ƏZIZ
DOSTUM...
“Bir arzum var,
qocalıq yaddaşımı, ağlımı əlimdən
almasın”
Həmişə eşqlə yaşasan, kənardan baxan sənə “dəli” deyəcək. Ona görə çalışırıq ki, ancaq səhnədə muğam ifa edəndə o hala düşək
Sevdiyi ətir -
Şeyx
Sevdiyi fəsil -
yay
Sevdiyi yemək- ətsiz
yeməklər
Sevdiyi müğənni,
xanəndə- Seyid Şuşinski, Hacıbaba Hüseynov
Sevdiyi ölkə
- Fransa
Sevdiyi Şəhər-
Bakı
Sevdiyi içki-
Su
Sevdiyi
maşın markası- Əvvəllər "Zaparojes”,
hazırda "Mersedes”
Bürcü-
özü də xəbərsizdi.
Sevmədiyi xasiyyəti-
Tez aldanması, tez inanması
Sevdiyi rəqəm-13
İnsanlarda nifrət etdiyi xüsusiyyət - Yalanı sevmir.
Onun ilahi səsi könülləri fəth etdi, sərhədləri aşdı. Sənətkarın hər ifası fərqli bir dünya ilə təmas yaradır. Dinləyici onun ifasında səslənən muğamları dinləyərkən qəribə bir cazibə ilə muğam sənətinə, muğam musiqisinə vurulur. Hətta muğamdan xəbərsiz, bu musiqidən çox uzaq əcnəbi dinləyici belə bir anlıq o ifanın şahidi olduqda, muğamı sevməyə başlayır. Bu isə onun muğama olan ilahi sevgisindən qaynaqlanır. Onun hər çıxışı, hər ifası ürəklərə sirayət edib səngiməz alqışa dönür. Nərgiz, qızılgül dəstələrinə dönüb səhnəyə, sənətkara tac olur. Muğamı tam hiss etmədən, onun ilahi bir musiqi olduğunu musiqiyə tam varmadan, aludə olmadan muğamın bütün guşələrini gəzmək və ilahi varlığa yüksəlmək mümkün deyil. Məhz əsl sənətkar musiqiyə o qədər aludə olur ki, onun daxilində səslənən əks-sədası ruhuna hopmuş hisslərini titrədən musiqini üzünün ifadəsi, səsinin sehri, ilahiyə tərəf açılan əlləri vasitəsilə - bütün varlığı ilə tamaşaçıya çatdırır. Bu qeyri-adi inam sənətkarın öz sənətinə məcnuncasına vurğunluğundan yaranır. Azərbaycan musiqi incəsənətində belə sənətkarlarımız əslində çox azdı.
Alim Qasımov bu azlığın içərisində olan Nəhəngdir! Səsi ilə, ifası ilə və Muğamla özünə abidə qoymuş nəhəng sənətkar!
Alim Qasımov Azərbaycan muğamında yeni bir iz açdı. Elə bir iz ki, onun sayəsində muğamımızın səsi Yaponiyadan, Fransadan, Amerikadan gəldi, yüzlərlə xarici Azərbaycan muğamına qulaq asmaq həvəsinə düşdü. Muğam aləmində özünəməxsus ifa tərzi ilə seçilən Alim bəy oxuyarkən başqa bir aləmdə olduğunu deyir. Ona görə, muğamı dinləyənlər dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, onunla xoşbəxt anlara çata bilir.
Alimin həyatı...
Alim Qasımov 1957-ci ildə anadan olub. Valideynləri
onun musiqiyə və xüsusilə muğama qarşı olan
istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili
verməyə imkanları yox idi. Əllərindən
bir tək şey gəlirdi, dəf düzəltmək
üçün, atası bir keçi kəsmişdi. Bu, Alimin birinci musiqi alətiydi və bununla birlikdə
o, gözəl və hamıdan fərqlənən səsə
sahib idi. Daha sonra o, Bakıda muğam məktəbinin
ən tanınmış və istedadlı müəllimlərindən
dərs almışdı. 25 yaşında
Alim, həyatında birinci muğam müsabiqəsində
müvəffəqiyyət qazanmışdır. O vaxtlarda
o, muğam sənətinin, xüsusilə də "tarab”
janrının araşdırmalarıyla məşğul
olurdu.
