Jurnalistlər aksiyada peşəsinə xidmət etməlidir

 

      Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"

 

      Rəhim Hüseynzadə: "Səlahiyyətdən istifadə edərək, aksiyaçı kimi çıxış edən kəslər peşə kodeksinə xələl yetirirlər"

      Rəşad Məcid: "İstənilən halda onlar tənbeh edilməli və bunların qarşısı alınmalıdır"

      Qulu Məhərrəmli: "Əgər insan aksiyada jurnalist kimi iştirak edirsə o şüar səsləndirməməli, polislərlə insidentə yol verməməlidir"

      Müşfiq Ələsgərli: "Saxta sənəddən istifadə, saxta yollarla aksiyaya müdaxilə yaxud iştirak şübhə oyadır"

      İdrak Abbasov: "Jurnalistlər qanunlara riayət etməli olduqları kimi polislər də onların haqqına girməməlidir"

      İlham Quliyev: "Aksiyaya jurnalist kimi gedib aksiya iştirakçısı kimi qayıtmaq bir növ peşəmizə hörmətsizlikdir"

      Orxan Mansurzadə: "Jurnalistlərin iş şəraitləri maksimum dərəcədə şəffaf olmalıdır"

 

      Prinsip etibarı ilə şərəfli və ağır peşə olan jurnalistika öz statusunu daim qorumağa çalışıb. Çünki, biz xalq üçün yazır, xalq üçün informasiya veririk. Lakin istənilən peşədə, istənilən situasiyada xoşagəlməz halların müşahidəsi mövcuddur. Jurnalistlərin peşə fəaliyyətinə kölgə salmaq istəyən, onların imkanlarından sui-istifadə edərək yararlanmaq niyyətində olanlar mütəxəsislər tərəfindən daim qınanıb.

      Martın 10-da keçirilən aksiyada da belə neqativ hallar müşahidə edilib. Belə ki, Azərbaycan Mətbuat Şurası ötən bazar Bakının mərkəzində - Fəvvarələr meydanında keçirilən icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.

      MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində "press" yazılmış xüsusi gödəkçələrdə olduqlarını müəyyənləşdirib. Onlara qarşı hər hansı təzyiq faktı qeydə alınmayıb. Bununla əlaqədar qrup üzvlərinə də müraciət daxil olmayıb.

      MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqlarını müşahidə edib. Monitorinq qrupunun üzvləri bu adamlara hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya yerindən uzaqlaşıb.

      MŞ bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində "press" yazılmış xüsusi gödəkçələrdən istifadəni, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edib.

     Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır.

      Monitorinq qrupunun rəhbəri Rəhim Hüseynzadənin sözlərinə görə, aksiyada qeydi aparılan neqativ hallar bir dənə olsa belə, bu xoşagəlməz və yolverilməzdir: "2004-cü ildən MŞ, ATƏT və DİN-in birgə layihəsi çərçivəsində Azərbaycan jurnalistlərinə xüsusi gödəkçələrin hazırlanması işi bugünədək davam edir. Üzərinə "press" yazılmış gödəkçələr sifariş əsasında birdəfəlik hazırlanır. Bu gödəkçələrin jurnalistlərə paylanmasında əsas məqsəd ondan ibarətdir ki, onlar peşə fəaliyyətlərini rahat, təhlükəsiz şəraitdə həyata keçirə bilsinlər. Lakin bu səlahiyyətdən istifadə edərək, aksiyaçı kimi çıxış edən kəslər peşə kodeksinə xələl yetirirlər. Biz yalnız jurnalistlərə bu gödəkçələri geyinməyi onların qorunması baxımından tövsiyyə edirik. Ümumiyyətlə, hər aksiya, mitinq öncəsi MŞ jurnalistlər üçün zəruri informasiyalar ötürür. Onlara lazım olduğu təqdirdə müraciət etmələri üçün əlaqə nömrələri təqdim olunur. Hüquqları pozuntuları ilə bağlı vəziyyət yarandıqda isə həmin jurnalistin şuraya rəsmi şəkildə etirazı daxil olduqdan sonra işin araşdırılmasına başlanılır. Onu da vurğulayım ki, sonuncu aksiyadan sonra MŞ-na heç bir jurnalistin etiraz müraciəti daxil olmayıb".

