Köçkün jurnalistin həyat hekayəsi
Ermənistan-Azərbaycan
münaqişəsi nəticəsində öz doğma dədə-baba
yurdunu itirən 1 milyon azərbaycanlının
yaşadığı acı taleh uzun müddət
yaddaşlardan silinməyəcək.
Qaçqın və məcburi
köçkünlər üçün Azərbaycan
hökuməti tərəfindən lazımi şərait
yaradılsa da, yurd, torpaq həsrəti müharibədən zərər
çəkən hər bir vətəndaşın həyatında
sağalmaz yaradı. Necə ki, jurnalist həmkarımız
İmdad Əlizadə 12 yaşı olanda doğma yurdu
Laçının Oğuldərə kəndindən
ayrılarkən yaddaşında qalan o vahiməli günləri
hələ də unuda bilmir. Onun gördüyü və
yaşadığı anlar düşmənin nə qədər
amansız və qəddar olduğunu canlandırır. İndi
ömrünün 32-ci qışını yaşayan həmkarımızın
ağrılarını öz dilindən eşitmək daha
doğru olardı. İmdad Əlizadə 20 il bundan öncə
canlı şahidi olduğu faciəli günləri belə
xatırlayır...
1992-ci il may ayının 14-ü...
Oğuldərəlilər
üçün Dağlıq Qarabağ müharibəsi ermənilərin
Laçından Ağdama və əks istiqamətdə gedən
avtobusları, minik və yük maşınlarını
daşlaması, qabağını kəsməsi, azərbaycanlıları
döyməsi, xəsarət yetirməsi ilə
başlamışdı. Bakıda,
başqa rayon və şəhərlərdə yaşayan
oğuldərəlilər kəndə adətən Ağdam-Əsgəran-Xankəndi-Şuşa-Laçın
yolu ilə gəlib-qayıdırdılar. 1980-ci ilin
sonlarında kəndə gələnlərdən hamı ilk
növbədə yolu xəbər alırdı: hansı yolla
gəldin, ermənilər yolunuzu kəsdimi, avtobusu
daşladılarmı?..
Erməni
silahlıları kəndlərə tez-tez hücum etdiklərinə,
əliyalın günahsız insanları amansızlıqla qətlə
yetirdiklərinə görə qonşu Qorçu kəndində
hərbi hissə yerləşdirildi. Kənd
məktəbinin bir hissəsi hərbçilərin qərargahı
idi. Yenicə yaranmağa başlayan Azərbaycan
ordusu, ya da könüllü özünümüdafiə
batalyonu Qorçuda, dağlarda post qurmuşdu. Qorçuya gedəndə ilk dəfə hərbi
geyimli şəxsləri görmüşdüm. Çiyinlərində avtomat vardı, həyətdə
hərbi maşınlar dayanmışdı, bir neçə əsgər
odun doğrayır, səyyar mətbəxdə yemək
hazırlayırdı.
Dağlıq
Qarabağda yaşayan ermənilərin Ermənistanla quru yolla əlaqəsi
kəsilmişdi. Ermənilər hava nəqliyyatından
istifadə edirdilər. Xankəndi-Ermənistan
hava dəhlizlərindən biri də Oğuldərənin
üzərindən keçirdi. Gün ərzində
bir neçə vertolyot Ermənistandan Qarabağa və əks
istiqamətdə uçurdu. Buna heç kim
mane olmurdu. Oğuldərə sakinlərinin bir neçə dəfə
vertolyotlara atəş açmasını saymasaq...
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə ermənilərin
Xocalıda azərbaycanlılara qarşı törətdikləri
soyqırım kənddə böyük narahatlıq
yaratdı. İnsanlar gününün
böyük hissəsini televiziya və radionun
qarşısında keçirirdilər. Məktəbdə
soyqırım qurbanlarının xatirəsi yad olundu. Dərslərdə fasilə yaranmışdı.
Ancaq 1992-ci
ilin yaz aylarında kənddə həyat öz axarı ilə
davam edirdi. İlin bu çağında
bizim yerlərdə təbiət göz oxşayır.
Artıq yazın isti nəfəsi duyulur, dağları ağ ümmana çevirən qar əriyib yox olur,
çaylarda axan suya dönür, dağlar və düzənliklər
yaşıllaşır, novruzgülü, bənövşə
və nərgiz dağların döşünü bəzəyirdi.