1989-cu ildən
Alim Qasımov Mənsurov qardaşlarıyla
çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən
ilə. Arada Alim Qasımov özü də dəf
çalır.
Son
zamanlarda cəmi doqquz albom çıxardan Alim Qasımov hər
bir musiqi sənətkarının nail olmağa
çalışdığı mükafata layiq
görülmüşdür. Məhz 1999-cu ildə
o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını
almışdır.
Muğam
sənətini Fransa, İngiltərə, Almaniya, Belçika,
İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş
Ştatları kimi ölkələrdə konsertlərlə
çıxış edən sənətçi, bütün
dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan
mədəniyyətinin dünyaya yayılması
üçün böyük bir rol oynayır.
Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur
Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən
Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi
müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı
arasında 4 azərbaycanlıdan biri olub.[1]
26 may
2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində
keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final
mərhələsində Azərbaycan təmsilçisi Səbinə
Babayeva ilə eyni səhnəni paylaşmışdır.
İlahi
musiqi, ilahi səs
Alim Qasımov barədə yazıbda, onunla həmsöhbət
olmamaq günah olardı. Xalq artisti "Şərq”ə növbəti müsahibəsini
verdi. Səmimiliyini, səbrini,
sadəliyini itirməyən Alim Qasımovla söhbətimizi
oxucularımızla bölüşürük.
-
Muğam deyəndə, bu sənəti ölkəmizdə və
xaricdə zirvələrə qaldıran, ona böyük sevgi
qazandıran ustad sənətkar kimi siz yada
düşürsünüz. Fikrimizcə, bu,
sizin muğama böyük sevgi ilə
yanaşmağınızın nəticəsidir. Bilmək istərdik, bu sevgi sizdə nə vaxtdan
yaranıb?
-
Muğamı nə evdə, nə də məktəbdə
öyrənmişəm. Mən bunu toy məclislərində,
dostlar arasında, şənliklərdə oxuya-oxuya mənimsəmişəm.
Elə olurdu ki, bir muğamı dəfələrlə
oxuyurdum. Beləliklə, məndə bu sənətə
qarşı sevgi yaranmağa başladı. Sanki oxuya-oxuya özümə qulaq asır, zövq
alırdım. Hətta muğam ifa edəndə
gözümdən yaş da gəlirdi, ağlaya-ağlaya
oxuyurdum. Sanki başqa bir aləmdə
olurdum. Məndə bu sənətə
qarşı belə sevgi yarandı. Sonra
xaricdə konsertlər verməyə başlayanda gördüm
ki, bu hisslər muğamı dinləyən əcnəbilərə
də tanışdır. Ona görə də
onlar mənim ifamda muğamı dinləyəndə ondan
zövq ala bilirdilər. Etiraf edim ki,
konsertlər zamanı onları muğamın sehrinə salmaq
çətindir. Ancaq sənətçi muğamı
onların dərk edə biləcəkləri səviyyədə
ifa edəndə istəyinə nail olur.
- Alim bəy,
başqa bir aləmə düşmək və sonra yenə bu
dünyaya qayıtmaq... Bu hissləri sözlə
ifadə etmək çətindir. Ancaq o ali
hissləri mümkün qədər bizimlə
bölüşmənizi istərdik.
-
Bilirsiniz, canlı aləmdən ayrılmasan, eşqlə
yaşamasan, dinləyicilərə həmin hissləri
çatdıra bilməzsən. Ancaq onu da deyim
ki, həmişə eşqlə yaşasan, kənardan baxan sənə
"dəli” deyəcək. Ona görə
çalışırıq ki, ancaq səhnədə
muğam ifa edəndə o hala düşək. Konsertdən
bir neçə saat keçəndən sonra isə yenə
qoşulursan cəmiyyətə və olursan həmişəki
adam.
- Siz
muğamı xalça üzərində bardaş quraraq,
şam işığında oxuyursunuz. Bu barədə
də söz açmağınızı xahiş edirik.
-
Muğam oxuyanda müəyyən elementlər (gur işıq,
görkəm, insanların üzləri və sairə) mənə
maneə törədir. Ona görə də
çox vaxt gözlərimi yumuram və
çalışıram ki, belə şeyləri görməyim.
