TOY VƏ YAS
“MAFİYASI” SIRADAN ÇIXARILMALIDIR
Fazil Mustafa: “Bu istiqamətdə atılan
addımları hər bir vətəndaşın dəstəkləməsi
vacibdir”
Əhməd Qəşəmoğlu: “Yoxsul adam
üçün bu mərasimlər əzab-əziyyətə,
ciddi maddi çətinliyə səbəb olur”
Bir müddətdi ki, toy və yas mərasimlərində
israfçılığın qarşısının
alınması istiqamətində ciddi addımlar
atılır.
Məxsusi olaraq, hüzr yerlərində
çoxçeşidli və təmtəraqlı ehsan süfrələrinin
"palaza bürün, elnən sürün” prinsipi ilə əndazəsini
aşması barədə ictimaiyyət nümayəndələri
dəfələrlə narazılıqlarını ifadə
ediblər. Buna əncam çəkilməsinin
zəruriliyi vurğulanıb. Hətta son
günlər məsələ parlamentə qədər ayaq
açıb. Əksər millət vəkili
problemin ya qanunla, ya da inzibati yollarla tənzimlənməsini təklif
edib. Diqqəti xüsusilə yas mərasimlərindəki
təmtərağa, dəbdəbəli
başdaşıların, qəbirüstü abidələrin
qoyulmasına yönəldən deputatlar məsələlərin
tövsiyə xarakterli çağırışlarla
çözülməsinin
mümkünsüzlüyünü əsas gətirərək
çıxış yolunu inzibati metodlara əl
atılmasında görürlər. Onların
qənaətlərinə görə, əzizini itirmiş
insan elə bir psixoloji durumda olur ki, o məqamda nə qədər
maddi ziyana düşəcəyini, hansı maddi
sıxıntılarla üzləşəcəyini dərk edə
bilmir.
Dünyasını
dəyişmiş yaxınına son borcunu layiqincə yola
salmaq istəyən adamı həmin vaxt yalnız bir məsələ
düşündürür: "Nə olursa-olsun, məclisə
gələn qonaq narazı getməsin. O məqamda insan
özü həyata fərd olaraq yox, "cəmiyyətin
gözü” ilə baxır və öz imkanlarını soyuq
başla götür-qoy edə bilmir. Bu
baxımdan da tövsiyə xarakterli çağırışlar
kəsərsiz olur. Ona görə də
yeganə effektli çıxış yolu kimi inzibati metoda əl
atmaq qalır. Amma bəzi millət vəkilləri
məsələnin inzibati yolla həllinə etiraz edir. Belə ki, Milli Məclisin Sosial siyasət komitəsinin
sədri, millət vəkili Hadı Rəcəbli toy və yas
məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı
deyil. "Məsələn, ola bilər, qəbiristanlıqlar
qanunla tənzimlənsin, amma yeməyi, süfrəni necə tənzimləyərsən?
Qəbiristanlıqlar haqqında Məclisə
layihə gəlsə, onu müdafiə edəcəyəm.
Amma hüzr yerlərini qanunla tənzimləmək
olmaz. Şəriətdə demirlər ki,
sən bananları bir-biri ilə öpüşdür, qoy yas
məclisinə. Bu məsələlər
şəriət qaydaları ilə tənzimlənmir”.
Millət
vəkili qoyulan qadağanı tənqid edib: "Qadağa
qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə
nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri
fabrik toyuğu, bunları tənzimləmək olmaz. Başqa ölkələrin belə qanunları var,
amma bizə uyğun deyil”.
Məlumat üçün bildirək ki, yas mərasimləri,
ehsan süfrələri ilə bağlı hökumət
konkret standartlar müəyyənləşdirib. İsrafçılığa
səbəb olan ehsan süfrələrinin ləğvinə qərar
verilib. Və həyata keçirilən tədbirlərə
ümumi rəhbərlik dövlət müşaviri, akademik
Kamal Abdullaya həvalə edilib. Yeni standartlar yas mərasimlərinin
yeddi gün yox, üç gün keçirilməsini, bundan əlavə,
ehsan süfrələrinə yalnız çay, limon, su, xurma, üç mərasimində isə
əlavə olaraq halva verilməsi
mümkünlüyünü nəzərdə tutur.
