85 yaşlı
"Vışka"
Layihənin istiqaməti: "Fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi"
"Vışka"nın baş redaktoru Mədinə
Həsənova ilə söhbətimiz onun iş
otağında baş tutdu. Elə redaksiyaya daxil olarkən hiss
edirsən ki, bu mətbuat orqanının yaşı qədər,
uzun bir tarixi yolu olub. Çünki qəzetin hər
divarında bir tarixə, 85 illik yolun izlərinə, hələ
ötən əsrdən qalan bu gün artıq tarixə
çevrilən suvenirlərinə, aksesuarlara rast gəlmək
olar.
M.Həsənova uzun yol gələn
"Vışka"dan danışarkən bildirdi ki, qəzet
bu günə qədər yaşayırsa, burada
çalışan hər bir jurnalistin əməyinin nəticəsidir.
Mədinə xanım qəzetə gəldiyi 70-ci illərdən
danışdı. Bildirdi ki, hələ çox gənc ikən
ilk dəfə bu qəzetə ayaq qoyandan sonra, bu divarlar,
jurnalistika, daha dəqiq desək, "Vışka" onu
özünə birdəfəlik bağladı. Həm də
sıx tellərlə: "Mən çox gənc
yaşlarımda mətbuata, bu redaksiyaya gəldim. Bir neçə
il işlədikdən sonra həyat elə gətirdi ki, ailə
həyatımla əlaqədar kənd məktəblərindən
birində müəllim kimi fəaliyyət göstərməli
oldum. Ancaq bir müddət sonra mən özümü yenidən
bu qəzetdə tapdım". Müəllimə kimi fəaliyyətimi
davam etdirə bilərdim, ancaq özümü o sahədə
rahat hiss etmirdim. Bura məni yenidən özünə çəkdi.
Həqiqətən, mətbuatı bataqlığa bənzədənlər
səhv etməyiblər. Bura bir dəfə düşən
insan, daha burdan çıxa bilmir. Mən də qısa
müddətlik fasilədən sonra 1974-cü ildən yenidən
bu qəzetə qayıtdım və o gündən bu günə
qədər "Vışka"da fəaliyyətimi davam
etdirirəm. Bilirsiz, bu qəzetdə vaxtilə çox
tanınmış, peşəkar jurnalistlər
çalışıb. Nəşriyyatın 3-cü mərtəbəsi
vaxtilə bütünlükdə "Vışka" qəzetinə
məxsus idi. 90 nəfərə yaxın işçisi var
idi. Hər gün çıxan ən önəmli qəzetlərdən
sayılırdı.
O vaxtlar bu qəzetdə ruslar, ermənilər,
yəhudilər üstünlük təşkil edirdi. Mən
bura gələndə qəzetdə 3-4 azərbaycanlı
çalışırdı. Təxminən 80-ci illərin
sonlarında vəziyyət gərginləşməyə
başladı. Əslində biz özümüz heç nə
hiss etmirdik. Ancaq bizdə erməni işləyirdi. Cavan
oğlan idi. Birdən-birə saqqal saxlamağa başladı.
Soruşdum ki, bu nə saqqaldı? Dedi ki, sizin heç nədən
xəbəriniz yoxdur. Burada çox böyük hadisələr
baş verəcək. Bir az keçdi, həqiqətən vəziyyət
çox ağırlaşdı. O vaxt o hardan bilirdi ki,
Bakıda vəziyyət bu qədər ağırlaşacaq.
Demək, onlara bu məlumatları verənlər olurdu.
Yavaş-yavaş redaksiyadan bəzi adamlar yoxa
çıxdılar. Yəni işdən xəbərsiz getdilər.
Onlar arasında ermənilər, ruslar çox idi. Biz, yenə
ağlımıza gətirə bilmirdik ki, 20 yanvar hadisəsi
baş verə bilər. Bir az zaman keçdikdən sonra
artıq Bakıda vəziyyət gərginləşməyə
başladı. 20 yanvar gecəsi, bir neçə saat əvvəl,
biz redaksiyada idik. Həmişəki kimi işləyirdik. Bizim
bir rus işçimiz var idi. Onun həyat yoldaşı və
oğlu hərbiçi idi. O gəlib dedi ki, nə isə
baş verəcək. Yenə inanmadıq. O zaman
tanınmış neftçi Kərim Kərimov bizə zəng
vurdu, soruşdu ki, siz hələ işdəsiz? Dedim ki, hə.
