Əlillərə şad xəbər

 

Onların sosial müdafiəsinin etibarlı təminatını nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olunacaq

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

 Bir neçə gün əvvəl müxtəlif səbəblərdən sağlamlığını itirmiş əlil vətəndaşlarımızın hüquqi və sosial müdafiəsini gücləndirmək üçün daha bir zəruri addım atılıb. Belə ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, onların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa yeni redaktədə baxılaraq müvafiq layihə sənədi hazırlanıb. Noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə həmin qanun layihəsinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

   "Dəyirmi masa"nı giriş sözü ilə açan nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirib ki, Azərbaycan Respublikası 2008-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması sahəsində öz üzərinə mühüm öhdəliklər götürüb. Öhdəliklərdən biri də əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsidir. Bu istiqamətdə növbəti addım kimi, nazirlik ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə sözügedən qanuna müvafiq layihə sənədi hazırlayıb. Əlilliyi olan şəxslərin hüquqi statusunun beynəlxalq standartlara uyğun şəkildə və daha dolğun müəyyən edilməsini və onların sosial müdafiəsinin daha etibarlı təminatını nəzərdə tutan layihə sənədi yaxın zamanlarda parlamentin müvafiq komitəsinə təqdim olunacaq. "Dəyirmi masa"da layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan istifadə və s. istiqamətlər üzrə əksini tapan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

   Qeyd edək ki, müxtəlif layihələrin həyata keçirilməsinə baxmayaraq, əlil vətəndaşların sosial təminatında ciddi çətinliklər hələ də qalmaqdadır. Xüsusən uşaqların və Qarabağ müharibəsi əlillərinin hazırkı durumları heç də ürəkaçan deyil.

   "Əlillərə və Kimsəsizlərə Yardım İctimai Birliyi"nin rəhbəri Tahir Həsənov deyib ki, qurum olaraq fəaliyyətlərindən görünür ki, heç bir zaman əlilliyi olan insanlarımızın cəmiyyətdən kənar qalmasını istəmirlər: "Çalışmışıq ki, həyata keçirdiyimiz layihələrlə onların cəmiyyətə inteqrasiyasını gücləndirək. O qədər elə insan var. Məsələn, cavan uşaqdır, ya bir qolu yoxdur, ya da ayağı işləmir. Ancaq kompüteri yaxşı bilir, texnoloji bilikləri yüksəkdir. Danışıq qabiliyyəti var və s. Ola bilər, heç hər hansı ali məktəbi də qurtarmasın. Buna baxmayaraq, bacarığı olan savadlı gənclərdən cəmiyyətdə, dövlət qurumlarında mümkün qədər istifadə olunmalıdır. Çox təəssüflər ki, həmin adamlar təcrid olunmuş vəziyyətdədir. Heç kim onların işləməsinə şərait yaratmır. İnsanlar istəmirlər, çəkinirlər, laqeyd yanaşırlar. Misal üçün, hansısa dükanda və ya marketdə bir əlilin çalışdığını görmək bizi sevindirərdi. Amma mümkün deyil. Əslində əlilliyi olan vətəndaşlarımızdan daha çox istifadə etmək olar. Şəxsən mən ofisimdə əlil bir uşağa iş vermişəm. İnandırım sizi ki, o əlil uşağın kompüterdə gördüyü işi mən sağlam halda görə bilmirəm. Nə olsun ki, uşaq sağlamlığını itirib, o, mənə çox köməklik edir, yararlı işlər görür. Bu vəziyyəti ilə işimi qabağa aparır. Belə vəziyyətdə olan uşaqlarımız xeylidir. Təbii ki, yorğan-döşəyə məhkum olunmuş uşaqlar istisnadır. Onların heç ayağa durmağa imkanı yoxdur, qaldı ki çalışmağa. Çox kiçik fiziki qüsurları olan, ancaq iş qabiliyyəti olan əlil uşaqlarımızın sayı yüzlərlədir. Əlilliyin də öz kateqoriyaları var. Kiminsə bir ayağının gödək olması o demək deyil ki, onun sağlamlığında ciddi qüsur var. Əksinə, elə əlillər var ki, durumları ilə əlaqədar bəlkə də, cəmiyyət içinə çıxmamalıdır. Yəni camaata psixi təsir edə biləcək durumda ola bilər. Müvafiq işlərdə çalışmaq imkanı olan əlilləri işlə təmin etmək lazımdır. Onların özü də bunu çox sevinclə qarşılayar. Amma bizlər nəinki əlilləri işlə təmin etmək haqqında, heç ümumiyyətlə onlar haqqında düşünmürük. Bəlkə də fikirləşirik ki, bizim şəxsiyyətimizə, qürurumuza zərər gətirirlər. Belə yanaşmaya son qoymaq lazımdır. Təəssüf olsun ki, ümumiyyətlə cəmiyyətimizdə əlillərə münasibət yaxşı deyil. Çox istərdim ki, sağlam insanların onlara olan yuxarıdan aşağı baxışı dəyişsin. Bu halda əlilliyi olanlar ruhlanarlar, özlərini cəmiyyətə yararsız hiss etməz, kənarda durmaz. Neyləyək, əlimizdən nə gəlir ki?"

