DƏRİNDƏN ANLAMAQ
İSTEDADI: NAŞİR VƏ PUBLİSİST RƏŞAD
MƏCİDİN “DƏLİCƏSİNƏ” KİTABINDAN
ALDIĞIM TƏƏSSÜRATLARDAN DOĞAN DÜŞÜNCƏLƏR
Elmira AXUNDOVA, Əməkdar jurnalist,
Respublika Dövlət Mükafatı laureatı
Bəzi həmkarlarım
Rəşad Məcidi hər şeydən öncə şair
kimi qəbul etsələr də, mən bilərəkdən sərlövhəyə
"naşir” və "publisist” sözlərini
çıxardım. Əvvəla, poeziya
xiridarı deyiləm və odur ki, Rəşad Məcidin poetik
istedadının səviyyəsi barədə mühakimə
yürütmək üçün özümü o qədər
də hazır hesab etmirəm. İkincisi, Rəşadın
ölkənin dövri mətbuatının populyar qəzetinin
baş redaktoru kimi fəaliyyəti mənim üçün
daha tanış və yaxındı.
Artıq müəyyən vaxtdı ki, "525-ci qəzet”
nəsə özüm də hiss etmədən, amma möhkəm
şəkildə mənim gündəlik mütaliəmə
daxil olub. Əvvəl-əvvəl mən bu qəzeti
ara-sıra almağa başladım. Çünki
burada mənim Azərbaycan dilinə tərcümə
edilmiş məqalələrim dərc olunurdu. Və hər dəfə bu qəzetin səhifələrində
özüm üçün nəsə maraqlı bir şey
tapdığımdan sonradan onun abunəçisi oldum. Hər halda qalın şənbə sayını əvvəldən
axıracan oxuyuram. Və təməlindən
bu qəzet ictimai-siyasi nəşr kimi nəzərdə tutulsa
da, onun ədəbi-publisist tərəfi xüsusilə
maraqlıdı. Rəşad xatırlayır ki, o, qəzetin
qapılarının ciddi ədəbiyyat nümunələrinin
üzünə taybatay açanda həmkarları bu
addımı "525”ə verilən "ölüm
hökmü” kimi dəyərləndiriblər. Siyasiləşmiş
jurnalistika nümayəndələrinin qənaətincə, ədəbiyyat
oxucuları qəzetdən qaçırmalıymış.
Amma əksinə alındı: demək olar ki, bütün səhifələri
poeziya, nəsr və publisistikanın ixtiyarına verilmiş
şənbə sayı ziyalı çevrəsində
heç vaxt olmadığı qədər tələbatlıdı.
Yəqin ki, bu, qəzetdə görkəmli
yazıçılarla yanaşı, gənc Azərbaycan ədiblərinin
yazılarına da yer verilməsindən qaynaqlanır. Və onların məqalələri, esseləri, mədəniyyət
xadimlərindən aldıqları müsahibələr
yaşlı həmkarlarının seçmə əsərləri
qədər dərin və bənzərsizdi. Ən əsası isə bütün bu rəylər
və maraqlar burulğanında, istedad və bacarıq səviyyələrinin
müxtəlifliyində "525-ci qəzet” özünün əlahiddə
keyfiyyətini - ziyalılığını və
tolerantlığını qoruyub saxlaya bilir.
Jurnalistika mühitində kifayət qədər nadir olan
bir keyfiyyəti - xoşməramlıq, ziyalılıq,
başqasının fikrinə və baxışlarına
dözümü mən Rəşad Məcidin 2014-cü ildə
işıq üzü görmüş "Dəlicəsinə”
kitabında toplanmış publisistikasında da gördüm. Prinsipcə, Rəşad
daha çox yaza, daha artıq kitab dərc elətdirə bilər,
amma redaktorluğu və Yazıçılar Birliyindəki vəzifəsinə
görə gənclərlə işi onun asudə vaxtına,
necə deyərlər, qənim kəsilib. Bu mənada mən
Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının
"Atamın ruhu” adlı avtobioqrafik povestində
yazdığı sözləri xatırlamalı oluram:
"Allah, Allah, bu məmurluğu nə vaxt öyrəndik
görəsən?! Rəsmi iş-güc yoxdur,
amma bu boyda azadlıqdan yararlanmaqdansa yenə bir buxov
yaratmışam. Bu siyasi qurumlar da elə məmur
ocağıdır. Özümün
qayğıya möhtac olduğum vaxtda minlərlə
adamın qayğısını götürmüşəm
boynuma”.
"Atamın
ruhu” əsərində yazıçının gündəliyindən
belə hissələr də var: "Axır ki, yazı masama
qayıda bildim. Təzə kitab hazırlamaq istəyirəm,
məmurluq həyatından təngə gəlirəm.
