“DAHA
HEÇ BİR SUALA CAVABIM YOXDUR”
Vaqif Səmədoğlu: “Bu, dəhşətli
bir məğlubiyyətdir”
Qəzetimizin
saytında axtarış aparan zaman birdən
"Hamınızı yasıma dəvət edirəm”
başlığını gördüm. Açıb
yazını oxudum. Bu çox təsirlidir,
həm də lap çox. İnsanın necə
səmimi olaraq ölümdən qorxmadığı elə
"yasıma dəvət edirəm” sözündən
anlaşılır. Hətta ölümün
özü ilə belə zarafat etməyi bacaran zamanəmizin
böyük şairi Vaqif Səmədoğlunun əslində
bu sözünün arxasında da özü kimi böyük
məna dayanır. Şair deyir ki,
ölümün nə olduğunu bilmirsənsə, ondan niyə
qorxmalısan ki? Burda zarafatla yanaşı,
mütləq bir hikmətin olduğunu düşünürəm.
Səmədoğlunun kitabının təqdimatındakı
çıxışını oxuduqdan sonra onunla söhbətləşmək
qərarına gəldim. Telefonuna etdiyim zəngə Vaqif müəllimin həyat
yoldaşı Nüşabə xanım cavab verdi.
Niyyətimi dedikdən sonra, "özü ilə
danışım, razılıq versə, sabah
kimyaterapiyadan sonra gələrsiz xəstəxanaya, ziyarət
edərsiz” deyərək dəstəyi asdı. Bir
neçə dəqiqədən sonra yenidən zəng etdiyimdə,
"Vaqif müəllim deyir gəlsinlər, amma fotoaparat
olmasın. Şəklinin çəkilməsini istəmir”
sözlərini söyləyərək vaxtı və məkanı
dedi.
Təyin olunmuş vaxtda əməkdaşımız
Şəymən xanımla yollandıq Milli Onkologiya Mərkəzinin
müalicə korpusuna. Xəstəxananın qeydiyyat şöbəsində
çalışan xanımdan şairin neçənci palatada
yatdığını soruşuram. Xanımın
cavabı qısa oldu: "Vaqif müəllim 5-ci mərtəbədə,
505-ci palatadadır”.
Liftlə qalxdığımız zaman "5” rəqəmi
haqqında düşünürdüm. Ürəyimdə dedim,
görəsən, Vaqif müəllim də heç "5” rəqəmi
haqqında düşünübmü?
Fikirdən ayıldığımda artıq palatada idik,
Şəymən xanım da şairə "Necəsiz, Vaqif
müəllim” deyə sualını vermişdi.
Mən isə sadəcə donub qalmışdım. Çünki
şeirlərini sevdiyin bir şairi belə vəziyyətdə
görmək, ağırdır, təsirlidir. Bəlkə
də mən reallıqdan uzaq da olsa içimdə, 10 il qabaq söhbət etdiyim Vaqif Səmədoğlunu
görəcəyimi düşünmüşdüm deyə
ani olaraq donub qaldım. Bununla belə deyim ki, fiziki cəhətdən
əvvəlki Vaqif Səmədoğlu olmasa da, söhbəti,
yaddaşı, zarafatı elə 10 il
öncəki kimidir. Bu hal məni bir qədər ovundurdu
sanki...
Vaqif
müəllim əməkdaşımızın ilk sualına
da özünəməxsus cavab verdi...
Bu nə sualdır, verirsiniz? Necə ola bilərəm?
Gördüyünüz kimiyəm. Mədəsində
xərçəng olan adam necə olur, eləyəm.
Həm də yaşlanmışam. Yaşlanmaq yaxşı şeydi. Amma Allah heç kimə ağrı-acı verməsin.
