Sosial mənzillər
problemi MM-də müzakirə olundu
Sahib
Məmmədov: "Yollara ayrılan milyardların 5 faizini bu
sahəyə ayırsalar, mənzilə ehtiyacı olan insanlar
üçün böyük bir mikrorayon salmaq olar"
Nazim
Məmmədov: "Müəyyən vəsait ayırmaq və
şəffaf tender keçirməklə dövlət belə
mənzilləri tikdirə bilər"
MÖVZU: "Qaçqın və
məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Əhalinin çətinlikləri
arasında evsizlik problemi də aktual olaraq qalır. Evsizlik şəraitində insan bir sıra məsələləri
həll etməkdə acizdir. Bunlardan ən
əsası da ailə qurmaq məsələsidir. Belə ki, şəxsi evə sahib olmamaq bir çox
gəncləri evlənməkdən vaz keçməyə
sövq edir. Evsizlik şəraitində ailə
quranlar olsa da, onlar bunu çox gec yaşlarında etməyə
məcbur olur. Belədə isə ailə
qurandan sonra da bir sıra problemlərlə rastlaşırlar.
Evi olmayan ailələr bir çox hallarda
konfliktlərin mənbəyinə çevrilir.
Hazırkı dönəmdə
əksər ailələrin maaşı mənzil sahibi
olmağa imkan vermir. Hətta aylıq kreditlə də
bütün insanlar ev ala bilmir. İndi, demək olar ki, ailələr sevgi-məhəbbət
üzərində qurulmur. Bu olsa da, tək-tük
hallarda özünü göstərir. Ailə
quranlar birinci yerə sosial məsələləri qoyur. Bu alınmadıqda isə gərgin durum
yaşanır. Əslində hər bir
şəxsin yaxşı yaşamaq hüququ var. Buna
hamının haqqı çatır. Amma
bu heç də evin olmamasına görə boşanmalara gətirib
çıxarmamalıdır. Bu barədə
əvvəlcədən, evlənməzdən qabaq
düşünmək gərəkdir ki, sonrası belə faciələrlə
nəticələnməsin. Baxmayaraq ki, Azərbaycanda
insanların sosial müdafiəsinin gücləndirilməsi
prioritet elan edilib. Amma belə çətinliklər
hələ də bu sahədə böyük problemlərin
olduğunu göstərir. Qeyd edək ki, Milli Məclisin
noyabr ayının 13-də keçirilən iclasında
dövlət büdcəsi ilə bağlı müzakirələrə
qatılan hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra
katibinin müavini, millət vəkili Mübariz Qurbanlı
çıxışında vətəndaşların mənzillə
təmin olunması üçün sosial evlərin tikilməsini
təklif edib. Deputat sosial evlərin tikilməsi
üçün dövlət şirkətinin
yaradılmasını təklif edib. M.Qurbanlının
sözlərinə görə, dövlət büdcəsindən
ayrılan vəsait hesabına şirkətin tikdiyi evlər vətəndaşlara
uzun müddətə aşağı qiymətlərlə
icarəyə verilə bilər.
Millət vəkili
Æalə Əliyeva da insanların mənzilə və
sosial sığınacaqlara olan ehtiyacını qabardıb.
O deyib ki, mənzil, daha doğrusu, sığınacaqlar, sosial
evlər probleminin aradan qaldırılması çox vacib məsələdir.
Müşahidələr onu göstərir ki,
hansı qanunu qəbul ediriksə edək, hansı maarifləndirmə
işini aparırıqsa aparaq, bəzi ailələrdə
zorakılıq, qəddarlıq halları qaçılmaz
haldır. Bir qayda olaraq bu vəziyyətdən
qadınlar və uşaqlar əziyyət çəkirlər.
Ailə münaqişəsi nəticəsində
qadın və qucağındakı körpəsi acımasızca
küçəyə atılır və belə demək
mümkündürsə, "küçə sakininə"
çevrilirlər. Küçələrin
bu çarəsiz sakinlərini heç olmasa müvəqqəti
sığınacaqla təmin etmək problemə çevrilir.
Çünki belə sığınacaqlar
mövcud deyil. Düşünürük
ki, reabilitasiya mərkəzlərinin, sığınacaq tipli
evlərin tikilməsi bir o qədər böyük vəsait tələb
etməyən bir məsələdir. Büdcədən
kiçik bir vəsait ayırmaqla sınmış taleləri
qismən də olsa düzəldərək sağlam cəmiyyət
naminə böyük bir addım atmaq olar".