Dedi ki, tez olun, evinizə gedin. Artıq şəhərin bir
çox istiqamətlərindən Bakıya qoşun daxil olur,
vertolyotlar havada uçur. Tez evə gedin. Evə gəldim. Yenə
bir şey başa düşmədik. Gecə yarısı həmin
rus qadın - Larisa Andreyevna mənə evə zəng vurdu ki,
"voyna naçinaetsya". Dedim nə müharibə? Larisa
dedi ki, Əhmədli tərəfdən şəhərə
qoşunlar girib, atırlar. Yəni belə çətin
vaxtlardan keçib gəlmişik. Bizim elə
yazarlarımız var idi ki, Qarabağa gedirdilər, müharibənin
ən ağır vaxtları idi. Bir həftə orada qalıb,
məlumat toplayırdılar, gəlib reportaj
hazırlayırdıq. Düzdür, o vaxtlar mənim
övladlarım çox kiçik idilər, mən cəbhə
bölgələrinə getmirdim. Ancaq bizdən cəbhə
bölgəsinə gedənlər çox olurdu. Mais
Hacıyev, Sergey Semaşkin, Mais Səfərli gedib cəbhə
xəttindən yazı hazırlayırdılar. Yeri gəlmişkən,
Mais Səfərli sonralar millət vəkili də seçildi.
Bizdə İradə Vəkilova çalışırdı.
Həmçinin təyyarə qəzasında həlak olan
Osman Mirzəyev də bizim qəzetimizdə
çalışmışdı. İradə Vəkilova
redaksiyamızda ştab yaratmışdı. Burada qalan erməniləri
redaksiyaya dəvət edirdi, onlarla söhbətlər
aparırdıq ki, ermənilərə müraciət etsinlər
ki, bu müharibəyə son qoysunlar. İradə
xanımın maraqlı yazıları olurdu. Hətta hələ
sovet rejimi dağılmayanda da artıq bu yazılar qəzetimizdə
yer alırdı. İradə xanım sonra ilk informasiya
agentliyini açdı. O başa düşdü ki, bu qəzet
vasitəsilə çox işləri görmək
mümkün deyil. Agentlik yaratmaqla Azərbaycanda baş verənləri
dünyaya çatdırmaq daha düzgün seçim idi. Yəni
dediyim odur ki, "Vışka" çox çətin
günlərini yaşayıb, müharibənin ən isti
ocaqlarından yazılar hazırlayıb. O zaman bunları həyata
keçirmək heç də asan deyildi. İradə qəzetdə
çalışanda 33 xarici jurnalisti Qarabağa
aparmışdı ki, həqiqətləri oradan
çatdıra bilsin. O zaman İradə xanım mədəniyyət,
elm, təhsil şöbəsinin rəhbəri idi. Eyni zamanda
müharibədən yazırdı. O zamanlar qəzetimizdə
gedən yazılar üçün cəsarətli olmaq
lazım idi. Çünki çox təzyiqlər vardı. Hələ
o hadisələr təzə başlayanda bu barədə
dövlət qəzetində yazmaq asan deyildi. Çünki həm
qəzetin redaktoru, həm mən özüm, digərləri
var idi ki, biz partiyanın üzvləri idik və partiya
üzvlərinin belə yazılarla çıxış etməsi
cəsarət tələb edirdi. O vaxtlar Yuri Mixailoviç
İvanov qəzetin rəhbəri idi. Bir məqalə
yazmışdı. Yazıda qeyd edirdi ki, "Ehtiyatlı olun,
təxribata uymayın, əlinizi qana bulamayın". Əslində,
o, bu yazı ilə insanlara nə isə başa salmağa
çalışırdı. Təsəvvür edin, o vaxt
rusdilli qəzetlərə də münasibət birmənalı
deyildi. O yazıq kişini həmin yazıya görə nəşriyyatın
qabağında döydülər. Yenə deyirəm ki, o
vaxtlar çətin idi. Mən Qaqarin körpüsünün
yanından işə piyada gəlirdim. Nəqliyyat işləmirdi.
O zamanlar mitinqlərin hamısına gedirdik, küçələrdə
qalırdıq ki, hadisələri gözümüzlə
görək, yazaq. O
vaxt indiki kimi internet-filan da yox idi.
