Unudulmuş ahıllar...
Onların
qayğıya, xoş rəftara çox böyük
ehtiyacları var
MÖVZU:
"Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə
bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Ailə cəmiyyətin
kiçik bir üzvüdür, lakin digər tərəfdən
əhəmiyyət baxımından cəmiyyətin əsas
sütunlarındandır. Böyük bəşər cəmiyyəti
elə kiçik ailə cəmiyyətlərindən təşkil
olunur. Ailə və cəmiyyət qarşılıqlı
sıx əlaqədədir. Ailədə mədəniyyət,
qarşılıqlı hörmət, vəfa, münasibətlərdə
bir-birilə anlaşmaq cəhəti üstün olarsa, həmin
ailə cəmiyyətin inkişafına böyük təkan
verər. Bu mənada Azərbaycan ailə modeli bütün digər
cəmiyyətlər üçün ən gözəl və
möhkəm sayıla bilər.
Azərbaycan ailəsi
üçün ata-anaya güclü məhəbbət,
hörmət, valideynlərə diqqət və qayğı əsasdır.
Amma təəssüf ki, bəzən bunun əksi də olur.
Valideynlər övlad qayğısından kənar qalır, nəticədə
Qocalar evlərinin sakinlərinə çevrilirlər.
Böyüyüb boya-başa çatdırdığı
övladından soyuq münasibət görmək, yeməyib
yedizdirdiyi, geyinməyib geyindirdiyi, hər əzabına
qatlaşdığı övladı günlərin bir
günü valideynə "sən artıq bizə lazım
deyilsən" deyir. Bunun necə bir əzab olduğunu
övladından bu münasibəti görənlər bilər.
Belədə ümid qalır dövlətə. Nə
yaxşı ki, Qocalar evləri var. Və dövlətimiz
atılmış valideynlərə daim qayğı göstərir.
Dünyanın "qocalıq" problemi
Atılmış
qocalara dünyamızın hər yerində
rast gəlmək mümkündü.
Təsadüfi deyil ki,
BMT Baş Məclisi 1992-ci ildə
qocaların (ahılların) müdafiəsi ilə
bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i
Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir, bundan əlavə, 1999-cu il
Beynəlxalq Ahıllar ili elan
olunmuşdur. 2002-ci ilin
aprelində isə İspaniyanın paytaxtı Madrid
şəhərində BMT-nin ahıllar
üzrə II Ümumdünya Məclisi keçirilib.
Bu məsələyə
respublikamızda da ciddi
diqqət yetirilir. 2001-ci il
iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən
ölkədə 70 yaşına çatmış Azərbaycan
Respublikası vətəndaşları, habelə Azərbaycan
Respublikasında daimi yaşayan
əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
1993-cü ildən başlayaraq, hər
il oktyabr ayının
1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü"
kimi qeyd olunur. Həmin günün
keçirilməsində məqsəd ahıl vətəndaşların
sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək,
imkanlı müəssisələr, təşkilatlar və
qeyri-hökumət təşkilatları ilə birlikdə əməli
tədbirlər görməkdən ibarətdir.
Məlumatlara görə, hazırda ölkəmizdə fəaliyyət
göstərən qocalar evi
və əlillər evlərində 1100-dən çox
qoca və əlil yaşayır.
Ümumilikdə isə ölkədə 70 yaşına
çatmış 410 min insan
yaşayır.
İslam
qocalara hörmət tələb edir
Müqəddəs
ailə ocağında ana və ataya hörmət edilməli, əziz peyğəmbərimiz
Həzrət Məhəmməd (s) buyurduğu kimi: "Ata-anaya qarşı ən xırda hörmətsizlik
- "uf" deməkdir. Allah
ondan daha
xırdası olsaydı, şübhəsiz ki,
qadağan etmiş
olardı".
Müqəddəs
kitabımız "Qurani-Kərim"də Allah-təala
buyurur: "Ya rəsulum! Səndən nə verəcəklərini
soruşurlar. De: Verəcəyiniz hər bir xeyir valideynə,
qohum-əqrəbaya, yetimlərə, kasıblara və
müsafirlərə aiddir. Siz nə yaxşılıq
edirsinizsə, şübhəsiz ki, Allah onu bilir" ("Bəqərə"
surəsi 215-ci ayə). Uca Rəbbimiz bəşər
övladına nazil etdiyi kitabda valideynlərə hörmət
tələb edir, insan övladına Allah yanında bunun əvəzini
görəcəyini xəbər verir. Əziz Peyğəmbərimiz
Həzrət Məhəmmədin "Cənnət anaların
ayağı altındadır" hədisi hər kəsə
məlumdur. Başqa bir hədisdə isə sevgili peyğəmbərimiz
"Valideynə itaətsizlik - böyük
günahlardandır. Çünki Allah-təala itaət etməyən
övladı üsyankar və bədbəxt etmişdir"
söyləyib. Uca Yaradan yaratdığı hər bir şeyi
nizam-intizamla yaratmışdır. İnsan da
yarandığı gündən, əbədi həyata
qovuşduğu günə kimi mərhələlərdən
keçir. Uşaqlıq
illəri, orta yaş,
yetkinlik və qocalıq. Və
hər kəs bunu görür
və bilir, inkar edilməsi
ağlasığmazdır. Özlərini həmişə cavan sayan övladlar,
bir ömür sonsuz məşəqqətlərinə,
çətinliklərinə sinə gərib bütün
varlıqları ilə onların xoşbəxt olub kamala çatmaları
üçün çalışan
valideynlərini tapdalayaraq, nəinki
hörmətsizlik edirlər, hətta qapıdan belə qovurlar. Qocalar evində
atılmış kimsəsiz qocaları gördükdə
Allahı unudan övladların da az
olmadığının şahidi oluruq. Lakin
övladlarının onlara qarşı
etdikləri pisliklərə baxmayaraq, qocalar danışarkən övlad
həsrəti ilə alışıb-yandıqları
axıdılan göz yaşlarından bəlli
olur. Görəsən bu
qocalar niyə isti yuvadan, qulluqdan uzaq düşüblər? Körpə uşaqlar kimi nəvazişə,
sığala, mülayim, mehriban
davranışa ehtiyacı olan bu qocalar, hansı övlad üçün
artıq yer edir?
