Ölkəmizə
gələn turistlərin sayı artıb
Azərbaycana daha çox qonşu
ölkələrdən turist gəlib
2012-ci ildə Azərbaycana gələn turistlərin sayı artıb. Rəsmi statistikaya istinad etsək, Azərbaycana daha çox qonşu ölkələrdən
turist gəlib. Turizm Nazirliyində əmin edirlər ki, rəqabət artdıqca, qiymətlər
də enecək. Rəsmi orqanlar bu sahədə
ən böyük
problem kimi lisenziyası
olmayan turizm obyektlərini görürlər.
Mədəniyyət və Turizm
Nazirliyinin Turizm İdarəsinin rəis müavini Vüqar Şıxməmmədov bildirib
ki, yay turizm
mövsümünün yekunlarına
nəzər salanda, bu ilin Azərbaycan
üçün uğurlu
olduğunu demək olar. Təkcə bu ilin ilk 6 ayı ərzində ölkəmizə
1 milyon 800 mindən çox əcnəbi vətəndaş gəlib
ki, bunun da böyük bir qismini turistlər
təşkil edib. Turizm obyektlərinin də sayı artıb. Hazırda ölkədə 506 mehmanxana
və mehmanxana tipli obyekt var. Amma bununla yanaşı
problemlər də qalmaqdadır.
“Problemlər də yox deyil, lisenziyası
olmayan obyektlər var.
Biz onlara qarşı mübarizə aparırıq. Mədəniyyət və Turizm
Nazirliyi turistlərə
bu obyektlərdə qalmamağı tövsiyə
edir”, - deyə Vüqar Şıxməmmədov
bildirib.
Yay turizm mövsümünün
yekunlarına görə,
Azərbaycana xarici turistlər qonşu Rusiya, İran, Türkiyə kimi ölkələrdən, həmçinin
Avropa ölkələrindən
gəlib. Daxili turizmə gəldikdə
isə istirahət etmək istəyənlər
əsasən şimal
rayonlarına üz tutur. Amma vətəndaşları turizm obyektlərindəki qiymətlər razı salmır. Mədəniyyət və Turizm
Nazirliyində isə deyirlər ki, bu sektor inkişaf
etdikcə, qiymətlərin
azalması baş verəcək.
Yay turizm mövsümü
ərzində Azərbaycandan
da xaricə kifayət qədər insan yollanıb. Təkcə ilin ilk 6 ayı
ərzində 1 milyon
700 mindən çox insan xarici ölkələrə
üz tutub. Azərbaycanlılar daha çox
Türkiyə, Gürcüstan,
Rusiya kimi qonşu ölkələrin
turizm bölgələrinə
getməyə üstünlük
verirlər.
Şərq.- 2012.- 28 sentyabr.- S.13.