Necə deyərlər, özümü onlardan təcrid
etməklə qaranlığa qərq olur və eşqi
yaşayıram. Qaranlıqda, şam
işığında muğam oxumağım da bundan irəli
gəlir.
- Alim bəy,
muğamda yeni bir iz açdınız. Bəs
bu izin gələcəyini necə görürsünüz?
- Hər
bir ustad istəyər ki, sənətinə yenilik gətirsin. Ancaq bir Allah şahiddir ki, mənim gətirdiyim
yenilik özümdən əsla asılı olmayıb. O
ki qaldı bu yolun gələcəyinə, yəqin ki,
haçansa yad olunacaq, nə vaxtlarsa qulaq asacaqlar. Müəyyən fikir söyləyənlər də
olacaq.
- Fərqanə
xanım həyatınızda övladınızdan başqa
kimdir?
O mənim
gözəlim, çiçəyim, nurum, əziyyət verənim,
sevincimdi. Hər şeyim odu. O mənim ən
yaxın dostumdu.
- O biri
övladlarınız qısqanmırlar ki, Fərqanəni?
- Niyə
ki, o biri övladlarımı da canım qədər çox
sevirəm. Sadəcə, Fərqanə ilə həm
də həmkarıq, sənət yoldaşıyıq, yol
yoldaşıyıq, dostuq. Bilmirəm onlar
özləri həqiqətən Fərqanəni
qısqanırlar, ya yox. Ancaq
övladlarımın hamısı mənim üçün əzizdi.
- Onun
muğama gəlməsində sizin nə kimi rolunuz olub?
- Mən
muğamı təzə-təzə öyrənəndə Fərqanə
hələ bələkdə idi. Körpə
olmasına baxmayaraq, məni dinləyirdi. 4-5
yaşı olanda isə ondan "Məndə məcnundan
füzun aşiqlik istedadı var, aşiqi sadiq mənəm məcnunun
ancaq adı var” beytini oxumasını istədim, o da çox
maraqla ifa etdi. Bu, mənim diqqətimi
çəkdi. Gördüm ki, maraqlı səsi var. Evdən
çıxanda yoldaşıma dedim ki, mən evə
qayıdana kimi Füzulinin bu qəzəlini ona öyrət. Qayıdanda gördüm ki, Fərqanə bir
neçə beyt öyrənib, hətta gözəl oxuya
bilir. Mən artıq başa
düşdüm ki, onun istedadı var. Beləliklə, məşq
edə-edə artıq səhnəyə ata-bala, qoşa
çıxmağa başladıq.
-
Yoldaşınızı sevdiyiniz üçün
qaçırmısız. Bu gün ona olan
sevginizi hansısa romantik jestlərlə göstərə
bilirsiz?
- Vallah
bilmirəm. (Üzünü yoldaşına tutaraq, "mən
sənə nə vaxtsa romantik jest etmişəm?” deyə
zarafatla soruşur) Romantik jest nə deməkdir
ki? Nə bilim... Onu təəccübləndirən
o qədər jestlər, hadisələr olub ki, əgər
buna romantika demək olarsa, etmişəm. Hərdən
kefim yaxşı olub, elə maraqlı hədiyyə etmişəm
ki, çaşıb qalıb.
- Əvvəllər yoldaşınızı incitdiyiniz
vaxtlar da olub.
Bu gün də incidirsiz?
- Cavan
vaxtı olub. İndi yox. Daha
yaşlanmışıq. İndi bir-birimizə
hörmət var. Əsas odur.
-
Muğam sizin həyatınızı nə qədər dəyişə
bildi?
-
Muğam bütünlükdə həyatımın
axarını dəyişdi. Muğam mənə
tərbiyəçi oldu, həyatda ayaq üstə
durmağı öyrətdi. Muğam Alimi
böyütdü, yetişdirdi.
- Alim Qasımov ifası ilə bir vaxtlar hamını təəccübləndirə
bilib. Bəziləri deyir ki, artıq Alim məni təəccübləndirə
bilməz. Siz necə
dününürsüz, Alim Qasımov bu gün də dinləyicini
ifası ilə təəccübləndirə bilir?
-
Allahın izni ilə səs imkan versə, mən işlərimlə
yenə təəccübləndirməyə
çalışıram. Düzdür, əvvəlki
cavanlıq səsi ilə indiki səs arasında fərq var.
