Köçkün jurnalistin həyat hekayəsi

 

  MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

  (Əvvəli ötən sayımızda)

    

   ... Qonşumuz Arif Zülfüqarovun evinə getdik. O, qoca valideynlərini, övladlarını qohumların evində yerləşdirmək üçün maşınla getmişdi. Evdə yalnız həyat yoldaşı Fatimə Zülfüqarova qalmışdı.

   Az sonra bir neçə nəfər də gəldi. Onlar da ailə üzvləri getmiş, evdə tək qalan kəndlilər idi. Dedilər ki, gecə nə olacağını heç kim bilmir, evdə tək qalmağa ehtiyat edirik. Yemək bişirməyə heç kimin həvəsi olmamışdı, çıraq işığında pendir, qatıq, çörək yedik, çay içdik. Hamının üzündə kədər, qəm vardı, maşınla gedənlərin məsələsi müzakirə olunur, kimin ailəsinin harada, hansı qohumun evindəqalacağı haqda danışılırdı. Əsas narahatlıq isə qarlı-şaxtalı Murov dağının necə aşılacağı idi. Erməni işğalına qədər Oğuldərədən heç kimin yolu Murovdan düşməmişdi, bəlkə də əksəriyyət bu dağın adını ilk dəfə eşidirdi. İndi isə qarlı və şaxtalı Murov erməni cəlladlarından yaxa qurtarmaq üçün yeganə ümid yolu idi.

   Evdə kiçik radioqəbuledici vardı. Çıraq işığında hamı radionun ətrafına toplanıb diqqətlə xəbərləri dinləyirdi. Radio isə elə bir ciddi xəbər vermədi. Xəbərlər daha çox Bakıda baş verən siyasi proseslər haqdaydı. Radiodan eşitdiyimiz "Ermənilər Laçın rayonuna hücumlarını intensivləşdiriblər" xəbəri isə bizim üçün yenilik deyildi, Oğuldərə sakinləri bunu bilirdi. Ermənilərin Laçının mərkəzini işğal edib-etməməsi, düşmənin harada dayanması haqda məlumat verilməməsi insanları əsəbiləşdirmişdi.

   Siyasi xəbərlər, həmişə olduğu kimi, çıraq işığında oturanlar arasında da ciddi müzakirələrə səbəb oldu, "siyasi müzakirələr" bir xeyli davam etdi. Fikir ayrılığı yaradan əsas məsələ ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə görə hansı siyasi qüvvənin və siyasətçinin günahkar olması idi. Oğuldərəlilər arasında ən populyar şəxs Laçın alayının komandiri Arif Paşayev idi. Gecədən xeyli keçmişdi, yatmaq vaxtı idi. Heç kim paltarını soyunmadı, ermənilər gecə hücum etsə, geyinməyə vaxt olmaya bilərdi.

   Səhər açıldı. Laçının kəndlərindən bir neçə ailə mal-qoyununu çıxarıb gecə Oğuldərə ərazisinə gəlmişdilər. Kəlbəcər istiqamətində gedirdilər. Ermənilər gecə hücum etmişdilər, onlar çətinliklə qaçıb qurtulmuşdular. Deyirdilər ki, vəziyyət çox ağırdır, ermənilər kəndləri işğal edir, evləri yandırır. Bizə də çıxmağı məsləhət gördülər.

   Mal-qoyunu örüşə ötürdük. Anam kəndlə üzbəüz yerləşən Çalbayır dağına gedib az sonra geri qayıtdı. Söylədi ki, kənd xarabalığa oxşayır, bir evin bacasından tüstü çıxmır, qonşu Zağaltı və Qorçu kəndlərində də eyni vəziyyətdir. Anam dedi ki, Məhəmməd İbrahimovun evinin qarşısında yük maşını dayanıb, ev əşyalarını yığırlar. Məni yola salmaq qərarına gəlmişdi, "hazırlaş" dedi. Bir kisəyə kiçik əşyalar - süfrə, parça, adyal yığdı, birlikdə Məhəmməd İbrahimovun kəndin yuxarı hissəsində yerləşən evinin qarşısına getdik.

