Köçkün jurnalistin həyat hekayəsi
(Əvvəli
ötən sayımızda)
Murovun ətəyinə qayıdırdıq, atam
qoşqulu traktor gətirdi, gündəlik istifadə
üçün zəruri olan ev əşyalarını
traktorun qoşqusuna yığdıq, özümüz də həmçinin.
Səhər tezdən yola düşdük. Böyük dayım
Hüseyn Talıbov da bizimlə getdi. Traktor yavaş-yavaş
irəliləyir, biz də atamıza suallar
yağdırırdıq. Kəndə nə vaxt
qayıdacağıq? İndi Oğuldərədə ermənilər
varmı? Bizim evi yandırıblar? Getdiyimiz yerdə ev var? Anam
haradadır? Mal-qoyunumuz sağdır? Filankəs əmigil də
bizim olduğumuz yerdə yaşayacaq? Qonşu uşaqları
yenə görəcəyik? Bura haradır? Nə vaxt
çatırıq?
Hacıkəndi, Toğananı keçdik. Toğana
Murovun Xanlar üzündə sonuncu kənddir, Xanlar-Kəlbəcər
yolu ilə Murov istiqamətində xeyli getdik, kənddən uzaqlaşdıq.
Təbiət göz oxşayırdı, yaşıl meşələr,
dağlar, gül-çiçək idi. Bura Oğuldərəni
xatırladırdı, oxşarlıq çox idi. Günorta
Murovun ətəyinə yetdik, traktor çayın kənarında
dayandı. Atam dedi ki, çatmışıq, çayın
digər sahilindəki obanı göstərdi, orada məskunlaşdığımızı
bildirdi. Burada xeyli adam çadır qurmuşdu, ailəsini bura
gətirmişdi. Yenidən görüşməyə ən
çox sevinən uşaqlar idi, bir yerdə oynamaq, gün
keçirmək imkanı olacaqdı.
Sahilində məskunlaşdığımız
çayın adı Kürəkçay idi. Mənbəyini
Murovun qarlı yüksəkliklərindən, dağlardan
alır. Çay bol sulu və gur idi.
Traktordan
düşdük, anam çayı keçib yanımıza gəldi,
bizi bağrına basdı, ağladı. Onu görəndə
üzümüz güldü, sevincimizin həddi-hüdudu yox
idi. Axı bizim anadan ayrı düşmək
yaşımız deyildi, böyüyümüzün 13,
kiçiyimizin 4 yaşı vardı. Mənim 12 yaşım təzəcə
tamam olmuşdu. Ana nəvazişi üçün çox
darıxmışdıq...
Atam bizi çaydan
keçirdi. Traktor çayı adlayıb alaçıqlar
qurulan yerə gələ bilmədi, əşyaları
boşaltdılar. Qohumlar
əşyaları çaydan keçirməyə kömək
etdilər.
Çaydan bir qədər aralıda böyük bir
daşın dibini yurd yeri seçdik, humanitar yardım kimi
verilən çadırı qurduq. Hərbçilər
üçün səhra çadırı idi. Qohumlar kömək edirdilər, ancaq
alaçığın qurulması əziyyətlə
başa gəldi və xeyli vaxt apardı. Axşam
düşürdü, çadırın içini rahatlaya
bilmədik, yamacı qazıb düzəltmək sabaha
qaldı. Əşyaları çadıra yığdıq.
İndi bura bizim evimiz idi. Yataq otağı, qonaq
otağı, yemək otağı, mətbəx -
hamısı bu humanitar yardım çadırından ibarət
idi. Amma atam haqlıydı, hər halda bu bizim
özümüzə məxsusuydu.
Anam yemək bişirdi. Bir aydan artıq davam edən
ayrılıq sona çatmışdı, çıraq
işığında süfrə başına toplandıq. Nənəm
Allaha şükür edib dedi ki, nə yaxşı
sağ-salamat bir yerə yığıla bildik: "Öz
çörəyimiz, öz süfrəmizdir, gərək
adamın başını daldalamaq üçün bir yeri
olsun. Bu günə də şükür, nə qədər
kiminsə yanına sığınmaq olar..."
