Sosial qayğıdan məhrum
"küçə uşaqları"
MÖVZU: "Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Uşaqlar bəşəriyyətin ən dəyərli
mirasıdır. Lakin təəssüflər olsun ki, müasir
dünyamızda bu miras lazımi şəkildə mühafizə
olunmur. Günümüzün acı reallığından
çıxış edərək söyləmək olar ki,
hazırda valideyn qayğısından məhrum olan, əməyi
qeyri-qanuni istismar olunan, bəzi hallarda ticarət predmetinə
çevrilən uşaqların sayı olduqca çoxdur.
İnsan haqlarının qorunması baxımından
qabaqcıl dövlətlərdə belə bu problem hələ
qalmaqdadır. Azərbaycanda bu istiqamətdə həllini
gözləyən kifayət qədər məsələlər
var. Lakin bu o demək deyil ki, dövlətin sözügedən
sahədə fəaliyyəti yoxdur. Digər sosial təbəqələrlə
yanaşı, uşaq hüquqlarının qorunması
üçün xüsusi dövlət qurumunun
yaradılması və görülən digər tədbirlər
dövlət siyasətinin bu mənada mahiyyətini açmaq
üçün müəyyən göstəricilər kimi
qiymətləndirilə bilər.
Qayğıya
ehtiyacı olan uşaqlar kateqoriyasına həm yetim və həm
də valideynləri tərəfindən könüllü surətdə
atılmış, məhkəmənin qərarı ilə ailələrindən
ayrılmış uşaqlar daxildir. Əlbəttə, bu
sırada əlil uşaqlar da yer alır.
Dövlət Statistika
Komitəsinə əsasən "əlil uşaqlara digərləri
kimi tam inkişaf etməyə, təhsil almağa və sosial
həyatda iştirak etməyə imkan verməyən fiziki və
əqli qüsurları olan şəxslər də
daxildir". Söhbət əlil uşaqlardan
düşmüşkən vurğulanmalıdır ki, Azərbaycanda
onların təhsili sahəsində müəyyən
boşluqlar mövcuddur. Əlil uşaqların uşaq
bağçalarından başlayaraq əsas təhsil xidmətlərindən
istifadə imkanları yoxdur və ciddi tibbi müayinə
onların bu imkanlardan istifadəsini asanlaşdırmır.
Başqa əlamətə
diqqət yetirmək də faydalı olardı: rəsmi sənədlərdə
əlil uşaqlar üçün məktəblər "məhdud
sağlamlığı olan uşaqlar üçün məktəb"
adlandırılır; tərif belə bir faktı aşkar
edir ki, əlillik xüsusilə xəstəliklərin bir
növü kimi qeyd olunur. Məsələn, əgər kor və
ya nitq qüsuru olan uşaq, yaxud hətta beyin infarktı olan
uşaq sağlam ola bilməz. Əksinə olaraq cəmiyyətdə
iştirak prosesləri əlilliyin digərləri kimi eyni yolla
bəzi funksiyalarının həyata keçirilməsinə
icazə vermədiyi xüsusi həyat şərti olduğunu
qəbul etməklə başlanmalıdır.
Bu gün cəmiyyətdə
uşaqlara qarşı zorakılıq məsələsi də
aktualdır. Qeyd edək ki, Cinayət Məcəlləsinin
xüsusi maddələrində azlıqlara (fiziki və ya əqli
sui-istifadə, seqreqasiya, cinsi sui-istifadə, adam oğurlama)
qarşı zorakılıq hərəkətləri
xüsusilə cəzalandırılır. Uşaq Haqları
ilə bağlı qanunun 12-ci maddəsi müəyyən edir
ki, ailədə və digər yerdə uşaqlara
qarşı istənilən zorakılıq və fiziki
sui-istifadə qadağandır və Təhsil qanununda
şagirdlərin istismarı, fiziki və əqli sui-istifadə
və qeyri-qanuni hərəkətlərindən, hansılar
ki, insan ləyaqəti və şərəfinə ziddir,
müdafiə olunmalıdırlar. Bununla belə, uşaqlara
qarşı ev və təhsil mühitində, başqa
sözlə, hökumətin hər bir uşağı
zorakılıqdan qoruması ilə bağlı zəruriliyinin
təmin olunmasında heç bir tədbir görülməyib.
