Əlil uşaqlar problemi

 

Onların daha çox sosial qayğıya, mənəvi dəstəyə ehtiyacı var

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

Azərbaycanda 60 mindən çox əlil uşaq var. Onlar ayda cəmi 55 manat müavinət alırlar. Günümüzdə 55 manatın nə demək olduğunu xırdalamağa ehtiyac da yoxdur. 55 manata çox az şey almaq olar. Maraqlıdır ki, 3 il əvvəl bu məbləğ 50 manat idi. 3 ildə əlil uşaqların müavinəti yalnız 5-cə manat artıb. 3 il əvvəllə müqayisədə indi nələrin qiymətində fantastik artımlar olduğunu sadalamağa qalxsaq, əlil uşaqlara verilən müavinətin müqabilində acınacaqlı mənzərə yaranar. Odur ki, bunu bir tərəfə qoyaq, hər bir azərbaycanlı kimi əlil uşaqların da konstitusion hüququ olan təhsil hüququndan danışaq. Təhsil almaq üçün pul lazım olmaz yəqin ki.

   O mənada ki, Azərbaycanda təhsil pulsuzdur. Və Azərbaycan dövləti hər kəsin təhsil almasını təmin etməlidir. Amma bəzən belə bir halın şahidi oluruq ki, məhz əlilliyə görə hansısa uşaq təhsil ala bilmir. Müxtəlif fiziki qüsurları olan uşaqlar yaşıdları ilə bərabər məktəbə getmir, sinif otağında eyni partanı bölüşmürlər. Bu da təbii ki, əlil uşaqların savadlanması, elm və biliyə yiyələnməsinin qarşısını alır. Məktəbə gedə bilməmələri onları təkcə öz yaşıdlarından deyil, ümumilikdə cəmiyyətdən təcrid edir. Belədə uşaqlar özlərini lazımsız, heç kəsə xeyri dəyməyən birisi hesab etməyə başlayır və bu da onun mənəvi cəhətdən zərbə alması ilə nəticələnir.

   

   Bəs bu anomallığı necə   aradan qaldırmaq olar?

 

   Təhsil Nazirliyi bu barədə düşünməyə başlayıb. "İnklüziv təhsil: təcrübə və vəzifələr" adlı konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdi ki, 60 min əlil uşaqdan 1105 nəfəri ixtisaslaşdırılmış, 2664-ü internat, 1353-ü gecə məktəblərində qalır, 7750-i evdə təhsil alır, yalnız 268 nəfəri inklüziv təhsilə cəlb olunub.

   M.Mərdanov qeyd etmişdi ki, hazırda nazirlik əlil uşaqların inklüziv təhsilə cəlb olunmasına dair layihənin üzərində işləyir. Bu layihə onların sağlam uşaqlarla birgə məktəblərdə təhsil almasını nəzərdə tutur.

   Bu məqsədlə YUNİSEF-in texniki yardımı ilə Dövlət Proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Proqram əlil uşaqların inklüziv təhsilə cəlb olunmasını, bu cür uşaqların irəliləməsi üçün şəraitin yaradılmasını, həmçinin təhsil proqramı ilə təmin olunmasını nəzərdə tutur.

   Xarici donorların arasında Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu inklüziv təhsili daha çox dəstəkləyir. Fond layihələri on minlərlə əlil uşağı əhatə edən onlarla QHT-yə institutional dəstək göstərməklə bu istiqamətdə çoxillik siyasət həyata keçirir.

   Qeyd edək ki, diaqnozundan asılı olmayaraq, Azərbaycanda əlilliyi olan 18 yaşına qədər hər bir uşaq dövlət müavinəti kimi ayda 55 manat alır. Üç il əvvəl isə bu məbləğ 50 manat olub.

   Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov əlil uşaqların məktəbdə təhsil almasında maneələr olduğunu dedi:

   - Məktəbə getmək istəyən əlil uşaq ictimai nəqliyyatdan necə istifadə edə bilər? Elə uşaq var əlil arabasına möhtacdır. Fiziki qüsuru olan uşaqlar gərək daim valideyn nəzarətində olsunlar. Uşaq mütləq kiminsə köməyi, yardımı ilə hərəkət etməlidir. Bəlkə məktəbdə onun hansısa bir ehtiyacı yarandı. Ona kim kömək edəcək? Hansı müəllim, şagird onunla "uğraşacaq"? Həm də ümumilikdə məktəb-şagird timsalında cəmiyyətin əlilliyə münasibəti normal deyil. Bilirsiniz, nəinki şagirdlər, uşağın həmyaşıdları, eyni zamanda müəllimlər, pedaqoji kollektiv əlil uşaqla davranış, ünsiyyət qaydalarını bilməli, onların cəmiyyətin ayrılmaz bir təbəqəsi olduğunu qəbul etməyə hazır vəziyyətə gətirilməlidir.