(Bu sözləri dediyində,
şairin gözlərində kədəri görməmək
mümkün deyildi)
Bu arada onu da qeyd edim ki, suallara şair özünəməxsus
şuxluqla cavab verirdi. İlk öncə Vaqif müəllimin səhhəti
məsələsi ilə maraqlandıq. Bütün
zamanını evdə keçirdiyini, sadəcə, həftənin
3 gününü xəstəxanaya müayinədən
keçmək üçün gəldiyini dedi. Əsas müalicəsini isə İsraildə
aldığını bildirdi.
- Bir də
nə vaxt gedəcəksiniz İsrailə?
- Bilmirəm.
Nüşabə xanım buradakı nəticələri
göndərir İsrailə, onlar da baxıb burdakı nəticələrə
uyğun diaqnoz qoyurlar. Amma hələ ki, gedəcəyimlə
bağlı heç nə deməyiblər (Nüşabə
xanım isə İsrailə gedəcəklərinin gözlənmədiyini
bildirdi).
Xanımı
şairin necə qidalanması haqqında sualımıza da
cavab verdi: "Normal qidalanır. Daha doğrusu, əhvalına görə yeməyi də
dəyişir. Bəzən yaxşı
yeyir, bəzən də lap az. Amma indiyə baxanda yayda daha
yaxşı yeyirdi”.
Hazırda
nə yazdığı haqqında soruşuram şairdən:
"İndinin özündə də yazıram. Mən yazmaqla nəfəs alıram. Bunsuz mümkün deyil. Düzü,
bəzən də yazmağa halım olmur. Belədə,
fikirləri beynimdə o yana, bu yana çəkirəm.
Bəlkə də beynimə yazıram...
- Yazanda
özünüz yazırsız, yoxsa Nüşabə
xanımın köməyindən istifadə edirsiz?
- Yox-yox,
özüm yazıram. Həm də qələmlə
kağıza.
Bu zaman
söhbətə Nüşabə xanım müdaxilə
edir: "Mən dəfələrlə təklif eləmişəm
ki, sən diktə elə, mən yazım. Amma
Vaqif müəllim elə yazmağı xoşlamır. Mütləq özü yazmalıdır, həm də
qələmlə”.
Vaqif Səmədoğlu:
"Heç kompyuterlə də yaza bilmirəm. Neçə dəfə Nüşabə xanım
deyib ki, diktafonu qoy, fikirlərini de, yaddaşa yazılsın.
Sonra diktafondan köçürərəm.
Amma mən razı olmuram. Xoşlamıram
mən deyim, kimsə yazsın. Mütləq
özüm kağız-qələmlə yazmalıyam ki,
söz inci kimi ard-arda düzülsün. Yoxsa
istədiyim alınmır. Bilirsiz, əslində
mən kağızın qoxusunu ciyərlərimə çəkməsəm,
yaza bilmirəm. Qələm, necə deyim,
sanki qüvvətli, qüdrətli, sehrli bir şeydir. Kağızların qoxusu ilə qələmin sehri
başqadır. Diktofon mənlik deyil, bir
neçə dəfə cəhd elədim, alınmadı
(Kağızın qoxusu ilə bağlı şair
danışdıqca, sanki o qoxunu hiss edirdi).
-
Neçə dəfə olub ki, dəftəri qoxlayıb, sinəmə
basmışam. Bir dəfə dəftərxanada
olanda bir bloknot gördüm, çox xoşuma gəldi. Tez bloknotu götürüb üzümə
yaxınlaşdırdım öpüb, qoxladım. Kağızın üzərində qələmi hərəkət
etdirib yazmaq başqa şeydi. Onun yerini
heç nə vermir. Həyatım boyu həmişə
yanımda bloknot olub (Bu zaman yatacağının yanında
sarı üzlü bloknotun, üzərində isə sadə
bir qələmin olduğunu sezdim).
- Köhnə
bloknotlarınızı yəqin ki, saxlayırsız...
- Əlbəttə. Hamısı evdədi. Onları
göz bəbəyim kimi qoruyuram, saxlayıram. O
bloknotların hamısında Vaqif
yaradıcılığı var (Söhbətimiz zamanı
televizorda İdman kanalından "Qarabağ” - "Dnepr”
futbol klublarının oyununun təkrar yayımı idi.