Zorakılığa və
sui-istifadədə ən çox məruz qalmış ictimai
qrup "küçə uşaqlarıdır". Ekspertlər
hesab edir ki, onların mövcudiyyəti güclü mühacirətin
kontekstində ailə bağlarının zəifləməsi,
endemik yoxsulluq və ictimai rifah sisteminin bərpasının
gecikməsi kimi qeyd olunan ictimai meyillərin "gözlənilən"
nəticəsidir. Bu sinifə daxil edilənlər evsiz
uşaqlar deyil - bunlar görüldüyü kimi Azərbaycanda
azlıq təşkil edir - bunlar günlərinin çox hissəsini
küçədə keçirən, əksər hallarda məktəbə
getməyən və müxtəlif işlərlə məşğul
olan uşaqlardır.
O da
vurğulanmalıdır ki, küçə
uşaqlarının sayının artmasında payı olan digər
bir amil məktəbə gəlməmə hallarının
qarşısının alınmasında lazımi dövlət
mexanizminin olmamasıdır. Baxmayaraq ki, qanunlara görə təhsil
məcburidir, əslində nə valideynlərdə
uşaqlarının məktəbə getməsini təmin edən
bir vasitə vardır, nə də məktəbə gəlməmə
hallarına nəzarət etmə və onların aradan
qaldırmaqda kömək edə biləcək təşəbbüslər.
Küçə
uşaqları arasında ailəsi olmayanlar daimi qaldıqları
uşaq müəssisəsinə, yəni daha əvvəl
qaçaraq küçədə yaşamağa
başladıqları yerə göndərirlər. Faktiki
olaraq onlar uşaq müəssisəsindəki sui-istifadə
hallarına dair gələn məlumatların əsəs mənbəyidir.
Azərbaycanda uşaq əməyindən
istifadə halları geniş yayılıb ki, əsasən
bu, qeyri-rəsmi şəbəkələr və qara əməkdən
istifadə hallarını nəzərə alsaq, daha aydın
görünür. İşləmək üçün
minimum yaşın qanunvericilikdə 16 olaraq müəyyən
edilməsinə baxmayaraq (valideynin icazəsi olduqda 14 yaş),
bununla bağlı hökumət tərəfindən
hazırlanan rəsmi məruzə və tədqiqatlar yoxdur.
Bəzi müddəalar
küçə uşaqlarına həsr olunan bölmədə
uşaqların işləməyə məcbur edilmələrinə
həsr olunub.
Məsələ
burasındadır ki, uşaq əməyindən istifadə
praktikada mövcuddur və valideynlərdə bu problem
yaratmır. Təhsil müəssisələrinin
uşaqların məktəbdə iştirakı təminatının
zəifliyi uşaq əməyindən istifadənin
inkişafına təsir edir. Ekspertlər səbəblərdən
biri kimi dövlət tərəfindən müəssisələrdə
uşaq əməyi sahəsində qanunvericiliyin pozulması
hallarına nəzarətin həyata keçirilmədiyini də
söyləyirlər
Uşaq
Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov
deyir ki, Azərbaycan 1992-ci ildən "Uşaq
hüquqları haqqında" beynəlxalq konvensiyaya
qoşulub. Onun sözlərinə görə, bu sənədə
qoşulma uşaq hüquqlarının həm ölkə
daxilində, həm də beynəlxalq aləmdə
qorunması deməkdir. "Belə ki, sənəd uşaq
hüquqlarının müdafiəsi, onların
sağlamlığı, qida ilə təminatında dövlətlərin
bir-birinə yardım göstərməsinə imkan verir.
Konvensiyaya uşaqların münaqişələrdə
iştirakına imkan verməyən maddə də daxil
edilib".