Payız aylarında isti yerlərə uçub gedən
quşlar, mal-qoyun saxlamaq üşün aran rayonlarına
köçmüş insanlar geri qayıdırdılar...
Erməni
separatçılarının törətdikləri təhlükə,
atəş səsləri təbiətin bu gözəlliyinə
və füsunkarlığına təsir göstərmək
qüdrətində olmasa da, hiss olunurdu ki, artıq adamlar bu
gözəllikdən çox da həzz almır, yazın gəlişinə
ürəkdən sevinə bilmirdilər. Ancaq kənd
sakinlərinin əli işdən soyumamışdı. Hamı bağ-bostanını əkib-becərir,
yaylağa köçməyə hazırlaşırdı.
Heç kəs Laçının işğal
olunacağına inanmırdı.
1992-ci ilin may
ayının 8-i Azərbaycan tarixinə və
xalqımızın yaddaşına qara hərflə
yazıldı. Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşa düşmən
caynağına keçdi. Artıq hamının qulağı
səsdə idi, kənd sakinləri arasında yalnız bir məsələ
müzakirə olunurdu: Laçının və bizim taleyimiz
necə olacaq? Laçın da düşmən əlinə
keçəcək? Bu arada şayiələr
də sürətlə yayılır, kənd sakinlərini
qorxu içində saxlayırdı. Şuşa
işğal olunduqdan sonra Oğuldərə məktəbində
dərslər dayandı. Nə şagirdlər
məktəbə gedirdi, nə də müəllimlərdə
dərs demək həvəsi qalmışdı.
1992-ci il
may ayının 14-ü idi. Bakıdan gəlmiş
maşınlar kəndə çatdı. Maşınları
Bakıdan Oğuldərəyə kənd sakini Baxşeyiş
Ağayev gətirmişdi. O bildirdi ki, artıq
Laçın tamamilə boşalıb, rayon mərkəzində
hərbçilər və polislərdən başqa, demək
olar ki, heç kim qalmayıb. Oğuldərə rayon mərkəzindən 70
kilometr uzaqda yerləşdiyindən Laçında hansı
hadisələrin baş verdiyindən çətin xəbər
tuta bilirdik, bəzi hallarda isə bu məlumatlar doğru
olmurdu.
Heç kim
kənddən çıxmaq istəmirdi. Böyüklər
bir yerə yığılıb xeyli məsləhətləşdilər.
Hətta Bakıdan gələn
maşınları geri qaytarmaq istəyirdilər. Amma fikirlərini dəyişdilər. Qocaları, qadınları və uşaqları daha
təhlükəsiz yerə köçürmək qərarına
gəlmişdilər.
Bakıdan
gələn maşınlarla yalnız bir evin əşyalarını
köçürmək olardı. Bu səbəbdən
hər evdən bir neçə xalça,
yorğan-döşək götürmək mümkün oldu.
Qoca-qarını, uşaqları və
qadınları maşınlara yığdılar. Hamı ağlaşır, heç kəs
ev-eşiyindən ayrılmaq istəmirdi. Düşmən
təhlükəsi yaxınlaşırdı, ermənilər
Laçının rayon mərkəzinə yaxın kəndlərini
işğal edib evləri yandırırdılar, tüstü
göyə qalxırdı. Bakılı
sürücü burada vəziyyətin belə ağır
olduğunu təsəvvür etmirmiş, gördüklərindən
dəhşətə gəlmişdi, ciddi təlaş
keçirir, bizi tələsdirirdi. Beş evin hərəsindən
bir neçə kiçik əşyanı maşına
yığdılar, 40 nəfərə qədər adam üçün yer saxladılar. Yola düşməyə hazırlaşarkən məlum
oldu ki, erməni silahlı dəstələri
Laçının mərkəzini işğal edib və
Laçın-Qubadlı yolunu bağlayıblar. Yalnız bir yol - Murovdağdan aşan
Laçın-Kəlbəcər-Xanlar (hazırkı
Göygöl rayonu) yolu ilə hərəkət etmək
imkanı qalırdı. Murovda isə, demək
olar, ilin bütün fəsillərində qar olur və hər
maşın bu dağ yolunda hərəkət edə bilmir.
Atam dedi ki, Tərtər
rayonunun Hüsənli kəndinə gedəcəyik. Bu kənddə dayılarım - Hüseyn və Həsən
Talıbovlar yaşayırdı. Atam
bacı-qardaşlarımı dayımgildə qoyub Oğuldərəyə
qayıdacaqdı. Mənə dedi ki, kənddə qal,
mal-qoyunu saxlamaqda anana kömək elə.