Anam kənddən necə
çıxdıqlarını, yolda başlarına gələn
faciələri danışdı. Məni yola salandan sonra
Oğuldərədə bir gün qalmışdılar:
"Kişilər Arif Zülfüqarovun evinin
qarşısına yığılıb məsləhətləşdilər.
Dedilər ki, Laçın işğal olunub, Azərbaycan
ordusu öz mövqelərini tərk edib, ermənilər hər
an Oğuldərəyə gəlib çıxa bilərlər.
Ona görə də kənddə qalmaq təhlükəlidir.
Kənddən
çıxmaq qərarına gəldik. Mal-qoyunu
örüşə ötürmüşdük, bir neçə
nəfər gedib heyvanları yığıb gətirdi.
Atları yəhərlədik, evdən bir yorğan,
çörək və bir qədər də un
götürdük, mal-qoyunu yığıb kənddən
çıxdıq.
Hamı
ağlayırdı, isti ev-eşiyimizi, doğma kəndimizi tərk
etmək asan deyildi. Həmin gün Sarıyoxuşa gəldik.
Burada insan, heyvan əlindən tərpənmək
mümkün deyildi, Laçının mərkəzi
tutulduğuna və Laçın-Qubadlı yolu
bağlandığına görə kəndlərdə qalan
insanlar Kəlbəcər istiqamətinə üz
tutmuşdular. Qorçu, Zağaltı kəndlərindən
tanış olan xeyli adam gördük. Kəlbəcərin
Tirkeşəvənd kəndinin yaxınlığına gəldik.
Köçü
orada tökdük, gecəni orada qaldıq.
Həmin gün
atanız gəlib çıxdı. Soraq edə-edə gəlib
bizi tapmışdı. Ev əşyalarını
çıxarmaq üçün maşın gətirmişdi.
Dedi ki, gedək kəndə, əşyaları yığaq.
Arif, Fatimə, Mötəbər, Güləbətin, Təvəkkül,
Ağaşirin, Məmmədalı, Cənnət maşına
mindilər. Onlar da kənddən ev əşyalarını gətirməyə
gedirdilər. Kəndə yollandıq. Sarıyoxuşu
aşanda Lolabağırlı kəndinin güneyində yolun
içində bir maşın durmuşdu. Bizim
sürücü istədi ki, dayanmış maşının
yanından keçsin, elə bildi yol yaxşıdır. Amma
maşın uçuruma düşdü, adamların
qışqırtısı göyə qalxdı. Maşın
bir qədər silkələndi, amma uçurumdan
çıxdı. Təhlükədən sağ qurtardıq.
Əvvəllər bu dağlardan baxanda kəndlərdən
işıq gəlirdi. Yollarda maşınların
ardı-arası kəsilmirdi. İndi dağlar sanki yas
içindəydi, hər yer səssizlik idi.
Axşam kəndə
çatdıq. Kənd min ilin xarabalığına
oxşayırdı, heç kim yoxuydu. Maşın evdəki
bütün əşyaları yığmaq üçün
kifayət edirdi. Amma qonşularımız da evdən heç
nə aparmamışdı. Ona görə də maşına
çox az şey yığdıq. Bir neçə ailənin
əşyalarından da götürdük və kənddən
çıxdıq. Səhərə yaxın Tirkeşəvəndə
çatdıq. Maşın Tərtərin Hüsənli kəndinə
gedirdi. Atanız dedi ki, sən maşınla get, mən mal-qoyunu
gətirim, razı olmadım. Tirkeşəvənddə
maşından endim.
Mal-qoyun
otlaması üçün sahə yox idi. Yerimizi dəyişməyə məcbur olduq,
çayı keçib güneyə adladıq, meşənin
içində köçü tökdük.
Gecəni
orada qaldıq. Tikili yox idi, çadır
qurmaq imkanımız olmadı. Yorğanı
üstümüzə atıb yatdıq. Gecə
güclü qar yağdı, şaxtadan donmuşduq,
yorğanlarımız su idi. Ocaq
qaladıq, xeyri olmadı, soyuq bizi taqətdən
salmışdı. Şaxta, boran, qar
mal-qoyunu qırırdı.
