"Mətbuatın bir-birini təkrarlaması məni narahat edir"

 

Məzahir Süleymanzadə: "Heç bir jurnalist deyə bilməz ki, filan şeydən yazmaq istədim, icazə vermədilər"

 

Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"

 

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin imzası oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanışdır. O, bu mülkün ən halal sahiblərindən biridir. Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib.

     

 Otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır. Onun yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir. Amma bunların hamısını bir məcrada birləşdirərək oxucu marağına səbəb olmaq qüdrətinin yalnız bir adı və möhkəm dayağı var: Qələm!

  Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla oxunub, rəğbətlə qarşılanıb. Həm peşəkarlıq, həm də istedad, üstəgəl səriştə, təcrübə - bütün bunlar birləşərək məhz Məzahir Süleymanzadə imzasını oxuculara sevdirə bilib.

  Məzahir Süleymanzadə bugünkü mətbuatın durumu, söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata verilən dəyər haqqında fikirlərini "Şərq"lə bölüşüb. Ahıl jurnalistlər Məclisinin sədr müavini mətbuatın mövcud durumunu o qədər müsbət qiymətləndirməsə də, əvvəlki illərə nisbətən xeyli irəliləyişlərin olduğunu vurğulamağı da unutmayıb:

  - Bir mütəxəssis kimi kənardan baxanda hazırkı vəziyyət məni qane etmir. Amma 5-6 il əvvələ baxanda yaxşıdır, xeyli irəliləyişlər var. Bunun fonunda da gələcəyə nikbin baxmaq olar. Xatırlayırsınızsa, 5-6 il bundan əvvəl mətbuatda qarışıqlıq çox idi. Ümid edirdik ki, gələcəkdə müəyyən ələnmə gedəcək, tənzimlənmə işləri aparılacaq. Çünki bütün bu proseslər zamanın işidir. Konkret bir qərar və sərəncamla həll olan məsələ deyil. Sözsüz ki, zaman özü öz sözünü deyir və hökmünü verir. Mətbuat da zamanla ayaqlaşmağa məcburdur.

  - Nədir sizi qane etməyən məsələlər?

  - Bu gün məni ən çox narahat edən məsələ qəzetlərin sayının həddindən artıq çox olmasıdır. Yəni qəzetlərin sayı çox, sanbalı yoxdur. Hamısı bir-birinin eyni, bənzəridir. Sovet dövründə "Kommunist" qəzetində redaktor müavini olmuşam. Hansı ki, ölkənin birinci qəzeti idi. Və bir milyona yaxın tirajla nəşr olunurdu. "Kommunist"lə yanaşı, ölkədə "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski raboçi", "Vışka" kimi qəzetlər də nəşr olunurdu. Və bu qəzetlərin hər biri kommunist ideologiyasına xidmət eləsə də, bir-birindən çox kəskin şəkildə fərqlənirdi. Həm tərtibatına, həm üslubuna, həm də əhatə dairəsinə, cəmiyyətə, oxuculara münasibətinə görə. Elə bu səbəbdən də o vaxtları qəzetlər oxunurdu. Əhali qəzetlərdə yayılan məlumatlara çox ciddi yanaşırdı. Və hər sayı maraqla gözləyirdilər. Amma çox təəssüf ki, indiki qəzetlər bir-birinə çox bənzəyir. Məclisin sədr müavini olduğum üçün Mətbuat Şurasına tez-tez yolum düşür. Sakit bir guşəyə çəkilib hər gün köşklərdən ala bilmədiyim qəzetlərin böyük bir qisminin mütaliəsi ilə məşğul oluram. Və həmin qəzetlərə bəzən bir oxucu, bəzən də bir mütəxəssis kimi yanaşıram. Lakin bütün hallarda qəzetlərin eyniliyi nəzərimdən qaçmır. Bu da ondan irəli gəlir ki, qəzetlərin öz sözü, öz fikri azdır. Demək olar ki, hamısı məlumatları internet portallarından alır. Bəzən sərlövhəni dəyişmək, bəzən də cüzi ixtisarlarla bütün qəzetlər eyni materialı verirlər. Nəticədə də mahiyyət dəyişmir. Oxucular da haqlı olaraq bir neçə qəzet almaqdansa, bir qəzet almağı üstün tutur. Çünki aşağı-yuxarı materiallar bir-birinin eynidir. Mən mətbuatda bölgü aparmaq istəmirəm və bunun da əleyhinəyəm. Ancaq mövcud situasiyaya uyğun olaraq, iqtidar, müxalifət və müstəqil qəzetlərə xitabən demək istəyirəm ki, özləri olmağa, özlərini fərqləndirməyə çalışsınlar. İqtidarı təmsil edən qəzetlərdəki yazıların 90 faizini "azərtac"ın verdiyi materiallar təşkil edir. Müstəqil qəzetlərdə də mənzərə təxmini eynidir. Müxalifət qəzetlərində isə müvafiq orqanlardan və xarici mətbuatdan alınan mənfi çalarlı materiallar əks olunur. Sözsüz ki, seçilən qəzetlər var. Öz jurnalistlərinin fərdi yaradıcılığı və hadisələrə fərqli yanaşma baxımından fərqlənən qəzetlər var. Amma çox təəssüf ki, belə qəzetlər azlıq təşkil edir.

