85 yaşlı
"Vışka"
Bu qəzetin iş otaqlarında
tarixin izləri, müxtəlif dövrlərə aid
aksesuarlar, suvenirlər var
Layihənin
istiqaməti: "Fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi"
Hər qəzeti mətbuat tarixi
kitabımızın bir cildi hesab etsək, o zaman onun ən
qalın cildlərindən birinin adı da
"Vışka" olar. Fəaliyyət göstərdiyi 85
il ərzində qəzetin səhifələrində Azərbaycan
tarixini, mədəniyyətini, incəsənətini,
xüsusi ilə neft tarixini əks etdirən maraqlı
yazılar dərc edilib.
Mətbuat orqanı
üçün 85 il az müddət deyil. Həm də nəzərə
alsaq ki, bu illər ərzində Azərbaycanda siyasi, ictimai,
iqtisadi, sosial vəziyyət həmişə eyni olmayıb.
Ancaq heç nəyə baxmayaraq, "Vışka" fəaliyyətini
davam etdirib. "Vışka"çılar onu yarı yolda
buraxmayıb, bu qəzetin yaşaması üçün əllərindən
gələni əsirgəməyiblər.
Ötən əsrdən başlayan yol
... Hər şey 1927-ci ilin mayında başladı. "Bakinskiy raboçiy" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. Tezliklə bu istiqamətdə işlər görüldü, yeni qəzetin nəşrinə hazırlıqlara başlanıldı. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövriliyi müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.
Yeni qəzeti necə adlandırmaq barədə çox düşündülər. Mətbuat orqanı oxucularına ilk sözü öz adı ilə deməlidir. Adı onun qayəsini, istiqamətini, məqsədini əks etdirməlidir. Oxuculara təqdim olunacaq qəzet ilk növbədə neft-qaz sənayesini, bu sahədə çalışan insanların həyatını, arzularını, problemlərini işıqlandırmalı idi. Ona veriləcək ad da bunlara uyğun olmalı idi. Müxtəlif təkliflər söylənildi: "Æelonka", "Qazmaçı", "Neft üçün", "Vışka"... Bunların hər biri məqsədə müvafiq, Azərbaycanın zəngin təbii yeraltı sərvətləri, "qara qızıl"ı ilə bağlı idi. Müzakirələr, məsləhətləşmələr aparıldı. Sonunda "Vışka" adının üzərində dayandılar. 1928-ci il martın 1-də qəzet ilk dəfə dərc olundu.
Redaksiya heyəti 10 nəfərdən ibarət idi. Qəzetin iki redaktoru: Mixail Lifşits və Boris Barxaşov, Bakı Sovetindən Frenkin, Kooperasiyadan Piterski, Həmkarlar İttifaqından Qutin... Redaksiya heyətinin çox hissəsi isə fəhlə-müxbirlərdən ibarət idi. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
1928-ci ilin 1 mart səhəri
"Vışka" adlı qəzet köşklərdə göründü. 15 min tirajla işıq üzü
görən yeni qəzetin ilk
sayı mətbəə rəngi qurumamış əllərdə
gəzdi. Qəzetin ikinci sayı 20 min, üçüncü
sayı isə 25 min tirajla
oxuculara təqdim olundu.
1929-cu ildə artıq "Vışka" 45 min
tirajla çıxarılırdı.
Qəzet nədən
yazırdı...
İlk saylarından qəzetin mövzu dairəsi geniş idi. "Vışka" öz oxucularına istər ölkə daxilində, istərsə də xaricdə baş verən ən yeni, mühüm xəbərləri çatdırırdı. Onun səhifələrində məhkəmə xronikası da verilir, sosial həyatdakı çatışmazlıqlar da qeyd olunur, problemlər tənqid, müsbət cəhətlər nümunə kimi göstərilərək təbliğ edilirdi. Amma əlbəttə ki, "Vışka" bir mətbuat orqanı kimi üzərinə götürdüyü vəzifəyə uyğun olaraq ilk növbədə neft-qaz sənayesinin keçmişini, o illərini və gələcəyini əks etdirən yazılara üstünlük verirdi. Fəaliyyətinin başlanğıcından qəzet çalışırdı ki, Bakı fəhlələrinə, xüsusilə, neftçilərə "Qara qızıl" adlanan sərvətin dəyərini, Vətənin xilası üçün onun nə qədər əhəmiyyətli olduğunu izah etsin.