Səhər
açıldı. Yanımıza bir
neçə nəfər gəldi. Oğuldərəlilərin
Kəlbəcər rayonundan olan qohumlarından idi. Bizə meşə yuxarı getməyi, meşənin
ortasında olan mağarada daldalanmağı məsləhət
gördülər. Əşyaları
atlara yüklədik, mal-qoyunu yığıb mağaralar olan əraziyə
gəldik. Bura bizdən əvvəl
köç düşmüşdü, bir hissəsi oğuldərəlilər
idi. Çətinliklə mağarada yerləşdik
və iki gecə burada qaldıq.
Sulu qar
yağdı. Mağaraya su doldu,
yorğanlarımız, paltarımız yaş oldu, dəyişmək
üçün əlavə paltar yoxuydu, vəziyyət
ağır idi. Çörəyimiz
qurtarmışdı. Unumuz olsa da,
çörək bişirmək imkanı yoxuydu. Mal-qoyun da açından qarılırdı. Köçməyə məcbur olduq. Kəlbəcərin Qoşnallar kəndinin
yaxınlığına gəldik. Bu kənddə
oğuldərəlilərin qohumları yaşayırdı.
Acından ölürdük, yemişan
ağacının yarpaqların yeyirdik. Bir neçə
nəfər un götürüb getdi. Evlərdən birində çörək bişirib
gətirdilər. Çörək yeyib
toxtadıq. Bir gecə də burada
qaldıq, yorğana bürünüb yatdıq. Səhər yenə yerimizi dəyişdik, kənddən
yuxarıda olan dağlara qalxdıq. Burada heyvanlar
üçün ot vardı. İki gün də burada qaldıq. Yenə nə bir tikili vardı, nə də
alaçıq qura bildik. Yorğana
bürünüb çöldə yatırdıq. Burada ərzağımız, çörəyimiz
qurtardı. Oğuldərəyə gedib
qayıdanlar vardı. Bildirdilər ki, nə
Oğuldərədə, nə də qonşu kəndlərdə
erməni var. Ona görə də kəndə qayıtmaq qərarına
gəldik. Atları yükləyib,
mal-qoyunu yığıb yola düşdük. Oğuldərə ərazisində Pəri
bulağı adlanan əraziyə gəldik. Burada xeyli
gicitkən, yarpız yığıb yedik, bir az
toxtadıq. Günorta kəndə
çatdıq. Xəmir yoğurub
çörək bişirdik. Axşama yaxın
Aşağı Haçayalda bir dəstə adam
göründü. Əvvəl elə bildik ki,
ermənilərdir, qorxduq. Bir qədər
yaxınlaşandan sonra məlum oldu ki, aralarında qadınlar
da var. Belə qənaətə gəldik ki, azərbaycanlılardır.
İki kişi, iki qadın və 12-13
yaşında əlil bir oğlan idi. Laçının
Katos kəndinin sakinləriydi. Dedilər
ki, ermənilər qəfildən hücum etdilər, çətinliklə
qaçıb kənddən çıxdıq. Ermənilər bir neçə nəfəri qətlə
yetirmişdilər, əsir aparmışdılar. Ev əşyasını, mal-qoyunu çıxara bilməmişdilər.
Bir neçə gün ac-susuz yol gəlmişdilər.
Uşaq aclıq-susuzluqdan ağır vəziyyətə
düşmüşdü. Çörək
verdik. O yedikcə alman faşistlərinin ölüm
düşərgəsindən çəkilən filmlər
gözümün qabağına gəldi. Gecə
Oğuldərədə qaldılar. Növbəti
gün Kəlbəcər istiqamətində getdilər. Biz isə kənddə qaldıq. Katosdan gələnlərin ermənilərin
hücuma keçməsi haqda dediklərinə inanmadıq.