Şair danışarkən bir gözünün televizorda
olduğunu görüb futbolla
maraqlanıb-maraqlanmadığını soruşdum)
- Vaqif
müəllim, futbol azarkeşisiz?
- Gəncliyimdə
çox baxırdım. O vaxt "Neftçi” SSRİ
çempionatında yaxşı oynayırdı. Yaxşı da futbolçularımız vardı.
İndi də rastıma düşəndə
baxıram. Bizimkilər zəif
oynayırlar. Amma hər zaman bizimkilərin qalib
olmasını istəmişəm (Elə bu əsnada Vaqif
müəllim sual verdi: "Dünən
"Qarabağ” oyunu necə oldu?”. Söhbətə
qatılan Nüşabə xanım "Qarabağ”ın 2-1
uduzduğunu dedi. Bunu eşidən kimi,
şair əsəbi şəkildə televizor tərəfə
əlini qaldırıb endirdi. Nüşabə
xanım tez televizoru söndürdü).
-
Kompyuterdən heç istifadə etmirsiz? Bir ara
"facebook”da aktivlik göstərirdiz...
- Kompyuterdən
ancaq oxumaq üçün istifadə edirəm. Kim nə
yazdı, kim nə etdi, saytlarda
yazılır. Ölkədə nə baş
verdiyi ilə maraqlanıram, xəbərləri oxuyuram. "Facebook”da düzdü, aktiv idim. Amma artıq istifadə etmirəm. Mənim qəribə də olsa, bir fikrim var. İndi
içkili halda avtomobili idarə etmək sürücülərə
qadağan olunub, düzdü? Məncə,
"Facebook” istifadəçilərinə də içkili
halda şəbəkədən istifadə qadağan edilməlidir.
İnanırsınız, orada hər cür
adama rast gəlmək olur. İçkidən
içib ağıllarına gələni yazırlar, paylaşırlar.
Bir vaxtlar mənə də yazırdılar.
Hətta nə qədər təhqir edənlər
də olub. Əməlli-başlı
söyüblər məni (Bu vaxt gülümsədiyini sezirəm).
Amma təhqirlərin, söyüşlərin
heç birinə cavab verməmişəm. Mən ümumiyyətlə təhqirə cavab verməyi
sevməmişəm heç vaxt.
Şair deyir ki, həddindən artıq ədəb-ərkanlı,
tərbiyəli adamların olması yaxşıdır. Amma o tərbiyəli
insanlar, dürüst adamlar şairə maraqsız gəlirlər...
-
Doğrudur, hər şey mədəniyyətindən
asılıdır. O qədər ədəb-ərkanlı, tərbiyəli
adamlar var ki. Amma sözün
açığı, elə adamlar mənə maraqsız gəlir.
Özümdən asılı deyil, elə
adamlarla oturanda darıxıram. Bilirsiniz, mən
həmişə zarafatı xoşlamışam.
Yalançı adam içkili vəziyyətdə
elə gözəl olur ki. Belə
yalançı adamlarla zarafat eləməyin ayrı ləzzəti
var. Mənim üçün içməyən adamla
restoranda oturmaqdan darıxdırıcı heç nə yoxdu.
Ay insan, gəlmisən restorana, yeyib-içirsən, bu qədər
tərbiyəli olma da. Nolub axı? Bir az iç, özünü, nəslini təriflə,
yalan de, gop elə.
- Siz
heç belə etmisinizmi, Vaqif müəllim?
-
(Gülür) O qədər... Hətta dəfələrlə
mənə zəng ediblər ki, Vaqif müəllim, sizinlə
oturmaq, söhbət eləmək, yeyib-içmək istəyirik.
Bilmişəm ki, həmin adam
dünyanın ən fırıldaq, ən yalançı
adamıdı. Amma mənə maraqlı
olduğu üçün tez razılaşmışam.