Axı, özü də bir
zaman qocalacaq övladlar həyatdan nəyi gözləyirlər?
Qocaların aldığı təqaüd yetərlidirmi?
Hazırda minimum
təqaüd 75 manatdır. Amma bu günün
reallıqları ilə müqayisədə bu
məbləğ təbii ki, yetərli ola bilməz. Çoxluq bu fikirdədir ki, təqaüd
və müavinətlər elə həddə
olmalıdır, qocalar ailələrinin
üzərində bir növ
yükə çevrilməsin. Azərbaycan reallığında
isə təəssüf ki, qocalar daha çox
yükə çevrilir. İnsan
yaşlaşdıqca onun
qayğıları, səhiyyə xarcləri də artır. Amma bugünkü 75 manat bir insanın
minimum qidalanmasına da
imkan vermir".
Milli Məclisin Sosial
siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin
sözlərinə görə, hökumət qanunun ahıl
hesab etdiyi, yəni yaşlı qadınlar üçün
65-i, kişilər üçünsə 70-i keçənlərin
qayğısına qalır.
Məlumdur ki, ölkə
başçısının sərəncamları ilə təqaüdlər,
müavinətlər artırılıb. Qocalığa
görə də müavinət verilir. Qocalar evində qalanlar
orada dövlət hesabına yaşasalar da, həm də təqaüdlərini
100 faiz alırlar. Onların da müavinətləri bu
yaxınlarda 25 faiz artıb.
Ahılların sosial
müdafiəsi eyni adlı qanunla tənzimlənir.
Unutmayaq
ki, unudulmayaq
Qədim zamanlardan
ağsaqqal, ahıl insanlar ən hörmətli və
müdrik adamlar hesab olunub, onlara hamı hörmətlə
yanaşıb. Bəzən ahıl insanları uşağa da
bənzədirlər. Yəni yaşlandıqca onlar da uşaq
kimi kövrək, hər sözdən inciyən, yumşaq qəlbli
olurlar. Amma uşaqlardan fərqli olaraq onların hansısa bir
hədiyyə ilə könlünü almaq olmaz. Onların sadəcə
qayğıya, xoş rəftara ehtiyacı var. Artıq geridə
qoyduğu, keçib gedən illərin arxasınca baxan həmin
insanların qəlbini oxşamaq isə bu gün onlar
üçün təsəllidir.
Yəni artıq gəncliyini
geri qaytara bilməyəcək bu insanlar ahıl
yaşlarında ən azından rahat bir şəkildə
yaşayaraq o günləri xatırlamağa
çalışırlar. Onlar üçün bu rahat şəraiti
yaratmaq, qayğılarına qalaraq dəstək olmaq isə hər
birimizin mənəvi borcudur. Bu gün övladlarının əhatəsində,
rahat, gözəl bir şəraitdə yaşlılıq
günlərini yaşayan ahıllarla yanaşı, parkda
skamyada oturaraq keçmişini xatırlayan, mağazadan ərzaq
alıb əsasına söykənə-söykənə evinə
gedən, yaxud övlad sevgisinə möhtac qalıb
ömrünü Qocalar evində sürdürən və hər
addım səsinə gözü qapıya dikilən
ahıllarımız var.
Ahılların
hüquqlarının qorunması istiqamətində beynəlxalq
təşkilatlar tərəfindən bir sıra addımlar
atılır. 3 dekabr 1989-cu ildə yaşlaşma problemləri
üzrə Beynəlxalq Fəaliyyət Planı, 1991-ci il 16
dekabrda isə ahıl insanlara münasibətdə BMT tərəfindən
prinsiplər müəyyən olunub.