      "Bu məsələ dəfələrlə MŞ-nın, DİN-in, ATƏT-in nümayəndələri və mətbuat işçiləri ilə birgə müzakirə edilib". Bunu "Şərq"ə açıqlamasında "525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid deyib. Onun sözlərinə görə bu yolverilməz haldır. R.Məcidin qənaətincə bu gödəkçələrlə bağlı, hər mətbuat orqanı üçün müəyyən sayda məhdudiyyətlər olmalıdır: "Aksiya zamanı jurnalistlərin əksəriyyəti adətən bir-birini tanıyır. Və demək olar ki, belə neqativ hallar tez nəzərə çarpır. Lakin istənilən halda onlar tənbeh edilməli və bunların qarşısı alınmalıdır".

      Bakı Dövlət Universitetinin müəllimi, professor Qulu Məhərrəmli də etiraz aksiyası zamanı jurnalist fəaliyyəti göstərən şəxsin şüarlar səsləndirməsinə qarşıdır: "Mən belə anladım ki, MŞ çox faydalı işlə məşğul olur"-deyən, Q.Məhərrəmli bildirib ki, ekstrimal şəraitlərdə ehtiyatlı davranmaq lazımdır. Onun dediyinə görə, əgər insan aksiyada jurnalist kimi iştirak edirsə o şüar səsləndirməməli, polislərlə insidentə yol verməməlidir. Bu peşə etikasına ziddir: "Lakin nəzərə almaq lazımdır ki, bu tip vəziyyətlərdə jurnalist istəmədən aksiyanın ən qızğın məqamında ola bilər. Gərək belə hallarda polislər onlara həssaslıqla yanaşsın. Çünki, belə vəziyyətlərdə situasiyalar tez-tez dəyişdiyi, dinamik olduğu üçün gərək hər tərəf ehtiyatlı davransın".

      Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) sədri Müşfiq Ələsgərlinin fikrincə isə belə hallar cinayətdir: "Saxta sənəddən istifadə, saxta yollarla aksiyaya müdaxilə yaxud iştirak şübhə oyadır. Çünki, saxtakarlığın ardında hər zaman gizli, qaranlıq işlər dayanır. Bu məsələnin özü də ciddi araşdırma tələb edir. Ola bilsin həmin kəs qəsdən gödəkçəni geyinərək aksiyada iğtişaşa, yanlış məqamlara yol verir. Yaxud mümkündür ki, adı, işlədiyi qurumu deməyən jurnalist qorxmuş və ya qeyri-peşəkar ola bilər. Odur ki, hüquq mühafizə orqanları bu məsələyə diqqətlə yanaşmalıdır. Lakin istənilən halda bu çox mənfi vəziyyətdir və belə situasiyalar ictimailəşdirilərək qınaq obyektinə çevrilməlidir. Düzünə qalsa əvvəllər bu tip neqativ hallarla daha tez-tez rastlaşırdıq. Lakin sonralar vahid press kard, gödəkçələrin paylanması ilə bunların qarşısı nisbətən alındı. Əvvəl kütləvi hal almış vəziyyət indi nadir məqamlarda olsa belə yenə rastımıza çıxır".

