YAS MƏRASİMLƏRİ YAVAŞ-YAVAŞ SƏHMANA SALINIR

 

İndi də növbə təmtəraqlı qəbir daşlarının yığışdırılmasıdır

Hüzr mərasimlərilə bağlı məsələ gündəmə gəldiyi vaxtdan bəri cəmiyyətdə, eləcə də mətbuatda bu mövzuda müzakirələr səngimir. Toyyas mərasimlərinə münasibətdə bu məsələnin açıq qalan tərəfləri olsa da, bütövlükdə hamı məsələyə nəzarəti vacib sayır. Diqqət yetiriləsi başqa bir əsas məqam bahalı qəbirüstü abidələrdir ki, bu məsələnin də öz həllini tapması zəruridir. Necə deyərlər, yası düşən şəxs mərasimi yola vermək, yoxsa mərhumun məzarını necə düzəltdirmək, hansı materialdan başdaşı qoymaq barədə düşünməkdən az qala, diriykən ölür. Dəfn zamanı Süfrədə verilən təamların çeşidlərinin çox olması ilə yanaşı, ölü sahiblərinin biri-birilə yarışdığı digər məsələ məhz başdaşıları ilə əlaqəlidir. Sözün əsl mənasında qəbiristanlıqda dəbdəbə yarışı gedir.

Hətta sağlığında valideynlərinə övladlıq borcunu verməyənlər rəhmətə gedəndən sonra ata-analarına bahalı başdaşıları qoydururlar. Amma istər sevgi, istərsə də peşmançılıqdan, kiməsə borcunu ödəmək üçün qoyulan abidələr və rəsmlərin ölmüş şəxslərə heç bir xeyri yoxdur. Ən dəhşətlisi odur ki, onlar ildə bir dəfə belə, bu bahalı başdaşılarını, ata-ana qəbirlərini ziyarət etmirlər. Bütün bunlar sadəcə el arasında "filankəsin oğlu öz atasına, yaxud da anasına "qara mərmər”dən başdaşı qoydurubsözünü eşitmək üçündür. İslam dinində bu cür qəbirlərin hazırlanması bəyənilməsə də, əksəriyyət öz ölüsünə son vəzifə olaraq bunu rəva görür. Artıq hüzr mərasimlərində "yemək-içmək” məsələsinin həllindən sonra qəbiristanlıq problemlərinə də "əncam çəkiləcək”. Belə ki, qəbiristanlıqlarda dəbdəbəli başdaşılarının qoyulmasını əngəlləmək üçün müvafiq orqanlar tərəfindən göstəriş verilib.

Aldığımız məlumata görə, bu işlə məşğul olan ayrı-ayrı sahibkarların hazırda çətin vəziyyətdə qaldığı bildirilir. Belə ki, onların ölülərə abidə düzəldilməsi məqsədilə xaricdən sifariş etdikləri bahalı daşların ölkəyə girişinə qadağa qoyulub. Ümid edək ki, bundan sonra ölülərimiz həm İslam qaydalarına müvafiq dəfn olunacaq, həm də özündən sonrakıları çəkilən ağır xərclərlə "öldürməyəcək”.

Qəbirüstü abidələrin dəbdəbəli olmasının da islami qaydalara uyğun olmadığını deyən islamşünas-alim Atif İsmayılovun fikrincə, qəbir üstünün bahalı daşlar və abidələrlə bəzənməsi yalnız görüntü üçündür. İnsanlara, kasıb-kusuba əl tutmaq bundan daha faydalıdır.

Hüzr mərasimlərində "yemək-içmək” məsələsinin və bahalı daşların qoyulmasının ləğv olunması istiqamətmində addımların atılmasının təqdirəlayiq hal olduğunu vurğulayan A.İsmayılov hesab edir ki, sözügedən tədbirlərin şəriətə uyğun keçirilməsi vacibdir: "Ölülərimiz həm islam qaydalarına müvafiq dəfn olunar, həm də cəmiyyətdəki yanlış tendensiya aradan qalxar. Qəbiristanlıqlarımız muzeyi xatırladır. Hər hansı bir dəfnə gedəndə qəbir daşları memarlıq abidələri kimi "göz oxşayır”. İnsanlarımız dəfn zamanı həddindən artıq bahalı və dəbdəbəli daşlara üstünlük verir. Azərbaycandakı qəbiristanlıqları ziyarət edərkən isə sanki memarlıq nümunələrilə qarşılaşırsan. Uca heykəllər, bahalı abidələr, qara mərmər, qranit daşlar üzərində mərhumun özəl anlarını əks etdirən fotolar...