   T.Həsənov əlil uşaqlarla bağlı bir çox layihələr həyata keçirdiklərini deyib: "Kompüter bilikləri ilə bağlı onlara dərslər keçdik. Müəllimi onların evlərinə göndərdik ki, harasa toplaşmaq imkanı olmayan əlil uşaqlara müasir texnologiyanı öyrətsinlər. Xüsusi əlil məktəbi təşkil etmək olar. Amma görünür, bütün əlil uşaqların məktəbə getmək imkanı olmur. Ona görə də yaxşı olar ki, bu işlə məşğul olan ayrı-ayrı QHT-lər həmin əlil uşaqların yanlarına gedərək onlara müəyyən zəruri dərsləri öyrətsinlər. Bu daha məsləhətlidir və hesab edirəm ki, təşkil etmək də problemli iş deyil".

   Birliyin rəhbəri əlillərlə bağlı mövcud qanunlara əməl olunmadığından şikayətlənib: "Düzdür, bizdə qanunlar yazılır, boşluqlar doldurulur. Amma sözügedən qanunlara əməl edənlərin sayı çox azdır. Təbii ki, ən çox qayğı və diqqətə ehtiyacı olan təbəqə əlil vətəndaşlardır. Heç olmasa, təkcə qanunda göstərilənlərə əməl edilsə, bu özü də onlar üçün böyük bir köməklik olar. Yenə də deyirəm, qanun var, əməl edən yoxdur".

   T.Həsənovun fikrincə, ən ciddi problem əlil vətəndaşların tibbi-müalicə sahəsindədir: "Tələbələrim içində elə əlillər olub ki, həftədə bir-iki dəfə müalicəyə gedirdilər. Düzdür, onların bəzilərini pulsuz müalicə edirdilər, dərmanları da pulsuz verirdilər. Amma burada əlillərin dərəcə söhbəti var. Məsələn, yüngül dərəcəli əlillər dərmanları özləri almaq məcburiyyətində qalırlar. Təbii ki, hamısını ala bilmirlər. Xeyli pulla başa gələn tibbi əməliyyatlar zamanı isə əlillərin başına min cür oyun açırlar. Get-gələ salırlar, gah nazirliyə göndərirlər, gah da başqa idarəyə. Hətta bu yaxınlarda bu cür vəziyyətlə üzləşmiş əlilə yardım etmək istədik. Heç olmasa, tələb olunan pulu bir qədər azaltmağa çalışdıq. Amma alınmadı, hardasa 50-60 min manat pul istədilər. Axırda bezmiş xəstə əməliyyatdan vaz keçməyə məcbur olur. Bax belə hallar nəzərdə tutulmayıb".

   Qurum sədrinin qənaətinə görə, yaxşı olar ki, insanların əlil vətəndaşlara olan mənfi baxışını məktəblərdə dəyişdirsinlər: "Onları maarifləndirsinlər ki, sağlamlığını itirmiş insanlar cəmiyyətə yararlı insanlardır. Bu cür adamlar da yaşamalıdır, işləməlidir, cəmiyyətə qarışmalıdır. Onlara daim hörmət, qayğı və diqqət göstərmək hər kəsin vətəndaşlıq və insanlıq borcudur. Amma çox vaxt müşahidə edirsən ki, bir məhəllədə sağlam uşaqlar oynayır, əlil uşaq kənarda tək qalıb həsrətlə onlara baxır. Axı onun nə günahı var ki, uşaqların arasına qatılmağa icazə vermirlər. Bunlar ilk növbədə evdə ailənin verdiyi tərbiyədən, ikincisi də, məktəb təbliğatının olmamasından asılıdır. Fikrimcə, əlillər arasında heç bir fərq qoyulmamalıdır. Axı əlil doğulan insanın nə günahı var ki? Bu, Allahın işidir. Təbii ki, hamımız vətən uğrunda canımızı verməyə hazırıq. O başqa şeydir. Qarabağda döyüşənlər də, anadan əlil doğulanlar da, sonradan əlil olanlar da hamısı yüksək qayğı və diqqətə layiqdir".