Dünya ölkələrinin
çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin
yaşlaşma prosesi müşahidə olunur. 1950-2010-cu illər
ərzində 65 yaşından yuxarı olan əhali kontingentinin
sayı dünya üzrə 5 faizdən 8 faizə qədər
artıb, 2050-ci il üçün isə bu rəqəmin 16
faizə çatacağı gözlənilir. Azərbaycanda isə
bu göstəricinin 2010-cu ildəki 6 faizdən 2050-ci ilədək
12 faizə qədər artacağı
proqnozlaşdırılır.
Azərbaycanda ahıl
vətəndaşların hüquqlarının qorunması,
onların sosial müdafiəsinin gücləndirilməsi,
sosial və digər həyati tələbatlarının
ödənilməsi, bu sahədə mövcud olan
qanunvericiliyin beynəlxalq normalara
uyğunlaşdırılması dövlətin sosial-iqtisadi
siyasətinin prioritet istiqamətlərindən biridir və son
illər bu istiqamətdə mühüm işlər
görülür.
Ölkəmizdə əlil,
tənha və ahıllara xidmət göstərən müəssisələrin
sakinləri dövlət qayğısı ilə əhatə
olunub.
Ahıl vətəndaşların
sosial vəziyyətinin yaxşılaşdırılması və
onlara dövlət qayğısının
artırılması məqsədilə 2006-cı ildə
Prezidentin müvafiq sərəncamı ilə "Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı" təsdiq edilib. Qeyd edək ki,
2004-cü ildə "Azərbaycanda demoqrafiya və əhali
sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramı"nda, həmçinin 2008-ci ildə təsdiqlənmiş
"2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı"nda və digər dövlət proqramlarında
ahılların sosial müdafiəsi ilə bağlı tədbirlər
nəzərdə tutulur.
2011-ci il ahıllar
üçün xüsusilə əlamətdar olub. Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə iyulun
1-dən pensiyaların məbləğinin orta hesabla 40 faizdən
çox artması ahıl vətəndaşlarımıza
olan qayğının bariz nümunəsidir. 2011-ci ilin 6
ayı ərzində ölkəmizdə əmək
pensiyaçılarının sayı 1 milyon 280 min 788 nəfər
olub ki, onlardan 63,9 faizi məhz yaşa görə pensiya
alır. Ölkəmizdə əlil, tənha və ahıllara
xidmət göstərən müəssisələrin sakinləri
dövlət qayğısı ilə əhatə olunub.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
ahıllara qayğı məqsədilə müxtəlif tədbirlər
həyata keçirilir. Onun təşəbbüsü ilə
fondda ahıllarla görüşlər keçirilir,
onların sağlamlığı diqqətdə
saxlanılır. Fond tərəfindən Ahıllar
Günündə bu insanlar üçün müxtəlif tədbirlər
təşkil olunur. Onu da qeyd edək ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət
göstərən Müharibə və Əmək Əlilləri
üçün Pansionatda tam dövlət təminatında
olan ahıl vətəndaşlar yaşayır. 2001-ci ildə
yaradılmış Ahılların Resurs Mərkəzində
ahıllara təmənnasız hüquqi, tibbi və psixoloji
yardım göstərilir. Ölkədə qeyd edilən
bayramlarda, eləcə də Ahıllar Günündə bir
çox qocalar evində yaşayan, tənha, kimsəsiz
yaşlılar üçün dövlət qurumları,
müxtəlif təşkilatlar, o cümlədən Ombudsman
Aparatı tərəfindən tədbirlər təşkil
olunur.
Onu da qeyd edək ki,
İnsan haqları üzrə müvəkkil - ombudsman Elmira
Süleymanova tərəfindən Azərbaycanda növbəti
illərdən birinin "Ahıllar ili" kimi qeyd olunması
təklif edilib.
Amma... Hərtərəfli
dövlət qayğısı ilə əhatə olunan
ahılların ən çox ehtiyacı övlad sevgisinədir.
Hazırda dünyada bir çox ahıllar var ki, bu sevgidən
məhrumdur. Səbəbinə gəldikdə isə
onların sırasında yaxınlarını itirərək
tənhalığa məhkum olan yaşlılarla
yanaşı, övladları tərəfindən tərk edilərək
yalnız qalanlar da var.
Yeni doğulan körpələri
üçün böyük sevinclər yaşayan valideynlər
bəzən heç düşünmürlər ki,
doğumuna sevindikləri bu övladları tərəfindən
nə zamansa tərk edilər, hətta qocalar evinin sakininə
çevrilə bilərlər. Yəni övladı olsa da,
kimsəsiz adını qazanırlar.
Ancaq belə valideynlərin
varlığı acı həqiqətdir. Hazırda övlad
sevgisinə həsrət qalan neçə-neçə insan
var. Harada yaşamasından asılı olmayaraq tənha, kimsəsiz
ömür sürən bu ahıllara məhz bu yaşında
diqqət, qayğı göstərilməsi vacibdir. Unutmayaq
ki, hər bir insan yaşlanmağa məhkumdur. Bu gün
valideynlərini tənha qoyub gedən, onları köməksiz
buraxan övladlar bilməlidir ki, həyatın
hazırladığı bu imtahana hər kəs hazır
olmalıdır.
Məlahət
Rzayev
Şərq.-
2012.- 24 yanvar.- S. 7.