İqtisadçı-ekspert
Vüqar Bayramov dövlət torpaq sahələrinin vətəndaşlara
verilməsi mexanizminin həyata keçməsini daha
mümkün hesab edir, nəinki onlara pulsuz mənzillərin
verilməsini. Çünki yeni mənzili
inşa etmək daha böyük xərcdir. Bu isə ölkənin bugünkü büdcəsi və
iqtisadiyyatı üçün münasib deyil. Ekspert onu da bildirib ki, xarici təcrübədə
yaşayış binaları tikilərək kredit şəklində
vətəndaşlara verilir. Onlar isə hər ay
çox az ödəniş etməklə,
həmin mənzillərə sahib olurlar. Necə
ki, qonşu Türkiyə belə bir sistemdən istifadə
edib. Qardaş ölkədə 2 otaqlı
mənzilə sahib olmaq istəyən aztəminatlı ailələr
ayda 70 dollar ödəyərək yeni mənzillərə
sahib olur. Məsələnin ötən il
parlamentdə müzakirə olunduğunu, lakin sonra qüvvəyə
minmədiyini deyən ekspert bu gün buna bənzər bir
sistemin Azərbaycanda da işləməsini məqsədəuyğun
hesab edir. Hər halda yeni mexanizm tezliklə
işə düşər, ən azından evsiz vətəndaşların
sağlam rifahı üçün.
Məsələyə
münasibət bildirən parlamentin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli sığınacaqlar probleminin həlli
istiqamətində müəyyən işlərin
görüləcəyini deyib. Bu məsələnin
qanunda olduğunu vurğulayan deputat bildirib: "Qanunda məişət
zorakılığının qurbanı olan insanlar, müəyyən
səbəblərdən evsiz-eşiksiz qalan insanlar
üçün sosial evlərin tikilməsi nəzərdə
tutulub. Həmçinin internat evlərində
böyüyən uşaqların 18 yaşdan sonra yerləşdirilməsi
üçün evlər nəzərdə tutulub. Sadəcə
hələ bu prosesin başlaması bir az
ləngiyir. Onu deyə bilərəm ki, gələn
ilin büdcəsində bu məsələ nəzərdə
tutulmayıb. Sadəcə bu ideya var. Ola bilər
ki, ilin ortasında bu sahəyə müəyyən vəsait
ayrılsın. Amma hələlik bu sahəyə
vəsait ayrılmayıb".
Sadəcə mənzilə
ehtiyacı olan insanların evlə təminatına gəldikdə
isə komitə sədri deyib ki, bu məsələnin həlli
daha çox özəl şirkətlərin üzərinə
düşür: "Belə evlər özəl müəssisələrdə
olmalıdır. Əksəriyyətində də
var. Doğrudur, bu təklif çox yaxşı ideyadır.
Ola bilsin ki, gələcəkdə qanuna
salınsın. Amma bu məsələ
bazar qanunlarına uyğun həyata keçirilməlidir.
Əmək
Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri
Sahib Məmmədov da bu təklifi müsbət dəyərləndirib.
Onun sözlərinə görə, bu prosesi həyata
keçirmək Azərbaycan üçün o qədər də
çətin məsələ deyil. Sadəcə,
tikilən sosial evlərin vətəndaşların mülkiyyətinə
keçməsini önləmək lazımdır. Burada
başqa bir problem, çətinlik yoxdur: "Sovet
dövründə necə idi? Tək-tək
adamların mülkiyyətində mənzil olardı. O
da kəndlərdəki əhalinin. Şəhərdə
yaşayan vətəndaşların əksəriyyətinin
mülkiyyət hüququ yox idi. Ya müəssisə,
ya da yerli icra nümayəndəliyi mənzilləri tikib, əhaliyə
kirayə verirdilər. Bu proses də kirayə müqaviləsi
əsasında aparılırdı. Həmin
sistemi yenə də tətbiq eləmək lazımdır.
Sadəcə həmin mənzillərdə yerləşdirilən
insanlara mülkiyyət hüququnun verilib-verilməməsini
müəyyənləşdirmək lazımdır.
Qanunla tənzimləmək mümkündür ki, bir ailə
neçə il həmin mənzildə
qaldıqdan sonra mənzil onun mülkiyyətinə keçə
bilər. Ola bilər ki, keçməsi
mümkün olmasın. Hesab edirəm ki,
indiki Mənzil Məcəlləsi çərçivəsində
bu məsələləri həll eləmək
lazımdır. Amma ehtiyac olsa, yeni qanunlar
da tətbiq eləmək olar. Əsas odur
ki, bu cür tədbirlər insanların sosial rifahının
yüksəlməsinə şərait yaratsın. Bu gün ölkədə kirayə yaşayan insanlar
kifayət qədər çoxdur. İnsanlar ev sahibləri ilə kommersiya müqaviləsi
bağlayıb, evdə müvəqqəti olaraq,
yaşayırlar. Sosial evlər tikildiyi zaman da vətəndaşlar
dövlətlə sosial xarakterli müqavilə bağlayacaq və
həmin evlərdə qalacaq. Məsələn,
siz bir qəzetdə işləyirsiniz. Təbii
ki, maaşınız da 1500 manat yox, 250 manat olacaq. Bu pula da Bakı şəhərində kirayə mənzildə
qalmaq mümkün deyil. Və biz sosial
ölkə olduğumuz üçün bu cür evlərin
tikilib, mənzilə ehtiyacı olan insanlara verilməsi gərəkdir.
Məncə, çox ağıllı təklifdir.
Azərbaycanın da bugünkü maliyyə
imkanları bu cür evlərin tikilməsinə imkan verir.