   "Əlillərə Dəstək Xeyriyyə İctimai Birliyi"nin rəhbəri Yaşar Hümbətov yeni sosial layihəsinin hazırlanıb məclisə təqdim olunmasını yüksək qiymətləndirir. Amma o hesab edir ki, əlillərin müavinətinin artırılması onların bir çox əsas problemlərini həll edəcək: "Yəqin ki, layihənin hazırlanmasında mütəxəssislər iştirak edib. Bu baxımdan düşünürəm ki, qanundakı boşluqlar müəyyən mənada doldurulmuş olacaq. Təbii ki, normal insanlardan fərqli olaraq əlil vətəndaşların üzləşdiyi problemlər daha çox olur. Amma məsələ burasındadır ki, ümumi şəkildə əlillərə dövlət tərəfindən ayrılan müavinətlər lazımi səviyyədə və vaxtında verilsə, belə ciddi problemlər ortaya çıxmaz. Ən mühüm çətinliklər əlillərin tibb və təhsil sahəsində, bir də onların cəmiyyətə adaptasiya olunmasında yaşanır. Məktəblərdə müəllimlər əlil uşaqlarla işləmək istəmirlər, çünki bu onlara çətin gəlir. Əsas məsələlərdən biri əlillərlə səbirlə işləməkdir. Amma təəssüf ki, hazırda çox insanlarda səbir yoxdur. Guya ki, ümumi təhsil sistemində, məktəblərin xüsusi otaqlarında sırf əlil uşaqlara dərs keçirilməsi nəzərdə tutulurdu. Ancaq gedin baxın, həmin otaqlar boş olaraq durur. Dərs keçən yoxdur. Bir-iki əlil uşağı da salıblar normal siniflərə. Adi siniflərdə isə onlara məhəl qoyulmur. Yəni əlil uşaqların təhsili ilə ciddi maraqlanmırlar".

   "Əlil və Şəhid Ailələrinin Vətənpərvərlər Cəmiyyəti"nin rəhbəri Arif Məhərrəmov öz timsalında bütün müharibə əlillərinin hazırkı, dözülməz durumundan danışıb: "Özüm əliləm, Qarabağ müharibəsi veteranıyam. Əllərimin heç biri düz-əməlli işləmir. Ayaqlarım pis vəziyyətdədir. Onurğa sütunum zədəlidir. Ayaq üstə çox dayana bilmirəm. Ürəyimdə, böyrəyimdə problem var. Nə bilim, hansını deyim? Həyat yoldaşım da 20 yanvar əlilidir. Mənim evimdə problemlər dəhşət səviyyəsindədir. Uşaqlarım hamısı xəstədir. Anadangəlmə beyin xəstəsidirlər. Evdə şüşə qalmır, qab qalmır, hamısını vurub sındırırlar, dağıdırlar. Artıq ruhi xəstəlik səviyyəsinə gəlib çatıblar. İnanın ki, hər dəqiqə başımı itirirəm. Mənim ailəm dağılır. Yoldaşım yaranmış vəziyyətdən dolayı boşanmaq qərarına gəlib. Deyir ki, sən uşaqların qayğısına qala bilmirsən, onlara baxa bilmirsən, səni görəndə əsəbiləşirəm. Həqiqətən elə olur, hər gün əsəbiləşdiyi üçün qan təzyiqi qalxır, enir. Mən ailə problemlərindən başımı ayıra bilmirəm ki, hansısa işlər görüm, tədbirlər keçirim. Olduqca çətin, dözülməz vəziyyətdəyəm. Özüm prezident təqaüdü alıram. Amma müğənnilərin, artistlərin aldığı təqaüd 1500 manatdır. Amma vətən uğrunda sağlamlığını fəda etmiş müharibə veteranları 99 manat pul alır. Bu nə dərəcə ədalətlidir? Axı mən canımı vətən yolunda qoymuşam. Müğənninin təqaüdə nə ehtiyacı var? Onsuz da toylardan pulunu yığır. Belə çıxır ki, bunu edənlər qəsdən edir ki, narazılıq baş versin. Kimə lazımdır narazılıq? Ətrafımda savaşan nə qədər qəhrəman igidlər olubsa, bu gün hamısı bərbad gündədir. Aldığımız pulun əksər hissəsi də dərmana gedir. Amma lazım olan üç-beş dərmanı birtəhər alırıq. Qalanları çox bahadır. Əslində mən və mənim kimi insanlar vətən yolunda can qoymuşuqsa, başqa ölkələrdə olduğu kimi dövlət bizimlə yaxından maraqlanmalı, dərdlərimizi öyrənməli və həll etməlidir".

   A.Məhərrəmov göstərdiyi qəhrəmanlıqlardan dolayı xarici ölkələrdə məskunlaşmaq təklifi alsa da, doğma vətənini tərk etmədiyini deyib: "Özümü tərifləmirəm, demirəm kimdənsə üstünəm. Xocalı uğrunda gedən döyüşlərdə yaralandıqdan sonra mənə Milli Qəhrəman adı verirdilər. Amma rəsmi surətdə imtina etdim qəhrəman adından. Əlimdə Müdafiə Nazirliyinin bu haqda imzalı sənədi də var. Dedim ki, torpaqlar işğaldan azad olmadan mən bu şərəfli adı qəbul edə bilmərəm. Ancaq mən Çeçenistanın milli qəhrəmanıyım, fəxri vətəndaşıyam. Qafqaz xalqlarının həmrəyliyi yolunda bu adlar mənə verilib. Hətta ölkəmi tərk edərək üç ölkədən birində məskunlaşmaq təklifi də aldım. Amma heç bir təklifi qəbul etmədim. Çünki uğrunda vuruşduğum vətən mənim üçün daha əzizdir".

 

 

İsmayıl

 

Şərq.-2012.-22 noyabr.-S.11.