional şöbə ilə əlaqə
saxlayıb məsələni dəqiqləşdirərəm.
Əgər bu alınmasa, nazirliyə gedib vəziyyəti
öyrənərəm. Hər halda ona kömək etmək
borcumuzdur".
D.Rəhimov qeyd edib ki, əlillik dərəcəsi
almaq üçün müəyyən prosedur qaydaları var:
"Kim internetdən istifadə edə bilirsə, bu barədə
yayılmış məlumatları əldə edə bilər.
Bilirsiz, bir çox halda bu cür vəziyyətlə üzləşən
insanların sənədlərində müxtəlif problemlər
olur, yəni çatışmazlıq olur. O insanlara biz qurum
olaraq köməklik edə bilərik. Daha yaxşı olar ki,
vətəndaşlar problemlə üz-üzə qaldıqda
bu işlə məşğul olan qeyri-hökumət təşkilatlarına
müraciət etsinlər.
Bilirsiz, elə hamı deyir ki,
filankəs yalandan əlillik dərəcəsi aldı. Mənim
özümə də deyirlər. Amma soruşanda ki, kimlər
yalandan alıb? Sənə dəqiq fakt deyə bilmirlər.
Sadəcə söz deyirlər.
İndi kimin əlil və ya yalançı əlil
olduğunu araşdırmaq qeyri-mümkündür. Mənə
hələ rast gəlməyib ki, faktlara əsasən kiminsə
əlil olmadığı aşkar edilib. Ona görə
yalançı əlil məsələsini bu qədər
qabartmaq düzgün deyil. Adətən biz əlilliyi belə
düşünürük, yəni kiminsə ya ayağı
olmamalıdır, ya əli şikəst olmalıdır, ya
gözü kor olmalıdır və s. Yəni vizual
görünüşdən kənar olan insanlar yada
düşülür. Ancaq əsasnamədə başqa
şeylər də var. Daxili çatışmazlıqlardan,
müxtəlif ağır xəstəliklərdən yaranan əlilliklər
də var ki, onlar xaricdən görünmür.
Bu cür də əlillik
qrupları olur və olmalıdır".
"Əlil Qadınlar Cəmiyyəti"nin
rəhbəri Məhluqə Rəhimova bu cür hallarla
çox rastlaşdıqlarını deyib: "Hamıya bəllidir
ki, ölkədə vəziyyət necədir. Yüzlərlə
belə faktlar bizə daxil olur. Mən özüm hər zaman
FİTEK-lə əlaqə saxlayıram. Təbii ki, məsələyə
əlaqədar orqanlar qarışanda öz həllini
tapır. Düzdür, hazırda biz qadının nə vəziyyətdə
olduğunu dəqiq bilmirik. Buna görə də tibbi ekspertiza
müayinə etmədən ona əlilliyin düşüb,
düşməməsi haqda əvvəlcədən nəsə
söyləmək olmaz. Kömək etmək üçün
deyirəm ki, cəmiyyətimizin Neftçala rayonunda
şöbəsi var. O qadının ailəsindən kimsə
müraciət etsin, qurumdan ona bu işdə yardım edərlər.
Özüm də tapşıracam. Şəxsən mənimlə
də əlaqə saxlaya bilərlər. Məmnuniyyətlə
kömək edərik. Vəzifəmiz budur".
"Əlillərə Dəstək
Xeyriyyə İctimai Birliyi"nin rəhbəri Yaşar
Hümbətov isə çıxış yolunu məhkəməyə
müraciət etməkdə görür: "Əgər
lazım olan bütün proseduru keçib və sənədlərini
tam hazır edərək haqqı olduğu halda əlillik
haqqında sənədini ala bilmirsə, onda tək yolu
qalır, məhkəməyə baş vurmaq. Çünki vəziyyət
bu həddə gəlib çatıbsa, yəni vəziyyəti
bu yerə gətirib çıxarıblarsa, qanuna müraciət
etməkdən başqa çarə görülmür. Ən
azından səhlənkarlıq var ortada. İlk olaraq həkim
komissiyası müraciət edən o qadının durumunu tam
və dəqiq müəyyən edərək qadını məlumatlandırmalı,
ona rəy verməli idilər. Təbii ki, rəy müsbət
və mənfi də ola bilər. Amma bunu vaxtında etmək
lazım idi ki, proses bu həddə gəlib çatmasın.
Ancaq xanımın dediyi kimi, həkim komissiyası da pul umursa,
yenə də ən yaxşı yol hakimlərə müraciət
etməkdir".
Əlillərə və Kimsəsizlərə
Yardım İctimai Birliyinin rəhbəri Tahir Həsənov
qurum olaraq həmin insanların şikayət məktublarını
"yuxarılara" çatdırmağa söz verdi və
dedi ki, yalnız ondan sonra istənilən problemli məsələ
öz həllini tapacaq: "Ən yaxşı üsul budur.
Özüm şəxsən şikayət edən vətəndaşların
məktublarını ölkə rəhbərliyinə
çatdırıram və çox qısa vaxt ərzində
onlar öz həllini tapır".
İsmayıl
Şərq.-2012.-14 noyabr.-S.11.