ŞAH İSMAYIL XƏTAİ DÖNƏMİNDƏ AZƏRBAYCAN AMİLİ

 

O, tariximizdə ilk dəfə olaraq bütün səviyyələrdə azərbaycançılıq ideyasının bünövrəsini qoydu

 

Xalqımızın tarixində əsrlər boyu vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə malik olan milyonlarla insanı həyata səsləyən vahid ideyabu ideyanı təcəssüm etdirən böyük şəxsiyyətlər çox olub. Əlbəttə, nailiyyətlərimizin çoxunu Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstəriblər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə isə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, barəsində polemikadiskussiyalar səngimək bilməsə də, onun Azərbaycan üçün əvəzsiz xidmətlərini inkar etmək olmaz. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər insan Şah İsmayıl Səfəvidən gedir.

Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl Xətai böyük dövlət xadimi və istedadlı sərkərdədir. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş dövlət yaratmış şəxsiyyətdir. Şah İsmayılın şəxsiyyətindən söhbət düşəndə bəzi həmvətənlərimiz onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür. Çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyil. Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini 2-3 səhifəlik yazıda açıb göstərmək mümkünsüzdür.

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olub. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırıblar. Şah İsmayılın fəaliyyəti haqqında həm Qərbdə, həm də Şərqdə, o cümlədən onun vətəni Azərbaycanda çoxlu müxtəlif kitablar və məqalələr yazılıb. Lakin təəssüf ki, müəlliflər heç də həmişə onun dövlətçilik xidmətlərini və uğurlarını ön plana çəkməyə, tam şəkildə və həqiqi miqyasda göstərməyə müvəffəq olmayıblar. Şah İsmayılın iranlıları türklərdən "xilas etməyə”, əzəli İran torpaqlarını birləşdirməyə çalışdığı bildirilir. Hərçənd, alimlər orta əsr mənbələri əsasında sübut etdilər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasimilli birliyini bərpa etmək məqsədi qoymayıb.

Şah İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: "Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaradıb. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə edərək, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olub”.

Məşhur tarixçi Nəsrulla Fəlsəfi İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə söyləyir və obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tuturdu. O, öz əsərlərində Şah İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirirdi. Yazırdı ki, fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl Azərbaycan dilini İran sarayının rəsmi dili edib. Hətta o özü də yalnız bu dildə şeirlər yazıb. Nəticədə Azərbaycan dili Səfəvilər sarayında elə geniş yayılıb ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qalıb”.

Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan "Dəhnamə” ("On məktub”) poemasının müəllifi deyildi. O, həm də Azərbaycan dilində dövlət fərmanları imzalayaraq, dilimizi dövlət müstəvisinə, siyasi müstəviyə keçirirdi. Bununla bağlı Petruşevskinin bir fikrini xatırlatmaq yerinə düşər: "Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi. Onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri olub. Sarayındakı hər kəs azərbaycanca danışıb”. Şah İsmayıl digər dövlət rəhbərlərinə yazdığı məktubları da doğma dilində yazıb. Ana dilinə qayğı və məhəbbətlə yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində də əksini tapıb: "Mən həmişə doğma torpağın bir parçasını qızıldan, ana dilinin bir sözünü ləl-cəvahirdən üstün tutmuşam. Qısa ömrümdə sizin üçün nə bacardım elədim. Əldə qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni birləşdirməyə çalışdım”. Məxəzlərdə göstərildiyi kimi, artıq XIII-XIV əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti Azərbaycan dilində danışırdı. Təkcə Kürün cənubunda deyil, ondan şimalda, Şirvanda da Azərbaycan dili üstünlük təşkil edirdi. O dövrdə Azərbaycanda olmuş italyan müəllifləri də bu barədə kifayət qədər məlumat veriblər. XIII-XIV əsrlərdə Azərbaycan dilinin mədəni rolu xeyli artmışdı. Tanınmış şərqşünasların fikrinə görə, Azərbaycan dili İranın, İraqın, qismən də Kiçik Asiya regionunun müxtəlif tayfalardan ibarət türkdilli əhalisi üçün ədəbi dilə çevrilmişdi. Azərbaycanın hüdudlarından kənarda yaşayan şairlər Nur Həsən, Qazi Bürhanəddin (Sivasi) və digərləri Azərbaycan dilində yazıblar. XV əsrdə Azərbaycan dili beynəlxalq əhəmiyyətini saxlayırdı. O vaxtın azərbaycandilli əhalisinin şair Həbibi, Sururi, Tüfeyli, miniatürçü-rəssam, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd kimi təhsil görmüş hissəsinin məhz İsmayılın ətrafına yığılması tarixi faktdır. Şah İsmayıl Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırırdı. Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaradıb. Onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi. Həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.

Şah İsmayıl şairfilosof kimi keçmişin mədəni və mənəvi irsinə çox həssaslıqla yanaşıb. O, qədim kitab kolleksiyalarının saxlanıldığı, xəttatların, rəssamların, nəqqaşların, cildçilərin çalışdığı kitabxanaların yaradılmasına xüsusi diqqət yetirirdi. Şah İsmayılın Təbriz şəhərində çox qiymətli kitabların, əlyazmaların toplandığı Səfəvi saray kitabxanasının yaradılması barədə imzaladığı fərman bunun bariz nümunəsidir. O, Qaraqoyunlu sülaləsinin hələ Uzun Həsənin dövründən toplanan zəngin kitab kolleksiyasına xüsusi qayğı göstərirdi.

 

Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi. Əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaqizah etmək üsulu idi. Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biriöz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırması olub. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuyas. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurub.

Şah İsmayılın səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim "azərbaycançılıq” ideyası kimi qavradığımız fenomeni formalaşdırdı. Şah İsmayıl fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının təmin edilməsinə yönəlib. Əgər o dövr üçün işlədilə bilərsə, "azərbaycançılıq” bir növ milli identifikasiya forması kimi çıxış etməyə başlayıb. İndi "azərbaycançılıq” ideyasının məzmunu həm ölkə daxilində dövlətçilik məsələlərinin həllinə, həm də onun hüdudlarından kənarda maraqların qorunmasına yönəlmiş yeni mənalarla zənginləşib. Lakin həmin illərdə olduğu kimi, elə amillər var ki, onların təsiri altında bu ideya indiyə qədər saflaşıb. Həmin illərdə olduğu kimi, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin güclənməsinə və dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edib.

Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın və azərbaycanlıların bütün orta əsrlər dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxmasını Səfəvilər dövlətinin mövcud olduğu mərhələyə aid ediblər. Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə gedən siyasi proseslərə təsiri o dərəcədə hissedilən idi ki, bunu hətta ən bədbin meyilli tədqiqatçılar belə inkar edə bilməyiblər. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi azərbaycanlıların dünyagörüşünün təkamülünə əhəmiyyətli kömək edib. Onun dövründə Azərbaycan türklərinin baxış, təsəvvür, dəyər, birlik sistemi, maraq prioritetləri formalaşmağa başlayıb.

Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Səfəvi dövləti vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi.

Çaldıran döyüşünün (1514-cü il) nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli

Azərbaycan dövləti qurub, həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaradıb. Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratdı, səmərəli dövlət idarəetmə mexanizmi formalaşdırdı. Həm dil baxımından, həm də xarakter etibarı ilə bu yalnız türk-Azərbaycan mexanizmi idi. Nəticədə Azərbaycan dili çox böyük sayda inzibati və hərbi terminlərlə zənginləşdi. Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik. Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli "mən”in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur.

 

İsmayıl

Şərq.-2014.- 7 iyun.- S.11.