Mətbuat tariximizdə 31 mart soyqırımı
Layihənin istiqaməti: "Fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi"
Xalqın kəşməkəşli
taleyində faciəsinin böyüklüyü ilə
seçilən 31 mart soyqırımında Azərbaycanın
bir çox dəyərli ziyalıları qətlə
yetirildi. Bolşevik və erməni daşnak birləşmələrinin
bu müdhiş soyqırım aktında Azərbaycan
ziyalarının məhvi planları da yer alırdı. Bu barədə
1918-ci ilin martından sentyabra kimi Bakıda olan M.Ə.Əfəndinin
Tiflisdə "Qardaş qayğısı" qəzetinin
müxbirinə verdiyi açıqlamada kifayət qədər
məlumatlar var.
M.Ə.Əfəndi nəql edir
ki, Bakını bürüyən qətllər zamanı ermənilər
evbəev gəzib müsəlmanları
yığırdılar və naməlum yerə
aparırdılar: "Çox vaxt aparılan ziyalı,
oxumuş müsəlmanların meyitlərini tapmaq çətin
olurdu. Fəqət, çox vaxt da olurdu ki, heç bir əsir
əldə etmək mümkün olmayırdı".
Şahid misallar da çəkirdi: "İki doktor Kərim bəy
və Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən,
T.V.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlir.
Quyunun yanında hasar içində çoxlu müsəlman
arvad, uşaq meyiti var imiş. İkinci bir dəstə, bir
quyuya rast gəlirlər ki, bərk boğucu iyi
çıxırmış. Bir nəfəri quyuya salırlar.
Fəqət o tez çıxarılmasını rica edir. Zira,
durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir cib dəftəri
gətirmiş idi. Yazılardan məlum olmuşdur ki, bu dəftər
H.Cəfərovun xidmətçisi Tahirovundur".
Azərbaycan mətbuatı tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin "Tuti" məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə də ermənilərin törətdikləri soyqırımın qurbanı oldu. C.Bünyadzadənin qətlinə səbəb bolşevik cildində gizlənən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi idi. Əslən Bakının Fatmayi kəndindən olan C.Bünyadzadə "Hümmət" qəzetində "Ermənikənddə vəhşiliklər" məqaləsi ilə çıxış edərək şəhərdən kəndə gələn müsəlmanların erməni quldurları tərəfindən soyulub talan olunandan sonra qətlə yetirilməsini barbarlıq nümunəsi adlandırırdı. Elə bu səbəbdən, C.Bünyadzadə qətlə yetirildi. Mərhum jurnalistin qardaşı, əqidəcə bolşevik olan, Həştərxanda siyasi fəaliyyət göstərən Dadaş Bünyadzadə ona başsağlığı verənlərə etdiyi minnətdarlıq məktubunda bildirirdi: "Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, bəradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm".
Ermənilərin bütün fitnə-fəsadlarına sinə gərən, Zaqafqaziya müsəlmanlarının hüsnü-rəğbətini qazanan Milli Müsəlman Şurasının sədri Əlimərdan bəy Topçubaşov 31 mart günü silahlı quldurların basqınına məruz qaldı. Onu Bakı qırğınında həbs edib, girov götürdülər. S.Şaumyanın tapşırığına əsasən girov götürülərək həbsxanaya salınan Ə.Topçubaşov soyqırımdan 12 gün sonra Nəriman Nərimanovun səyi ilə azad olundu. "Hümmət" qəzeti Bakı ziyalalıra arasında böyük nüfuz sahibi İbrahim bəy Heydərovun da girovluqdan azad olunduğunu xəbər verirdi.
Bu kəşməkəşli günlərdə özünün gənclik dövrünü yaşayan, gələcəyin böyük istedadlı yazıçısı olacaq Cəfər Cabbarlı da ailə ilə birgə qətliamlardan yaxa qurtarmağa çalışırdı. Top mərmiləri Çəmbərəkənddə və gənc yazıçının yaşadığı məhləyə yağış kimi yağırdı. Erməni-bolşevik birləşmələrinin həmlələri Çəmbərəkəndə yaxın "Ceyran bağçası" deyilən yerdə getdiyindən C.Cabbarlı ailəsini, yaxın qohum-əqrəbasını "Qır anbarı" deyilən yerdə gizlətməyə məcbur oldu. Bir gün sonra daha təhlükəsiz yerə, Xızıya aparmaq üçün anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını çıxararkən qayalığa çatmamış güllə yağışına tutuldular. Nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanır, C.Cabbarlının ailə üzvləri təsadüf nəticəsində sağ qaldı. Bu qanlı faciənin bütün dəhşətlərini yaşayan C.Cabbarlı yaradıcılığında 31 mart soyqırımı xüsusi yer tutur. Onun yazdığı "Dur ey xar olan millət" sərlövhəli mərsiyəsi şəhidlərin 7-də, 40-da məscidlərdə, küçələrdə oxunurdu.