Y.Bəkirov onu da
vurğulayıb ki, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi nəticəsində
350 min uşaq öz doğma yurdundan didərgin
düşüb. "Həmin uşaqlara qaçqın və
məcburi köçkün statusu verildikdən sonra onlar
çadır düşərgələrində, yataqxanalarda,
vaqonlarda məskunlaşmaq məcburiyyətində qaldılar.
Münaqişə zamanı 91 uşaq isə itkin və girov
düşdü.
Ölkəmiz həmin
konvensiyaya qoşulduğuna görə beynəlxalq aləmdə
bu məsələ ön plana çəkildi və nəticədə
girov düşmüş uşaqlar azad edildi. Ancaq 61 nəfər
itkin uşağın taleyi hələ də bəlli deyil. Bu
uşaqların çoxu ağır həyat tərzi ilə
üz-üzə qaldılar. Analiz etdikdə görürük
ki, təhsildən yayınaraq küçəyə
düşən, ölən uşaqların əksəriyyəti
məhz bu uşaqlardır. Son illər bu uşaqların evlərə
köçürülməsi istiqamətində dövlət
səviyyəsində işlər görülür.
Onların təhsil almaları, səhiyyə xidmətindən
normal istifadə imkanları yaradılır. Ancaq problem hələ
də tam həll olunmamış qalıb. Ümumilikdə onu
da deyim ki, hazırda ölkədə 4 milyona yaxın uşaq
yaşayır".
"Küçə
uşaqları" probleminə də toxunan ekspert deyib ki, bu
problem bütün dünya üçün aktualdır. Onun
sözlərinə görə, bu uşaqların müdafiə
olunmaması, onlardan müxtəlif məqsədlər
üçün istifadə edilməsi mənfi haldır.
"Sovet dövründə imkansız uşaqlar əməklə
məşğul olurdu və onların hüquqları
qorunurdu. Qanunla onlar gündə 4 saat işləyirdilər.
Ancaq indi "küçə uşaqları"nın əməyindən
ucuz işçi qüvvəsi kimi istifadə olunur.
Bir çox ölkələrdə,
eləcə də bizdə uşaqlardan narkotik vasitələrin
daşınmasında, seksual zorakılıqlara məruz
qalmasında istifadə faktları var. Əvvəlki illərə
nisbətən küçə uşaqlarının sayı
nisbətən azalıb və bu problem Rusiya ilə müqayisədə
Azərbaycan üçün o qədər də aktual deyil.
Ancaq bunun dəqiq statistikası aparılmadığı
üçün problemin tamamilə qarşısını
almaq mümkün olmayıb. Azərbaycanda qanun uşaq əməyinin
istismarına yol vermir. 15 yaşına qədər uşaqlar
işləməməli, 15 kq-dan çox ağırlıq
qaldırmamalıdırlar. Azərbaycan "Uşaq əməyinin
ən pis istismarı" Beynəlxalq Əmək Təşkilatına
da qoyulub. Ancaq problem hələ də qalmaqdadır".
Y.Bəkirov bildirib ki,
heç bir ölkədə insan hüquqlarının
qorunması tam arzuolunan səviyyədə ola bilməz. O
cümlədən, uşaq hüquqlarının
qorunmasında. "Nəzərə almaq lazımdır ki,
uşaq hüquqlarının qorunması təkcə dövlətin
deyil, həm də cəmiyyətin işidir. Onu da deyim ki,
uşaqların hüquqlarının pozulması ilk növbədə
ailədən başlanır. Əgər ailədə bu
uşağa yetərincə qayğı göstərilirsə,
ona düzgün tərbiyə verilirsə, bu uşağın
cəmiyyətdə yeri bir o qədər möhkəm olar. Yox
əgər uşaq ailədə arzuolunan deyilsə, onun
hüquqlarının pozulması da burdan başlayır.
