Balaca oxucular...
Uşaq mətbuatı məktəbli
uşaqların dünya görüşünə
böyük təsir edir
Layihənin istiqaməti: "Fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi"
Azərbaycan mətbuatının
ən böyük istiqamətlərindən biri də uşaq
mətbuatıdır. Yaxşı deyilib ki, uşaqlar bizim gələcəyimizdir.
Güclü və sağlam gənclik isə gözəl gələcəyin
ən yaxşı təminatçısıdır. Bu sahənin
yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir,
A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev,
A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və
yazıçıların əvəzedilməz xidmətləri
olmuşdur. Onlar bədii yaradıcılıqla yanaşı,
müəllimlik edir, dərslik, dərs vəsaitləri və
proqramlar hazırlayır, dövri mətbuatda fəal
iştirak edirdilər.
Ziyalıları düşündürən
vacib məsələlərdən biri də yeni üsullu məktəb,
yeni tələblər səviyyəsində uşaq əsərlərinin
yaradılması idi. Yeni üsullu məktəblərdə tədris
olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə,
zövqünə uyğun şeir və hekayələr, tarixi
hadisələrə dair bədii oçerklər geniş yer
tuturdu. Ətrafına demokratik və maarifpərvər
yazıçıları toplayan, qabaqcıl meylləri və
realist ideyaları təbliğ edən nəşrlərlə
("Molla Nəsrəddin", "Zənbur", "Babayi-əmir",
"Məzəli" və s.) bərabər ilk uşaq
jurnalları - "Dəbistan" (1906-1908), "Rəhbər"
(1906-1907), "Məktəb" (1911-1920) uşaq mətbuatının
inkişafına geniş yol açdı. Maarifpərvər
M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər"
jurnalının də məqsəd və məramı yeniyetmələrin
təlim və tərbiyəsi idi. Əsasən pedaqoji-tədris
təmayüllü bu jurnallarda məşhur ədəbiyyatşünas
F.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbati
haqqında ədəbi-tənqidi oçerklərin, S.M.Qənizadənin
"Körpə uşaqların tərbiyəsi" adlı təlim-tərbiyə
üsullarından bəhs edən silsilə məqalələrinə
geniş yer verilmiş, M.Ə.Sabir və A.Səhhətin
dünya ədəbiyyatından tərcümələri
çap edilmişdir. "Dəbistan" və "Rəhbər"ə
nisbətən "Məktəb" (1911-1920)
jurnalının ömrü uzun, mündəricisi zəngin
olmuşdur. Maarifpərvər mühərrirlərdən
Q.R.Mirzəzadə və Ə.T.Əfəndizadənin təşəbbüsü
ilə nəşrə başlayan "Məktəb"
jurnalının istiqaməti haqqında baş məqalədə
deyilirdi: "Bizim bu "Məktəb"i nəşr etməkdə
məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə
acizanə bir xidmətdir. "Məktəb"i oxuyacaq
şagirdlərin biliyi geniş bir dairə olarsa, o vaxt biz də
məqsədimizə yetişmiş olarıq". "Məktəb"
jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin
təhsil, təlim və tərbiyəsinə xidmət
etmişdir. Jurnalın səhifələrində çap edilən
əsərlərin əksəriyyətində elmin və məktəbin
rolu təqdir olunur, yeni nəslin tərbiyəsində yeni
üsullu məktəblərin tərbiyə üsulları
inandırıcı boyalarla təbliğ edilirdi. "Məktəb"
jurnalının səhifələrində müəllimlər,
ədəbiyyat həvəskarları, maarifpərvər
ziyalılarla bərabər, dövrünün
tanınmış ədib və şairləri yaxından
iştirak edir, onun səhifələrində şeir və hekayələrini
çap etdirirdilər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət,
A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov və
digər şair və yazıçılar "Məktəb"
jurnalının səhifələrində vaxtaşırı
çıxış etmişlər.