Ancaq çalışırıq ki, yeni layihələrlə
tamaşaçı qarşısına çıxaq.
-
Qanınız qara olanda hansı muğamla ovunursuz, dilinizdə
hansını zümzümə edirsiz?
-
Baxır həmin anda mənim əhvalımın nə istəməyinə.
Nə içimdən gəlirsə, onu ifa edirəm.
- Toylara
gedirsiz?
- Dost-tanış
məclisinə gedirəm. Niyə getmirəm?
Düşəndə, burda olanda gedirəm.
- Təmənnalı?
- Təmənnalı
deyəndə ki, dost toyu olursa, heç nə ummuram. Allah bərəkət versin, nə versələr,
şükr edirəm. Əsas odur ki, ruzunu
Allah versin.
- Kitab
oxumaqla aranız necədir?
-
Düzünü desəm, heç vaxt kitaba marağım
olmayıb. Kitab oxumağı sevməmişəm.
Elə əlimə bir-iki qəzəl
düşəndə, əzbərləmişəm.
- Bayaq
dediniz daha qocalmışam. Qocalıq
yaxşıdı, ya cavanlığın öz dadı var?
-
Qocalıq budur ki, bütün məsuliyyət
yavaş-yavaş səndən gedir. Artıq
uşaq, ailə səni çox yukləmir, bilirlər ki, daha
sən qocalmısan, əlindən nəsə gəlməz,
öz işlərini özləri görməlidirlər.
Görürlər ki, daha əlindən heç
nə gəlmir, gedirsən oturursan bir ağacın kölgəsinin
altında, çay içirsən. Cavanlıqda isə adam daha çox işləmək istəyir, məsuliyyətin
çox olur.
- Bəs
qadın məfhumu Alim Qasımovun həyatında nə kimi
rol oynayır?
- Ağıllı adam üçün qadın anadır,
bacıdır, övladdır, həyat yoldaşıdır,
dostdur, sevgidir, məhəbbətdir.
- Var bu
gün də o sevgi?
- Mənə
elə gəlir ki, sevgi illərlə toplaşır və
sonda Allaha ünvanlanır. Ən böyük
Sevgi Allaha olan sevgidir. İnsan
Allahını sevəndə bəndələrə də
sevgi ilə yanaşır. Qaldı bir qadına olan sevgi
bu belədir də... Ağılla sevgi var,
ağılsızcasına yaşanan sevgi var. Ağılla sevmək
lazımdı.
- Elə
bir arzunuz var ki, bu gün onu Allahdan diləyirsiz?
- Ən böyük arzum övladlarımın
sabahının xoşbəxt olmasıdır. Sağ-salamat
olsunlar, ağıllı olsunlar. Özlərinə
hörmət qazansınlar.
- Qocalığınızda
özünüzə nə arzulayardız?
- (Gülür) Yaxşı sözdü. Qocalanda əsas
onu arzu edirəm ki, ağlım yerində olsun. Danışığımı bilim. Yaşlılıq yaddaşımı,
ağlımı əlimdən almasın.
İmanımı itirməyim...
- İman demişkən, namaz qılırsız?
-
Qılıram. Artıq uzun illərdir namaz
qılıram. Hamıya da arzu edirəm ki,
imana gəlsinlər, namaz qılsınlar. Namaz
qıldıqdan sonra insan rahatlaşır.
- Həcc
ziyarətində də olmusuz, deyəsən?
- Bir dəfə
olmuşam. Allah hamıya qismət etsin. İnsan ruhu ilə Allaha bağlı
olmalıdır. İnsan Həcc ziyarətinə
gedənə qədər dəyişməlidir. Yəni
ordan gələndən sonra adam dəyişmir.
İnsan gərək daxilən təmiz olsun ki,
ora getsin. Bu mənim fikrimdir.
-
Muğamın yaranma tarixi, adının mənşəyi barədə
konkret məlumatlar yoxdur. Bu barədə siz nə
deyə bilərsiniz?
- Mən
öz aləmimdə muğamın yaranma tarixini
düzüb-qoşmuşam. Əgər
muğamla insanlar mənəvi rahatlıq tapırlarsa, deməli,
bu, insanla birgə yaranıb. Düzdür,
həmin vaxtlar muğam olmasa da, əvəzində müəyyən
avazlar, səslər var idi. Vaxt keçdikcə
isə bu, müxtəlif formalara, o cümlədən
muğama çevrilib.