"Dostlarınız sizinlə maraqlanırlarmı, gəlib
gedirlərmi” - deyə soruşuram.
- Əlbəttə maraqlananlar, gəlmək istəyənlər
çox olur.
Amma özüm icazə vermirəm. Hamısından razıyam. Anar da
tez-tez baş çəkir (AYB sədrini nəzərdə
tutur). Bilirsiz, razı deyiləm
dostlarım evimə gəlsin. Çünki
məni bu halda görmələrini istəmirəm. Məni belə görəndə kövrəlib, pis
olurlar. Onları elə görəndə də
mən pis oluram. Axı onlar Vaqifi heç
vaxt belə görməyiblər.
Gənc dostlarım da mütəmadi əlaqə
saxlayırlar, maraqlanırlar. Şəhriyar, Şərif necə
dəfə zəng ediblər (Şəhriyar del
Gerani və Şərif Ağayar - red). Hətta
mənim ingilis dilində nəşr olunmuş "Zülmətdə
günəşə mahnı” kitabımın təqdimat mərasimində
Şəhriyar məni maşından düşəndə
qarşıladı, qoluma girib zala apardı. Sonra kövrələrək otaqdan çıxıb.
Nüşabə xanıma deyib ki, Vaqif müəllim
niyə bu halda təqdimata gəlib?
Bu vaxt
Nüşabə xanım söhbətə müdaxilə
etdi: "Sözün açığı, Şəhriyarın
bu sözü mənə təsir elədi. Necə
yəni niyə gəlib? Axı Vaqif Səmədoğlu
həmişə ictimaiyyət, xalq arasında olan biridir.
Bu gün xəstədir deyə, öz
kitabının təqdimatına qatılmamalı idi? Bu cür yanaşma təkcə Azərbaycandadır.
Xaricdə baxırsan ki, yaşlı adamlar
"kalyaska”da səyahətə çıxırlar. Axı, yaşdan və vəziyyətdən
asılı olmayaraq, hamı cəmiyyət içərisində
olmaq istəyir. Bu gün Vaqif Səmədoğlu
xəstədir deyə, özünü cəmiyyətdən təcrid
etməli deyil ki.
Vaqif
müəllim isə dedi ki, Şəhriyarın o cür deməsi
də sevgidəndir: "Bilirəm ki, hamısı hörmətdən,
sevgidəndir. Elə mən də onlar kövrəlməsin
deyə, istəmirəm evimə gəlsinlər, məni
yataqda görsünlər”.
- Vaqif
müəllim, xoşbəxtliyin qafiyəsi nədir?
- Mindir. Xoşbəxtliyin sonuna o qədər söz
qoşub, yazmaq olar ki. Mən Moşunun dili
ilə xoşbəxtlik haqqında sual verdim. Orada xoşbəxtlik məcazi anlayışdır.
Yoxsa ki, xoşbəxtliyə o qədər qafiyə
yazmaq olar ki. Əslində Moşunun
axtardığı "xoşbəxtlik” sözünün
qafiyəsi deyildi, xoşbəxtliyin özü idi. O da
yoxdur. Xoşbəxtlik nisbi anlayışdır.
Yoxsa ki, dil baxımından o qədər söz
qoşub yazmaq olar. Siz bunları bilməlisiniz
axı? Mənə niyə verirsiniz bu
sualı? Mən sizin yaşınızda
çox savadlı idim. Hər şeyi bilirdim (Bununla
şair bizi bir az pərt eləsə də,
vəziyyətdən çıxmaq üçünmü,
yoxsa elə həqiqətənmi ona təhsilin yaxşı
verildiyini söylədim).
- Mən ən
yaxşı təhsilimi Moskvada almışam. Həyatımın
ən parlaq səhifələrindən biri Moskva
konservatoriyasında oxuduğum dövrdür.