   - Mətbuatda söz, fikir azadlığı qaneedicidirmi?

   - Bu gün Azərbaycan mətbuatında kifayət qədər söz və fikir azadlığı var. Kim nə istəyir, onu yazır. Kim necə düşünür, o cür də öz fikirlərini ifadə edir. Bu sahədə jurnalistlər üçün heç bir məhdudiyyət hiss eləmirəm. Bir jurnalist kimi nə istəmişəm, onu da yazmışam və o cür də qəzetlərdə dərc olunub. Əslində hər şey müəllifin məsələyə münasibətindən asılıdır. Hər bir jurnalistin özünün daxilində bir senzura olmalıdır. Æurnalist kimisə tənqid edən zaman öz fikirlərini təhqir səviyyəsində ifadə etməməlidir. Yəni jurnalistlərin peşə etikası və kodeksini gözləməlidir. Bu əməllərə riayət edən söz sahibinin sözünə isə heç kəs məhdudiyyət qoymamalıdır və qoyulmur da. Heç bir jurnalist deyə bilməz ki, filan şeydən yazmaq istədim, icazə vermədilər. Düzdür, bir jurnalistin fikirləri onun çalışdığı qəzetin "yolu"na uyğun olmaya bilər. Bu zaman həmin jurnalist başqa bir orqanda öz fikirlərini dərc edə bilər.

   - Yeri gəlmişkən, "Diffamasiya haqqında" qanuna necə baxırsınız?

   - Hesab edirəm ki, bu qanunun qəbuluna ehtiyac var. Deyilən söz nə qədər kəsərli, hətta həqiqətdən uzaq da olsa, ona görə cinayət işi açılması düzgün deyil. Axı bu söz daş deyil ki, kiminsə başını yarsın, gözünü çıxartsın. Hər hansı bir yazıya görə jurnalistləri məhkəməyə vermək, həbsxanaya salmağı heç də düzgün hesab etmirəm. Ola bilər ki, kimsə təcrübəsizlikdən, kimsə mülahizələr fonunda həmin yazını yazsın. İnanıram ki, yaxın zamanlarda "Diffamasiya haqqında" qanun qəbul olunacaq. Və hər şey öz yerinə oturacaq. Amma bir şey də var ki, gərək bu qanun jurnalistlərin əl-qolunu açmasın. "Diffamasiya haqqında" qanun o demək deyil ki, jurnalistlər istədiyi yazını yaza, istədiyi adamı təhqir edə bilərlər. Bu hüquq jurnalistlərə verilmir. Hər şeydən əvvəl jurnalist də bir vətəndaşdır. Əlində qələm olsa belə! Cəmiyyətin bütün üzvləri kimi mövcud qanunlar ona da aiddir. Və jurnalistlər öz nüfuzunu, işlədiyi orqanın adını qoruyub saxlamağı bacarmalıdır. Hesab edirəm ki, Azərbaycanda elə bir şərait yaradılmalı idi ki, heç "Diffamasiya haqqında" qanuna ehtiyac qalmazdı. Bu şəraiti də jurnalistlər özləri yaratmalı idi. Onların heç birinin adı məhkəmə çəkişmələrində hallanmamalı idi.

    - "Reket" jurnalistikasına qarşı aparılan mübarizə sizi qane edir?