   Məhəmməd İbrahimovun qardaşları Sərdar, Əjdər, Əli də burada idi. Onlar atamın bibisi oğlanlarıdır. "KAMAZ" markalı maşına kuzovdan yuxarı yük yığılmışdı. Əşyalar bir ailənin deyildi, qardaşların hər birinin evindən bir qədər əşya götürülmüşdü, ümid yeri kimi. Anam dedi ki, İmdad mal-qoyuna baxmaqda kömək etmək üçün qalıb, amma qorxuram, daha qalmasını istəmirəm, onu da özünüzlə aparın. Soruşdular ki, hara aparaq. Anam cavab verdi ki, ailə üzvlərimiz Tərtər rayonunun Hüsənli kəndinə - qardaşlarımın evinə gediblər. Özünüz hara gedirsiz, İmdadı ora aparın, sonra Hüsənliyə yola salarsız. Razılaşdılar.

   Maşın yüklə dolu olduğuna görə kuzova qalxmaq mümkün deyildi. Kabinədə isə sürücüdən başqa üç nəfər oturmuşdu. Sərdar İbrahimov, həyat yoldaşı Rahilə İbrahimova və Məhəmməd İbrahimovun həyat yoldaşı Səfa Paşayeva.

   Maşın yola düşməyə hazırlaşırdı. Anamla vidalaşdım, məni bağrına basıb öpdü, ağladı: "Səfa müəllimə, İmdadı sizə, sizi də Allaha tapşırıram". Rahilə İbrahimova məni dizlərinin üstündə oturtdu.

   Hamı hönkür-hönkür ağlayırdı. Maşın Oğuldərənin ortasından keçdi. Anam evə qayıtmışdı, həyətdə tək dayanmışdı. Maşın kəndi tərk etdi. Gözlərimi dağlardan çəkə bilmirdim...

   Heç də bütün insanlar həyatlarının sonunadək doğulduqları yerdə yaşamırlar. Milyonlarla insan təhsil, iş, yaxşı yaşayış ümidi ilə doğma kəndini, rayonunu, ölkəsini tərk edir. Elə Oğuldərədən də onlarla insan başqa şəhərlərdə, rayonlarda məskunlaşmışdı. Amma bizim köçməyimiz faciə idi. Çünki evimizdən, kəndimizdən könüllü çıxmırdıq, bizi buna məcbur edirdilər, təhsil, , yaxşı yaşayış ardınca getmirdik, erməni quldurlarından qurtulmaq, sağ qalmaq üçün başqa çıxış yolumuz yox idi. Həyatda insan üçün ən ağır dərdlərdən biridoğma torpağını, kəndini, evini məcburiyyət qarşısında tərk etməkdir.

    

   Hara getdiyimizi bilmirdik...

    

   Bu dünyada bir qəriblik dərdi var. İstər könüllü, istərsə də məcburiyyət qarşısında öz doğma elindən köçüb başqa yerlərdə - qürbətdə yaşayanlara həm də qərib deyirlər. Bizim tərəflərdə qəribə xüsusi qayğı ilə yanaşırdılar. Başqa rayonlardan, hətta qonşu kəndlərdən Oğuldərəyə gəlin köçəndə hamı deyirdi ki, filankəs qəribdir, burda heç kimi yoxdur, ona dayaq olmaq lazımdır. Anam, nənəm həmişə deyərdilər ki, filankəs qəribdir, qürbət ellərdə yaşayır, onun vəziyyəti yaxşı ola bilməz.

   İndi isə Oğuldərə bütün elliliklə qəribə çevrilirdi, qürbətə köçürdü. Məcburən...

   Zağaltı, Qorçu kəndləri də boşalmışdı. Maşın Qorçu kəndini keçib yeni çəkilən Laçın-Kəlbəcər yoluna çıxdı. Çilgəz dağında dəhşətli vəziyyət vardı, insanın ürəyini göynədən, tüklərini biz-biz edən mənzərə yaranmışdı. Qışdan qalan qar əridiyinə, yaz yağışı yağdığına görə yol palçıq idi, insanlarla, yüklə dolu maşınlar Çilgəz dağına çətinliklə qalxırdı, piyada gedənlər, mal-qoyun bir-birinə qarışmışdı, ağlayanların naləsi ərşə dirənmişdi.