Maşına
yığılanda nənəm Rəhimə İbrahimova getməkdən
imtina etmişdi. Atam nə qədər təkid
etsə də, xeyri olmadı. Amma atam nənəmi
də aparmaqda qərarlı idi. Maşının yola
düşməsinə az qalmış nənəm
sanki qeybə çəkildi. Evdə, həyətdə,
qonşuda axtardıq, tapa bilmədik. Atam nənəmin
qalmasından bərk narahat oldu, gözləri arxada qaldı.
Maşın
Kəlbəcər istiqamətində yola düşdü.
Ağlaya-ağlaya atamdan,
bacı-qardaşlarımdan ayrıldım. Anamla evə qayıtdıq. Az
sonra nənəm də gəlib çıxdı. Məlum oldu ki, nənəm kəndin
aşağı hissəsi ilə axan çay yuxarı gedib,
orada oturub və maşının getməsinə əmin
olduqdan sonra evə qayıdıb. Anam gileyləndi.
Dedi ki, ermənilər gəlir, burada qalmaqla nə etmək istəyirsən,
ermənilər səni də Xocalı qadınları kimi əsir
aparsa, oğlun camaat içinə necə çıxar, deməzlərmi
ki, niyə ananı orada qoyub gedirdin, özünlə
aparmırdın?
Nənəmsə fikrindən
dönmək istəmirdi: "Heç hara gedən deyiləm,
ermənilər bura gələ bilməzlər, gəlsələr
də, qayaların arasında gizlənəcəm, onlar gedəndən
sonra evə qayıdacam".
Axşam
düşürdü. Mal-qoyun
örüşdən qayıtdı, tövləyə
yığdıq, anam inəkləri sağdı. İşi yekunlaşdırıb evə getdik. İşıqlar yanırdı. Anam
çay dəmlədi, qatıq, pendir, çörək yeyib
yatdıq. Həmişə rahat
olduğumuz doğma evimiz indi bizi sıxırdı. Atam, qardaşlarım, bacılarım getmişdi, həmişə
səsli-küylü, abad evimizə qəm
çökmüşdü. Həyətdə
bir yerdə oynadığım, birlikdə qoyun-quzu
otardığım qonşu uşaqlar da yox idi, onlar da
getmişdi, tək qalmışdım. Anam
maşınla yola düşənlərin sağ-salamat getməsi
üçün dayanmadan Allaha dua edirdi. Allahı,
peyğəmbəri, "Quran"ı, imamları, seyidlərin
cəddini köməyə çağırırdı.
Erməniləri lənətləyirdi.
Deyirdi ki, Allah, kafirlərin ağzını, gözünü
yum, bura gələn yollarını bağla... Mənə
danışdı ki, ilk dəfə deyil ermənilər bizi
öz evimizdən, torpağımızdan didərgin salır,
tarixdə bir neçə dəfə belə olub.
Nənəm
kənddən çıxanlardan ciddi narazı
qalmışdı. Deyirdi ki, insanlar küyə
düşüblər, erməni təhlükəsi yoxdur, camaat
evini qoyub hara gedir? Belə düşünən
yalnız nənəm deyildi. Yaşlı nəsli
erməni təhlükəsinin real olmasına inandırıb
kənddən çıxarmaq, başqa yerə
köçürmək heç də asan deyildi. Baxmayaraq ki, üç ay əvvəl - fevralın
26-da ermənilərin Xocalıda azərbaycanlılara
qarşı törətdikləri soyqırımdan,
qocaların, uşaqların amansızcasına qətlə
yetirilməsindən hamının xəbəri vardı.
Amma yaşlı nəslin böyük əksəriyyəti
kəndi tərk etmək istəmirdi.
Atam
danışır ki, 1993-cü ildə ermənilər
Oğuldərəni ikinci dəfə işğal edəndə
70 yaşlı Temir İbrahimov kənddən çıxmaqdan
qəti imtina edirdi. Laçın cəbhəsində
döyüşən Azərbaycan ordusu mövqelərini tərk
etmişdi, ermənilər Oğuldərəyə yaxın kəndləri
də işğal etmişdi, evləri
yandırmışdılar, tüstü göyə
qalxmışdı, Temir İbrahimov isə hələ kənddən
çıxmaq istəmirdi. bir
neçə nəfər çətinliklə onu getməyə
razı salmışdı. (Temir İbrahimov,
oğlu Ağaşirin İbrahimov və bacısı oğlu
Mötəbər İbrahimov 1993-cü ilin aprelin 3-də Kəlbəcər
rayonunun Quzeyçirkin kəndində ermənilərlə
döyüşdə itkin düşüblər, onların
taleyindən bu gün də xəbər yoxdur).