- Bizim
muğamların digər xalqlara məxsus muğamlardan
hansı üstün cəhətləri var?
- Bizim
qulağımız Azərbaycan muğamına öyrəşdiyinə
görə başqalarını dərk etmir, onlar kimi qulaq asa
bilmirik. Ona görə heç kimin muğamına
üstündür və ya aşağıdır demək
olmaz. Ancaq ifa tərzinə, səslərin
düzümünə, avazlara görə müəyyən fərqlər
var. Təbii ki, digər Şərq ölkələrində
muğamın müxtəlif növləri inkişaf etdiyinə
görə bu fərqlər olmalıdır.
- Alim bəy,
tələbələriniz içərisində gələcəyin
sənətkarları yetişirmi?
-
Bilirsiniz, birinin səsi, birinin eşqi, birinin də
yaxşı yaddaşı var. Gərək bu və digər
keyfiyyətlər bir nəfərdə cəm olsun. Bax belə
birisi gələcəyin peşəkarı ola
bilər. Hələlik, belələri çox
deyil. Ancaq inanıram ki, bu sahədə
peşəkarlar yetişəcək. Son
olaraq, gənclərə məsləhət görərdim ki,
dünya musiqisindən tutmuş, muğama qədər
hansı musiqi onlara təsir edirsə, zövq verirsə, ondan
mənəvi rahatlıq tapırlarsa, ona qulaq assınlar.
Öyrənmək istəyənlərə də
deyərdim ki, keçmişdə öz adlarını tarixə
yazdırmış xanəndələrə və səhnədə
öz sözlərini deyən sənətkarlara çox qulaq
assınlar, onlardan mümkün qədər öyrənsinlər.
Təkrarsız
ifasında sadəliyini qoruyan insan
Əslində Alim Qasımov haqqında çox
danışmaq olar. Onun möhtəşəm qastrol səfərləri,
tanınmış əcnəbi müğənnilərlə
birgə layihələri, bir çox dünya səhnəsinin
ulduzları ilə bir səhnəni paylaşması və
neçə-neçə digər yaradıcılıq
uğurlarını sadalamaqla bitməz. Bütün bu
uğurların başında isə bizim üçün bir əsas
məqam var. Alim Qasımov məhz o sənətkardır ki,
muğamın sərhədlərini aşdı, Azərbaycan
muğamını dünya səhnəsinə
çıxartdı, onu ingilisə, fransıza səsi, ifa tərzi
ilə sevdirə bildi. Onu muğam sənətinin
novatoru adlandırırlar. Çünki o
muğama yeni nəfəs, yeni tərz gətirdi. O,
muğamı ilahi sevgi ilə qovuşdurdu. Alim
Qasımova qədər də klassik muğam
ifaçılarımız, karifey
adlandırdığımız xanəndələr, muğam
ifaçıları olub və bu gün də var. Ancaq gəlin
etiraf edək ki, onların heç biri Alim Qasımov zirvəsinə
qalxa bilmədilər. Onların heç
birini xarici ölkələrdə tanımadılar. Onlar öz ifaları ilə muğamın sərhəddini
aşmaq zövqünü əldə edə bilmədilər.
Çünki o, muğama fərqli tərəfdən
yanaşdı. Onun ifa üslubu hamıdan fərqləndi.
Məhz bu ifa onu milyonların ürəyində
yüksəltdi. Bütün bunlara -
böyük yaradıcılıq uğurlarına baxmayaraq o
insan olaraq dəyişmədi. Sadəlik,
paklıq onun ruhunu tərk etmədi. Bəziləri
kimi nə danışığı, nə insanlara münasibəti,
nə həyat tərzi avropasayağı oldu. O elə
bizim, Azərbaycanın Alimi olaraq qalmağa üstünlük
verdi. Yəqin ona olan
böyük sevginin sirri də məhz Alim Qasımovun
böyük mənada İNSAN olmasındadır. Heç bir populyarlıq, dünya səhnələrində
əfsanəvi sənətçilərlə işbirliyi,
alqışlar onu insanlıqdan uzaq etmədi.