Ayrı-seçkilik
bütün cəmiyyətlərdə və uşaq həyatının
hər bir sahəsində müşahidə olunur. Bu
özünü müxtəlif formalarda büruzə verir. Məsələn,
uşaq əlil olduqda, küçəyə
düşdükdə, xəstəlik
daşıyıcısı olanda, kimsəsiz olduqda, kənddə
yaşadıqda ayrı-seçkiliklə üz-üzə qala
bilər. Həmçinin uşaq "uğursuz" gündə
və ailədə dünyaya gəldiyinə görə və
ya əlil doğulduğuna görə də
ayrı-seçkiliyə məruz qalır. Bütün bunlar
isə uşaqlar cavabdeh olmadıqları işlərə
görə məsuliyyətdir. Bəzən belə
uşaqlardan hətta valideynlərin özləri imtina edirlər".
Ekspert hesab edir
ki, internatlar ləğv edilməli, uşaqlar ailələrə
verilməlidir. "Buna xarici dövlətlərdə çoxdan
başlanılıb. Ancaq
bizdə internat məktəblərinin ləğv
edilməsi gündəmə
gətirilsə də,
bu cür müəssisələrin sakinlərinin
sayında artım var, həm də
proses ləngiyir. Əlbəttə, internatların saxlanılması
külli miqdarda vəsait tələb etdiyindən dövlətə
böyük ziyan vurur. Oradakı uşaqlar ailələrə
verilsə, həmin ailələrə ödənilən
məbləğ daha aşağı olar və uşaqlar ailələrdə daha yaxşı tərbiyə
ala bilər. Ancaq bəzi
qüvvələr var
ki, bu məsələnin
həllinə maneçilik
törədirlər. Çünki internatların ləğvi
burdan qazanc mənbəyi kimi istifadə edənləri bundan mərhum edə bilər".
Azərbaycanda uşaq ölümü ilə bağlı faktlara da diqqət
çəkən Y.Bəkirov
bu sahədə vəziyyətin qənaətbəxş
olmadığını söyləyib.
"Ölkədə uşaq ölümləri
ilə bağlı vəziyyət məyusedicidir.
Yeni doğulan 1000 uşaqdan təxminən 25-i körpə
bir yaşına qədər vəfat edir. 5 yaşa
qədər 30-40 uşaq
ölür. Azərbaycan bu
məsələdə MDB ölkələri
arasında ön sıralardadır. Ölüm faizi
yüksək göstəricidə
olduğu üçün
uşaq haqları barədə danışmaq
mənasızdır. Bu gün pulsuz xidmət göstərən
uşaq xəstəxanaları,
peşəkar həkim-pediatrların
az olması,
doğuş zamanı
savadsızlığı üzündən
çox sayda uşaq tələfatı
halları baş verməsi səbəbindən
bu cür rəqəmlər ortaya çıxır.
Uşaq psixologiyası
da önəmli amildir. Bu ilk növbədə ailədə
formalaşır. Ailə dünyaya
gətirdiyi övladın
sağlam olması üçün bunu əvvəldən düşünməlidir.
Burada təkcə maddiyyat əsas deyil. Həm də psixoloji cəhətdən normal vəziyyət
yaradılmalıdır. Bəzən övladının yanlış
hərəkətinin səbəbini
valideynlər kənarda
axtarırlar. Ancaq bunun
hamısı ailədən
başlayır. Hər bir
uşağın dəstəyə
ehtiyacı var. Uşaqlara
məhdudiyyətlər qoymaq,
təzyiq göstərmək
onları psixoloji təsirə məruz qoyur. Bu onlarda
qorxu, hər şeydən şübhə,
qətiyyətsizlik kimi
hisslər yaradır.
Yeniyetmə dövründə isə onlara daha çox diqqət lazımdır.
Uşaqlarla dost kimi davranma çox vacibdir. Onlarla fikirlərini paylaşmaq, dinləmək, hiss etmək,
onlara məsləhətlər
vermək şəraiti
yaradılmalıdır".
Firdovsi
Şərq.-
2012.-27 yanvar.- S. 11.