MEDİA TƏQİB MƏRKƏZİ YARADILIB

 

 Mərkəz internet portallarla yanaşı, teleproqramları da yaddaşa yazır

 

Media Təqib Mərkəzi Türkiyənin Azərbaycanda ortaq şirkətidir”. Bu sözləri "Şərq”ə şirkətin rəhbəri, ilahiyyatçı Elşad Miri mərkəzin fəaliyyət istiqamətlərindən danışarkən deyib. Onun sözlərinə görə, mərkəzdə hər iki ölkə mətbuatında yayımlanan məsələlərin hamısı 24 saat ərzində yaddaşa köçürülür: "Məsələn, deyək ki, "Şərq” qəzeti 4-də çapdan çıxır.

Paylanmağa verilənə qədər işçilərimiz onları alıb, sistemə daxil edirlər. Müştərilərimiz onlara verilən loqinlə sistemə daxil olub, özləri haqda yazılanları oxuyur. Üstəgəl, həmin yazını PDF-ə çevirmək mümkündür. Çap da edə bilirlər. Şəkil kimiyaddaşda saxlamaq olur. Özlərində arxivləşdirə də bilərlər”.

Şirkət rəhbəri bildirib ki, mərkəz vasitəsi ilə ölkəmizdə mindən çox saytı təqib edirlər: "Məsələn, "Şərq” qəzetini elə özünün saytından izləyirik. "sherg”.az saytından hansısa şəxslə bağlı informasiya verilirsə, onu dərhal bizim sistem tutur. Həmin adam müştərimizdirsə, sistem yazını həmin adama göndərir. Sabah saytda hansısa dəyişiklik olunsaya informasiya silinsə, sistem o dəyişikliyi və silinməni də görür. Belə bir möhtəşəm sistemdir”.

Televiziya sahəsinə gəlincə, E.Miri söyləyib ki, rəhbərlik etdiyi sistem ölkəmizdəki və Türkiyədəki kanallarda birgə 100-dən çox kanalı yaddaşa yazır: "Həmin informasiya yarım saatdan sonra müştərilərimizin hesabında olur. Müştərilərimiz həmin süjeti öz kompyuterinə yükləyə bilərlər. Bundan başqa, müştərilərimiz barədə "facebook”, "twitter” və başqa sosial şəbəkələrdə nə yazılırsa, görə bilirlər. Hətta Amerika, Avropauzaq Şərqdə Azərbaycanla bağlı hansısa informasiya olarsa, bunu dərhal görə bilirik”.

E.Miri onu da diqqətə çatdırıb ki, mərkəz çap mediasında, xəbər saytlarında və televiziyalarda jurnalistlərin buraxdığı nöqsanları da tutur və onları xəbər kimi hazırlayıb yayır: "Məqsədimiz təkmilləşdirmə işi aparmaqdır. Bunu kiməsə lağ eləmək üçün reallaşdırmırıq. Səhvlərini tuturuq deyə, bəzi aparıcılar zəng edirlər ki, niyə onu verirsiniz? Mənim uşağım var, məktəbdə oxuyur, ona lağ edirlər. Biz də çatdırırıq ki, məqsədimiz kimisə təhqir etmək deyil”.

Mərkəzin verdiyi töhfədən söz açan həmsöhbətimiz vurğulayıb ki, aparıcıların nitqlərindəki qüsurlar barədə yaydıqları məlumatlardan nəticələr çıxarılır: "Buna rəğmən aparıcıların səhvləri bitib-tükənmir. Hər halda insan faktorudu, elə səhvlər olur. Qınamırıq. Sadəcə, heç kimin edə bilməyəcəyini biz təqdim edirik”.

Mərkəz rəhbəri bəyan edib ki, qəzet və televiziya junalistlərinin yol verdiyi nöqsanlar haqda gələcəkdə Milli TeleviziyaRadio Şurasına, eyni zamanda, Mətbuat Şurasına məlumatlar veriləcək: "Düzdü, indi həmin nöqsanları sosial şəbəkələrdə paylaşırıq. Onların rəhbərlərinə nöqsanlar barədə xəbər vermək vəzifəmizə daxil deyil. Düşünürəm ki, MTRŞ və MŞ-lə əməkdaşlıq zəruridir. Əməkdaşlıq barədə təklif hazırlanır. Bu sistem adıçəkilən qurumların heç birində yoxdur. Türkiyənin özündə ölkə başçısından tutmuş minlərlə sadə vətəndaş bu şirkətlə əməkdaşlıq edir. Azərbaycanda da müxtəlif nazirliklərin işçiləri, icra nümayəndələri və sadə insanlar bizə müraciət edirlər. Müraciətlərini qəbul edib, əməkdaşlıq edirik”.

 

Bakı Dövlət Universitetinin professoru, tanınmış teleaparıcı, media eksperti Qulu Məhərrəmli mərkəzin fəaliyyətini təqdir edib: "Jurnalistlər anlamalıdırlar ki, ictimai arenaya çıxırlar. Məsuliyyətli olmalıdırlar. Davranışlarında, peşə fəaliyyətlərində etik normaları gözləməlidirlər. İfadə seçimində diqqətli olmalıdırlar. İşlətdiyi sözə fikir verməlidirlər. Buna əməl etməyəndə, mərkəz həmin nöqsanları tutur. Ona görə hesab edirəm ki, bu sistem ictimai qınaq formalarından biridir. Səhvlərə qarşı incə mübarizə üsuludur. Bu işi dəstəkləyirəm”.

 

Ayyət Əhməd

Şərq.-2014.- 7 noyabr.- S.6.