Bütün şəkərli xəstələrin müalicəsini aparmaq çətindir

 

 Sığorta təbabəti tətbiq olunsa, belə problemləri həll etmək olar

 

 MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 Azərbaycanda 60 mindən artıq qeydiyyatlı şəkərli diabet xəstəsi var, bunu dövlət hesabına paylanan qlükometrlərin sayına əsasən demək olar. Səhiyyə Nazirliyindən isə bildirirlər ki, şəkərli diabet xəstələrinin sayı qeyri-rəsmi hesablamalara görə, 150 minə yaxındır. Səbəbi çox sadədir, adı şirin, özü acı olan bu xəstəliyi daşıyanlar dərdini gizlədir, dərmanla təmin olunmaq üçün qeydiyyata düşmürlər. Beynəlxalq Diabet Federasiyasının yayımladığı hesabatda isə bildirilir ki, Azərbaycanda 400 min diabet xəstəsi var.

   Dövlət büdcəsində "Səhiyyə üzrə xərclər" bölməsində ünvanlı olaraq şəkərli diabet xəstəliyinin profilaktikası və müalicəsi üçün hər il vəsait ayrılır. Belə ki, 2006-cı ildə bu məqsədlə 6 mln. manat, 2007-ci ildə 12 mln. manat, 2008-ci ildə 19 mln. manat, 2009-cu ildə 14 mln. manat xərclənib. Qeyd edək ki, Azərbaycanda diabet xəstələri üçün dərman istehsal edilmir və bütün ayrılan vəsaitlər dərmanların idxalına xərclənir.

   Maraqlıdır, bu qədər insanın həyatdan küsməsinə, ömür boyu iynələrdən asılı vəziyyətdə yaşamasına səbəb olan şəkərli diabet nədən yaranır?

   Mütəxəssislər bunu insanların oturaq həyat tərzinə üstünlük verməsi ilə əlaqələndirir. Yaşlı insanlarda bu xəstəliyin yaranmasına daha çox hərəkətsizlik, piylənmə, mədəaltı vəzin skleroza uğraması və stress halları səbəb olur. Texnikanın inkişafı ilə əlaqədar indi insanlarda əzələ hərəkəti kəskin azalıb. Nəticədə də insanlar fiziki işlə az məşğul olduqlarından, bədənə qida ilə daxil olan şəkəri "yandıra", yəni sərf edə bilmirlər.

   Konkret olaraq desək, diabet iki səbəbdən yaranır. Orqanizm kifayət etməyən qədər insulin istehsal edir və ya heç etmir və effektiv formada istehsal olunan insulini orqanizm istifadə edə bilmir. Daha çox 45-dən artıq yaşı olanlar, normadan çox kök olanlar, ailədə başqa bir diabetli xəstəsi olanların şəkərli diabetə tutulması ehtimalı yüksəkdir.

 

   Şəkərli xəstələrin şikayəti və ona qarşı sınanmış üsullar

 

   Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.

   Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluğu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.

   Xəstəliyə qarşı ən faydalı mübarizə pəhrizdir

   Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yer almasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30 qram abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.

 

   Xəstəlik özü yox, onun ağırlaşmaları təhlükəlidir

 

   Diabet zamanı ağırlaşmaların təhlükəliliyi ondan ibarətdir ki, uzun müddət heç bir ağrı olmur və xəstə yaxınlaşan təhlükə haqqında heç nə bilmir. Vaxt nə qədər çox davam edirsə, müalicə etmək bir o qədər mürəkkəb və effekt bir o qədər əhəmiyyətsiz olur. Çox vaxt xəstə ağırlaşmaların inkişaf mümkünlüyünü bilir, lakin qəsdən müayinədən qaçır. "Nə qədər az bilsəm, narahat fikirlər də bir o qədər az olar" - kimi fikirlər acı aqibətlərə gətirib çıxarır. Başa düşmək lazımdır ki, diabetdə problemlər siz ona barmaqarası baxdıqda (onunla hesablaşmırsınız) və ya həddindən artıq emosional (qanınız qaralır) yanaşdıqda ola bilər. Və siz diabet haqda nə qədər çox bilik alsanız və ən əsası onu həyata keçirsəniz, sizdə bir o qədər məhdudiyyətlər və pis nəticələr az olacaqdır.

   Diabetin ağırlaşmalarının qarşısını almaq üçün qanda şəkərin miqdarını normada saxlamaq lazımdır.

   Səhiyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, Azərbaycanda xəstələrə verilən insulinin 85-95 faizi Danimarka istehsalıdır ki, bu ölkə də insulin preparatlarının hazırlanması sahəsində ən güclü istehsalçılardan hesab edilir. Rusiyadan ölkəyə insulinin gətirilməsi daha ucuz başa gəlsə də, bu ölkədə istehsal olunan preparatın keyfiyyəti aşağı olduğundan, oradan insulin alınmır.

   Hər il 15 yaşına çatmamış 70 000 uşaqda birinci növ diabet xəstəliyi yayılır, bu, gündə 200 uşaq deməkdir. İkinci növ diabet isə əvvəllər yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilirdi. Hazırda diabetin bu növü uşaqlar və yeniyetmələr arasında təhlükəli dərəcədə artmaqdadır. "Məndə bu xəstəlik ola bilməz" deməyin, gərəkli testdən keçin, gələcək nəslin sağlam yetişməsinə yardımçı olun.

   Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq"ə bildirib ki, bu gün dövlət tərəfindən şəkər xəstələrinin müalicəsi üçün daha yüksək tədbirlər keçirmək mümkündür: "Ümumiyyətlə, Azərbaycanda ümumi qanuna əsasən, şəkər xəstələri, vərəm xəstələri, onkoloji xəstələrin dərmanlarla təmin olunması və onların cərrahi əməliyyatları dövlət hesabına həyata keçirilir. Hər halda qanunda bu, belə göstərilir. Amma konkret olaraq şəkər xəstəliyinə gəldikdə, bu gün bu xəstələrin böyük əksəriyyəti dispanser uçotda olurlar. Çünki onlara şəkərin qeydiyyatını aparmaq, bir növ onlara nəzarət etmək üçün qlükozlar verilir. Həmin qlükozla da xəstə mütəmadi olaraq öz şəkərini təyin edə bilir. Həmçinin şəkərli diabet xəstələrinin diaqnozu qoyulduqdan və onlar dispanser uçota götürüldükdən sonra artıq dərman preparatları ilə təmin olunmalıdır. Bu da ilk növbədə insulindən asılı olaraq insulin, onun müxtəlif formaları və şəkərin mübarizəsinə təsir edən və onu normallaşdıran müxtəlif həb formaları xəstəliyindən ibarətdir. Xəstə bu dərmanlarla mütəmadi olaraq təmin olunmalıdır. Əslində mən xəstələrlə maraqlanıram və bu xəstələrin əksəriyyəti qeydiyyatdan keçdikləri dispanserlərdən dərmanlarını alıb istifadə edirlər. Və onların ayda bir neçə dəfə yoxlanılması da bəzən dispanserlərin hesabına həyata keçirilir. Amma prioritet olaraq xəstə özübu imkana malikdir ki, dərmanları da onlar pulsuz olaraq şəkər xəstələri üçün nəzərdə tutulan müvafiq apteklərdən ala bilərlər. Yəni hazırkı vəziyyət belədir. Əlbəttə, bu xəstələr üçün yüksək səviyyəli dövlət təminatı, reabilitasiya, xüsusilə də şəkərli diabetin ağırlaşmış formalarının müalicəsinin həyata keçirilməsində xeyli problemlər var. Hələ şəkərli diabetin ağırlaşmış formalarının müalicəsi üçün külli miqdarda vəsait lazımdır. Dövlət bütün xəstələrin müalicəsini apara bilmir. Amma hesab edirəm ki, sığorta təbabəti tətbiq olunsa, belə problemləri həll etmək olar". Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri Valeh Mirzəzadənin sözlərinə görə isə hələ eramızdan 1500 il əvvəl bu xəstəlik haqqında papirusda yazılıb: "Bu xəstəliyin bir neçə tipi var. Xəstəliyin birinci tipində əlamətlər özünü çox kəskin şəkildə göstərir. Bu tipə cavanlarda daha çox rast gəlinir. Xəstəliyin bu tipi müşahidə edilən uşaqlar qısa müddətdə komaya düşürlər. İkinci tip xəstəlik kök insanlarda olur. Şəkərli diabetin qestasion tipi daha çox qadınlarda hamiləlik zamanı aşkar edilir. Amma mümkündür ki, hamiləlikdən sonra şəkərli diabet keçib getsin. Ümumilikdə isə şəkərli diabet tam müalicə edilən xəstəlik deyil". 

   V.Mirzəzadə qeyd edir ki, fiziki hərəkətin az edilməsi, köklük şəkərli diabetin yaranmasına səbəb olur. Bu xəstəliyə tutulanlar 7-10 il az yaşayırlar.

   V.Mirzəzadənin sözlərinə görə, çox böyük sürətlə inkişaf edən bu xəstəliyin qarşısı alınmazsa, 2190-cı ildə bütün dünyada yaşayan insanlarda şəkərli diabet xəstəliyi olacaq. Hər il dünya əhalisinin təxminən 4 faizi bu xəstəliyə düçar olur. Ümumilikdə dünyada kor olanların təxminən 20-25, ayaqları amputasiya olanların elə o qədəri şəkərli diabet xəstələrinin payına düşür. Ümumdünya Səhiyyə Təşkilatı artıq şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirib. Səhiyyə Nazirliyinin hesabatına əsasən, son illərdə Azərbaycanda şəkərli diabet xəstələrinin sayı kəskin şəkildə artır. Yalnız son 5 ildə bu xəstələrin sayı iki dəfə artaraq, 150 min nəfər təşkil edib.

   Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarovun sözlərinə görə, Azərbaycanda şəkərli diabet xəstəliyinin qarşısını almaq üçün diabet məktəblərinin sayının artırılmasına ehtiyac var. O deyib ki, hazırda belə məktəblər olsa da, onların sayı kifayət etmir. Onun sözlərinə görə, yaxın gələcəkdə belə məktəblərin sayının artırılması insanların bu xəstəlik barədə daha çox maarifləndirilməsinə imkan yaradacaq. R.Cabbarov qeyd edib ki, şəkərli diabet xəstələrində qadınlar və kişilərin sayı arasında elə də ciddi fərq yoxdur. Xəstəliyin yaşına gəlincə, insanların yaşı artdıqca, şəkərin faizi də artır. Mərkəzin direktoru bu sahə ilə məşğul olan endokrinoloji həkimləri işlərində məsuliyyətli olmağa çağırıb: "Bu gün fəaliyyət göstərən həkimlər daha da təkmilləşməli və işlərini müasir tələblərə uyğun qurmalıdırlar. Elm günü-gündən inkişaf etdiyi, təkmilləşdiyi və dəyişdiyi üçün hər bir kəs öz üzərində davamlı olaraq işləməlidir".

 

 

Şəymən

 

Şərq.-2012.-24 noyabr.-S.11.