   Əlil uşaqlara verilən aylıq müavinətin miqdarı da qaneedici sayıla bilməz. Əlil uşaqların başqa güzəştləri olmadığından indiki müavinət çox cüzidir:

   - 55 manat qismən onların yeməyinə çatır. Əlil uşaqlar 16-18 yaşına qədər reabilitasiya xidmətlərindən keçməlidirlər. Valideynləri onları təhsil ocaqlarına aparıb-gətirməlidirlər. Əksər hallarda əlilliyi ağır formada olan uşaqları valideynləri əllərində gəzdirirlər. Heç olmasa, əlil uşaqlara verilən müavinət 100-150 manat arasında olmalıdır. Onların dərman preparatları, müalicə xərcləri var. Elə uşaq var ayda 2-3 ayaqqabı dağıdır. Çünki ayaq üstə normal hərəkət edə bilmir, istər-istəməz ayaqqabı sıradan çıxır. Elə uşaqlar var ki, əlil arabasında oturur, bezdən istifadə edir.

   Heç olmasa, verilən müavinət 100-150 manat arasında olmalıdır ki, valideyn uşağının yanında xəcalətli qalmasın. Məsələn, sağlam uşağa ayda 100 manat sərf olunmaya bilər. Sağlam uşaqlar hərəkət edir, qazanda nə bişir onu yeyir, bir-birlərinin paltarlarını da geyinirlər. Ancaq əlil uşaq belə deyil. Bəzən onun üçün xüsusi tərkibli yemək bişməlidir, dava-dərman xərci, bir yerə gedəndə onun üçün taksi tutmalısan və s. Bir sözlə, problemləri, ehtiyacları çoxdur.

   Aydın Xəlilov bildirdi ki, son 2 il ərzində dəfələrlə əlil uşaq valideynləri ilə birlikdə müavinətlərin artırılması ilə bağlı hökumətə təkliflər veriblər.

   Qeyd edək ki, əlillərin, o cümlədən əlil uşaqların problemləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğuldur. Nazirliyin saytında göstərilir ki, nazirlikdə fəaliyyət göstərən əlillərin sosial müdafiəsi siyasəti şöbəsi əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə məşğuldur. Şöbə əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqram və sosial layihələr, sosial adaptasiya tədbirlərinin reallaşdırılması və s. istiqamətdə fəaliyyət göstərir.

   

   Əlil uşağı məktəbə necə göndərməli?

  

   Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası ilə məşğul olan mərkəzlərin sayı da kifayət qədər deyil. Xüsusilə, sosialyönümlü reabilitasiya mərkəzləri olduqca azdır. Belə nadir mərkəzlərdən biri də "Göy qurşağı"dır.

   Mərkəzin direktoru Yeganə Məmmədəliyevadır. "Göy qurşağı" 2003-cü ildə əlil uşaq və yeniyetmələrin valideynlərinin təşəbbüs qrupu tərəfindən və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə yaradılıb. Mərkəzin yaradılmasında məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası, cəmiyyətə inteqrasiyası ilə məşğul olmaqdır. Mərkəzin direktoru bildirir ki, layihə əsasında ildə 20 uşaq qəbul etməlidirlər. Lakin il ərzində 30-35 nəfərə qayğı göstərmək məcburiyyətində qalırlar. Mərkəz rəhbəri bunun səbəbini belə izah edir:

   - Uşaq və yeniyetmələrin qəbulu bir neçə amilə söykənir. Mütəxəssislərimizin sayının və avadanlıqların azlığı daha çox uşaq və yeniyetmələrə qayğı göstərməyimizə mane olur. Digər tərəfdən, reabilitasiya mərkəzlərinin xidmətlərinə ehtiyac duyanlar isə çoxdur. Bunun qarşılığında cəmiyyətimizdə reabilitasiya mərkəzlərinin sayı çox azdır. Deyilən amilləri nəzərə alıb illik uşaq və yeniyetmə qəbulunu artırmışıq. Onun dediyinə əsasən, reabilitasiya mərkəzləri uşaqların internat məktəblərinə axınının qarşısını alır. Reabilitasiya keçən uşaq və yeniyetmələr bağça və məktəblərə yönəldilir.

   Direktorun sözlərinə görə, əlil uşaqların müalicə müddəti fərdi xarakter daşıyır. Müalicənin müddəti uşaq və yeniyetmənin üzləşdiyi problemin ağırlığından asılıdır. Məsələn, autizm və iflicin ağır formalarından əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsi 2-3 il vaxt aparır. 

