NƏRIMAN NƏRIMANOVUN AZƏRBAYCAN HAQQI...

 

     Onun qəbrinin köçürülməsinin tərəfdarı da, əleyhdarı da var

 

Moskvanın "Qızıl Meydan”ında, Kreml divarları yaxınlığındakı qəbirlər köçürüləcək. Ümumən Lenin mavzoleyinin arxasında yerləşən və nekropolda 116 nəfərin dəfn olunduğu məzarlığın köçürülməsinin Azərbaycanla bağlılığı odur ki, görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun məzarı da Kreml divarları yaxınlığındadır. Qeyd edək ki, N.Nərimanovun məzarının Azərbaycana gətirilməsi dəfələrlə müzakirə mövzusu olub. Bununla razılaşanlar da olub, əleyhinə çıxanlar da. Yenə də bəzi ictimai xadimlər Nərimanovun məzarının ölkəyə gətirilməsini məqbul saymasa da, digərləri bunu zəruri hesab edir. Ədibin məzarının ölkəyə gətirilməsinin tərəfdarı olan və Nərimanovun Azərbaycan tarixi qarşısındakı fəaliyyətləri haqqında arxiv sənədlərini araşdıran tarixçi Musa Qasımlı hesab edir ki, bu məsələyə tarixə üzvi sürətdə, vəhdət və varislik nöqteyi-nəzərindən yanaşılmalıdır. Əks halda bununla sovet dövrü tariximizin üzərindən xətt çəkmiş olarıq. Musa Qasımlının sözlərinə görə, Nəriman Nərimanovdan imtina etmək qətiyyən doğru deyil: "Başqa yerə köçürüləcəksə, mütləq Nəriman Nərimanovun məzarı Azərbaycana gətirilməli və Fəxri Xiyabanda yenidən torpağa tapşırılmalıdır. Çünki Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi daha məqsədəuyğundur”. N.Nərimanovun Qızıl meydanda dəfn olunmuş ilk və yeganə azərbaycanlı dövlət və siyasət adamı olduğunu vurğulayan millət vəkili, onun məzarının Azərbaycana gətirilməsinin tərəfdarı olduğunu deyib: "Çünki sovet Azərbaycanının ilk baş nazirixarici işlər naziri olub. Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yerlərdən birini tutub. Nəriman Nərimanov təkcə dövlət və siyasət deyil, eyni zamanda ədəbiyyat adamıdır, maarifçidir. Azərbaycanda ilk ictimai qiraətxananı o açıb. Əsərləri uzun illər boyu dərsliklərə salınıb. Lakin Nəriman Nərimanovun həyatının son illəri Mərkəzi hökumət tərəfindən daim gözdən salınıb. Sanki Azərbaycan xalqına deyilib ki, "Sən böyük dövlət və siyasət adamı yetişdirə bilməzsən”. Sonrakı dövrlərdə Nəriman Nərimanov yalnız yazıçı kimi təqdim edilib. Yalnız 50-ci illərin ortalarından etibarən Nəriman Nərimanov haqqında dövlət və siyasət adamı kimi ilk əsərlər yazılmağa başlanıb. Nəriman Nərimanovun haqlı olan adını Heydər Əliyev qaytarıb. 1970-ci ildə anadan olmasının 100 illiyi münasibəti ilə Nərimanova Bakıda abidə qoyulub. Bakının rayonlarından birinə onun adı verilib. Paytaxtımızda Nərimanovun adına prospekt və küçə var. Azərbaycanın rayonlarında adına qəsəbə var. Biz tariximizə varisliklə baxmalıyıq. Sovet dövrü tariximizin bir hissəsidir. Azərbaycan SSR müstəqil olmasa da, formal olaraq SSRİ-ni təşkil edən müttəfiq respublikalardan biri idi. Biz öz tariximizə sahib çıxmalıyıq və Nərimanovun məzarının Azərbaycana gətirilməsində və Fəxri Xiyabanda dəfn edilməsində heç bir qəbahət görmürəm.

Nərimanovun siyasi fəaliyyətinin bir motivi olub...

