GƏNC ŞAİR …
BƏLKƏ
ELƏ BUNA GÖRƏ GƏNCLƏR DƏ ONU ÇOX
BƏYƏNİRLƏR
Qismət: “Vaqif Səmədoğlunun ədəbiyyatda qalması, şairliyi müzakirə mövzusu olacaq bir şey deyil. Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixinin faktıdır”
Qan Turalı: “Gələcək poeziyamız, məhz Vaqif Səmədoğlu poeziyası üzərində qurulacaq”
Çağdaş Azərbaycan şeirinin tanınan imzalarından biri olan Vaqif Səmədoğlu poeziyamızda estetika ilə intellektuallığın tamlığını, emosionallıqla rasionallığın sintezini yaradan bir şairdir. Sözün ən parlaq çalarları V.Səmədoğlu şeirlərində öz təcəssümünü tapır. Bu çalarlar müasir oxucunun qarşısında tənhalıq qapılarını açır, onun daxili və mənəvi aləmində tənzimləmələr həyata keçirir. Onun "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” misrası ABŞ-ın mərkəzi küçələrinin birində reklam şüarı kimi qeyd olunub. Qərb dünyasının düşüncə tərzi ilə mənəvi dünyagörüşünün bütün qanunauyğunluqları onun poeziyasının ana şüarına çevrilib.
Ölümdən çox yazdığı üçün bəzən "ölüm” şairi adlandırılan Vaqif Səmədoğlunu, demə elə ən çox narahat edən də ölümün nə olduğu imiş: "Məni ən çox o yandıracaq ki, ölüm nədir, biləcəm, amma heç kimə deyə bilməyəcəm ki, ölüm buymuş”. Şairin ən çox istədiyi isə xərçəngin ağrılarından qurtulmaqdır: "Xərçəngin ağrılarından qurtulmaq - ürəyim ən çox bunu istəyir. Çox amansız ağrılardır, amansız ağrılardır, amansız... Nə "mən ölüm” bilir, nə yalvarmaq... Gərək dərmanlar günü-gündən güclənsin”. Bütün bunları Xalq şairi mətbuata hələlik sonuncu müsahibəsində deyib. Qeyd edək ki, Xalq şairinin 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında tədbir keçirilib. Bu münasibətlə prezident İlham Əliyev Xalq şairini "İstiqlal” ordeni ilə təltif edib. 75 yaşlı şairə ən yaxşı hədiyyələrdən biri də şairin yaxın dostu Anarın yazdığı "”Balaca” Vaqifin böyük sənəti” adlı yazısıdır. Anar öz yazısında həm səmimi dost, həm də bir yazar olaraq Vaqifin yaradıcılığı və şəxsiyyəti ilə bağlı ünvanına xoş sözlər deyib: "Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır. İki dəfə iki dörddür. Bu həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən, heç bir etiraz doğurmaz. Amma bu arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var.
İndi özündən küs,
Mənim min inamım var dünyada
Xərçəngin pəncəsinə keçən Vaqif Səmədoğlu buna rəğmən öz tempindədir. Amansız xəstəliyin verdiyi ağrı-acılara baxmayaraq şair mətbuata verdiyi müsahibələrində, yazdığı şeirlərində adəti üzrə öz ironiyasından qalmır və bütün diqqəti özünə cəlb etməyi bacarır. "Allah özüm gəlim, ya kimisə göndərəcəksən” misrası isə bir daha Vaqif yaradıcılığının hansı səviyyədə olduğunu üzə çıxarmış oldu:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə
səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə
göndərəcəksən?
Vaqif Səmədoğlu
həm şair, həm də bir şəxsiyyət olaraq, xalq tərəfindən
lazımi qiymətini alıb. "Xalq şairi”, "İstiqlal”
ordeni ilə təltiflənməsi də
onun yaradıcılığının
və bənzərsizliyi
ilə seçilən,
bir çox hallarda isə aforizmə çevrilən
misralarının bəhrəsidir.
Bütün bunlardan sonra
Xalq şairinin yaradıcılığını müzakirəyə çıxarmaq,
onun haqqında rəylər almağa ehtiyac qalmasa belə, şairin yubileyi ərəfəsində
gənclərin gözü
ilə Vaqif Səmədoğlu yaradıcılığını
xarakterizə etməyi
lazım bildik. Görəsən, gənclər onun
barəsində nə
düşünür? Azərbaycan ədəbiyyatında Vaqif
Səmədoğlunun bir
çox ilklərə
imza atmış bir şəxsiyyət olduğunu vurğulayan şair Qismətin münasibəti çox müsbətdir.