Ermənilərin Şamaxıya hücumu zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkir şairi Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan vaxt erməni silahlıları tərəfindən qarət olundu, mənəvi-psixoloji sarsıntı keçirərək, faciədən sonra Gəncədə vəfat etdi. Bu barədə o dövrün mətbuat səhifələrində məlumatlar var: "İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bu bandalara qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavab, qoca alimlər qətl olunmuşlar". A.Səhhətin ermənilər tərəfindən qarət olunması, psixoloji gərginliyə tab gətirə bilməməsi və bu səbəbdən vəfatı barədə Hadinin "Azərbaycan" qəzetinin 13 noyabr 1918-ci il tarixli sayında da məlumatlar var.
1906-cı ildə Şamaxıda doğulan Rəmzi Yüzbaşov öz xatirələrində Abbas Səhhətin də minlərlə günahsız yerli əhali kimi qaçqın düşdüyünü nəql edərək yazır: "Yay aylarında "Qalaqayın bazarı" adlanan yerdə xeyli Şamaxı qaçqını aclıqdan və xəstəlikdən tələf oldu. Əhali burada da qorxu altında yaşayırdı. Müəllimim Abbas Səhhət də qaçqın idi. O, öz ağıllı sözləriylə qaçqınlara ürək-dirək verirdi".
Müsavat Partiyasının fəallarından olan yazar Seyid Hüseyn də soyqırım günləri erməni silahlıları tərəfindən hədəfə alındı. S.Hüseynlə birgə bir qrup ziyalını mühasirəyə alıb qətlə yetirməyə çalışan ermənilərin səyinə baxmayaraq mühasirəni birtəhər yarmağa müvəffəq olurlar. Bu barədə "İstiqlal" qəzetində "İsmailiyyə" adlı məqaləsində S.Hüseyn faciə gününün mənzərəsini canlandırır. Azərbaycanın milli-mənəvi dəyərlərinin simvolu olan "İsmailiyyə" binasının yandırılması, Təzəpir məscidinin top atəşinə tutulması barədə xəbərlər eşidib, ciddi narahatlıq keçirdiyini, hətta yaxın qohumlarından 9 nəfərin qətl edildiyini yazır: "Yaxın əqrəbamızdan 3 qadın, 2-si cocuq olmaq üzrə bir evdə 9 nəfərin kəsildiyini belə öyrənmişdim. Təkcə bunlara müqəssir olmadığını "İsmailiyyə" binasının yandırıldığından psixoloji sarsıntı və böyük kədər hissi keçirdiyini deyən S.Hüseyn yazır: "Bizim düşmənlərimiz başımıza —- fəlakət açdıqları kimi hər şey açarlar. Hətta məscidlərimizi, ibadətgahlarımızı da dağıdıb xarabazara döndərə bilərlər". İsmailiyyə"yə isə toxunmazlar. Çünki o böyük bina bizim məqsədimizdir.Allahımızdır".
31 mart günlərində erməni bandalarının bolşevik silahlılarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Ağamusa Nağıyevin vaxtsız vəfat edən oğlu İsmayılın xatirəsinə ucaltdığı "İsmailiyyə" binası idi. Binanın zəbt olunaraq tutulması və yandırılmasını təsvir edən Seyidağa Axundzadə yazır: "Bu gün şənbə günü, mart ayının 20-si saat 11-dən etibarən müharibə milli bir rəng almış idi. Ona bianən də saat bir radələri idi. Müsəlman məhlələrinə hücum edib Nikolayevski cəddə də onlar tərəfindən işğal edildi və Cəmiyyəti Xeyriyyə binası (yəni"İsmailiyyə" binası) onların əlinə keçdi. Və beləliklə də binanın yandırılmasını bir neçə saatda başa çatdırırlar: "Qoşun dərhal şəhər bağı cənubundan hücum edib mitralyozdan bəri atəş açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyə təhti qərara alıb Cəmiyyəti Xeyriyyə binasına (İsmailiyyəyə) və "Açıq söz", "Kaspi" mətbəə və idarələrinə od vururlar".
Azərbaycan xalqının milli-mənəvi tarixində əvəzsiz rolu olan, Bakıda ilk I Müsəlmanlar Qurultayının keçirildiyi, istiqlal şüarının səsləndiyi "İsmailiyyə"nin yandırılması erməni daşnaklarının bu arzuları alova atması anlamına gəlirdi. Xalqın istiqlal arzularına qarşı hazırlanan bu qəsdin üstünü açmaq üçün Seyid Hüseyn "Həzir bir xatirə İsmailiyyə" hekayəsini yazdı. Mart soyqırımından sonra hakimiyyətə gələnlər yandırılan bu binanın sökülməsi barədə qərar verdiyindən, vətəndaş yazıçı hekayənin sonunda xalqa çağırış edirdi: "Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Coş! İsmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyi üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl. Onu səndən ayırırlar. Onu lüzumsuz bir meyit kimi dəfn ediyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki onun məzlum gözləri səni gözləyir, sənin həsrətini çəkir".
Azərbaycan Xalq Cümhuriyyəti Bakıya
köçdükdən sonra
"Yaşıl qələm" ədəbi birliyi
"İsmailiyyə" mövzusunda müsabiqə etdi və
S.Hüseyn bu mövzuda yeni bir əsər də yazdı.
Akif Aşırlı
Şərq.-2013.-19
mart.-S.6.