Gərək jurnalist bu hadisələrin şahidi
olaydı ki, yaza biləydi. Hətta bir dəfə mitinqə getmişdim, yazı hazırlamaq üçün məlumatlar
toplayırdım. Bir qadın
mənə tərəf
əlini uzadıb, qışqırdı ki, bəs bu qadın,
yəni mən erməniyəm. Başa saldım
ki, mən jurnalistəm, yazı yazmağa gəlmişəm.
Hətta
sənədlərimi də
tələb etdilər.
Bilirsiz, indi jurnalistika bəsitləşib, asanlaşıb.
Hərə internetin qabağında
oturub, əlində telefon yazı hazırlayır. O zaman
isə belə deyildi. Hər yazı üçün
əmək sərf etmək lazım idi, riskə getməliydin. Hər yazı
üçün cavabdehlik
daşıyırdın. Düzünü desəm, mən
elektron medianı demək olar ki, izləyənlərdən
deyiləm. Qəzet səhifəsindən
hər hansı məlumatı oxumaq mənə oxucu kimi daha çox
zövq verir. Elektron mətbuat çox operativ olsa da,
yazılı mətbuat,
çap mətbuatı
hər zaman üslubu, analizləri ilə fərqlənib.
İndi jurnalist kimi fəaliyyət göstərmək
də çox asandı. "Deyə bilərəm ki, bizim qəzetimiz
xoşbəxt ulduz altında dünyaya gəlib. Onun bəxti gətirib
ki, qurucuları, rəhbərləri, işçiləri,
hətta oxucuları belə "Vışka"nın
85 il yaşamasına kömək ediblər".
Azərbaycanın xoş günlərində
də, çətin dönəmlərində də
"Vışka" oxucularının
yanında olub. Müxtəlif illərdə bu
qəzetin səhifələrində
dərc olunmuş bir çox oçerklər, reportajlar,
məqalələr və
şeirlər öz aktuallığını bu
gün də itirməyib.
Mədinə
Həsənova buna əmindir ki, zaman-zaman "Vışka"nın
səhifələrində yer
verilən müxtəlif
məzmunlu - təhsilə,
mədəniyyətə, incəsənətə,
siyasətə, ən
çox da neft tarixinə dair yazılar Azərbaycanın son 85 illik
tarixi barədə oxucularda dolğun təsəvvür yarada bilir.
Mədinə xanımla söhbətimiz
rəhbərlik etdiyi qəzetin 85 illik yubileyi ərəfəsində
olduğundan, maraqlandıq
ki, uzun yolun yolçusu olan "Vışka" möhtəşəm tarixə
təntənəli şəkildə
hazırlaşırmı? Çox sadə, eyni zamanda kifayət
qədər peşəkar,
bacarıqlı, jurnalistikaya
sözün həqiqi
mənasında bağlı
olan redaktor cavabı isə qısa oldu:
"80 illik yubileydə də qəzetimizin xüsusi buraxılışı
oldu. Rəngli "Vışka" dərc edildi. Sözün düzü, indi dəqiq deyə bilmərəm ki, böyük mənada nəyəsə hazırlaşırıq.
Ancaq çox güman ki, 85 illik yubiley münasibətilə
ola bilsin,
bu dəfə də xüsusi buraxılışımız olsun.
"Vışka"nı
32-34 səhifə buraxmaq
fikrimiz var. Yəqin ki, bu nömrə
rəngli və bir qədər bayram əhval-ruhiyyəli bir xüsusi buraxılış ola bilər. Mən "Vışka"nın oxucularını təbrik
edirəm".
Bir mətbuat orqanının
85 illik həm uzun, həm də çətin ömür yoluna sizinlə birgə nəzər salmağa çalışdıq. Asan görünməsin.
Bu qəzet iki
əsrlik bir mətbuat tarixinə malikdir. Bu yolda
çətinlikləri qədər,
yəqin ki, yaddaqalan tarixləri ilə də yaşaya bilib. Əsas odur ki, qocaman
"Vışka" 85 illik
uzun yolçuluğunda
hər zaman millətimizə, dövlətimizə
olan sevgisini, sədaqətini sərgiləməyi
bacarıb.
əvvəli
var...
Tahirə Məmmədqızı
Şərq.-2013.-2 fevral.-S.-11.