Vaxtı
ilə Xalq şairi haqqında kiçik bir yazı belə yazdığını xatırladan
gənc şair Qismət hesab edir ki, Vaqif
Səmədoğlu Azərbaycan
poeziyasında ən zövqlü şairlərdən
biridir:
"75 illik
yubileyi və "İstiqlal” ordeni almağı münasibətilə
şairimizi təbrik edirəm. Allah ona uzun ömürlər
versin. Son vaxtlar Vaqif Səmədoğlunun
səhhəti ilə bağlı yaşadığı
problemlər hər birimizi kədərləndirib.
Amma onun xərçənglə
mübarizəsi və
xəstəliyin ağrılarına
qarşı mübarizəsi
hər birimiz üçün stimuldur.
O xəstə halı
ilə belə öz müsahibələrində
ironiyasından, zarafatlarından
qalmır. Sözsüz ki, onu belə görmək də bizi sevindirir.
Allahın köməkliyi
ilə tez bir zamanda sağalar
və yenidən Azərbaycan ədəbiyyatına
rəngarənglik qatar. Birmənalı olaraq, deyə
bilərəm ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında
bənzəri, təkrarı
olmayan şairdir.
Xüsusən də, poetik
üslub baxımından
onun yaradıcılıq
estetikası mükəmməldir.
O, Azərbaycan ədəbiyyatında
öz imzasını atan, iz qoyan
şəxsiyyətlərdəndir. Artıq Vaqif Səmədoğlunun
ədəbiyyatda qalması,
şairliyi müzakirə
mövzusu olacaq bir şey deyil.
Vaqif Səmədoğlu Azərbaycan
ədəbiyyatı tarixinin
faktıdır. Ədəbiyyatımıza qazandırdığı yeni
məna çalarları
və gətirdiyi yeni kodlar, üslublar,
həmçinin yanaşma
tərzinin təzəliyinə
görə ondan öyrənməli çox
şey var”.
Digər
gənc yazar Qan Turalı isə Azərbaycan ədəbiyyatında ən
çox sevdiyi şairlərdən birinin,
məhz Vaqif Səmədoğlu olduğunu
deyib:
"Vaqif Səmədoğlu
o şairlərdəndir ki,
Azərbaycan ədəbiyyatına
yeni nəfəs gətirib, ədəbiyyatımızı
yeni zirvələrə
qaldırıb. Bədii-estetik çalarla zənginləşdirib.
Sovet vaxtları çox az
çap olunsa da, onun dərc
olunan hər bir şeiri ədəbi hadisəyə
çevrilirdi. Elə indinin
özündə də
Vaqif Səmədoğlu
yaradıcılığı öz aktuallığını
saxlamaqdadır. Onun şeirləri
"qocalmır”. Bu mənada Vaqif Səmədoğlu yaradıcılığı
mənim üçün
novatorluğu ilə xarakterizə olunur. Hətta atası Səməd Vurğun klassik Azərbaycan ədəbiyyatının
parlaq nümayəndələrindən
olsa da, Vaqif Səmədoğlu hətta atasının belə estetik ziddinə getməyi bacaran şairdir. Hər nə qədər Səməd Vurğun poeziyası bu gün aktuallığını
daşısa da, gələcək poeziyamız,
məhz Vaqif Səmədoğlu poeziyası
üzərində qurulacaq.
Onun özü isə hər zaman Azərbaycan ədəbiyyatı
tarixində özünəməxsus
iz qoymuş parlaq yazıçılardan
biri olaraq qalacaq. Şairə verilən "İstiqlal”
ordeni siyasi bir mükafatdır və ədəbi-estetik məzmun kəsb etdiyini düşünmürəm.
O ayrı məsələ
ki, Vaqif müəllim Azərbaycan
Respublikasının, hətta
dünyanın ən böyük mükafatlarına
layiqdir. O bu hüququ öz yaradıcılığı və
fərqli üslubu, novatorluğu ilə əldə edib. Hesab edirəm ki, Vaqif Səmədoğlu ötən əsrin Azərbaycan şeirinə
bəxş etdiyi töhfələrdən biridir.
Ona uzun ömür, cansağlığı və
yeni, maraqlı mətnlər arzulayıram”.
Gənc
şair Emin Piri də Xalq
şairinin yaradıcılığına
yüksək dəyər
verən yazarlardandır:
"Vaqif Səmədoğlu öz ustadlığını biz gənclər doğulmamışdan çox əvvəl sübut etmiş sənətkardır. Səməd Vurğunun adıyla da tanınan şairi heç də Səməd Vurğuna görə tanımıram. Hətta Vaqif Səmədoğlu şeirini Səməd Vurğundan daha çox sevirəm və üstün tuturam. Təbii ki, bunlar mənim subyektiv düşüncəmdi. Səməd Vurğun poeziyanın dilini yaratdı, Vaqif Səmədoğlusa, həmin dilin poeziyasını. Vaqif Səmədoğlu şeirlərində emosiya, sevgi və düşüncə tərzi, ruhu indiki əksər gənclərdən daha gəncdir. Elə buna görə də onu gənc şair sayıram”.
Şəymən
Şərq.-2014.-
7 iyun.- S.5.