   Günortaya yaxın maşın Çilgəz dağını aşıb Kəlbəcər ərazisinə keçdi. Yol kənarında yerləşən və adını indi də bilmədiyim bir kənddə dayandıq. Sürücü maşını bir evin qarşısında saxladı. Bura sürücünün evi idi, düşüb valideynləri ilə görüşdü, az keçmiş geri qayıtdı və yolumuza davam etdik. Tuneldən keçib, Qamışlıdan ötüb Murov istiqamətində getdik. Murovun ətəyində olan sonuncu kənd Yanşaqdır. Bu kəndə çatanda axşam düşürdü. Keçib gəldiyimiz ərazilərdə gözəl yaz havası vardı. Yanşaqda isə hava soyuq və çiskinliydi, narın yağış yağırdı. Murovun ətəyində isə əsl qış hökm sürürdü.  

   Bizim yerlər də dağlıqdır. Amma ilk dəfə idi belə sərt dağa rast gəlirdim. Murovun ətəyindən baxanda sonu görünmürdü. Qarla örtülü dağda sərt döngəli yol çəkilib. Dağın ətəyində yol palçıq, bir necə döngə qalxanda qarlı, yuxarı hissə isə buzdur.

   Qaranlıq düşmüşdü, sulu qar yağırdı, yolda tıxac yaranmışdı. Sürücü dedi ki, hətta yol açıq olsa belə, gecə getmək təhlükəlidir, yuxarı hissələr buzdur, yüklə dolu maşınla gecə dağı aşmaq olmaz, əgər dağı aşa bilməsək, yuxarı hissələrdə qalsaq, şaxta bizi qırar: "Ona görə də Murovun aşağı hissələrində qalsaq yaxşıdır".

   Sərdar İbrahimov sürücünün sözlərindən narazı qaldı. Dedi ki, bunu vaxtında deyəydin, kəndlərdən birində dayanardıq, səhər tezdən yola düşərdik. İndi nə edək, nə geri qayıtmağa imkanımız var, nə də dayanmağa.

   "KAMAZ" tıxacda dayanmışdı, işlək vəziyyətdə idi. Maşının sobası yanırdı, ona görə də çölün soyuğu içəridə o qədər də hiss olunmurdu. Yol üçün bir qədər çörək götürülmüşdü, gündüz bir-iki tikə yemişdik. Axşam düşəndə yatmışam, sonra nə olduğunu xatırlamıram.

   Yuxudan səhər oyandım. Maşın xeyli irəliləmişdi, Murovun yuxarı hissəsində dayanmışdı, yol yenə də tıxac idi. Laçından olanlar mal-qoyununu bura qədər gətirmişdi, amma şaxta xeyli heyvan qırmışdı, yol leşlə dolu idi.

   Sərdar İbrahimov dedi ki, maşının kuzovuna qalx, yeşiklərdə olan toyuq-cücəyə dən, su ver. Kuzova qalxdım, əşyaların üzərinə çəkilən çadırı qaldırdım. Şaxtadan xeyli toyuq-cücə qarılmışdı, leşləri yerə atdım, sağ qalanlara dən, su verdim.

   Yavaş-yavaş Murova qalxırdıq, günorta dağı aşdıq. Murovun Xanlar (Göygöl) üzündə də relyef çox sərtdir, maşın qarlı, buzlu yolla yavaş-yavaş aşağı enirdi.

   Bərdə rayonunun Ağalı kəndinə, Sərdar İbrahimovun qohumlarının evinə gəldik, əşyalar boşaldıldı, maşın getdi və biz burada məskunlaşdıq. Böyük ailə idi, evdə dindar qadın vardı. Bu ailə seyid nəslindəndir.

   Nə Oğuldərədə qalan anamdan, nənəmdən, nə də mayın 14-də maşınla kənddən gedən atamdan, bacılarımdan, qardaşlarımdan xəbər vardı, harada olduqlarını bilmirdim. Onların da məndən xəbərləri yox idi.

   Tanımadığım bir ailəyə sığınmışdım, hər gün sıxıntı ilə keçirdi. Utana-utana süfrə arxasında oturmaq, ev yiyəsinin əlinə baxmaq, bir hərəkət edəndə icazə almaq adamı üzürdü. Baxmayaraq ki, ev sahibi böyük qonaqpərvərlik göstərirdi, bizə qayğı ilə yanaşırdı, əlindən gələni edirdi.