   - Qeyd etdiyim kimi, mərkəzin əsas məqsədi uşaqların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Məhz bu səbəbdən onları müəyyən müddətdən sonra uşaq bağçalarına və məktəblərə yönəltməyə çalışırıq. Uşaq və yeniyetmələr məktəb sahəsində 4 təhsil növünə cəlb edilir. 4 təhsil növünə xüsusi, inteqrativ, ümumi və evdə təhsil daxildir. Məktəbəqədər təhsilə isə ümumi və inklüziv bağçalar aid edilir. İnklüziv bağçada bir qrupda təhsil alan 15-20-yə qədər normal uşaqlar arasında 1-2 xüsusi qayğıya ehtiyacı olan da olur. Uşaq və yeniyetmələrin məktəb və bağçalara yönəldilməsi üçün onların ilk növbədə reabilitasiya dövrünü uğurla başa çatdırması lazımdır. Reabilitasiya dövrünü keçənlər həmyaşıdları ilə ünsiyyət qurmağı bacarmalı, özünəxidmət bacarıqlarına yiyələnməlidirlər. Məhz bundan sonra biz valideynlərə tövsiyə edirik ki, övladlarını ya məktəbə, ya da bağçaya aparsınlar.

  

   "Finlandiya" təhsil modelini tətbiq edə bilərikmi?

  

   Y.Məmmədəliyeva xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə uğurla inteqrasiya olmaları üçün "Finlandiya" təhsil modelinin örnək olaraq götürülməsini təklif edir. Mərkəz direktorunun fikrincə, "Fin" modelinin tətbiqi əlil uşaqların təhsil alması üçün uğurlu variant ola bilər:

   - Xüsusi qayğıya ehtiyacı olan 3 yaşına qədər uşaqlar ev şəraitində saxlanılır və onlara daha çox sosial işçilər nəzarət edirlər. 3-6 yaş qrupuna daxil olanlar isə bağçalara yerləşdirilməlidir. Ölkəmizdə əsasən, inklüziv bağçalar var ki, bunların da sayı azlıq təşkil edir. Amma son dövrlərə qədər mövcud olan xüsusi bağçalar isə hamısı özəlləşdirilib, ağır dərəcəli xəstə uşaqlar isə inklüziv təhsilə qəbul edilmir. Nəticədə, belə uşaqlar cəmiyyətdən təcrid olunur və evə qapanır. Üstəlik, problemli uşaqlar ümumi bağçaya qəbul edilmir. Nəticədə ağır dərəcəli əlil uşaqların yalnız 1-2 faizi ali təhsil ala bilir. Ağır dərəcəli əlil uşaqlar məktəb dövründə elə də böyük problemlərlə üzləşmirlər. Lakin məktəbi bitirən belə uşaqların ancaq 1-2 faizi peşə və ali təhsil ala bilir. Digərləri təhsildən kənar qalırlar, əldə etdikləri bacarıqları həyatda tətbiq edə bilmirlər. Çünki onlar üçün iş yerləri yoxdur. Bizim sərf etdiyimiz əmək də nəticəsiz qalır. Amma məsələn, "Finlandiya" modelində bu cür uşaqlar üçün də iş yerləri nəzərdə tutulub. Ağır dərəcəli uşaq və yeniyetmələr üçün iş yerləri açmaqla, onların cəmiyyətə yararsız olmadıqlarını hiss etdirmək mümkündür. Düzdür, "Finlandiya" modelinin tətbiqi böyük maliyyə vəsaiti tələb edən işdir, bu baxımdan biz hökumətin tərəddüdünü də anlayışla qarşılayırıq. Bununla belə ümid edək ki, 5-10 ilə bu modeli ölkəmizdə reallaşdırmaq mümkün olacaq. Çünki dövlətin əlillərə münasibəti onun mədəniyyətinin və müasirliyinin göstəricisidir. Məsələn, xaricdə əlil uşaq və yeniyetmələrin reabilitasiyasına maliyyə vəsaiti ayıran şəxslərin müəyyən qədər vergiləri azaldılır. Bizdə də bu metoddan yararlanmağın faydası olardı.

   Y.Məmmədəliyeva cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara biganə münasibət bəslədiyini də qeyd edib. Onun sözlərinə görə, bəzi valideynlər əlil övladlarının qınaq obyektinə çevrilməməsi üçün onları evə təhkim edirlər. Mərkəzin əsas məqsədlərindən biri də məhz valideynlərin maarifləndirilməsidir. Əlil uşaqları gizlətmək problemi daha da dərinləşdirir.

 

 

   Məlahət Rzayeva

 

   Şərq.- 2012.- 17 yanvar.- S. 11.