Azərbaycan uşaq nəşrinin təşəkkülü əslində uşaq mətbuatının yaranması ilə əlaqədardır. İlk uşaq mətbuatı- "Maarif", "Qırmızı günəş", "Aydınlıq", "Qızıl Şərq", "Qızıl gənclik", "Gənc işçi", "Məktəb", "Pioner" və s. qəzet və jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə və başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplamışdı. Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı surətlə inkişaf etmişdir. Hazırda "Göyərçin", "Tumurcuq", "Xurcun", "Elli", "Bala dili", "Yuva", "Göy qurşağı" və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur.
Uzun illərin
təcrübəsi də göstərir ki,
pedaqoji yönümlü
olduğu üçün
uşaq mətbuatı gənc nəslin tərbiyəsində
mühüm rol
oynayır. Ölkədə hər hansı uşaq
qəzet və jurnalı işıq üzü
görəndə bu amillərə xüsusi diqqət yetirilir.
Bu sahədə peşəkarların
yetişməsi isə olduqca vacib məsələdir. Uşağın kitaba marağını artırmaq üçün onların öz
mətbuatı olmalıdır. Hazırda ölkədə
dövlət tərəfindən maliyyələşən 3 uşaq qəzet və jurnalı çapdan çıxır. Digər jurnallar isə müstəqil nəşr edilir. Rəqabətə davamlı olmaqdan ötrü
onların hər biri oxucuların zövqünü oxşamağa
çalışır.
Məsələn, Nigar Mənsimlinin
baş redaktoru olduğu "Xurcun" adlı uşaq və mədəniyyət
jurnalı öz rəngarəngliyi ilə digərlərindən
fərqlənir. Balaca oxucuların ixtiyarına verilən jurnalın
hər səhifəsində "Xurcunumuzdakı xəbərlər"
adlı səhifədə uşaqları maraqlandıracaq mədəniyyət
xəbərləri geniş şəkildə
işıqlandırılır. "İzlə"
başlıqlı səhifəyə isə teatr
tamaşaları ilə bağlı məlumatlar, afişalar
daxil edilir. "Təqvim yarpağı"nda jurnalın nəşr
olunduğu ayda dünyaya gələn görkəmli şəxsiyyətlərin
siyahısı təqdim olunur. Bundan başqa, jurnalın
"Can Vətən", "Əziz və şanlı məktubu",
"Səyahət", "Musiqi", "Folklor", "Mən
bir turist", "Dirədöymə" və s.
başlıqlı bölmələri də var. Uşaqlar
jurnalın hər sayını böyük maraqla gözləyirlər.
"Tumurcuq" qəzeti də
uşaqların ən sevimli nəşrlərindən biridir. Qəzetin
baş redaktoru Səməd Məlikzadə bildirib ki,
"Tumurcuq" uşaq qəzeti 1996-ci ildən balaca
oxucularının görüşünə gəlir:
"Latın qrafikası ilə çıxan ilk uşaq mətbuat
orqanıdır. Qəzetin ilk sayının işıq
üzü görməsinə xalq şairi B.Vahabzadə və
xalq yazıçısı Anar dəstək veriblər. Qəzet
əsasən aşağı sinif şagirdləri
üçün nəzərdə tutulmuşdur. Lakin
böyüklər də onu maraqla oxuyurlar.
S.Məlikzadə deyib ki,
"Tumurcuq" digər mətbuat orqanlarından fərqlənir:
"Əvvəla, "Tumurcuq" qəzeti "Günəş",
"Göyərçin", "Savalan" və başqa
uşaq mətbuatından çox gəncdir. Qəzetimizdə
türk, ingilis, rus dillərində uşaq ədəbiyyatından
nümunələr veririk. Qəzetdə dərc olunan hekayələr,
nağıllar, ədəbi materiallar dərsliklərdə
yoxdur. Bunlar uşaqlara sinifdən xaric oxu materialları kimi təqdim
olunur. Çalışırıq ki, uşaqlara mənəvi
dəyərlərimizi aşılayaq, onlarda vətənə,
torpağa, təbiətə sevgi hissi formalaşdıraq.