    - Bu sahə ilə bağlı MŞ-də xüsusi komissiya da yaradılıb. Və komissiyanın üzvləri vaxtaşırı olaraq, müraciətlərə baxıb, monitorinqlər aparırlar. Sözün açığı, "reket qəzet" ifadəsini eşidəndə, bir mətbuat nümayəndəsi olaraq, utanıb, xəcalət çəkirəm. Düşünürəm ki, mətbuatımıza ləkə gətirən bu cür ifadələr dilimizdə işlədilməməlidir. Əgər Azərbaycanda "reket qəzetçilik" varsa, bu bizim, çiyinlərində müəyyən qədər yük daşıyan mətbuat nümayəndələri, ziyalıların günahıdır. Axı bu "reket jurnalist" sözü niyə olmalıdır ki! Deməli, biz hardasa səhv buraxmışıq ki, bu söz mətbuata sızıb və özünə yuva salıb. Ancaq inanıram ki, qəzetlər birləşib, kollektivləri böyüyüb püxtələşdikcə, peşəkarlaşdıqca, bu söz də onların kölgəsində, öz-özünə sıradan çıxıb-gedəcək. Biz də ara-sıra bu ifadəni təbəssümlə xatırlayacağıq. Çünki reketlik edənlərin heç biri jurnalist deyil. Sadəcə cəmiyyətimizdə mövcud olan çatışmazlıqlar ucbatından onlar mətbuata sızıblar. Yəni bəzi adamlar üçün kimisə şantaj edib, pul qazanmaq asan yol olduğu üçün hərə bir qəzet açıb. Qəlbən jurnalist olan bir peşə sahibi heç vaxt bu cür ucuz işlərlə məşğul olmaz. Bunlar özlərini heç yerdə tapa bilməyən, özlərini cəmiyyətdə təsdiq edə bilməyən insanlardır. "Reket" qəzetlərin adına bir fikir verin. Görün, necə gülünc adlardır. "İctimai, siyasi, hüquq" qəzeti var. İçini açıb baxırsan ki, 16 səhifənin 12 səhifəsində poeziya nümunələri, şeirlər dərc olunub. Adama deyən gərəkdir ki, hüquqdan, siyasətdən başın çıxmır, niyə qəzet açırsan? Uzun sözün qısası, bir axındır. Əlbət ki, sonu olacaq. Dağdan gələn sel özü ilə daş-kəsək, qum-çınqıl gətirib, böyük bir gurultu yaradır. Yəqin ki, bu gurultunun da bir sonu olacaq. Zaman hər şeyi həll edəcək, cəmiyyət özü-özünü tənzimləyəcək.

    - Mətbuat 4-cü hakimiyyət statusunu qoruya bilirmi?

    - Yox. 4-cü hakimiyyət termini özünü sovet dövründə daha çox doğrulda bilmişdi. Æurnalistlər bu rolu o vaxtları daha yaxşı oynayıblar. Nəinki indi. Həmin dövrlərdə "Kommunist" qəzetində gedən bir tənqidi yazıya görə ölkə rəhbəri redaksiyaya zəng edib, öz tənqidini bildirirdi. İndi hansı yazıya görə aidiyyəti orqan ciddi münasibət bildirir. Münasibət bildirmək o deməkdir ki, həmin materialdakı məsələ sözün həqiqi mənasında öz həllini tapır, nöqsanlar aradan qaldırılır. Amma indi nə iqtidar, nə də müxalifət qəzetlərində gedən tənqidi yazılara rəsmi münasibət olur. Yazılar, tənqidlər olur. Amma nəticəsiz qalır, problem öz həllini tapmır. Ona görə də biz 4-cü yox, heç 14-cü hakimiyyət də deyilik.

    - Çap mediasının sıradan çıxacağı barədə söhbətlər var. Nə dərəcədə doğru hesab edirsiniz?

