Xəttatlıq sənəti
Nəstəliq
xəttinin yaradıcısı Mir Əli
Təbrizinin fəaliyyəti nəticəsində Azərbaycanda
və müsəlman ölkələrində orta
əsrlərdə mədəniyyətin, elmin
və klassik poeziyanın, incəsənətin
inkişafı ilə əlyazma kitablar
yaranır və tədricən yaradıcılığın
aparıcı
sahəsinə çevrilir. Müsəlman
dünyasında yazı və kitab müqəddəs
hesab olunduğundan
yazının təkcə gözəlliyi və dəqiqliyinə
deyil, həm də bədii tərtibatına
da xüsusi diqqət yetirilirdi. Kitabın məzmununa uyğun olaraq kitabın səhifələri,
titul vərəqləri və üz cildi bədii formada tərtib olunurdu. Mövzunun xarakterindən asılı olaraq müxtəlif xəttatlıq
üslublarından istifadə olunurdu.
Orta əsr Azərbaycanında
daha erkən kitab tərtibatı ölkənin siyasi-mədəni
mərkəzləri olan - Marağa, Sultaniyə, Təbriz, Şamaxıda
fəaliyyət göstərən sənətkarlar tərəfindən
həyata keçirilirdi.
XIV-XVII əsrlərdə
Azərbaycanda hazırlanan İbn Bahtuşinin "Mənafi-əl-heyvan",
Rəşidəddinin "Cəmi ət təvarix",
Firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsə"si,
Hafizin, Füzulinin Divanları, Əbdürrəhman Caminin
"Söhbətül Əbrar" və fəlsəfi
traktatı "Silsilət-üs-zəhab" kimi elmi, tarixi və
bədii əsərlər və çoxsaylı Quran
kitabları günümüzə gəlib çatıb. Bu
kitabların yazı üslubu, miniatürlərin xarakteri və
əlyazmaların ümumi tərtibatı Azərbaycanda kitab
incəsənətinin inkişafını göstərirdi.
Quranı və digər dini məzmunlu əsərləri adətən
"kufi", "nəsx", "reyhani", ya da
"süls" ilə yazırdılar. Ədəbi-bədii,
tarixi və elmi kitabları isə XIV əsrə qədər
"nəsx" və "təliq", XIV-XV əsrlərdə
isə əsasən "nəstəliq" ilə
yazılırdı. XIV əsrdə yaranan "nəstəliq"
xətti müasir dövrümüzdə də aparıcı
xətlərdən hesab olunur.
"Nəstəliq"
xətti ilə yazan ən ilk Azərbaycan xəttatı xacə
Mir Əli ibn İlyas ət-Təbrizi (1330-1405) olub. Mir Əli
Təbrizi XIV əsrin sonu XV əsrin əvvəllərində
Azərbaycanda yaşayan məşhur və ziyalı şəxsiyyətlərdən
olub. Mir Əli xəttatlıqla bərabər şairlik
bacarığına da malik idi və Quran qarisi idi.
Mir Əlinin şeir
nümunələrindən biri məlumdur ki, burada xəttat
öz imzasını qeyd edib. Mir Əli Təbrizinin "nəstəliq"
xətti ilə yazılan şeir parçası Tehranda doktor
M.Bəyaninin şəxsi kolleksiyasında saxlanır. Bu
çox nadir nümunə müəllifin həm şairlik, həm
də xəttatlıq bacarığının mükəmməl
sübutudur.
Gözəlliyi
və yığcamlığı ilə seçilən
"nəstəliq" XIV əsrə qədər müsəlman
Şərqində geniş yayılan
"klassik altılıq" və "təliq"i
sıxışdıraraq aparıcı xəttə çevrilib. Bu dövrdə feodal təbəqənin
ədəbiyyata və incəsənətə
marağının artması ilə "nəstəliq" xətti
bütün Yaxın Şərqdə geniş vüsət alıb. Ədəbi mənbələrə
əsasən, bu xəttin
yaradıcısı Mir Əli Təbrizi olub. O, bu xətti
"nəsx" və "təliq" xətlərinin əsasında
formalaşdırıb.
Yazı prosesinin, eləcə
də xəttin yaranmasını dini mənbələrlə
bağlayan orta əsr müəllifləri "nəstəliq"
xəttinin yaranmasını da bu cür izah edirdilər. Rəvayətə
görə, Mir Əli Təbrizi yazı yazmağı
çox sevirdi və hər zaman Allahdan ona nə ondan əvvəlki,
nə də ondan sonrakı xəttatların yarada bilməyəcəyi
bir xətti özünün icad etməsini diləyərdi.
Beləliklə, Mir Əli bir gecə yuxuda şiələrin
I imamı Mürtəza Əlinin ona müraciətini
görür: "Ey Allah bəndəsi! Diqqətlə ördəyi
tətbiq et və onun əsasında bir xətt yarat!" Mir Əli
heyranlıqla soruşur: "Ey aləmin sultanı! Bu cür
qamətsiz varlığın görünüşü ilə
necə xətt yaratmaq mümkündür?"
Cavabında isə:
"Onun gözləri, boğazı və dimdiyinə diqqət
yetir, onların dairəliyi, qabarıqlığı,
batıqlığına nəzər sal və xətt
yarat!" Bu axırıncı cümlə "nəstəliq"
xəttinin xüsusiyyətlərini tam olaraq xarakterizə edir.