Bütün bu izafi addımların aradan qaldırılması yaxşıdır. Amma yaxşı olar ki, sivil yollarda edilsin. Yas mərasimlərində yemək-içmək, öz ölüsünə ən bahalı başdaşı qoymaq artıq insanlar arasında adət-ənənə halını aldığı üçün zor güclə aradan qaldırmaq çətin olacaq. Toy yas mərasimlərində bəzi məsələlərə inzibati yolla qadağa qoyulması mümkün deyil. Əsas olan insanları maarifləndirməkdir ki, israfçılıqdansa, yetimlər evinə kömək olunsun. İnsanlar daha yaxşı yas vermək mənasında bir-birilə yarışmamalıdır”.

 

İslamşünas-alim cəmiyyəti maarifləndirməyi vacib sayaraq, bilgili cəmiyyətdə problemin özü-özünə, asan həll olunacağına inamını ifadə edib: "Müvafiq tədbirlər vasitəsilə hər şey öz yerini alacaq. İnsanlar birdən-birə kompleks şəkildə bu ənənələrdən imtina etməsə , zamanla hər şey öz qaydasına düşəcək. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ya digər rəsmi dairələr tərəfindən adi bir başdaşı çəkilib, nümunə olaraq göstərilməli vətəndaşlara islamın qayda-qanunları aşılanmalıdır”.

"Mənəvi Saflığa Dəvətİctimai Birliyinin sədri Elşən Mustafaoğlu da qeyd edib ki, islam şəriətində qəbir daşlarının təmtəraqlı, uca, hündür düzəldilməsi, bəzədilməsi, üzərində heykəl ucaldılması məqbul sayılmır. Hətta şəkillərin vurulması bəyənilmir: "Həzrət Peyğəmbərimizdən (s) nəql edilən rəvayətlər qəbirlərin sadə düzəldilməsini buyurur. Tövsiyə edilir ki, qəbir daşının hündürlüyü yerdən bir qarışdan hündür olmasın. Qəbir üzərində dünyasını dəyişən şəxsin adının yazılması isə məqbuldur. Bunun vasitəsilə məzar sahibi tanınır, kimin qəbri olduğu bəlli olur.

Ümumiyyətlə, dünyasını dəyişmiş insan dəfn edildikdə yaxınlarının, əzizlərinin onunla bağlı edə biləcəkləri faydalı əməl - Allaha dua edib, mərhumun günahlarının bağışlanmasını diləməkdir. Bu məqamda məzar daşları yox, məhz o duaların mərhum üçün faydası olar. Məzarı sadə bir şəkildə düzəltmək yetərlidir dinimizin bəyəndiyi, buyurduğu elə budur! Külli miqdarda pul xərcləyib, təmtəraqlı məzarlıq düzəltməklə dünyasını dəyişmiş şəxsə heç bir fayda vermək olmaz. Xüsusilə, başqaları ilə sanki "bəhsə giribqəbirlər üzərində saraylar ucaltmaq əsla islam ruhu ilə uzlaşmayan mənəvi cəhətdən yolverilməz olan bir haldır”. Onun sözlərinə görə, dünyasını dəyişmiş şəxsin yaxınları pul xərcləyib yaxşı bir görmək istədikdə isə, ehtiyacı olan insanlar üçün ehsan verə bilərlər. Həmçinin qəbir üzərində ucaltmaq istədikləri o heykəllərin, sarayların pulunu əməliyyata ehtiyacı olan imkansız xəstələrə xərcləyə bilərlər.

Bununla onlar həm insan həyatını xilas etmiş olarlar: "Allah Quranda öyrədir ki, bir insana həyat vermək - bütün bəşəriyyətə həyat verməkdir! Bax, yaxınlarını itirmiş imkanlı şəxslər bu addımı atsalar, qədər ailənin öz yaxınını itirməkdən qurtarmış olarlar. Din insanları yalnız faydalı olan işlər görməyə çağırır, faydasız işlərdən çəkindirir. Dinimizin çağırışına səs verək, dünyasını dəyişmiş həyatda olan insanlara heç bir fayda verməyən əmələ - qəbir üzərində bahalı, dəbdəbəli məzarlıqlar ucaltmaq kimi mənasız işlərə yol verməyək”.

 

P.S. Dəbdəbəli qəbir daşları qəbiristanlığı bütxanaya çevirir. İslam dini isə göstərişi bu cür adətləri qəbul etmir. Məhəmməd peyğəmbər belə buyurub: "Ey Allahım, qəbrimi büt yerinə dönməyə izin vermə...”, "...Qəbrimi bayram yeri etməyin...” Bu kimi səhih hədislər bizə kifayətdir ki, qəbirləri bayram yerinə, büt yerlərinə döndərməyək.

 

Şəymən

Şərq.-2014.- 9 sentyabr.- S. 8.