Taleyi müəmmalı qalanlar...

 

  Ötən il Azərbaycanda 7 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın açıqlaması var. Sektor müdiri açıqlamasında bildirib ki, xarici vətəndaşlara övladlığa verilən uşaqlardan 5-i qız, 2-si oğlandır.

   Həmin uşaqlardan 3-ü Rusiyada yaşayan azərbaycanlılar tərəfindən, biri ananın azərbaycanlı, atanın isə Türkiyə vətəndaşı olduğu ailəyə övladlığa verilib. Qalan 3 uşaqdan biri Fransa vətəndaşına (bu ailədə də ana əslən Təbrizdəndir), digər 2 uşaq isə Amerika ailələrinə övladlığa verilib.

   Fransa və Amerika ailələrinə verilən uşaqlar anadangəlmə qüsurlu olub. Hər iki uşaq dəfələrlə Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən azərbaycanlı, yəni yerli ailələrə göstərilsə də, azərbaycanlı ailələr o uşaqları övladlığa götürməyiblər.

   Bu cür uşaqlar xarici vətəndaşlara övladlığa verilərkən əcnəbilər qarşısında həmin uşaqları daim müalicə edəcəkləri barədə tələb qoyulur və onlar bununla razılaşır.

   Sektor müdiri hazırda Komitədə övladlığa götürülmə ilə bağlı daha 10 əcnəbi vətəndaşın müraciətinə baxıldığını da deyib.

   Xatırladaq ki, illər öncə Azərbaycan körpələrinin qeyri-qanuni yolla ölkədən çıxarılması halları olmuşdu. Bu cinayət əməlində ən yüksək rütbəli məmurların adı hallanırdı. Hətta körpələri qeyri-qanuni yolla əcnəbilərə - İsrail vətəndaşlarına satmaq istəyən bir neçə şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə istintaqa da cəlb olunmuşdular. Ölkədən qanunsuz yolla çıxarılan körpələrin xarici ölkələrdə hansı aqibətlə üzləşdikləri, onlarla necə rəftar edildiyi, bu uşaqlardan sonralar ölkəmizə qarşı təxribatlarda istifadə edilə biləcəyi təhlükəsi övladlığa götürmə sahəsində ciddi tədbirlərin görülməsini vacib etdi.

   Komitənin sektor müdiri Vəsilə Möhsümova "Şərq"ə açıqlamasında bildirdi ki, övladlığa götürmə məsələləri dövlət tərəfindən komitəyə həvalə olunduqdan, bu sahəyə nəzarət komitəyə tapşırılandan sonra əcnəbilər tərəfindən azərbaycanlı uşaqların övladlığa götürülmə statistikasında kəskin azalma müşahidə edildi:

   - Bu da onunla əlaqədardır ki, artıq bu məsələdə ciddi nəzarət funksiyası həyata keçirilməyə başlandı. Azərbaycan dövləti əcnəbilərə övladlığa verilən hər bir uşağın taleyi ilə ciddi şəkildə maraqlanır, bu uşaqlar daim nəzarətdə saxlanır. Həmin uşaqların sonrakı həyatı, sağlamlığı, davranışları, təhsili, yaşayış şəraiti, hər bir detal haqqında həmin ailə Azərbaycan dövlətini məlumatlandırmaq öhdəliyi götürür. Məhkəmə qətnaməsində də bu öz əksini tapır. Ailələrlə 3 il ərzində hər 6 aydan bir əlaqə saxlanır və həmin ailələr övladlığa götürdükləri uşaqların həyatı haqqında sənədlər, videogörüntülər, şəkillər də daxil olmaqla geniş hesabatlar verirlər. Həm ailələr tərəfindən rəsmi sənədlər təqdim olunur, həm də həmin ölkələrin bu sahəyə cavabdeh Mərkəzi Orqanı vasitəsilə də təsdiqlənir. Bundan əlavə, biz xarici ölkələrdəki səfirliklərimiz, konsulluqlarımızla əməkdaşlıq edir və onlar vasitəsilə həmin uşaqları nəzarətdə saxlayır, lazımi məlumatları alırıq. Yəni elə təəssürat yaranmasın ki, guya, dövlət əcnəbilərə övladlığa verilən uşaqların taleyi ilə maraqlanmır. Bu əsla belə deyil, həmin uşaqlar daim dövlətin nəzarətində və diqqətindədir. 