Nəzərə alsaq, əvvəllər dini mətnlərin və
Quranın yazılmasında "nəstəliq"in istifadəsinə
icazə verilmirdisə, bu rəvayətə əsaslanaraq
klassik xətlərdən başqa, "nəstəliq"lə
də dini mətnlərin yazılmasında istifadə
olunmağa başlandı. Tədricən, Quranların da
üzünün köçürülməsində "nəstəliq"
xəttindən istifadə olunurdu.
Bir çox xəttatlar
hər hansı bir xəttin formasını yaradarkən öz
təxəyyüllərindən deyil, sadəcə olaraq həyatda
onları əhatə edən varlıqların formalarından
istifadə edirdilər. Çox vaxt onlar hərflərin
formasını gözəllərin qamət və simasına,
quşun bədəninə və ya musiqi alətlərinin
formasına bənzədirdilər. Yalnız bunu Mir Əliyə
aid etmək olmaz. O, "nəstəliq" xəttinin
yaradılmasında sırf öz təxəyyülündən
istifadə edib.
Orta əsr
traktatlarında rast gəlinən dini rəvayətləri kənara
qoyduqda, "nəstəliq" xəttinin yaranmasında Mir Əlinin
böyük zəhməti olduğunu görürük. O,
"nəstəliqi" digər xətlərdən fərqləndirən
qaydalar tərtib edib. Türk müəllifi Mustafa Əli
Çələbinin dediyinə görə, Mir Əli bu xəttə
orijinallıq və ciddilik verib.
Bu xətt "nəsx"
və "təliq"in konkret elementləri və
formalarının təkrarı deyil. Müəllif bu xətlərə
yaradıcı yanaşaraq tamam orijinal və yeni bir forma
yaradıb.
Əgər bir xətt
üslubunu bütünlükdə bir xəttata aid etmək
olmazdısa, bu, Mir Əliyə aid deyildi. Çünki
bütün traktatlarda o, bu xəttin yaradıcısı kimi
qeyd olunur. "Nəstəliqi" nizama salaraq sərbəst
bir xəttə çevirən Mir Əli onu öz oğlu Mir
Abdullaha da öyrədir.
Əmir Teymurun
dövründə Mir Əli Təbrizi məşhur və
Möhtərəm xəttatlardan idi. Mirzə Sanqlah öz
"Təzkirət ül-xəttatin" adlı əsərində
Mir Əli Təbrizinin ahıl yaşlarınadək
yaşadığını və 850-ci (1446) il hicri qəməri
təqvimində vəfat etdiyini qeyd edir. Yalnız bu tarixin səhvən
805 yerinə 850 yazıldığını ehtimal etmək
olar. Çünki daha erkən dövrə aid olan "Serət
üs-sutur"(1514) və "Mirət ul-aləm" (XVII əsr)
əsərlərdə Mir Əli Təbrizinin 803-cü il
hicridə (1400) vəfat edən şair şeyx Kamal Xocəndi
ilə eyni dövrdə yaşadığı qeyd olunur.
Mir Əli Təbrizinin
qələmindən çıxan gözəl xəttatlıq
nümunələri bir çox məşhur dünya muzeylərini
və şəxsi kolleksiyaları bəzəyir. Onun qitə
formasında "fəqir Mir Əli" və "vazeyi nəstəliq"
("nəstəliqin" yaradıcısı) imzası ilə
yazdığı məktubu xəttatın müəllifi
olduğu dəyərli nümunələrdən hesab olunur.
Bundan başqa, onun Britaniya muzeyində saxlanılan 1396-cı
ildə üzünü köçürdüyü Xacə
Kirmaninin poemasının əlyazması da məlumdur. Orta əsr
görkəmli xəttat və miniatürçilərdən
olan Dust Muhəmmədin traktatına əsasən Mir Əli hələ
cavan yaşlarında olarkən sultan Uveysin dövründə
(1358-1374) Firdovsinin "Şahnamə"sinin üzünü
köçürüb. Bu əlyazmanın miniatürlərini
isə rəssam Şəmsəddin işləyib.
M.Bəyaninin tədqiqatlarına
əsasən bir sıra əlyazmaları və xəttatlıq
parçalarını onların yazılma tərzi,
dövrü və digər xüsusiyyətlərinə
görə Mir Əlinin yaradıcılığına aid etmək
olar. Yalnız bu nümunələrdə Mir Əlinin tam
imzasına rast gəlinmədiyindən, onları əminliklə
xəttat yaradıcılığına aid etmək çətindir.
Bu imzalarda ya Təbrizi, ya da Mir sözü qeyd olunmayıb. Azərbaycanın
orta əsr xəttatlıq sənətində, eləcə də
islam incəsənətində bütünlükdə bir xəttin
yaradıcısı kimi xüsusi y er tutan xəttat Mir Əli
Təbrizi öz adını tarixə qızıl hərflərlə
yazdırmağa nail olub.
Səbinə
Zeynalova,
Azərbaycan
Rəssamlıq Akademiyasının
İncəsənət
əsərlərinin bərpası və ekspertizası
fakültəsinin
magistrantı
Şərq .- 2012.- 22 sentyabr.- S. 12.