Kəndə bizdən başqa da qayıdanlar
vardı. Bir həftə kənddə
olduq, iki axşam öz evimizdə, dörd gecə Arif
Zülfüqarovun evində qaldım. Evdə
təmizlik işləri apardım, xalça-palazı
çayda yudum. Amma rahatlıq tapmaq
mümkün deyildi, ailə yox, uşaqlar yox. Hücum təhlükəsindən adamın
gözünə yuxu getmirdi.
Ayın necəsi
olduğu yadımda qalmayıb, gecə saat on radələri
olardı. Dayım İbrahim İbrahimov
qışqırdı ki, ermənilər gəlir,
qaçın. Mal-qoyunu tövlədən açdıq,
çətinliklə kənddən bir qədər
uzaqlaşdıq. Zülmət
qaranlıq idi, göz-gözü görmürdü, yerimək
mümkün deyildi.
Sarıyoxuşda dayandıq, gecəni burada qaldıq.
Hava soyuq idi, yorğana bürünüb çöldə gecələdik.
Səhər açılanda məlum oldu ki, bataqlıq ərazidə
qalmışıq, yatdığımız yer bataqlıq olub.
Yola düşdük, Sarıyoxuş dağına qalxdıq. Buradan Laçının kəndləri aydın
görünürdü. Ermənilər Qurdqajı, Ərikli,
Piçənis, Hacısamlı kəndlərini işğal
etmişdi, evləri yandırmışdılar, dağları
tüstü bürümüşdü, döyüş
gedirdi, güllə səsindən qulaq tutulurdu. Yenidən
Qoşnallar kəndinin yaxınlığına gəldik,
köçü burada tökdük. İki gün burada
qaldıq. Temir İbrahimov, Arif Zülfüqarov, Mötəbər
İbrahimov dedilər ki, Oğuldərəyə gedirik. Kənddə
vəziyyətin necə olduğunu, ermənilərin harada
dayandığını bilmirdik. Ona görə də kəndə
getmək təhlükəliydi. Hamımız onların kəndə
getməsinə etiraz etdik. Lakin bizi dinləmədilər,
atları minib getdilər. Gecə qaranlıqda
qayıtdılar. Dağlarda gizlənə-gizlənə kəndə
getmişdilər. Dedilər ki, ermənilər Oğuldərəyə
girib evləri yandırıb qayıdıblar. Oğuldərədə
otuza yaxın ev yandırmışdılar. Amma kənddə
qalmamışdılar. Hansı istiqamətdə getmək məsələsində
fikir ayrılığı yaranmışdı. Bir qrup kəndə
qayıtmağı, bir hissə Kəlbəcər ərazisində
qalmağı, bir qrup isə Murov dağını aşıb
Xanlar rayonuna getməyi təklif edirdi. Hara köçmək məsələsində
iki günə ancaq razılıq əldə olundu. Murovu
aşıb Xanlar rayonu ərazisinə keçmək qərarına
gəldik. Köçü, mal-qoyunu yığıb yola
düşdük. Ərzağımız, çörəyimiz
qurtarmışdı. Hava yağışlı və soyuq idi.
Bir kəndin yaxınlığında dayandıq. Güləbətinlə
birlikdə bir evin qarşısına getdik. Həyətdə
təndir yandırıb çörək bişirirdilər. Təndirin
kənarında dayanıb isindik, yaş
paltarlarımızı qurutduq. Bizə bir çörək
verdilər. Pulla çörək satmalarını istədik,
amma əlavə vermədilər. Çörəyi
qaldığımız yerə gətirdik, bir təndir
çörəyini on beş nəfər arasında
böldük, hərəyə bir tikə düşdü. Gecəni
burada qaldıq. Səhər yola düşdük. Bir qədər
gəldikdən sonra hərbi posta çatdıq. Hərbçilər
bizi buraxmaq istəmirdi. Pul yığıb verdik, buraxdılar.
Bir çayın qırağı ilə getdik. Hava soyuq idi,
yağış yağırdı, dumandan heç haranı
görmək mümkün deyildi. Burada Xasay İbrahimov
sürüşüb yıxıldı, qolu
çatladı.