Bu barədə məlumat ictimaiyyətə
açıqlanan kimi Bakı kəndlərində, Gəncədə
və Sumqayıtda, eləcə də respublikanın
ayrı-ayrı rayonlarında maarifləndirici tədbirlər
həyata keçirilməyə başlanıb. Yerli icra
strukturları və dini qurumlar prosesə cəlb olunublar.
Yaradılmış komissiyalar ortaya
çıxan problemlərin aradan qaldırılması istiqamətində
operativ fəaliyyət göstərir. Bir
sözlə, hökumətin atdığı bu addım,
görülən tədbirlər cəmiyyətdə
böyük rəğbətlə qarşılanır. Və əminliklə demək olar ki, addımlar səmərə
verməyə başlayıb.
Həmkarının açıqlamasına münasibət
bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə
söyləyib ki, hər bir insanın öz ailəvi tədbirini
arzusuna uyğun keçirmək haqqı olsa da, öz xeyrini
düşünməyən insanlara bəzən inzibati vasitələrlə
təsir göstərməkdən başqa yol qalmır: "Cəmiyyətin
mədəni səviyyəsinin yüksəlməsini düşünən
ziyalılar, tanınmış din adamları, rəsmi dövlət
qurumları insanlara bu istiqamətdə tövsiyələr
verməyə borcludurlar. İlk arqument budur ki, islam
qaydaları üzrə bu ritualları yerinə yetirmək istəyirsinizsə,
islamda bu cür israfçılıq və hoqqabazlıq yoxdur.
Əgər özünüzdən qayda icad
etmisinizsə, bu qaydalar insanlara əziyyət verir və bunun
yüngülləşdirilməsi hər bir vətəndaşın
xeyrinədir. Ona görə də bu istiqamətdə
atılan addımları hər bir vətəndaşın dəstəkləməsi
vacibdir”.
Son
dövrlərdə prezidentin kadr siyasətində iki hadisəni
xüsusi olaraq vurğulayan F.Mustafa görkəmli alim, dəyərli
Azərbaycan yazarı K.Abdullanın və Mübariz
Qurbanlının strateji cəhətdən əhəmiyyətli
postlara gətirilməsini düzgün qərar hesab edir:
"Dini məsələlərə xüsusi diqqətin
ayrılmasını müşahidə edirik. K.Abdullanın
öz yaradıcı xarakteri ilə bu sahədə ciddi
işlər görəcəyinə inamım
böyükdür”.
Millət
vəkili qeyd edib ki, islama ən çox zidd olan qaydalar qəbiristanlıqla
bağlı daha bariz şəkildə özünü
göstərir: "Bəzilərinin imkanı olsa, milyonlarla vəsaiti
ayırıb başdaşı əvəzinə ehramlar tikərlər.
Burada da ciddi standartların müəyyənləşməsi
vacibdir”.
Toy mərasimlərinin
qaydaya salınmasının daha çətin olduğunu bildirən
millət vəkili düşünür ki, şadlıq
saraylarının himayəçilərinin təzyiqini
qırmaq çox ağır prosesdir: "Bizdəki qədər
harın toylara dünyanın heç yerində rast gəlməzsən.
İnsanları bu toy terrorunun cəngindən
qurtarıb, gənc ailələrin xoşbəxtliyi
üçün yaradılan bu maddi maneəni aradan
qaldırmaq lazımdır”.
Sosioloq
Əhməd Qəşəmoğlu da bu istiqamətdə
atılan addımları dəstəkləyir:
"Düzdür, dünyasını dəyişən
insanları hörmətlə yola salmaq lazımdır. Amma təəssüf ki, bizdə böyük əksəriyyət
bu hörmətlə yola salmanı maddiyyatla bağlayırlar.
Bu məsələlər islam dinində də
aydın əks olunub. Təəssüf ki, indiyəcən
bu şərtlərin özü bir sıra hallarda yaddan
çıxır və meşşanlıq, harınlıq
önə keçirdi. Belə bir vəziyyətin
yaranmasında əsas səbəb xalqın qəlbinin həssaslığından
sui-istifadə edən "yas mafiyası”nın fəaliyyəti
idi. Nəticədə islamın tələbləri,
xalqın min illik adət-ənənələri bir yanda
qalır, ortaya yeni adətlər çıxırdı.