"Vışka" yalnız gündəlik həmsöhbət, xəbərlər verən qəzet deyil, həm də öz oxucularına köməkçi olmaq istəyirdi və demək olar ki, buna nail ola bilirdi. Bütün bunlar "Vışka"çıların daim yenilik axtarışları, yorulmaz əməyi, səyi nəticəsində reallaşırdı. Qəzetin əməkdaşları neft-qaz sənayesi müəssisələrindən hazırladıqları materialları dərc etdirməklə işlərini bitmiş hesab etmirdilər. Bu fəhlə qəzetinin fəaliyyətinə neftçilər arasında müəyyən təbliğat, maarifləndirmə aparmaq da daxil idi. Neft müəssisələrində çalışan fəhlələrin fəallığını artırmaq üçün "Vışka"nın yaradıcı heyəti toplantılar keçirir, qəzetin oxucularının bütün suallarına cavab verən məlumat bürosu yaradırdılar.
Jurnalist
peşəkarlığı ilə hazırlanan materiallar "Vışka"nın səhifələrində
qəzetçilik məharəti ilə yerləşdirilirdi. Qəzetin
rəhbərləri və əməkdaşları öz oxucularını yormamaq,
usandırmamaq üçün daim yeni ideyalar,
rubrikalar düşünürdülər.
"Vışka"nın iki səhifəsi
hekayələr, elmi-texniki yeniliklər,
müxtəlif xəbərlər, müsabiqələrin
keçirilməsinə ayrılırdı.
"Vışka"
neftçilərlə...
Sovet hakimiyyəti illərində
Azərbaycan neft-qaz sənayesi ilə, bu sahədə
çalışan insanlarla bir addımlayırdı
"Vışka" qəzeti. 1930-cu ilin əvvəllərində
Bakı fəhlələri beşillik planı yerinə yetirmək
uğrunda yarışırdılar. Beşillik planın
qısa müddətdə yerinə yetirilməsi
üçün neftçilər üzərlərinə
düşəndən qat-qat artıq işlər
görürdülər. "Vışka"çılar isə,
demək olar ki, daim onların yanlarında idilər.
"Vışka"nın müxbirləri tez-tez zavodlarda
olurdular. Redaksiya səfərlər təşkil edir, reydlər
keçirirdi
1931-ci ilin 1 aprelində neftçilər beşillik planı iki il yarıma yerinə yetirdikləri barədə raport verdilər. "Vışka" bu xəbəri böyük ruh yüksəkliyi ilə oxuculara çatdırdı. O illərdə təkcə Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da fəhlə qəzetləri buraxılırdı. Onlar da "Vışka"nın səsinə səs verir, bütün dünyaya Azərbaycan əməkçilərinin qəhrəmanlıqları haqqında xəbərlər yayırdılar. Hətta xarici ölkələrin qəzetləri də bu xəbərə biganə qalmırdılar. Almaniyadan "Vışka"ya belə bir teleqram gəlmişdi: "Sizin qələbəniz bizi böyük yüksəlişə ruhlandırır".
1931-ci ilin avqustunda Bakı fəhlələrinin yarışına "Qırmızı Əmək Bayrağı" ordeni ilə nöqtə qoyuldu. Onların qazandıqları uğurda "Vışka"çıların da əməyi var idi.
"Vışka" bir sıra təşəbbüslərlə çıxış edirdi. Qəzetin təşəbbüsü ilə Bakı fəhlələri ilə Donbas mədənçiləri yarışırdılar. 1933-cü il martın sonunda fəhlələrdən ibarət heyətlə "Vışka" qəzetinin bir qrup əməkdaşı Donbas şaxtaçılarının görüşünə getdilər. Bir müddət sonra "Koçeqarka" qəzetinin rəhbəri Nikolay İzotov "Vışka" qəzetinin yubileyində iştirak etmək üçün Bakıya gəldi.
Sovet hakimiyyəti dövründə böyük əhəmiyyət verilən növbəti beşilliklərdə də Azərbaycan neftçiləri gərgin çalışırdılar. Beşilliklər Sovet Azərbaycanına mükafatlar, tərifnamələr gətirirdi. "Vışka" qəzetinin əməkdaşları da bu yarışmalarda müxtəlif janrlarda qələmə aldıqları yazıları ilə iştirak edirdilər.
1937-ci ildən 1938-ci ilədək "Vışka"nın redaktoru təcrübəli elmi işçi, görkəmli siyasi xadim A.Qindin oldu.
1939-cu ilin martında "Vışka" qəzetini
"Bakinskiy raboçiy"
qəzeti ilə birləşdirdilər. Bir
il sonra - 1940-cı ilin 1 fevralında "Vışka" qəzeti
yenidən müstəqil nəşr olunmağa
başladı və qəzet 40 min tirajla işıq üzü
gördü.