İtirilmiş beş il -
doğulmamış beş kitab”. Yəqin ki,
Sabir kimi eyni sözləri Rəşad Məcid də deyə
bilər.
Adətən Azərbaycan dilində olan kitabların
mütaliəsinə çox vaxt ayırsam da, "Dəlicəsinə”
kitabını tez oxudum, düz iki günə. Mütaliənin
bu "yüngüllüyünün” səbəbi hər
şeydən əvvəl fikrin aydınlığından və
publisistik dilin qəliz olmamasından qaynaqlanırdı.
Axı, bəziləri hesab edirlər ki, cümləni
uzadıb ora-burasına düyün vursalar, daha "usta”
görünəcəklər. Rəşad nəinki
müxtəlif səviyyəli oxucuya hesablanmış
publisistikada, hətta nəsrdə də bu cür postmodernist
"hoqqabazlıqları” qəbul etmir. Və
mən onunla tamamilə razıyam.
Kitabın maraqlı strukturu var. Kitab
"Yaşadıqlarım”, "Gördüklərim”,
"Dediklərim”dən ibarətdi. Daha bir, fikrimcə, ən
maraqlı hissə "Tanıdıqlarım” hissəsidi ki,
burada Rəşadın son illər taleyin onu
rastlaşdırdığı insanlara həsr etdiyi portret
oçerkləri yer alıb.
Artıq elə təkcə hissələrin adı
"Dəlicəsinə” kitabının ikinci pozitiv
xüsusiyyəti barədə fikir yürütməyə əsas
verir. Deməli, müəllif yalnız yaxşı
tanıdıqlarını, gözüylə gördüklərini,
şəxsi bioqrafiyası kimi yaşadıqlarını qələmə
alıb. Və bu, ümumiyyətlə, həmişə
həyatın real faktlarına söykənməli olan istənilən
publisit üçün əlahiddə xüsusiyyətdi.
Eyni zamanda "Dəlicəsinə” kitabında
təqdim edilən məqalə və esselər müəllif
publisistikası nümunələridi. Çünki
hər biri şəxsi baxışdan qaynaqlanır, bu və
ya digər hadisəyə, yeri gəlmişkən, heç də
həmişə rəsmi və hamının qəbul etdiyi
nöqteyi-nəzərlərlə üst-üstə
düşməyən münasibət təqdim olunur. Bu mənada, Rəşad Məcidin məşhur
"Əli və Nino” romanının müəllifi Əsəd
bəyin (Qurban Səid) və bu sirli şəxsiyyətin həyatının
təhqiqatçısı Nuridə Atəşinin
yaradıcılığı haqqında qələmə
aldığı böyük həcmli məqalə diqqəti
daha çox cəlb edir. Adını
çəkdiyimiz yazıçı kimi Nuridə
xanımın özünə də Azərbaycanda münasibət
heç də birmənalı deyil. Üstəlik,
Rəşad Məcidin özünün də rəhbərliyində
təmsil olunduğu Yazıçılar Birliyi də nə
vaxtsa "Qurban Səid” imzasının görkəmli Azərbaycan
yazıçısı Yusif Vəzir Çəmənzəminliyə
məxsus olduğunu iddia edənlərin tərəfini
tutmuşdu. Amma öz essesində tarixin
kifayət qədər qaranlıq və qarışıq
düyünlərini açarkən Rəşad qeyd-şərtsiz
bu məsələ ətrafında öz şəxsi qənaətləri
olan Nuridə Atəşini və onun həmfikirlərini dəstəkləyir.
Xüsusi qeyd olunmalıdı ki, Rəşad öz
mövqeyini həm inandırıcı, həm də elə
ziyalıcasına ortaya qoyur ki, bu alternativ fikrinə görə
ən əvvəl Anar başda olmaqla, AYB-nin digər katiblərinin
ondan incimək ağıllarına belə gəlmir. Onlar hansısa məsələdə
bir-birlərinin opponenti ola, bir-birləriylə
mübahisə edib razılaşmaya bilərlər, amma bununla
belə, məsləkdaş olaraq qalırlar. Fikrimcə,
çox vaxt gənc ədəbiyyat və incəsənət
təmsilçilərimizdə çatışmayan bu
xüsusiyyət, ziyalılığın ən yüksək
mərtəbəsidi.
"Əli
və Nino” mağazalar şəbəkəsinin sahibəsi
Nigar Köçərlinin təsis etdiyi Milli Kitab
Mükafatının yaranma tarixçəsinə həsr
olunmuş "Özgə planetdən gələn”
oçerkində də bu cür qeyri-standart yanaşmanın
şahidi oluruq. Mükafat və Nigar xanımın özü
haqqında, özü də daha çox neqativ-tənqidi səpkili
nələr deyilməyib, nələr yazılmayıb! Mətbuatımızda bu mövzuda yazılanların
çoxunda qeyri-obyektivlik, ədalətsizlik, xırda
paxıllıq hissləri əndazəni aşıb. Rəşad
Məcid isə "Özgə planetdən gələn”
essesində obyektiv, əsası isə təmkinli olmağa
çalışır. O, nəyisə sübut etmək yox,
anlamaq istəyir... və bir də bu anladığını
oxucusuna ötürmək.