İnsanlar arasında meşşancasına
yarış mexanizmi yaranmışdı. Rəhmətə
gedənə dəbdəbəli yas mərasimi, bahalı
başdaşı qoymaq kimi lazımsız adətlər
kök salmışdı. Buradan isə həmin
yas mafiyası böyük maddi qazanc əldə edirdi. Qəbiristanlıqlarda qəbir yerləri
günü-gündən bahalaşır, qəbir üstü
götürmək, ehsan vermək insanlara ciddi maddi zərbələr
vururdu. Deyək ki, bəzi imkanlı,
meşşan adamlar bundan zövq ala bilər. Yoxsul adam üçün bu mərasimlər əzab-əziyyətə,
ciddi maddi çətinliyə səbəb olur. Bu
reallıqlar fonunda hesab edirəm ki, bu istiqamətdə kəskin
addımlar atılmalıdır. Düzdür,
problemin aradan qalxması üçün maarifləndirici
işlər görmək lazımdır. Tərbiyəvi
tədbirlər effekt verməyəcəyi halda inzibati yola əl
atılmalıdır”.
Son illər
mərasim evlərinin az qala şadlıq
evlərindən də çox pul qazanmağa
başladığını deyən Ə.Qəşəmoğlu
mərasim evlərinin bəzən eyni ərzağı ay ərzində
15-20 dəfə ayrı-ayrı insanlara
satdığını bildirir: "Hər məhəllədə
xeyir-şər evlərinin tikilməsinə, onların
havayı, yaxud az qiymətlərlə insanların istifadəsinə
verilməsinə ehtiyac var. Əslində, nəzir
qutularında hər gün yığılan böyük
pullar bu işə yönəldilməlidir”.
Sosioloqun qənaətincə, ölkəmizdə "toy
mafiyası” şəbəkəsi var və ilbəil güclənir:
"Hər il şadlıq evlərində masanın qiyməti
daha da artır. İnsanlar toya gedərkən daha çox
pul xərcləməyə məcbur olurlar. Qohum-tanışların verdiyi pullar şadlıq evlərinin,
müğənnilərin, "toy mafiyası”nın ciblərinə
axır. Toy sahibi də uzun illər boyu
toyuna gəlib pul salanlara borclu düşür. İndi Azərbaycanda toy və yas mərasimlərində
baş verənlər bir sosial bəla, sosial fəlakətdir.
Təsəvvür edin, bir evə bəzən
10-15 dəvətnamə gələ bilər. Deməli, bir ailə bunun üçün orta hesabla
iki min manata qədər pul tapmalıdır. Lap olsun min manat. Axı, yoxsul ailə
bunu hardan alsın? Nəticədə o ya
özünü dağa-daşa salmalı, min əziyyət
çəkməli, ya da rüşvət almalı, kriminalla məşğul
olmalıdır”.
Mərasimlərlə bağlı
görülən tədbirləri müsbət
qarşılayan din xadimi, "Mənəvi Dünya”
İctimai Birliyinin sədri Hacı Şahin Həsənli ehsan süfrələrinin təmtəraqdan
uzaq təşkil edilməsinin tərəfdarı olduğunu
qeyd edib: "Artıq çoxdandır ki, toy və yas məclislərində
olan israfçılıq, dəbdəbə və təmtəraq
cəmiyyətdə müzakirə edilirdi. İnsanlar
narahatlıqlarını bildirirdilər. Bəziləri
qorxur ki, onun süfrəsi zənginin süfrəsindən fərqli
olsa, qonaqlar onu qınayacaq. Bəziləri
isə sadəcə, "ayağını yorğanına
görə uzatmaq” istəmirdi deyə, borca-xərcə
düşürdü. Dəfn, ehsan,
başsağlığı Allaha xatir edilməli olduğu
halda, bir çoxları özlərini göstərməklə
məşğul idi. Bu ayinlər
dünyasını dəyişənə savab çatsın,
insanlar öz öləcəkləri günü
xatırlasın və itki ilə üzləşmiş ailəyə
mənəvi dəstək verilsin deyə icra
olunmalıdır. Biz isə tam əksini
görürdük. Sanki insanlar yas məclisinə
dadlı nahar etmək üçün gəlirlər. Təbii ki, bunun qarşısı alınmalı
idi”.