Yaşlı
nəslin belə düşünməsi səbəbsiz deyildi.
Əvvəla, heç kim doğulduğu,
boya-başa çatdığı doğma
torpağını, kəndini, evini atıb getmək,
ömrünün ahıl çağında qaçqın həyatı
yaşamaq istəmirdi. İkincisi, yaşlı nəsil
ermənilərin bizim torpaqları işğal etmək
gücündə, qüvvəsində olduqlarına, bunu
bacaracaqlarına inanmırdı. Deyirdilər
ki, ermənilər Oğuldərəyə heç vaxt gələ
bilməzlər, gəlsələr də, burada qala bilməzlər.
Yaşlı nəslin gözündə ermənilər at
nalı düzəldən, taxtadan alətlər kəsib satan, qaranlıq düşəndə qorxudan
çölə çıxa bilməyən, qan görəndə
özündən gedən varlıqlardı. Erməninin
Azərbaycan torpaqlarını işğal edəcək
gücdə olduğuna inanmırdılar.
Səhər
açıldı. Bu səhər başqa
bir səhər idi. Kənd
boşalmışdı. Gecə bir
neçə ailə də maşınlara
yığılıb getmişdi, yatdığıma görə
bundan xəbərim olmamışdı. Anam dedi ki,
gözümə yuxu getməyib, səhərə qədər
yatmamışam. Anam maşınla gedən
körpə övladlarından nigaran idi.
Mal-qoyunu
örüşə ötürdük. Əlimiz
hər şeydən soyumuşdu. Anam
quzuları qoyunlardan ayırmamağı tapşırdı.
Bizim yerlərdə yaz aylarında quzuları
qoyunlardan ayrı otarırlar. Qoyunları
sağıb südündən pendir tuturlar. Bir yerdə otlayanda quzular qoyunları əmir,
südü qalmır. Anam dedi ki, pendiri kim
üçün hazırlayacam, evdə heç kim
qalmayıb. Bir-iki tikə çörək yedik,
boğazımızdan güclə keçirdi yediyimiz... Kənddə mal-qoyuna baxmaq üçün bir
neçə qadın, əsasən isə kişilər
qalmışdı. Evlərin əksəriyyətində
yalnız bir nəfər vardı. İnsanlar
kəndin ortasına toplanır, danışıb, dərdlərini
bir-biri ilə bölüşüb dağılırdılar,
dərənin bu tayından o tayına bir-birini
çağırıb vəziyyətin necə olduğunu,
yeni xəbər olub-olmadığını soruşurdular.
Hər kəs bildiyini digəri ilə
bölüşürdü. Real vəziyyətlə
bağlı doğru məlumat almaq isə çətin idi.
Yəqin ki, insanların bir-birinə verdikləri
məlumatlar daha çox şayiələr idi.
Müharibə bölkəsində şayiə ildırım
sürəti ilə yayılırdı
İnsanlar
Oğuldərədən çıxırdı. bir neçə nəfər mal-qoyununu da
çıxarmışdı. Yük maşınları
tapılmadığına görə ev əşyalarını
aparmaq mümkün olmurdu.
Günorta
işıqlar söndü. Işiqlar
Oğuldərədə sonuncu dəfə mayın 15-də
yanıb. Nənəm həyətdə
daşın üstündə oturmuşdu. Məlum oldu ki, kəndin qurtaracağında
yaşayan bibimin ailəsi maşın olmadığına
görə gedə bilməyib. Körpə
uşaqlar da daxil olmaqla, ailənin bütün üzvləri kənddə
idi. Nənəm bibimgilə getdi.
Mal-qoyun
örüşdən qayıtdı. Artıq
qaranlıq düşmüşdü. Anam
çıraq yandırdı, bayatı deyib ağlaya-ağlaya
mal-qoyunu tövləyə yığdı, mən də ona
kömək elədim. İşi qurtarandan
sonra öz evimizə getmədik. Anam
söylədi ki, evimizdə qalmağımız təhlükəlidir,
gecə ermənilər hücum edər, camaat qaçar, xəbərimiz
olmaz.
(Ardı var)
Şərq.-
2012.- 20 yanvar.- S.11.