MİKAYIL MÜŞFİQİN VƏTƏN SEVGİSİ

 

Milli mənlik şüuru, azərbaycançılıq, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir”

 

Dünən böyük şairimiz, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü idi. 1908-ci ilin iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olan Müşfiq Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan şair Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son yeri hazırda onun adını daşıyan 18 saylı orta məktəb olub. Mikayıl Müşfiq yaradıcılığa 1926-cı ildə "Gənc işçi” qəzetində çap etdirdiyi "Bir gün” şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. Şair 1938-ci ilin yanvar ayının 6-da cəza tədbirləri dövründə güllələnib. Müşfiqin "Yenə o bağ olaydı”, "Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə böyük bir nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və cəmiyyətdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, azərbaycançılıq, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq ideyasının tərənnümü Müşfiq yaradıcılığının ana xəttidir. Vətənin istiqlalı, dil, söz, torpaq uğrunda apardığı söz mücadiləsindən alnıaçıq, üzüağ çıxan şair vətənin azadlığı uğrunda əsl vətənpərvər insan, vətəndaş kimi iz qoyub. Hər qarışı ecazkar, füsunkar gözəlliklər yatağı olan vətənimiz şair üçün müqəddəs bir məkandır. Onun vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərində dərdli, niskilli şairin əhvalı duyulur. Müşfiqi şöhrətləndirən və sevdirən başlıca səbəb vətən sevgisi, yurdun hər qarışından aldığı ilhamözünün əsl "vətən daşı” olduğunu dərk etdiyindən aldığı zövqdür. Vətəninin əsl vətəndaşı olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, el-obasına bağlıdır. Müşfiqin şeiri məhz xalqdan, torpaqdan güc aldığı üçün böyükdür, əzəmətlidir, müqayisə olunmazdır. Vətəninə, yurd-yuvasına bağlılıq, vətəndaşlıq pafosu onun yaradıcılığında aydın əks olunur. Milli təəssübkeşlikdən, vətənpərvərlikdən yazılmış hansı şeir nümunəsi Mikayıl Müşfiqin "Oxu, tar!” harayına çata bilər?!.

Oxu, tar, oxu, tar!

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu, tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti,

 

Alovlu sənəti!

Mikayıl Müşfiqin "Oxu tar” harayı qəlbində Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin olduğunu bilməyənlərə anlatmağa qadirdir.

Oxu, tar! Mən səndə

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə

İstəsəm, çevirə bilərəm.

Qəlblərdə gizlənən keçmişi

Bir yeni nəğmənin əliylə

Devirə bilərəm!

Oxu, tar!

Bu saat qarşında

qədər adam var!

Utanma, oxu, tar!

Mədənli Bakımın

Pambıqlı Gəncəmin,

İpəkli Şəkimin

Acısı, şərbəti

Alovlu sənəti.

Oxu, tar, oxu, tar!

Səni kim unudar?

Bütün nəsillərə hər sahədə örnək ola biləcək Mikayıl Müşfiqin, sadəcə, bu şeirini oxumaq yetər ki, bu əvəzsiz şəxsiyyətin Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın. Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin "Yenə o bağ olaydışeirini ömründə bircə dəfə olsa eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o, yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən xalq yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, ümumilikdə cəmiyyətin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri yəqin ki, onun xalqın nəbzini tuta bilməsi olub. M.Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəmşeirində sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm edib:

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə,

Baxdım doludur yarlar şən qəlbili kəslərlə

Pək şad olaraq güldüm abad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Mikayıl Müşfiq Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayan bu münasibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq "Ey Dan ulduzudeyib ölkəsinin yeni baharını alqışlayırdı.

Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində.

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi,

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?

Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan götürmək üçün "qırmızı imperiyanınəlinə bəhanə vermişdi. Müşfiqi "məhşər ayağınaçəkənlər ondan bu şeirlərin əvəzini çıxırdılar, hesab sorurdular. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan heç vaxt sönməyəcək parlaq ulduz idi.

Baxdım ki, duman görməz yüksəkləri billuri,

İnsanları matəmsiz, istəkləri billuri,

Dağlar, ovalar gülşən, hər bir yeri billuri,

Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,

Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,

Sevdalı könüllərdə sevdikləri yar vardır,

Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Cəmi 30 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə yaşlı bir qocanın belə ömrünə sığışmayacaq qədər şeirlər irsi qoyan M.Müşfiq Azərbaycan xalqının milli özünüdərkində ən böyük rollardan birini oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar.

 

Şəymən

Şərq.-2014.- 6 iyun.- S.11.