   On günə yaxın burada qaldım, məni Hüsənliyə, dayım evinə aparmağa adam tapılmırdı, arxamca gələn də yox idi, gözlərim yollarda qalmışdı.

   Sonra məni əvvəlcə Bərdənin Alpout kəndinə, oğuldərəli Valeh İlyasovun evinə apardılar. Bir neçə gün də burada qaldım.

   Nəhayət, məni dayım evinə, bacı-qardaşlarımın yanına gətirdilər. Nənəm də burada idi. Görüşəndə çox sevindik. Bacı-qardaşlarımın sağ çıxmasına, nənəmin də kənddə qalmamasına çox sevindim. 

   Atam bacı-qardaşlarımı Hüsənliyə gətirib dayım evində yerləşdirdikdən sonra yenidən kəndə qayıtmışdı. Maşın tutub bəzi ev əşyalarını çıxarıb Hüsənliyə gətirmişdi. Bir neçə qohumun da ev əşyalarını dayım evinə gətirmişdi. Nənəmi də həmin maşınla çıxarmışdı.

   Mən Hüsənliyə gələndə atam-anam burada yox idi. Anam piyada mal-qoyunu gətirirdi. Atam da yenidən geri qayıtmışdı.

   Dayım evinə bizdən başqa üç ailə sığınmışdı. Biz dayımın ailəsinin yaşadığı evdə olurduq. İki ailə həyətdəki digər evdə məskunlaşmışdı. Bir ailə üçün həyətdə çadır qurulmuşdu. Dayımın həyətində iyirmidən artıq uşaq vardı, bir yerdə oynayırdıq, dalaşırdıq, qonşuların meyvə bağlarını daşlayırdıq. Yemək zamanı süfrə arxasında qırxdan artıq adam otururdu. Dayılarım bizə böyük qayğı ilə yanaşırdılar. Böyük dayım Hüseyn Talıbovun həyat yoldaşı Nüşabə Talıbova hər gün çörək bişirir, gündə üç dəfə yemək hazırlayıb süfrə açırdı. Amma bir dəfə olsun bu ağır əziyyətindən narazılıq etmirdi.

   Qardaşım Babəklə təsərrüfat işlərində dayıma kömək edirdik, mal otarırdıq. Havalar isinmişdi və bu bizə ciddi əziyyət verirdi. Qaçqın düşənədək biz belə isti görməmişdik. Həmişə dağlıq yerdə yaşadığımıza görə aranın istisinə dözə bilmirdik. Ata-anamdan isə xəbər tuta bilmirdik.

   Bir neçə gündən sonra atam Hüsənliyə gəldi. Tək gəlmişdi, anam yox idi, mal-qoyunu da gətirməmişdi. Dedi ki, Murovu aşmışıq, dağın Xanlar (Göygöl) rayonu ərazisində məskunlaşmaq qərarına gəlmişik. Atam söylədi ki, bir-birinə qohum olan bir neçə oğuldərəli ailə Murovun ətəyində qalmaq qərarına gəlib. Bu ailələr uzaq rayonlara getmək istəməmişdilər, Laçına, Oğuldərəyə daha yaxın yerdə məskunlaşıb kəndimizin erməni işğalından azad olunmasını gözləməyi və geri qayıtmağı nəzərdə tutmuşdular. Atam da qohumlardan ayrı düşmək istəmədiyinə və tezliklə geri qayıtmağa ümid etdiyinə görə Murovun ətəyində məskunlaşmağı qərara almışdı.  

   Dayılarım buna etiraz etdilər. Bildirdilər ki, həm ailəmizin məskunlaşması, həm də mal-qoyunun saxlamağımız üçün hər cür kömək edəcəklər. Ona görə də Murovda qalmamağı, Hüsənliyə gəlməyi təklif etdilər. Atam razı olmadı. Dedi ki, nə qədər yaxın və əziz insan olsa da, heç kimin evində məskunlaşa bilmərəm, çadır olsa da, bilərəm ki, özümünküdür. Dayımgilə sığınan insanlar da Murovda məskunlaşmağımıza etiraz etdilər, amma atam qərarlı idi.

  

 

   (Davamı var)

 

   Şərq.- 2012.- 24 yanvar.- S. 11.