Onu sevməyənlər
də oldu
Alim
Qasımov hələ gənc ikən efirdə görünməyə
başlayanda, onun yolunu kəsənlər də az
olmayıb. Gələcəyin təkrarsız
ifaçısı professional səhnədə ilk
addımarını atanda bəzi xalq artistləri,
tanınmış xanəndələr onun ifa tərzini qəbul
etmədilər. Bəziləri onun
oxuduğunun muğama aidiyyatı olmadığını dilə
gətirdilər. Bəziləri onu klassik
muğam üslubunda ifa etmədiyi üçün
qınadılar. Ancaq bütün bunlara
baxmayaraq Alim Qasımovun ruhunu sındıra bilmədilər,
onun muğama olan ilahi sevgisinə sədd çəkə bilmədilər.
O, novator sənətkar idi. Bunu zamanla qəbul edənlər
oldu. İllər sonra onu qəbul etməyənlər,
xanəndə olmadığını iddia edənlər, onun
muğama olan fərqli münasibətini dəyərləndirmək
iqtidarında olmayanlar Alim Qasımov ifasını
alqışlamağa, müsahibələrində onu tərif
atəşinə tutmağa məcbur qaldılar. Bu, Alim Qasımovun sənətinin
böyüklüyü idi.
Muğamı
Qərbə sevdirən sənətkar
Xalq artisti Alim Qasımov haqlı olaraq Azərbaycan
muğamının ən müqtədir
ifaçılarından biri sayılır. Dünyanın "La Mond”,
"Tayms”, "Frankfurter Algemayne Saytunq” kimi ən nüfuzlu qəzetləri
onun Mərkəzi Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri
valeh edən ecazkar və ovsunlu səsi, orijinal ifa tərzi
haqqında çox yazıblar. Rusiyanın nüfuzlu musiqi tənqidçisi
Artemi Troitski özünün musiqi icmallarından birində
yazıb: "Alim Qasımovun heyranedici, coşqun səsi, onun
qeyri-adi zəngulələri unudulmaz hisslər oyadır... Alim Qasımov muğam sənətini regional çərçivədən
çıxararaq beynəlmiləl səviyyəyə
qaldırıb, onu dünya mədəniyyətinin sərvətinə
çevirib. O, muğamı dünyanın müasir, mənəvi
prosesinə qatmağa müvəffəq olub: xanəndənin
sənətinin mübariz qüvvəsi çıxış
etdiyi hər yerdə onu doğmalaşdırır”.
Alim
Qasımov həm də YUNESKO-nun xüsusi musiqi
mükafatına layiq görülüb və onun adı
Şostakoviç və Penderetski, Bernstayn və Messian, Rixter və
Makkeba, Menuxin və Şankar kimi bənzərsiz ustadlarla bir
siyahıya düşüb.
Eyni zamanda Azərbaycanın dövlət
başçısı tərəfindən "Şöhrət”
ordeni ilə təltif edilmiş muğam ustadı Alim
Qasımov yer üzünün minlərlə muğam
ifaçısı arasında yüksək beynəlxalq
mükafatlara da layiq görülübsə, bu, yalnız Azərbaycan
muğamlarının uğurudur.
Alim Qasımovdan əvvəl də muğam
ifaçıları Avropada konsertlər verib. Onlar dinlənilib,
alqışlanıb, qrammofona yazılıb... Lakin
Alim Qasımov muğamı Avropaya əsrarəngiz Şərq
eqzotikası kimi təqdim edib. Bu eqzotik
gözəlliyin cilvələrini duyduqca, heyrətamiz səsin
əlvan sehrinə düşdükcə, qoca Şərqin nəfəsini,
havasını udurmuş kimi avropalılar sanki muğamatın
səcdəsinə düşüblər. Fransanın minlərlə tamaşaçı tutan
konsert salonlarında istedadlı Azərbaycan xanəndəsi
özünəməxsus, orijinal tərzdə bir muğam
aurası yarada bilib. Şərq klassiklərini
- Nizamini, Nəsimini, Füzulini, Xaqanini, Seyyid Əzimi, Vahidi tərcümansız-filansız
musiqinin dili ilə qərblilərə sevdirən xanəndəyə
bənzərsiz bir muğam ifaçısı kimi bağlanıblar.
Onu az qala Şərqin əbədi məhəbbət
dastanının qəhrəmanı olan Məcnun kimi sevirlər.