Amma digər yandan da təhsil elə də vacib deyil. Səməd
Vurğunun bir dənə də olsun diplomu yox idi. Amma rus dilində ruslardan yaxşı yazırdı.
Bir dəfə Səməd Vurğunun
yazısını böyük rus dilçilərindən olan
İlya Erenburqa göstərdim. Soruşdu
ki, Vaqif, Səməd Vurğun harda təhsil alıb? Dedim, heç yerdə. Heç
diplomu da yoxdu. Çox təəccübləndi ki, rus təhsili
olmayan bir adam necə bu qədər səlis
və aydın yazıb? Demək ki, istedad da
başqa şeydir.
- Vaqif
müəllim, sizi ən çox nə narahat edir?
-
Suallar.... Suallar... Suallar günü-gündən
çoxalır. Xatirələrin qəddarlığı,
sualların artması, cavabların tükənməsi məni
incidir. Daha heç bir suala cavabım
yoxdur. Yaşın ən böyük bəlası
odur ki, suallar çoxalır, cavablar tükənir. Mən o suallara məğlubam, özü də tam məğlub.
Bu, dəhşətli bir məğlubiyyətdir.
Beynimdə o qədər suallar var ki, heç
birinə də cavab tapa bilmirəm (Maraqlıdır, Vaqif
müəllimi incidən suallar hansılardır).
- O
hansı suallardır?
- Həyat,
dünya, ölüm haqqında olan suallar. Məncə,
bunların heç birinin cavabı yoxdur.
- Ən
çox da elə onlar haqda yazmısınız...
-
Düzdü, həyat, ölüm haqqında çox
yazmışam. Amma nə qədər yazsam da,
heç vaxt cavab tapa bilmədim. Hələ
də axtarıram. Yenə də bir
cavabım yoxdur.
-
Kitabınızın təqdimatındakı
çıxışınız çox təsirli idi. "Bəri başdan hamınızı yasıma dəvət
edirəm, gözüm üstə yeriniz var”, deməklə hər
kəsi təsirləndirməklə yanaşı, təəccübləndirdiniz.
Zarafatcıl Vaqif müəllim niyə belə
pessimist danışdı?
- Mən
həmişə bədbin olmuşam. Heç
vaxt optimist olmamışam ki. Bunun səbəbini
anlatmaq çox çətindir. Bu emosional
halın bir çox səbəbləri var. Bəlkə elə
cavabsız suallar məni bədbin olmağa vadar edib. Bəlkə də müsahibələrimdə həmişə
xoş ovqatda olmuşam, zarafatlar da etmişəm. Hər zaman zarafat etmişəm. Amma
bunlar şeirlərimdə olmayıb. Mən
şeirlərimin adamıyam. Yazdıqlarımda
mən varam. Ona görə də Vaqifi
axtaran, Vaqifin şeirlərini oxuyub dərk eləməlidir.
Söhbət boyu tez-tez şair yerə
qoymadığı əl saatına baxırdı. Bəlkə
zamanın tez keçməsini istəyirdi, bəlkə də
zamanın amansızlıqla tez keçdiyindən təəssüflənirdi.
İmkan tapıb bunu Vaqif müəllimdən
soruşa bilmədim. Çünki bir də o saata
baxdığında, Nüşabə xanıma
aydınlaşdıra
bilmədiyim nəsə dedi. Sonra isə bizi nəzərdə
tutaraq "uşaqlar indi gedirlər” söylədi. Və
yenə də, anlaya bilmədiyim nəsə dedi. Biz də "xəstə ziyarəti qısa olar” deyimini
xatırlayaraq, zəmanəmizin böyük şairinə
şəfalar diləyərək sağollaşdıq.
Şair isə sonda "hər kəsə salam
söyləyirəm, məndən narahat olmasınlar” deyərək
bizi yola saldı.
Anar Bayramoğlu,
Şəymən
Aşırlı
Şərq.-2014.-
8 noyabr.- S.5.