15 sentyabr Bakının taleyində mühüm hadisədir

 

    Ziyalılar paytaxtda Nuru Paşaya abidə qoyulmasını vacib hesab edirlər

 

    Sentyabr ayının 15-i Bakının işğaldan azad olunmasının 94-cü ildönümüdür.

  

   1918-ci ilin həmin günü Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərərək Azərbaycan xalqını bəlkə də birdəfəlik yox olmaqdan xilas etdi. Türk əsgərləri Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər.

    Bu hadisə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Tariximizin ən şərəfli səhifələrindən biridir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. Bu gün də yaşadır və bundan sonra da daim yaşadacaq. Bəs görəsən, canlarını bizə qurban verən türk fədailərinin və qəhrəman sərkərdənin əziz xatirəsini sadəcə qəlbimizdə yaşatmaq kifayətdirmi? Şanlı qurtuluş ordusunun və xüsusən də Nuru Paşanın xatirəsini əbədiləşdirmək və bu qəhrəmanlıq dastanını gələcək nəsillərə ötürmək üçün hər hansı bir abidənin, heykəlin və ya büstün qoyulmasına ehtiyac yoxdurmu? Əgər varsa, onda niyə indiyə kimi bunu etmək zərurəti duymamışıq?

    Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev türk qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün möhtəşəm bir abidənin qoyulmasının zəruri olduğunu bildirib: "Hesab edirəm ki, təkcə Nuru Paşa yox, ümumiyyətlə, Bakının azad olunmasında şəhid olan əsgərlər üçün böyük bir abidə ucaldılmalıdır. Yəni elə olmalıdır ki, möhtəşəm abidə həm Paşanın, həm türk əsgərlərinin xatirəsini özündə əks elətdirsin, həm də bir azadlıq simvoluna çevrilsin".

    E.Quliyev xalqımız üçün böyük əhəmiyyət kəsb edən qurtuluş hadisəsinin formal olaraq qeyd olunmasından təəssüfləndiyini deyib: "Öncə bildirim ki, bu önəmli hadisə ilə əlaqədar Ziyalılar Forumu olaraq geniş bir tədbir keçirdik. Tədbirə Türkiyədən qonaqlar da dəvət etmişdik. Çox təəssüflər olsun ki, belə bir mühüm hadisə hər il formal şəkildə, donuq qeyd olunur. Amma əslində 15 sentyabr Azərbaycanın həyatında, Bakının taleyində çox əhəmiyyətli və taleyüklü bir rol oynayıb. Bilirsiz ki, həmin ölkələr Azərbaycanın müstəqilliyini saxlamaq istəyirdilər, amma bir şərtlə, Bakısız. Bu fakt çox önəmlidir. Məhz bu səbəbdən həmin vaxt Bakını qoruyub saxlaya bilmək bizim üçün ölüm-qalım məsələsi idi. O günü, əlamətdar gün kimi, hər il yüksək səviyyədə qeyd etməliyik".

    Ən çətin dövrlərdə belə xalqımızın şəhid türk əsgərlərinin məzarlarını qoruyub saxladığını deyən millət vəkili, professor Musa Qasımlı onların qəhrəmanlığını əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında ucaldılmış abidəni ən gözəl xatirə hesab edir: "Sovet dövründə Azərbaycan xalqı repressiyalardan qorxmayaraq türk əsgərlərinin məzarlarını qoruyub saxlayıb, ətrafına çiçəklər əkib, onları itməyə qoymayıb. Həmin yer bir növ ziyarətgaha çevrilib. Bunları etmək o qədər də asan deyildi. Müstəqilliyimizi əldə etdikdən sonra ölkədəki bütün türk-əsgər məzarlıqları bərpa edildi. Üzərlərində hər iki ölkənin bayrağı qaldırıldı. Göyçayda və digər şəhərlərdə türk əsgərlərinin xatirəsinə abidələr ucaldıldı. Ən böyük abidə isə Bakıda hər birimiz üçün müqəddəs olan Şəhidlər Xiyabanında qoyuldu. Azərbaycan uğrunda şəhid olanların hər birinin xatirəsi əbədiləşdirildi. Hesab edirəm ki, bu abidə o qədər gözəl abidədir ki, bəlkə də ondan yaxşısını tikmək olmaz. Fikrimcə, sözügedən abidə türk əsgərlərinin qəhrəmanlığı ilə yanaşı, eyni zamanda iki dövlət arasındakı qardaşlığı da ehtiva edir. Düşünürəm ki, bu qardaşlığı fərdiləşdirmək doğru olmaz".

    BDU-nun dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov heykəl və ya büstün qoyulmasını əsas məsələ kimi görmür. Tarixçi hesab edir ki, qəhrəmanların insanların qəlbinə yol tapması və orada əbədi yaşaması daha mühümdür: "Əsas heykəl deyil, əsas odur ki, insanların qəlbində olsun. Çünki o qədər heykəli qoyulanlar olub ki, indi nə özləri qalıb, nə də heykəlləri. Lenin qədər heykəli olan yox idi. Əsarət rejimi bitdikdən sonra bütün heykəlləri uçurtdular. Çünki onlar insanların qəlbinə girə bilməmişdilər. Amma xalqın qəlbinə yol tapmış şəxsiyyətlər daim yaşayır və onları uçurtmaq mümkün olmur".

    Bununla yanaşı, K.Məmmədov əhəmiyyətli hadisəni gələcək nəsillərə ötürmək üçün ən azından kiçik bir büstün qoyulmasını və tədris prosesində sözügedən hadisənin daha geniş şəkildə əks olunmasını istədiyini deyib: "Bir var qan yaddaşı, birvar ki, tədrisdə həmin məsələnin öz əksini tapması. Heç bu gün dərsliklərimizdə Nuru Paşanın ölkəmizə gəlişi və xalqımızı xilas edişi dolğun şəkildə təsvir olunmur. Əlbəttə ki, qəhrəmanlığın gələcək nəsillərə ötürülməsi üçün abidə və ya heykəl qoyulması yaxşı hal olardı. Ən azından balaca bir büstünya Nuru Paşanın Azərbaycana gələrkən qaldığı evdə onun xatirəsi üçün bir yazı lövhəsinin qoyulması mümkündür".

 

 

    İsmayıl

 

    Şərq.- 2012.-14 sentyabr.- S.5.