Hazırda Azərbaycanda Nəriman Nərimanova birmənalı münasibətin olmamasını təbii hal kimi dəyərləndirən N.Nərimanov irsinin dərin araşdırıcısı, "Nəriman Nərimanov - ideal və gerçəklik” kitabının müəllifi Firdovsiyyə Əhmədova da Modern.az-a açıqlamasında bildirib ki, öz xalqına, geniş coğrafiyada isə Şərq xalqlarına bütün ömrü boyu xidmət etmiş Nərimanovun məzarının Azərbaycana köçürülməsi reallaşarsa, bu, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. O qeyd edib ki, belə bir şəxsin nəinki məzarına, onun siyasi fəaliyyətinə münasibətdə də ölçülü-biçili bir münasibət olmalıdır. "Dövlət səviyyəsində məzarların köçürülməsi məsələsi müzakirə olunarkən, ayrı-ayrı xalqlara mənsub olan şəxsiyyətlərin köçürülməsi zamanı dövlət səviyyəsində qərar verilməlidir. Təbii ki, əgər Nəriman Nərimanovun məzarı Azərbaycan Respublikasına köçürüləcəksə, fəxri şəkildə həmin məzar özünün yerini tapmalıdır. Əks halda hər hansı bir həqarətə, başqa münasibətə məruz qalacağı təqdirdə məzarın köçürülməsi yolverilməzdir. İndiki Azərbaycan dövlətinin Nərimanovun şəxsiyyətinə olan münasibəti kontekst ində əgər onun məzarı köçürüləcəksə, bu, yüksək səviyyədə öz həllini tapacaq”. Firdovsiyyə Əhmədova eyni zamanda Azərbaycanda Nərimanovun ziddiyyətli şəxsiyyət hesab edilməsinin, məzarının köçürülməsi ideyasının necə təsir edəcəyi fikrinə də münasibət bildirib. "Nərimanov özünün ictimai-siyasi fəaliyyəti baxımından ziddiyyətli şəxsiyyət deyil, sadəcə, Nərimanovun siyasi fəaliyyətinə görə birmənalı münasibətin olmaması cəmiyyətdə o ziddiyyətlilik fikrini doğurub. Bu da Nəriman Nərimanovun Azərbaycan istiqlaliyyəti dövründə, Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti ilə bağlı ortaya çıxan məqamdır. Qeyd etmək lazımdır ki, Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinə deyil, Cümhuriyyət dövründə vəzifədə olmuş insanların xalqın mənafeyini həqiqətən ifadə etməsi baxımdan müxalif mövqedə dayanıb. Hələ XX əsrin əvvəllərindən Nərimanov "respublika”, "cümhuriyyət” quruluşunun tərəfdarı olmuş bir şəxsdir. Onun siyasi fəaliyyəti ilə yanaşı, zəngin ictimai məzmunlu fəaliyyəti olub. Nərimanovun siyasi fəaliyyətinin bir motivi olub: insanın insan tərəfindən istismarına yol verməmək. Bu proqramı isə o, Rusiya sosial demokratların proqramından götürüb”.

Kommunistlər Nərimanovun nəşinin Azərbaycana gətirilməsinə qarşı çıxdı

Kommunist Partiyasının sədri Rauf Qurbanov Nərimanovun nəşinin Azərbaycana gətirilib Fəxri Xiyabanda basdırılmasının əleyhinə olduğunu deyib: "Nərimanovun nəşi, Kremlin divarlarındadır. Məzarın oradan çıxarılıb ölkəmizə gətirilməsi o qədər də məqsədəuyğun deyil. Nərimanovun Kremldə basdırılması, Azərbaycanın sovetlər dönəmində hansı səviyyədə olmasının göstəricisidir. Bir azərbaycanlı olaraq fəxr eləməyə dəyər ki, Nərimanov kimi bir şəxsiyyət Kremlin divarlarında öz yerini tapıb.

R.Qurbanovun sözlərinə görə, Fəxri Xiyabanda kifayət qədər tanınmış insanların məzarı olduğundan N.Nərimanovun nəşinin Azərbaycana gətirilməsini istəmir. O, Sovet dövrünün dahi şəxsiyyətləri ilə Nərimanovun qəbrinin bir sırada olmasını daha əhəmiyyətli sayır.

ASDP sədri Araz Əlizadə isə öz həmkarının dediklərinin tam əksini söyləyib. "Nərimanovun məzarı Azərbaycanda olsa, daha yaxşı olar. Nərimanov bizim xalqın fəxridir. Xalqımız onun xatirəsini həmişə əziz tutmalıdır. Ona görə qəbri Azərbaycanda olsa, daha çox insan onu tanıyar”.

Nərimanovu tarixi şəxsiyyət kimi sərt mühakimə ilə qəbul etməyin doğru olmadığını deyən millət vəkili Fazil Mustafa da onun məzarının ölkəyə gətirilməsini vacib sayır:

"Ümumiyyətlə, Azərbaycan 9 milyonluq bir xalqın tarixə münasibətində çox aqressiv və sərtlik ortaya qoymamalıdır. Həddən artıq mühakimə, həddən artıq silmə, yox etmə anlayışı ilə tariximizə başlasaq, yanaşmağa sağlam, yaxud da bizi qane edən şərtləri tək-tük seçib ortaya qoya bilərik. Ona görə də bir az bu barədə xoşyönlü danışmağa ehtiyac var. İdeyasını qəbul etməyə bilərsən, tarixi addımlarını tənqid edə bilərsən, təftiş edə bilərsən, amma vəfat edəndən sonra hər halda azacıq Azərbaycan cəmiyyətində haqqı varsa, bu haqqın üstündən sükutla keçmək olmazonu öz vətəninə qaytarmaq hər halda xeyirxah, doğru bir addım olar. Bu baxımdan Nərimanovun məzarının Azərbaycana köçürülməsi təklifinin tərəfdarıyam”.

 

 

Şəymən

 

Şərq.-2013.- 3 sentyabr.- S. 8.