Gözəl sənətçimiz isə ifadəsi
mümkün olmayan qəribə bir atəşlə muğam
və təsniflərimizi, xalq və bəstəçi
mahnılarımızı çox orijinal tərzdə
dünyaya yaymaqdadır.
Ən maraqlısı isə budur ki, vaxtı ilə
müsəlman Şərqinin yeni musiqisinin banisi dahi Üzeyir
bəy Hacıbəyli ölməz musiqi əsərləri ilə
Avropanı Azərbaycana tanıtmışdı. Bundan 100 il
sonra Alim Qasımov möhtəşəm və orijinal
ifası ilə Azərbaycan muğamlarını Avropaya - Qərb
dünyasına tanıtmaqdadır.
Əsrimizin muğam sultanı hesab edilən Alim
Qasımov sanki bu gün Şərqdən Qərbə
doğru qədim İpək yolunda ahəstə gedən
karvanın saribanı kimi muğam kəhkəşanımızın
zəngin incilərini dünyaya nümayiş etdirməkdədir. Alimin
ifasını dərk etmək üçün
muğamatın alimi olmaq gərəyi yoxdur. Alimin muğamatını dərk etmək gərəyi
var. Deyirlər ki, qəlbləri riqqətə gətirən
gözəl musiqinin sərhədi, tərcümanı olmur.
O qulağa deyil, məhz qəlbə, ruh dünyasına
süzülür.
Musiqi bilicilərinin dili ilə desək, musiqi həqiqətdir,
muğam isə onun istinadgahı, məbədidir. Muğamlarımızın
orijinal ifaçısı haqqında Londonun "Tayms” qəzetinin
yazdığı kimi: "Qasımovun ecazkar səsi zildə
səslənirdi. Virtuoz ifa texnikası və
gəzişmələr dinləyicini valeh edirdi. Musiqi sədaları
pərdə-pərdə qalxıb-endikcə, xanəndə də
dərin və təsirli emosional rezonansı gücləndirərək
dil sərhədlərini aşırdı, halbuki, o, Azərbaycan
dilində oxuyurdu...”.
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli
orijinal ifası ilə qərblilərin xüsusi rəğbətini
qazanmış Alim Qasımov haqqında belə deyir:
"Görünür, xanəndənin nəinki virtuoz səsi,
onun ifa manerası, muğamlarımızı özünəməxsus
şəkildə təqdim etməsini Qərb aləmi daha
yaxşı dərk və qəbul edir”.
Mükəmməl
ata...
Sənətinə qarşı məsuliyyət bəzən
onu ailə qayğılarından uzaq tutmağa məcbur edib. Bəzən
o, yalnız sənəti barədə düşünüb,
vaxtını, əməyini yalnız səhnəyə sərf
edib. Kasıb əyalət oğlanının çətin
həyat tərzi bu gün bir çoxları üçün
adi görünsə də, bəzən yatmağa yeri, toy etməyə pulu olmyıb Alim Qasımovun. Onun Alim Qasımov olaraq ad qazanmasında, sənətinin pik nöqtəsinə çatmasında bir insanın da böyük rolu olub. Xalq artistinin həyat yoldaşı ona təkcə ömür-gün yoldaşı deyil, həm də dost, sirdaş olub. Bu dostluq ailəni həm sevincli dəqiqələrində, həm acılarında bir arada saxlaya bilib. Alim Qasımov həm də mükəmməl atadır. Övladlarına qarşı səmimi, eyni zamanda tələbkar olan ata olub Alim Qasımov. Onun Fərqanəsi isə təkcə ata-övlad münasibətinin ən gözəl nümunəsi deyil. Yeni zamanda ata-bala tərəf-müqabili olaraq biri-birini sənət aləmində tamamlaya biliblər. Fərqanə Qasımova da səsi, ifası, səhnə mədəniyyəti ilə Alim Qasımov adının məsuliyyətini tam dərk edib. Beləcə, Alim Qasımov illər sonra böyük ürəklə Fərqanə ilə fəxr etdiyini dilə gətirməyə cəsarət tapıb. Bu isə hər atanın yaşaya biləcəyi sevinc deyil.
Tahirə Məmmədqızı
Şərq.-2013.-
26 oktyabr.- S.9;14.