AZƏRBAYCANDA İŞİD TƏHLÜKƏSİNİ NECƏ ÖNLƏYƏK?

 

Elşad Miri: “İŞİD digər terror qruplaşmalarına qatılanlar QMİ sədrini dini lider kimi qəbul etmirlər

 

Bəşəriyyətin baş ağrısına çevrilən İŞİD təhlükəsi Azərbaycanın da qapısını döyməkdədir. Ölkəmizdə gənclərin əcnəbi terror təşkilatlarına davamlı axını müşahidə olunur. Cəmiyyətimizdəki dini boşluqlardansosial şəraitin zəifliyindən istifadə edən ekstremistlər böyük vədlər müqabilində gənclərimizi silahlı dəstələrə cəlb edirlər.

Bu dözülməz prosesə qarşı ciddi mübarizənin başlanıldığı söylənilsə də, hələ ki, müsbət nəticənin şahidi olmuruq. Əslində, dünyadakı amansız silahlı qruplaşmalara qatılan soydaşlarımızın sayı getdikcə çoxalır. Hər gün bir neçə ailənin ölkədən qaçıb, sözügedən terror dəstəsinə qoşulması faktı üzə çıxır. Bu isə dediklərimizin şərhsiz isbatıdır. Məlum dəhşətin ölkəmizdə ayaq açıb yeriməsi barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə də "SOS” xarakterli çağırış edib. O bildirib ki, hazırda müsəlman və qeyri- müsəlman dünyası bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilib. Dini liderin sözlərinə görə, "Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur: "Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, islamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Şeyxülislam onu da diqqətə çatdırıb ki, İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qalmaq olmaz: "Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Təhlükənin yaranma səbəbləri və ondan xilasolma yolları barədə "Şərq”ə danışan Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid Partiyasının sədr müavini, tanınmış gənc Ramin Hacılı "Şərq”ə açıqlamasında qeyd edib ki, radikalizm qapalı cəmiyyətlərdə olur. Çünki açıq olmayan cəmiyyətlərdə insanlar özlərini ifadə edə bilmirlər: "Bədbinliyə qatılıb, gələcəklərini başqa yerlərdə axtarırlar. Azərbaycan dövləti vətəndaşlarının özünü ifadəsi üçün maksimum şərait yaratmalıdır ki, insanlar başqa yerlərdə ümidlər axtarmasın. Bunlar olmayanda insanlar cihada gedirlər. Xoşbəxtliklərini o biri dünyada axtarırlar. Bağlı olan yolların açılması üçün cihada qalxırlar. QMİ və digər dövlət strukturları vətəndaşlarımızın dini radikalizm qruplarına qatılmasının qarşısını almaq istəyirlərsə, açıq cəmiyyət konsepsiyasını qəbul etməlidirlər”.

Digərlərindən fərqli olaraq, R.Hacılı gənclərimizin terror təşkilatlarına axınını birbaşa dini zəmindəki boşluqlarla bağlamır: "Baxın, SSRİ dağılandan sonra dini zəmində boşluqlar indikindən daha çox idi. SSRİ dönəmində Azərbaycanda hansısa dini institut qalmamışdı. Nəticədə insanlara qadağa marağı yaranmışdı. Bunu önləmək üçün mərhum prezident Heydər Əliyev açıq cəmiyyət konsepsiyasına üstünlük verirdi. Siyasi təşkilatlar, vətəndaş cəmiyyəti və seçki mühitinin formalaşmasına şərait yaradırdı. İqtisadiyyat da müəyyən azadlıqların tanınmasına çalışırdı. Qərb institutlarının ölkəmizə gəlməsində maraqlı idi. Təəssüflər olsun ki, sonrakı illərdə H.Əliyevin qoyduğu ənənə dəyişməyə başladı. Bunun dəyişməsində Azərbaycanı istəməyən İran, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələr maraqlı idi. Türkiyənin də burada payı var. Azərbaycanda bu istiqamətdə olan azadlıqlar azalmağa başladı. Tək siyasətdən söhbət getmir. İqtisadi məsələlər də önəmli rol daşıyır”.

Tanınmış gənc hesab edir ki, məmurla vətəndaş arasındakı uçurumya məmur özbaşınalıqları insanların ölkəsinə olan sevgisini azaldır: "İnsanlarda ölkəsində xoşbəxt olmaq inamı azalır. Xoşbəxtliklərini digər yerlərdə gəzirlər”.

R.Hacılının sözlərinə görə, problemin önlənməsi yolunda vətəndaş cəmiyyəti ilə yanaşı, dini təşkilatlar da aktivlik nümayiş etdirməlidirlər: "Dini qurumlar Azərbaycan dövlətinin maraqlarına xidmət etməlidir. Bu da o zaman baş verəcək ki, hər şey qanunla tənzimlənəcək. İnsanlar şahidi olacaqlar ki, qanun işləyir. Qanunda bir şey yazılır, insan o qanunu görüro qanun əsasında da hərəkətə keçir. Sonradan qanun işləməyəndə insanlar başqa ölkələrin qanunlarına və beynəlxalq konvensiyalara üz tuturlar. İnsanlar həqiqət dalınca qaçırlar. Çox ciddi ağrıdı. Bir vətəndaş kimi məni də çox düşündürür”.

Sədr müavini onu da əlavə edib ki, axının qarşısı alınmazsa, ölkəmiz çox acınacaqlı gələcəyə sürüklənə bilər: "Təhsilin inkişafına və qanunun işləməsinə xüsusi diqqət yetirilməlidir. Bir daha söyləyirəm ki, qapalı cəmiyyətlərdə xoşbəxtlik kənarda axtarılır və bu cür düşüncə də natamam gənclik doğurur. O gənclikdə öz ölkəsi üçün təhlükəyə çevrilir”.

İlahiyyatçı Elşad Miri vurğulayıb ki, cəmiyyətdə düzgün şəkildə maarifləndirmə aparmaq lazımdır. Amma belə maarifləndirici işlər görülmür: "Ciddi ölçülər götürülməyincə, insanlar asanlıqla aldanılıb, yoldan çıxarılacaqlar. Düzdü, bu günə qədər müəyyən açıqlamalar verilirümumi sözlər deyilir. Mübarizəni görmürük. Problemin həlli üçün xüsusi konsepsiya hazırlanmalıdır. Həmin konsepsiya həyata keçirilməlidir. Qarşısı bu cür alına bilər”.

E.Miri onu da bəyan edib ki, İŞİD və digər terror qruplaşmalarına qatılanlar QMİ sədrini dini lider kimi qəbul etmirlər: "Bu məsələnin birinci tərəfi. İkincisi odur ki, Paşazadə İranın ali dini lideri Ayətullah Xamneyini təqlidlə məşğuldur. Ona görə də hazırda problemlər davam edir”.

İlahiyyatçı deyib ki, teleməkanlar bu cür məsələlər haqda mövzulara geniş meydan verməlidir: "Məsələnin müsbət həllinə nail olmaq üçün müxtəlif maarifləndirici metodlardan istifadə edilməlidir”.

 

Ayyət Əhməd

Şərq.-2014.- 26 noyabr.- S.7.