AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI

 

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən sürətlə inkişaf edən və vacib sahələrindən biridir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünya üzrə ümumi məhsul buraxılışının 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizmonunla bağlı sahələrdə çalışır. Bu rəqəmlər turizmin bütün dünyada nə qədər önəmli bir sahə olduğunu aşkar şəkildə nümayiş etdirir.

Azərbaycanda da turizmin inkişafı ilə bağlı ciddi layihələr həyata keçirilir, tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” ölkəmizdə turizm sektorunun dirçəlməsində mühüm rol oynayıb. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin keçirilməsinə başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub ki, bu da ölkəmizdə turizmin inkişafında mühüm mərhələ olub. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Son illərdə bunu təsdiq edən kifayət qədər mühüm hadisələr baş verib. 2011-ci il ölkəmizdə "Turizm ilielan olunub. "Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ilielan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək” deyən Prezident İlham Əliyev qarşıya ciddi vəzifələr də qoyub. Azərbaycanda bu sahənin inkişafına beynəlxalq marağı təmin etmək istiqamətində atılan mühüm addımlardan biri kimi Bakıda IX Beynəlxalq Turizm Sərgisinin və I Ümumrespublika Daxili Turizm Sərgisinin açılması idi.

Ölkəmizin turizm potensialından danışarkən qeyd etməliyik ki, Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və digər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə ölkəmizdə gedən sürətli iqtisadi inkişaf prosesləri bu sahənin hərtərəfli inkişafına da yeni imkanlar açıb. Bu da Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan məqsədlərin kifayət qədər geniş və əhatəli olmasına imkan yaradıb. Belə ki, turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və digər addımların atılması da turizmin ölkə iqtisadiyyatı üçün kəsb etdiyi əhəmiyyəti üzə çıxarıb. Bu sahədə dayanıqlı, effektiv və rəqabətə davamlı tədbirlərin görülməsini gündəmə gətirib. Son dövrlərdə bu istiqamətdə müsbət dinamika güclənib. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel və digər turizm obyektlərinin təməli qoyulur. İş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardısa, indi bu rəqəm 123-ə çatıb. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu otel tikilib. Turizmin inkişafına yönəlmiş tədbirlərdən danışarkən son illərdə Bakıda və regionlarda inşa olunan mehmanxana komplekslərindən də danışmaq yerinə düşər. Bunlar "Four Seasons”, "Fairmont”, "Hilton”, "Mariott”, "Kempinski”, "Jumeirah”, "Sheraton”, "Hyatt”, "Radisson” otelləridir. Onlar həm xarici görünüşü ilə şəhərimizi gözəlləşdirir, eyni zamanda, dünyanın aparıcı otel markalarının Bakıda fəaliyyət göstərdiyini göstərir.

Regionlarda tikilən turizm obyektlərindən danışmaq yerinə düşər. Qusar rayonunda, Şahdağın ətəklərində yaradılan qış-yay turizm kompleksi bu sırada xüsusi əhəmiyyəti ilə seçilir. Bu kompleks həm təyinatına, həm nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda orada işlərin birinci fazası yekunlaşıb. Gündə 10 min turistə xidmət göstərmək imkanına malik kompleks ötən dövrdə ilk qonaqlarını da qəbul etməyə başlayıb. Bundan əlavə, Qəbələdə geniş turizm infrastrukturunun yaradılması, geniş otellər şəbəkəsinin fəaliyyətə başlaması da xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, ölkəmizdə müalicə-sağlamlıq kurort-sanatoriya komplekslərinin yaradılması istiqamətində son illərdə xeyli görülüb. Naftalanda istifadəyə verilən bu kateqoriyadan olan istirahət sağlamlıq məkanları fikirlərimizi bir daha sübuta yetirir.

Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrlara ehtiyac yaradır. Bu ehtiyacı qarşılamaq üçün Prezident İlham Əliyevin 2006-cı il 25 avqust tarixli Fərmanı ilə yaradılan Azərbaycan Turizm İnstitutunun ilk məzunları artıq ixtisasları üzrə çalışmaqdadırlar. Bu institut ölkəmizdə getdikcə inkişaf edən öz əhatə dairəsini genişləndirən mehmanxana otel şəbəkəsinin kadr tələbatının ödənilməsi üçün əsas baza funksiyasını yerinə yetirir.

Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün indi müxtəlif istiqamətlərdə fəal işlər görülür. Bu işdə Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında son illərdə ölkəmizdə xaricdə çoxlu tədbirlər keçirilir, Azərbaycanın turizm potensialının tanıdılması təbliği ilə bağlı bir sıra layihələr icra olunur. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur. Bu tədbirlərin nəticəsidir ki, son illərdə ölkəyə gələn turistlərin sayı 40 faizdən çox olub. Bu göstəricilər Dünya Turizm Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Bütün dünyada iqtisadi çətinliklərə, o cümlədən turizm sahəsində müxtəlif böhran hallarına baxmayaraq, Azərbaycan turist sayının yüksək artımına nail olub. Təbii ki, bu da ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür.

 

Nəzrin İbrahimova,

Azərbaycan Turizm

İnstitutunun Biznesin idarəolunması fakültəsinin tələbəsi

Şərq.-2014.- 20 noyabr.- S.12.