      Aksiyalarda jurnalist kimi iştirak etdiyini deyən "Jurnalistlər Ekstremal Vəziyyətdə" İctimai Birliyinin təsisçisi İdrak Abbasovun sözlərinə görə, o özü belə hal müşahidə etməyib: "Sözügedən mitinqdə mən də jurnalist kimi iştirak edərək, reportaj hazırladım. Lakin buna baxmayaraq jurnalist gödəkçəsi geyinib də aksiyaya qoşulan insan görmədim. Məsələn orda sırf könüllü şəkildə aksiyada iştirak edən yoldaşlar var idi. Məsələn Xədicə İsmayılova gödəkçə geyməmişdi və şüarlar səsləndirirdi. Qeyd edim ki, bu dəfəki aksiyada polislər gödəkçə geyinən jurnalistlərə belə kobud davranır, söyüş söyürdü. Nəticədə gərgin mühit yaranır və adekvat olaraq jurnalist də polisə qarşı acı ifadələr səsləndirirdi. Polis işçilərinin də arasında təxribat törədən kəslər var idi. Birinin şəklini özüm çəkmişəm. Həmin kəs hətta Turan İnformasiya Agentliyinin fotoqrafı Etimad Budaqovu vurmağa belə cəhd etdi. Jurnalistləri təhqir edir, qeyri-etik situasiya formalaşdırırdılar. Mən isə öz növbəmdə ərkim çatan jurnalistlərə onlara fikir verməmələrini tövsiyə edirdim. O ki, qaldı jurnalist gödəkçəsi geyinərək aksiyada iştirak edən şüar səsləndirən kəslərə, bu çox pis haldır. Əgər belə faktlar varsa mən bunu qəti şəkildə pisləyirəm. Jurnalist heç zaman aksiyaya qoşulmayaraq peşə fəaliyyəti ilə məşğul olmalıdır. Bununla paralel polis işçiləri də jurnalistlərin sərbəst informasiya toplama azadlığına hörmətlə yanaşmalıdır. Jurnalistlər qanunlara riayət etməli olduqları kimi polislər də onların haqqına girməməlidir".

      "Hər bir şəxsin aksiyada iştirak etmək hüququ var, o cümlədən də jurnalistlərin"-deyən, "Kaspi" qezetinin baş redaktor müavini İlham Quliyevin fikrincə haqqların tanınması əsas nüansdır: "Amma jurnalist aksiyaya üzərinə "press" yazılmış gödəkçədə gedibsə, o zaman aksiya iştirakçılarına qarışmamalıdır. Daha çox işinin icrası ilə məşğul olmalıdır. Aksiyaya jurnalist kimi gedib aksiya iştirakçısı kimi qayıtmaq bir növ peşəmizə hörmətsizlikdir".

       Hər məsələnin hüquqi tərəfləri mövcuddur. Bu situasiyada da qanunun hansı imkanları olduğunu açıqlayan vəkil Fariz Namazlının dediklərinə görə, bu insanların aksiyada gödəkçədən istifadəsi qorunmaq məqsədilədir: " O insanların cinayət yaxud inzibati məsuliyyəti yoxdur. Belə ki, hazırkı qanunvericilikdə bu tənzimlənməyib. Kiminsə Press gödəkçəsindən istifadə edərək aksiya iştirakçılarına qoşulmağı peşə etikasına uyğun gəlmir. Uzağı həmin kəsin hərəkəti mətbuatda işıqlandırılaraq, qınaq obyektinə çevrilə bilər".

        DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, peşə etik qaydalarını pozulmasına səbəb olan bu hallar mütləq şəkildə nəzarətə alınmalı, əsas etibarı ilə də mətbuatda geniş işıqlandırılmalıdır: "Jurnalistika dəqiq, qərəzsiz, vicdanlı fəaliyyət tələb edən peşədir. Buna görə də jurnalistlərin iş şəraitləri maksimum dərəcədə şəffaf olmalıdır. Aksiyalarda gödəkçələrdən sui-istifadə edərək qorunan insanlar monitorinq nümayəndələrindən qaçmaqla öz fəaliyyətlərinin qeyri-leqallığını göstərmiş olurlar. Ümumiyyətlə jurnalistlərin ekstrimal şəraitdə davranış qaydaları ilə bağlı, sırf gödəkçələrlə bağlı bir çox seminarlar həyata keçirilib. Günümüzədək layihə çərçivəsində mətbuat orqanlarına 500-dən artıq gödəkçə paylanılıb. Çox təəsüf doğuran məqamdır ki, bəzi kəslər bundan sui-istifadə edərək neqativ məqamlara yol verir. Məsələnin əsl mahiyyəti burda jurnalistlərin peşə fəaliyyətinin rahat şəraitdə təmin edilməsi məsələsidir. Ən azı media qrumları bu halları işıqlandıraraq, həmin insalara qarşı ictimai qınaq yaratmalıdır".

 

 

         Fəridə Abdıyeva

 

        Şərq.-2013.-13 mart.-S.11.