Müharibələrdən
çıxan "Vışka"
1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsi başladı. "Vışka" qəzetinin də çox əməkdaşı öz geyimlərini hərbi formaya dəyişdilər. "Vışka"çılar müharibənin davam etdiyi ağır günlərində nəşr etdikləri qəzetin hava, su kimi döyüşçülərə lazım olduğunu düşünür, daha böyük əzmkarlıqla çalışırdılar. Müharibə günlərində "Vışka" qəzeti öz oxucularından ayrılmadı. Digər mətbuat orqanlarımız kimi onun da üzərinə mühüm vəzifələr düşürdü. Böyük qələbəyə ümidlər yaradılmalı idi. Qəzetin redaksiyasında isə gərgin iş gedir, yeni rubrikalar yaradılır, həmin rubrikalarda dərc olunan yazılarda vətənpərvərlik hissləri əks olunurdu.
Əmək cəbhəsində də "Vışka" qəzeti bir mətbuat orqanı kimi ön sıralarda idi. O illərin çağırış şüarı bu idi: "Hər şey cəbhə üçün, hər şey düşmən üzərində qələbə üçün!". "Vışka" da bu şüarı öz qayəsinə çevirmişdi. Müharibənin ilk ilinin bir neçə ayı ərzində qəzetin səhifəsində 20-yə yaxın neft briqadasının necə işlədiyindən bəhs olunan məqalələr verildi. O dövrdə Bakı neftçiləri əsl qəhrəmanlıqlar göstərirdilər. İşçi qüvvəsi azalmış, bir çoxları cəbhəyə yollanmışdı. Buna baxmayaraq, Azərbaycan neft sənayesində işlər ləngimirdi. Yeni neft quyuları qazılır, buruqlar qurulurdu.
"Vışka" Qarabağ
müharibəsi zamanı da millətin
acısını səhifələrində
işıqlandırmağa çalışıb. Nəzərə alsaq ki, "Vışka" o
mətbuat orqanlarından idi ki, birbaşa dövlətin
başında olanların qanunları çərçivəsində
fəaliyyət göstərməliydi, və hələ sovet dövləti
dağılmamışdı, onda belə
bir çətin məqamda milli dəyərlərə önəm vermək,
Qarabağ
müharibəsinin həqiqətlərindən yazmaq,
Qərbi Azərbaycandan köç
düşənlərin, doğma
yurd-yuvalarından qovulan minlərlə
soydaşımızın dərdini mətbuat vasitəsilə
çatdırmaq heç də asan deyildi. Daha
sonralar isə qəzet Qarabağda
gedən qızğın müharibələrdən reportajlar hazırladı. Müharibənin ən
gərgin məqamlarından xüsusi
buraxılışlarla çıxış etdi.
Bu isə o zamanlar üçün qəhrəmanlıq
demək idi. Vaxt ilə,
yəni Sovet rejimində
"Vışka" qəzetinin demək olar
ki, yaradıcı heyətinin böyük əksəriyyətini ermənilər,
ruslar, yəhudilər təşkil edirdi. Təxminən 90 nəfər
işçidən ibarət olan gündəlik
siyasi qəzetdə cəmi 4-5 azərbaycanlı
çalışırdı və məhz bu
azərbaycanlı yazarlar sayəsində
"Vışka" Qarabağ həqiqətlərini
cəmiyyətə çatdırmağa
çalışdı.
Qocaman
"Vışka"nın bu günü
Bu gün elektron
KİV-in üstünlük
təşkil etdiyi zamanda,
çap mətbuatının bir qədər geriləməsi heç kimə sirr deyil. Ancaq bütün bunlara
baxmayaraq elə qəzetlərimiz, çap məhsullarımız var
ki, onlar bu rəqabətə tab gətirməyə
çalışırlar. İnternet
mediası nə qədər operativ və
günün tələblərinə cavab versə də, çap
mətbuatını, qəzetləri əvəz edə bilməz.
Müasir elektron
mediasının, informasiya rəqabətinin
çoxaldığı dönəmdə belə,
"Vışka" qəzeti oxucularını hələ də
qoruyub saxlayır. Deməli, elektron mediasının yaranması belə qəzetə
olan oxucu
marağını azaltmayıb. Qocaman "Vışka"nın bu günü ilə bağlı söhbət
etmək üçün qəzetin
hazırkı baş redaktoru,
ömrünün demək olar
ki, yarısından çoxunu
bu qəzetin fəaliyyətinə həsr
edən Mədinə Həsənova ilə söhbət etmək
qərarəna gəldik. 85 illik
yubileyinə hazırlaşan "Vışka" haqqında
isə baş redaktorun
maraqlı açıqlamaları, xatirələri oldu.
ardı var...
Şərq.-2013.-1
fevral.-S.-11.