Gəlib bir yerdə dayandıq. Meşənin
ortasında köçü tökdük. Sulu qar yağırdı, hava duman-çiskin
idi. Ocaq qaladıq. Artıq iki gün idi çörəyimiz
qurtarmışdı. Burada bir qoyun kəsdik,
əti közdə bişirib yedik. İnəkləri
sağıb horra bişirdik. Gecə burada
qaldıq. Sulu qar yağırdı. Yorğana bürünüb ocağın kənarında
yatdıq.
Səhər
açıldı. Yaxınlığımızda
bir köç düşmüşdü. Onların yanına getdik. Məlum
oldu ki, Laçının Qorçu kəndindəndirlər.
Çörək bişirirdilər. Ələk
alıb apardıq, un ələdik. Amma çörək bişirməyə
sacımız yoxuydu. Qorçulu onların
sacında çörək bişirməyimizə icazə
vermədi. Ac-susuz yola düşdük.
Hava açıldı, gün
çıxdı. Gəlib bir binəyə
çıxdıq. Mal binəsi idi, iki qadın və bir
kişi mal-qoyun saxlayırdı. Onların yanına getdik. Xəmir
yoğurmağa qazan, çörək bişirməyə sac
istədik. Verdilər, çörək
bişirdik, yeyib toxtadıq.
Burada qalmadıq,
yola düşdük. Bir kəndin
yaxınlığına gəldik, köçü
tökdük. Xasay İlyasov xəstələnmişdi,
həm də qolu sarıqlı idi, orda qala bilmədi. Yaxınlıqdakı kəndə getdi, bir evdə
qalmışdı. Gecə
qaldığı evdə cibindən pulunu
çıxarmışdılar.
Ordan köçüb
Zallar kəndinin yaxınlığına gəldik. Burda
üç gün qaldıq. Artıq Murovun ətəyinə
çatırdıq. Atanız gəldi. İki torba
çörək alıb gətirmişdi. Yenidən hansı
istiqamətdə getmək məsələsində mübahisələr
başladı. Kəndə qayıtmağa qərar verdilər.
Köçü, mal-qoyunu yığıb Oğuldərəyə
qayıtmaq üçün yola düşdük. Kəlbəcərin
Qamışlı kəndinə çatanda Oğuldərədən
bir neçə nəfərlə qarşılaşdıq.
Oğuldərəyə qayıtmağımıza
etirazlarını bildirdilər. Dedilər ki, kəndi ermənilər
yandırıb, ermənilərin harada dayandığı məlum
deyil, getmək təhlükəlidir.
Bundan sonra Oğuldərəyə
qayıtmamaq qərarına gəldik. Mal-qoyun heydən
düşmüşdü, yeriyə bilmirdi. Ona görə də
Qamışlıda bir neçə gün dayandıq. Malı
maşına yığdıq. Qoyunu isə yolla gətirib
Murovun ətəyinə çatdıq. Burada malı
maşından tökmüşdülər. Qarlı və
soyuq Murovu aşmalıydıq. Murovun ətəyində
köçü tökdük. İnsanlar yaylağa
çıxmışdı, yaxınlıqda alaçıqlar
vardı. Güləbətin bir alaçığa gedib ləyən,
ələk, sac alıb çörək bişirdi. Gecəni
burada qaldıq, səhər yola düşdük. Yol
üçün götürdüyümüz çörəyi
inəklərə verdik, aclıqdan, uzaq məsafə gəlməkdən
taqətdən düşmüş malları çörəyin
hesabına Murov dağını aşırdıb Xanlar ərazisinə
gəldik.
Murovun ətəyində
meşənin qırağında köçü
tökdük. Burada yenidən hara getmək məsələsində
fikir ayrılığı yarandı. Bir neçə adam
mal-qoyununu maşınlara yığıb müxtəlif
rayonlara getdilər. Biz isə burada qaldıq. Alaçıqlar
qurduq, ay yarımdam sonra başımızı daldalamaq
üçün bir yerimiz oldu". Anamın yolu belə
ağır olmuşdu...
İmdad
Əlizadə
Şərq.-
2012.- 25 yanvar.- S. 11.