Ümumiyyətlə,
Rəşadın təmkinli təhkiyəsi var: hekayətin
fabulasını ağır-ağır, hərtərəfli
açır, xırda detallar üzərində dayanır,
diqqətimizi hətta öz qəhrəmanının zahiri
görünüşünə yönəldir və sonda
öz qənaətini təqdim edir və bu qənaətlə,
adətən razılaşmaq istəyirsən. Yeri
gəlmişkən, o, öz qənaətini heç kimə
zorla təlqin etmir. Onun bütün esse və
oçerkləri hardasa yarımçıqlıq təəssüratı
yaradır. Öz yazısının sonunda
Rəşad həmişə nöqtə yox, nöqtələr
qoyur. Çünki onun əksər qəhrəmanları
üçün həyat davam edir. Necə
deyərlər, yaşayarıq, görərik.
Rəşadın publisistikasının cəzbedici
keyfiyyətlərindən biri də "sakit” vətənpərvərlikdi. Mən bilərəkdən
"sakit” sözünü qabartdım. Vətəni
sevmək, onunla qürur duymaq, ağrı-acılarını
yaşamaq Rəşad üçün hava almaq kimi təbii
bir haldı. Və o heç vaxt sinəsinə
döyüb demir ki, bax, mən belə vətənpərvərəm,
Azərbaycanı bu qədər istəyirəm. O, sözdənsə,
hər şeyi özü danışan əmələ
üstünlük verir. Doğma torpağa sədaqətini
və ona gərək olduğunu sübut etmək istəyirsən?
Onda konkret işlə məşğul ol: yaxşı kitablar
yaz, oxunaqlı qəzet nəşr elə, günlərini və
saatlarını gənc jurnalistlərin və ədiblərin
yetişməsinə həsr et, öz bilik
və təcrübəni başqalarıyla paylaş. Rəşad Məcid öz fəaliyyətində məhz
bu prinsipləri rəhbər tutur.
Ümumiyyətlə
isə kitabın son hissəsində təqdim olunan müsahibədə
səslənən fikirlərə görə, Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibini ən çox narahat edən məsələlərdən
biri bəzi gənclərin öyrənmək, bu təcrübədən
yararlanmaq istəməməsidi. Bəziləri bir-iki babat
şeir, yaxud hekayə yazan kimi artıq özünü
yazıçı, az qala dahi hesab edir. Cürətin çatır tənqid elə, o saat
küsüb inciyəcək. Aralarında
elələri də var ki, çox rahatlıqla öz
ustadından üz döndərir, ona qarşı laqeydlik
nümayiş etdirir ki, bu da, Rəşad Məcidin fikrincə,
xəyanətə bərabərdi.
Yeri gəlmişkən, müsahibələrindən
birində Rəşad etiraf edir ki, son vaxtlar belə hərəkətlərə
fəlsəfi nöqteyi-nəzərdən yanaşır,
başa düşür ki, hamıya xoş gəlmək
mümkün deyil, heç lazım da deyil. Əsas odur
ki, vicdanın qarşısında təmiz olasan, ədalətini
itirməyəsən. Rəşad deyir: "Əgər
hiss eləsəm ki, kiməsə qarşı ədalətsiz
olmuşam, bunu özüm etiraf edərəm və həmin
insandan üzr istəyirəm”.
... Kitab hardasa bütün toplunun adı
üçün əsas verən bir fikirlə başlanır
və yekunlaşır. Rəşadın gəldiyi
qənaətə görə, əgər həyatda nəyisə
həddən artıq çox, dəli istəklə, dəlicəsinə
istəsən, bu arzu mütləq gerçək olacaq. Və onda bu istək, bu enerji öz
torpaqlarımızı azad etməkdə, dünyanın ən
güclü futbol komandasına qalib gəlməkdə və
yer üzünün ən gözəl əsərini yazmaqda
bizlərə yardımçı olacaq. Əsas
olan istək və inamdı. Onda arzular çin olacaq...
Hər halda, həyatının ilk ciddi yubileyini
yaşayan dostum və həmkarım misilsiz romantik olaraq
qalır. Amma
təki Allah belə romantikləri ətrafımızda
çox eləsin!
Elmira AXUNDOVA, Əməkdar jurnalist,
Respublika Dövlət Mükafatı
laureatı
Şərq.-2014.-
15 noyabr.- S.6.