Qaçqın və məcburi köçkünlər: problemlər, perspektivlər Qanunvericilik bazası

 

  Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğala məruz qalmış Azərbaycan həm də tarixin bütün dövrləri və bütün dövlətlər üçün ən ağrılı məsələ olan qaçqın və məcburi köçkünlər problemi ilə üz-üzədir. Amma Azərbaycan dövləti özünün iqtisadi yüksəlişinə güvənərək qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi addımları atır.

   Ötən illər ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, həmçinin onlara güzəşt və imtiyazların verilməsinə yönəlik normativ hüquqi aktlar qəbul edilib.

   Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 may 1999-cu il tarixdə imzalanmış "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, 21 may 1999-cu il tarixli "Məcburi köçkünlərə bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı, "Məcburi köçkünlərə bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərə birdəfəlik və mütəmadi pul yardımı, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası" 01 iyul 2004-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı və s. hüquqi normativ aktlar vardır. Məcburi köçkünlərin hüquqlarını müdafiə edən bu 44 Fərman və Sərəncamı ölkə Prezidenti, 23 qanun Milli Məclis, 194 Qərar və Sərəncamı isə Nazirlər Kabineti vermişdir. 

   Azərbaycan Respublikası 1993-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında konvensiyasına qoşulmuşdur.

  

   Yeni salınmış ərazilərə köçürülmə

  

   1998-ci ildən bugünədək bütövlükdə ölkədə 12 çadır şəhərciyi olub və bu şəhərciklərdə 52 min məcburi köçkün yaşayıb. Saatlı, İmişli və Bərdə isə dəmir yolu yük vaqonlarında təxminən 1700 ailə məskunlaşmışdı. 2001-2002-ci illər ərzində ölkə prezidentinin imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi   köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 menzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmiş, beş mindən artıq ailəyə birdəfəlik yardımlar olunmuş və onlara müvafiq torpaq sahəsi verilmişdir; Azərbaycan Respublikasının Prezidentinin "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 22 avqust tarixli 562 nömrəli, "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşması problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Dövlət Neft Fondundan, ümumilikdə, 359 milyard manat vəsait ayrılmışdır.

   Həmin vəsait hesabına beş çadır düşərgəsi ləğv edilərək onlarda yaşayan minlərlə qaçqın və məcburi köçkün ailəsi üçün işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə yeni yaşayış qəsəbələri, o cümlədən 6076 mənzil tikilmiş, bu qəsəbələrdə 18 məktəb binası, 18 səhiyyə məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilmiş, yarımçıq qalmış 320 evin tikintisi başa çatdırılmış, kənd təsərrüfatı ilə məşğul olmaq üçün beş min məcburi köçkün ailəsi birdəfəlik əvəzsiz maliyyə yardımı ilə təmin edilmişdir. Görülən işlərin nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşların bir hissəsinin vəziyyəti yaxşılaşsa da, hələ minlərlə ailə adi yaşayış normalarından məhrum halda çadırlarda olduqca ağır şəraitdə yaşamaqda davam edir. Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında yerləşdirilmiş Ağdam və digər rayonlardan olan 3860 məcburi köçkün ailəsinin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və yeni qəsəbələrdə məşğulluğun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur.

  

   Dövlət Proqramının icrası

  

   Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı"nda 3860 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrdən 3674-ü Ağdamdan, 149-u Kəlbəcərdən, 37-si isə Laçından olan məcburi köçkünlərdi. Ağdam rayonundan olan məcburi köçkünlər Ağdam ərazisində ayrılacaq torpaq sahələrində yeni salınacaq qəsəbələrə köçürüləcək. Laçından olan 37 məcburi köçkün ailəsi isə Laçın qış yataqları adlandırdığımız əraziyə - Ağcabədidəki Taxtakörpü ərazisində salınan qəsəbəyə köçürüləcək. Kəlbəcərdən olan 149 ailənin isə Goranboydakı Aşağı və Yuxarı Ağcakənd ərazisinə köçürülməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla ölkədə qalan 7 çadır şəhərciyinin 4-nün ləğvi nəzərdə tutulurdu ki, bunlardan 3-ü Bərdə, biri isə Ağcabədidə idi. Yeni salınacaq qəsəbələrin baş planlarının və infrastruktur obyektlərinin layihələri həyata keçirilmiş və artıq bir neçə yeni qəsəbə tikilib qurtarmış və çadır şəhərciklərindən məcburi köçkünləri yeni qəsəbələrə köçürmüşlər. Dövlət Proqramına əsasən, məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması üçün tədbirlər müəyyənləşdirilmişdir. Rayonlarda meyvə-tərəvəzin ilkin emalı, gön-dəri, yun tədarükü müəssisələri, kərpic, xalçaçılıq sexləri, ticarət mərkəzləri inşa olunacaqdır. Yeni salınmış qəsəbələrdə təzə iş yerləri, istehsalat sahələri yaradılacaq, köçkünlər üçün müxtəlif peşə və ixtisaslar üzrə hazırlıq kursları təşkil olunacaqdır.