Bununla bağlı mütəmadi olaraq türk
xalqlarının ədəbiyyatından maraqlı mövzular
dərc edirik. Tez-tez zəngin folklor nümunələrimizə
də müraciət edirik". Baş redaktor uşaqlar
üçün yazmağın çox çətin
olduğunu da qeyd edib: "Uşaqların psixologiyasını
bilmək çox vacibdir. Bu məsələdə təkcə
bizim nəşr deyil, bütün mətbuat orqanları əziyyət
çəkir. Ona görə ki, uşaqlar üçün
yazanlar azdır. Gənclər arasında isə demək olar
ki, yoxdur. Biz özümüz arxivlərdə və digər mənbələrdə
axtarışlar aparır, materiallar toplayırıq. Bu
yaxınlarda Fikrət Qocanın uşaq şeirlərini
çap etmişdik. O şeirləri ki, Fikrət müəllimin
özü də unutmuşdur. Bölgələrdən də
davamlı olaraq ədəbi nümunələr göndərirlər.
Tacəddin Şahdağlını xüsusi ilə qeyd etmək
istərdim. Bundan başqa, Zahid Xəlil, Fikrət Sadıq,
Oqtay Rzanın uşaq şeirlərinə müraciət
edirik".
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan "Göy qurşağı" uşaq jurnalı əvvəllər "Körpəm" adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hissinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. "Göy qurşağı" Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
"ELLİ" uşaq jurnalının hazırkı tirajı 4500-5000 nüsxədir. 36 səhifəlik aylıq çıxan bu jurnal uşaq və yeniyetmələr üçün nəzərdə tutulan keyfiyyətli nəşrlərdəndir.
Jurnalın əsas rubrikaları, hekayə, komiks, ordan-burdan, islam, dünyanı dəyişdirən kəşflər, lətifələrdən ibarətdir. Jurnalın əsas məqsədi uşaqlara savad vermək, düşündürmək, onların dünya görüşlərini artırmaqdır. Jurnalda əyləncəli səhifələr də var. Bundan əlavə, jurnalda hər ay müsabiqə keçirilir və təxminən 10-15 qalib dəyərli hədiyyələrlə mükafatlandırılır. Həmçinin, jurnalın elektron versiyasında uşaqlar ən maraqlı mövzuları oxuya, asudə vaxtlarını keçirə bilərlər. "ELLİ" yüksək səviyyəli dizayna malikdir. Yayım satış və abunə vasitəsilə həyata keçirilir. Digər özünəməxsus yeri olan uşaq jurnallarından biri olan "Göyərçin" 1958-ci ildə pərvazlanaraq, ölkəmizin bütün bölgələrinə yayılıb. Onu vaxtilə oxuyanların əksəriyyəti bu gün elmlər doktoru, ictimai-siyasi xadim, məşhur qələm sahibləridir. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Xalqımızın ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcılıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, xalqımızın igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulur. Qəzet və jurnal çapından əlavə Azərbaycanda uşaq mətbuatının inkişafı ilə bağlı bir sıra layihələr də hazırlanaraq həyata keçirilir. Bir müddət əvvəl "Yeni Azərbaycan" qəzeti və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşəbbüsü ilə "Uşaq mətbuatının inkişafı" adlanan layihə reallaşıdırıldı. Layihədə mətbuatda uşaqlarla bağlı mövzulara yer ayrılması, ölkədə bu sahədə nəşr olunan jurnalların, eləcə də tele kanallar da uşaq verilişlərinin sayının artırılması kimi təkliflər yer almışdı. Qısa vaxt ərzində layihəyə əsasən uşaqların kompüterə, internet oyunlarına xüsusi həvəsləri nəzərə alınaraq, peşəkar veb-saytlar hazırlandı. Ayrıca olaraq uşaq kanalının açılması istiqamətində də işlər sürətləndirildi. Amma əldə olunmuş nailiyyətlərə baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi lazımdır. Çünki uşaqlarımız nə qədər savadlı, geniş dünyagörüşlü, əxlaqlı və intellektual olarsa, cəmiyyətimiz də bir o qədər sağlam olar.
İsmayıl
Şərq.-2013.-23 yanvar.-S.-11.