    Çap mediası heç vaxt sıradan çıxmayacaq. Elektron medianın bizdən daha artıq inkişaf etdiyi ölkələr var. Həmin ölkələrdə çap mediası hələ də öz gücünü saxlamaqdadır. Odur ki, bütövlükdə qəzetlərin səhnədən getməsinə, sıradan çıxmasına inanmıram, ola bilsin ki, bütün qəzetlərin internet versiyası yaranacaq, onlayn qəzetlər artacaq, amma kağız qəzetlər tamamilə yox olmayacaq. Elektron media bir qədər etibarsız mənbədir. Orada nə istəsən, yaza bilərsən. Hətta elə saytlar var ki, heç kəs oradakı məlumatların həqiqət olduğuna inanmır. Həm də ki, Azərbaycanda elektron media KİV hesab olunmur və heç bir qanunla onların fəaliyyəti tənzimlənmir. Doğrudur, operativlik baxımından qəzetlər elektron mediaya uduzur. Amma çap məhsulunun aurası tamam başqadır. Onlar daha çox etibara sahibdirlər. Bu baxımdan qəzet çox praktikdir və klassik variantdır. Kağız məhsulunun özünəməxsus aurasına görə, inanmıram ki, qəzetlərdən tam imtina etsinlər. Praktiklik baxımından qəzet mövcudluğunu itirməyəcək. Əslində yeni nələrsə meydana gələndə, həmişə ənənəvi mövcud olanı itirməklə bağlı bir qorxu yaranır. İndi də onlayn jurnalistikanın inkişafı təbii olaraq qəzetlərin, çap mətbuatının ləğv olunması qorxusunu yaradır, amma fikrimcə, əbəs yerə ehtiyatlanırlar. Qəzetlərə hər zaman ehtiyac olacaq. Amma bu qədər qəzetə də yox. Mənə elə gəlir ki, 15-20 ciddi qəzet saxlayıb, onların hərtərəfli inkişafını təmin eləmək daha effektiv olar.

      - Bəs siz informasiyanı daha çox haradan alırsınız?

      - Ən çox televiziyalardan. Demək olar ki, bütün xəbərləri izləyirəm. Xüsusən də xarici ölkə telekanallarını izləyirəm. Hesab edirəm ki, Azərbaycanda da 24 saat xəbər verən, informasiya ötürən telekanalların açılmasına ehtiyac var. Və mənə lazım olan informasiyanı qəzetlərdən ala bilmədiyim üçün də çox təəssüflənirəm.

      - Jurnalistlərin sosial durumu hansı səviyyədədir?

      - Jurnalistlərin sosial durumu çox acınacaqlı vəziyyətdədir. Hesab edirəm ki, onlar narazılıq etməkdə çox haqlıdırlar. Çünki jurnalistlər bu gün cəmiyyətin ən az maaş alan, ən az diqqət ayrılan zümrələrindən biridir. Dövlətimiz tərəfindən jurnalistlərə mənəvi qayğı göstərilir. Vaxtaşırı fəxri adlar, mükafatlar verilir. Amma hələ ki, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşması istiqamətində mühüm addımlar atılmayıb.

      KİVDF-nin yaradılması təqdirəlayiqdir. Həmin fond tərəfindən müsabiqələr keçirilir, qəzet redaksiyalarına müəyyən yardımlar edilir. Bütün bunlar irəliyə doğru addımlardır. Amma ümumilikdə baxsaq, Azərbaycan jurnalistlərinin böyük hissəsinin evi, digər lazımi təminatları yoxdur. Æurnalistlər üçün tikiləcək evi alqışlayıram, amma bu çox azdır. Hesab edirəm ki, bir yox, bir neçə belə binaya ehtiyac var.

      - Mövcud problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?

      - Bu problemlərin həlli üçün xeyli işlər görülür. Arxada qoyduğumuz il ərzində Azərbaycanda mətbuat mövzusunda nə qədər beynəlxalq tədbirlər keçirildi. Eyni zamanda xaricdə keçirilən toplantılarda bizim bəzi nümayəndələrimiz iştirak ediblər. Hər şey gör-götür dünyasıdır. Beynəlxalq praktikada yaxşı nə varsa, öyrənib tətbiq eləmək lazımdır. Onu da deyim ki, jurnalistlərin problemlərinin həlli istiqamətində MŞ-nin fəaliyyətini müsbət dəyərləndirirəm. Onlar 24 saat jurnalistlərimizin taleyi ilə maraqlanır, mövcud problemlərin həlli üçün müxtəlif təşkilatlara müraciətlər edirlər. Sadəcə 90-cı illərdən bəri o qədər qarışıqlıq yaranıb ki, edilən cəhdlər, görülən işlər bütövlükdə problemlərin həllinə bəs eləmir. Amma ruhdan düşmək yox, bu işləri davam etdirib, istədiyimizə nail olmalıyıq.

  

  

     Şəymən.

 

    Şərq.-2013.-12 yanvar.-S.-7.