Jurnalistlərin
qurultayı baş tutdu
Mətbuat
Şurasının sədri və İdarə Heyətinin
üzvləri seçilib
Ötən gün Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilib. Qurultayın iştirakçıları, öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Bundan sonra qurultay öz işinə start verib. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan ali tədbirdə əvvəlcə qurultayın mandat və say komissiyası, həmçinin komissiyaların tərkibi seçilib. Katiblik yaranıb və tərkibi müəyyənləşib. Daha sonra Rəyasət Heyətinin üzvləri seçilib. Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin tam olaraq Rəyasət Heyətinin üzvləri seçilməsi barədə qərar verilib.
Bundan sonra Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərin VI qurultayına təbrik məktubu oxunub.
Təbrik məktubunu qurultayda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbir iştirakçılarını salamlayan ölkə başçısı onları qurultay münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda siyasi plüralizmin təmin edilməsində KİV-in sərbəst fəaliyyətinə şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: "1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına dövlət orqanları vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərir”. Daha sonra prezident bildirib ki, bu gün ölkəmizin artan imkanları KİV-in, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır: "Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək”.
Bundan sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçılara görülən işlərlə bağlı məruzə edib. O deyib ki, jurnalistlərin V qurultayından bəri Azərbaycan Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub. Bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir.
Mətbuatla bağlı görülməli işlərə toxunan Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda "Diffamasiya haqqında” qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir: "Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur. "Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verdiyi barədə rəy yaradıb. Həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır. Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutubsa, bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni diffamasiya bizim üçün gedilməsi vacib yoldur. Hazırkı dövrdə praktiki olaraq heç bir jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaq”.
Ə.Amaşov "reket jurnalistika”ya qarşı görülən mübarizə tədbirlərini də açıqlayıb. O bildirib ki, keçən qurultayın qətnaməsində "reket jurnalistika”ya qarşı mübarizə də MŞ-nin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilib. Qurultaydan sonra bu işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən Amaşov qeyd edib ki, şuranın "reket jurnalistika”ya qarşı mübarizə komissiyası yaradılıb: "MŞ tərəfindən 2009-cu ilin "reket jurnalistika”ya qarşı mübarizə ili elan edilməsi bu istiqamətdəki səylərin artırılmasında özünü göstərdi. Əgər 2008-ci ildə adları "qara siyahı”ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatıb. Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının "qara siyahı”ya salınması ilə yetərli saymayıb. Şuranın tərkibində yaradılan apellyasiya qrupunun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə "qara siyahı”dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda "qara siyahı”da 84 KİV-in adı yer alıb”.
Qurultay zamanı MŞ-nin Nəzarət Təftiş Komissiyasının da hesabatı dinlənilib.
Bundan sonra qurultay iştirakçıları, qocaman jurnalistlər mətbuatla bağlı fikir və təkliflərini səsləndiriblər.
Qurultay iştirakçıları həmçinin prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubu "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli oxuyub. Məktubda Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılandığı deyilir: "Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir. Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi”. Məktubda o da qeyd olunub ki, Azərbaycan jurnalistlərinin VI qurultayına prezidentin ünvanladığı təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri jurnalistlər üçün böyük etimad nümunəsidir: "Sizə bir daha Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ümumilikdə ölkə jurnalistikasına həssas yanaşdığınıza görə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.
Daha sonra MŞ-nin yeni İdarə Heyəti seçilib. İdarə Heyəti 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət formalaşdırılıb.
Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı isə ictimaiyyəti təmsil edib. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si isə ictimaiyyətdən olub. İdarə Heyətinin üzvlüyünə mətbu nəşrlərdən MŞ sədri Əflatun Amaşov, Vüqar Rəhimzadə, Ümid Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbas, Aydın Quliyev, Rauf Arifoğlu seçilib. Ehtiyat üzv kimi isə Akif Aşırlı və Yadigar Məmmədli üzv seçiliblər.
İctimaiyyəti təmsil edənlərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, parlamentdən Aqil Abbas, Cavanşir Feyziyev, Musa Qasımlı JHT sədri Müşfiq Ələsgərli, BDU-dan Şamil Vəliyev və 2 nəfər ictimaiyyətdən ehtiyata üzv seçilib. Bunlar İlham İsmayılov və Nəsir Əhmədovdur.
İnternet portallar - yeni mediadan Vüsalə Mahirqızı, Rasim Əliquliyev və Azər Həsrət seçiliblər. Ehtiyat yerə isə Sevda Həmidova seçilib.
Bundan əlavə, qurultay zamanı səs çoxluğu ilə MŞ nizamnaməsinə də dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da ətraflı nəzərdən keçirəcək.
Sonda isə MŞ İdarə Heyətinin yeni seçilən üzvləri şuranın sədrini seçiblər. Əvvəlki sədr Əflatun Amaşov yenidən şuranın rəhbəri seçilib.
Anar Bayramoğlu
Şərq.- 2013.- 12 iyul.- S. 7.