   V.Möhsümova indiyədək əcnəbi ailələrlə bağlı heç bir problem yaranmadığını, narazılıq olmadığını da dedi.

   Bəs görəsən, əcnəbi ailələrini Azərbaycandan övladlığa uşaq götürməyə sövq edən nədir? Həm də nəzərə alsaq ki, övladlığa götürülən körpələr fiziki cəhətdən qüsurlu olub. Sektor müdiri bu məsələyə toxunarkən Azərbaycan ailələrinin övladlığa götürmə məsələsində daha çox sağlam uşaqlara üstünlük verdiklərini bildirib. 

   Onda belə çıxır ki, əcnəbilərə qüsurlu uşaq da qəbuldur, təki uşaq olsun?!  

   Bunun səbəbini "Şərq"ə Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov açıqladı:

   - Ümumiyyətlə, xarici ölkələrdə doğum faizi ildən-ilə aşağı düşür. Götürək, Rusiyanı. Hazırda Rusiyada demoqrafik proses sürətlənib, evlənən azdı, ailələr körpə dünyaya gətirmək istəmir. Bu da rus millətinin getdikcə azalmasına aparır. Bunun qarşısını almaq üçün Rusiya hökuməti bir sıra tədbirlərə əl atır, onlardan biri də gənc ailələrin yüksək maddi təminatıdır. Qazaxıstanda da bilirsiniz ki, çoxuşaqlı ailələrə imtiyazlar edilir. Bunlar hamısı demoqrafik prosesi lazımi axara salmaq üçündür. Avropa, Amerikada da eyni vəziyyətdir. Məsələn, bu ölkələrdə övladlığa uşaq götürən ailələrə daha çox imtiyazlar var. Eləcə də əgər qüsurlu körpə övladlığa götürülübsə, imtiyazlar daha artıq olur, dövlət o uşağın müalicəsini üzərinə götürür. Bizimkilər qüsurlu körpəni övladlığa götürməkdən ona görə çəkinir, çünki onu müalicə edib-edə bilməyəcəklərinə ümidli olmurlar. Gərək necə imkanlı bir ailə olsun ki, müalicənin xərcini çəkə bilsin. Hər adam buna ürək eləməz. Digər tərəfdən, Avropa ölkələrində övladlığa uşaqgötürmə üçün növbələr var. Ailələr illərlə növbə gözləyir. Doğum faizi aşağı olduğundan körpələrin sayı da azdır. Orda qanunlar da sərtdir. Bunu nəzərə alaraq ailələr çalışır digər ölkələrdən övlad "əldə etsinlər". Çünki buna görə dövlət onlara imtiyazlar verir. Əsas məqsəd ailələrin və əhalinin sayını bu yolla artırmaqdır. 

   Bizi maraqlandıran məsələ körpələrin övladlığa verilməsi prosedurunda şəffaflığın nə dərəcədə təmin edilməsidir. Övladlığagötürmə ilə bağlı komitənin internet saytı varmı və oradan bütün lazımi məlumatları əldə etmək mümkürdümü? Komitə deyir ki, qüsurlu uşaqlar əvvəlcə Azərbaycan ailələrinə təklif edilib. Kimlərə təklif edilib, onların adı varmı? Bəlkə heç etməyiblər. Hər körpənin, hər uşağın körpələr evi, uşaq evində dosyesi olmalıdır. Uşaq haqqında bütün məlumatlar orada yerləşdirilməlidir. Bəlkə sabah bu uşağın bir qohumu, doğması üzə çıxdı. Öz uşağını necə axtarıb tapacaq. Bunu öyrənmək istəsək də, heç nə əldə edə bilməyəcəyik, çünki proses kifayət qədər şəffaf aparılmır.

   Bizi düşündürən həm də budur; öz taleyini bəlirləmək iqtidarında olmayan, Azərbaycanda azərbaycanlı kimi dünyaya gəlmiş məsum körpələrin gələcəyini Fransa, yaxud ABŞ vətəndaşı olaraq təyin etmək, onlara Vətən "seçmək" haqqımız varmı?!. Halbuki nə sağlamlıq, nə təhsil, nə də yaxşı güzəran haqqı Vətən və vətəndaşlıq haqqından heçüstün deyil.

     

 

   Məlahət Rzayeva

 

   Şərq.- 2012.-11 yanvar.- S. 9.