   Məcburi köçkün ailələrinə həyətyanı əkin və otlaq sahələri ayrılacaq, onlara əvəzsiz maliyyə yardımı veriləcəkdir. Səhiyyə müəssisələrində köçkünlərin pulsuz müayinə və müalicəsi, dava-dərmanlarla təmin olunması həyata keçiriləcək. Əmək yarmarkaları təşkil olunacaq, bu sahədə digər zəruri tədbirlər görüləcəkdir.

   Heç də təsadüfi deyildir ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamda birbaşa qeyd edilir ki, həqiqətən də məcburi köçkünlərin vəziyyəti çox ağırdı. Məsələn, Sərəncamın giriş hissəsində açıqlanır ki, görülən irimiqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər. Sərəncamın qəbul edilməsində əsas məqsəd Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etməkdən ibarətdir.

   Qeyd edim ki, Sərəncamın ikinci bəndi, yəni Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər kimi müddəası məcburedici norma xarakteri daşıyır və digər normativ hüquqi aktların mənzilə və mülkiyyətə dair münasibətlərini sanki nəzərə almır və bu normaların icrasını demək olar ki, müəyyən vaxta kimi dondurur. Bu da əlbəttə ki, məcburi köçkün olmayan, lakin məcburi köçkünlər tərəfindən bu və ya digər formada təsirə məruz qalmış istər adi vətəndaşlar olsun, ya da ki, hüquqi şəxslər məhkəmə mübahisələrinə daxil olanda mülkiyyət və mənzil hüquqlarına təminat verən normaların hüquqi qüvvəsi verilmiş məlum

   Sərəncamdan aşağıda dayanır və nəticədə mübahisələr məcburi köçkünün xeyrinə həll edilir. Lakin elə hallar da vardır ki, bəzən məcburi köçkünün mənzildən çıxarılması məhkəmə tərəfindən heç də savadlı qanunlara istinad edilmədən qərarların çıxarılması baş verir.

  

   Məhkəmə qərarları

  

   Məhkəmə orqanları məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinə də baxır. Məhkəmə tərəfindən çıxarılan qərarlar isə çox savadsız, qanunvericiliyə əsaslanmadan qəbul edilir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 07 avqust 2003-cü il tarixdə 10 nəfər ailə üzvü olan və onlardan 3 nəfəri 2-ci qrup əlil olan məcburi köçkün ailəsini 1993-cü ildən bəri məskunlaşdıqları mənzildən çıxarılmaları barədə qətnamə çıxartmışdır. Həmin qətnamə Apelyasiya Məhkəməsinin 23 dekabr 2003-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Məcburi köçkün ailələri Ali Məhkəməyə kassasiya şikayəti vermişlər, lakin Ali Məhkəmədə məcburi köçkünün hüquqlarını pozan qərar qəbul etmişdir. Digər vəziyyətdə 11.06.2003-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2-713 saylı qətnaməsi ilə ölkə daxilində köçürülmüş şəxsin məskunlaşdığı yerdən çıxarılması barədə qətnamə çıxarılmışdır. Rayon, Apelyasiya və Ali Məhkəmənin kollegiya qüvvədə olan Azərbaycan Respublikasının qanunlarına zidd olaraq qərarlar qəbul etmişlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması haqqında" qaydanın 4-cü maddəsində "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1998-ci illərdə məcburi köçkünlərin yaşadıqları mənzildən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərlə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Adıçəkilən normativ hüquqi aktdan göründüyü kimi məhkəmə məcburi köçkün ailəsinin məskunlaşdığı yerdən çıxarılması barədə qərarında yuxarıda göstərdiyimiz normativ hüquqi aktlara istinad etməli idi. Amma istinad etməmişdir.

   Yadda saxlamaq lazımdır ki, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə digər şəxslərin yaşaması üçün şərait və imkan verən hüquqi sənədin qüvvəsi dayandırılmışdır. Həmçinin qeyd edim ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamının 2 bəndində yazılır ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə qanunvericiliyin tələblərinə ya bilərəkdən heç məhəl qoymamış, yada ki, məcburi köçkünlərə aid qanunları bilmir. Məhkəmə qəbul etdiyi qətnamədə məcburi köçkün üçün nəzərdə tutulan onlarla qanunvericilik aktlarının adları belə çəkilməmişdir. Buradan belə nəticə çıxarmaq olar ki, hakimlərin ölkə daxilində köçürülmüş şəxslər barədə qüvvədə olan milli qanunvericilik aktlarından, o cümlədən beynəlxalq konvensiya və digər sənədlərdən məlumatları yoxdur.

  

 

   Şərq.- 2012.- 11 yanvar.- S.11.