Asfalta, körpülərə ildə bir dəfə
pul ayırıb, havayı xərcləməkdənsə, bir
bina tiksinlər. Və bir neçə ailənin
mənzilə olan ehtiyacını təmin etsinlər. İnandırım sizi ki, yollara ayrılan
milyardların 5 faizini bu sahəyə ayırsalar, mənzilə
ehtiyacı olan insanlar üçün böyük bir
mikrorayon salmaq olar. Bizdə bu model bu
gün məcburi köçkün və qaçqınlara
münasibətdə işləyir. Həmin
modeli digər vətəndaşlara qarşı da
reallaşdırmaq lazımdır. Demək
olar ki, bu sahədə hər şey hazırdır. Qanuna
bir-iki əlavələr etməklə məsələni
reallaşdırmaq olar.
Parlamentdə irəli sürülən
bu təklifi müsbət qiymətləndirən
iqtisadçı-ekspert Nazim Məmmədov bu məsələnin
yeni təklif olmadığını da vurğulayıb:
"Deputat olduğum zaman Milli Məclisdə Mənzil Məcəlləsi
qəbul olunmuşdu. İlk dəfə olaraq, sosial mənzillər
anlayışı da, qanunvericiliyə
salınmışdı. Sosial evlər yerli icra hakimiyyəti və
bələdiyyələr tərəfindən tikilə və
vətəndaşlara ucuz kirayə qiymətləri ilə
verilə bilər. Yəni kommunal xərclər də daxil
olmaqla, iki-üç otaqlı mənzili 80-100 manata vermək
olar. Hesab edirəm ki, insanlar ipoteka ilə mənzil alana qədər
sosial mənzillərdə yaşasalar daha yaxşı olar.
Bakıda yaşayan hər bir ailənin mənzilə
ehtiyacı var. İpoteka şərtlərini də nəzərə
alsaq, ev almaq çox müşkül məsələyə
çevrilib. Dövlət sosial evlər vasitəsilə həm
də miqrantlara nəzarət etmiş olar. Yəni ölkəmizdə
olan miqrantları həmin evlərdə yerləşdirmək
mümkündür.
N.Məmmədovun sözlərinə
görə, Avropa ölkələrinin əksəriyyətində
sosial mənzillər fəaliyyət göstərir. O deyib ki,
mənzil problemi yaşayan əhalinin 20 faizdən
artığının mənzil problemi bu yolla öz həllini
tapıb. Yeni olmasa da, bu təşəbbüs çox
müsbət bir ideyadır. Amma dəfələrlə səslənməsinə
baxmayaraq, hələ də öz həllini tapmayıb.
İqtisadçı təəssüflə
qeyd edib ki, Bakı şəhərində icra hakimiyyətləri
torpaqların hamısını satıb, mənimsəyib. Artıq
bələdiyyələrin balansında torpaq qalmayıb:
"Bu sistemi irəli aparmaq üçün dövlət
üzərinə düşən öhdəliyi yerinə
yetirməlidir. Doğrudur, iqtisadi fəaliyyət növü
olaraq, bu sifarişləri özəl şirkətlər yerinə
yetirməlidir. Amma bunun üçün ilk növbədə
dövlət sifarişi olmalıdır. Müəyyən vəsait
ayırmaq və şəffaf tender keçirməklə
dövlət belə mənzilləri tikdirə bilər. Və
gələcəkdə bu mənzillər dövlət büdcəsinə
sabit gəlir gətirə bilər. Ancaq bir şərtlə
ki, həmin mənzillər sonradan özəlləşdirilməyə
açıq olmasın. Əks halda, proses səmərəsiz
olacaq. Bu cür səmərəsiz təcrübəni biz
yataqxanalar və xidməti mənzillərin tikilməsində
görmüşük. Həmin mənzillər bir müddət
istifadədən sonra özəlləşdirilib. Bu cür təcrübəyə
son qoymaq yolu ilə problemi aradan qaldırmaq olar. Beləcə,
ictimai nəzarət vasitəsilə gənc ailələr, mənzilə,
sosial qayğıya ehtiyacı olan insanlar rahat yaşaya bilər.
Həm də bu işdən dövlət də karlı
çıxa bilər. Bilirsiniz ki, kirayə qalan insanlar vergi
ödəmir. Və nəzərə alsaq ki, Bakı şəhərində
200 mindən artıq ailə kirayə qalır. Bu da təxminən
800 min, yaxud da bir milyona yaxın vətəndaş deməkdir.
Bunun da nəticəsidir ki, fiziki şəxslərin gəlir
vergisi çox aşağı səviyyədədir. Demək
ki, bu sahə tam olaraq, "kölgə"
iqtisadiyyatındadır. Sosial mənzillərin tikilməsi isə
həm bu problemin, həm də əhalinin mənzil probleminin həllinə
səbəb ola bilər. Yəni sosial evlər tikilsə, həm
vətəndaşlar, həm də dövlət udacaq. Sadəcə,
bu sistemin bazara çevrilməsi və hansısa qurumların
mənfəətinə xidmət etməsinə mane olmaq
lazımdır.
Şəymən
Şərq.-2012.-15
noyabr.-S.11.