Hacı
Şahin hesab edir ki, hər kəs öz imkanına uyğun mərasim
keçirsəydi, belə tədbirlərə ehtiyac
olmazdı: "Cəmiyyətdə artıq dəyərlər
dəyişib, nədənsə, imkansızlıq bir eyib kimi
başa düşülür. İnsanlar
maddiyyata daha çox bağlanıblar. Problem
ondadır ki, təmtəraq və cah-cəlal məclis
sahibinin azad seçimi kimi qəbul olunmurdu. Əksinə, ictimai normaya çevrilmişdi. Yəni imkansız da ictimai qınaqdan ehtiyatlanıb,
bu dəbə uyğunlaşmaq məcburiyyətində idi.
Bu səbəbdən, məsələni
çözmək zərurəti yarandı”.
Həmsöhbətimiz
qəbirlərin üstünün götürülməsi məsələsinin
də ciddi problemə çevrildiyini vurğulayıb: "Təbii
ki, insan öz yaxınının qəbrini ziyarət etmək
istəyir. Qəbiristanlıq ziyarəti islamda təkid
olunan məsələlərdəndir. İnsan
bu ziyarət zamanı axirətini yada salmalı və
dünyada özünü islah etməyə stimul
qazanmalıdır. Bundan əlavə,
ölüləri yad edib, onlar üçün dua etməlidir
ki, bu da insanın mənəvi böyüməsinə
yardım göstərir. Çünki
başqaları üçün çalışmaq,
başqalarını düşünmək, insanı mənəvi
cəhətdən təmizləyir. Maddiləşməyimizin
göstəricisindən biri də budur ki, qəbirləri də
şan-şöhrət üçün ucaldırlar. Mənəvi tərəf unudulur, yalnız formaya
fikir verilir”.
Ş.Həsənli
bəyan edib ki, qəbir daşları ilə bağlı da
ciddi məşğul olmaq lazımdır: "Artıq proses
start götürüb və görülən tədbirlər,
atılan addımlar cəmiyyətin mütərəqqi
düşünən ən müxtəlif təbəqələri
tərəfindən rəğbətlə
qarşılanır. Böyük əksəriyyət belə
düşünür ki, başlanan iş sona qədər
davam etdirilməli, ortaya qoyulan mövqedən geri çəkilməməli,
hətta lazım gələrsə, inzibati tədbirlər
gücləndirilməlidir”.
Müsahibimiz diqqətə çatdırıb ki, müasir dünyanın ayrı-ayrı qabaqcıl ölkələrində də müxtəlif dövrlərdə ən fərqli problemlər məhz inzibati metod və qadağalarla öz həllini tapıb: "Doğrudan da, bəzən hər kəsin qəbul etdiyi reallığı dəyişdirmək mümkün olmadıqda bunu yalnız inzibati tədbirlərlə müəyyənləşdirmək zərurəti yaranır. Atılan inzibati addımlar da müəyyən müddətdən sonra problemi aradan qaldırır və adət kimi formalaşmanın təməlini qoyur. Misal üçün, böyük dövlət xadimi və görkəmli fikir adamı Mustafa Kamal Atatürk, məlum olduğu kimi, təkcə Türkiyə Cümhuriyyətinin qurucusu deyil, həm də qardaş ölkədəki əsaslı mədəni inqilabların, dünyəvi yeniləşmənin banisidir. Əsasını qoyduğu yeniliklərin cəmiyyət həyatında təkcə təbliğat, maarifləndirmə yolu ilə yerləşəcəyinə sadəlövh inamdan uzaq olan Atatürk, haqlı olaraq, məqamı gəldikdə, zərurət yarandıqda, öz mütərəqqi ideyalarının ictimaiyyətə müxtəlif təsir üsulları ilə, inzibati metodlarla qəbul etdirməyi lazım bilib. Tarix göstərdi ki, onun bu xətti özünü doğrultdu, nəticədə Türkiyə Cümhuriyyəti tezliklə dünyanın mədəni, irəli dünyagörüşlü cəmiyyətlərindən birinə sahib oldu. Hazırda bu yöndə, xüsusən ehsan mərasimlərinin sadə keçirilməsilə bağlı Türkiyə cəmiyyətindən örnək götürmək olar. Görülən tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir”.
Toy mərasimlərindən söz açan Hacı Şahin onu da əlavə edib ki, yaslarımız kimi toylarımız da bəhsəbəs meydanına çevrilib: "Şadlıq sarayları istisnasız olaraq toy sahiblərinə öz şərtlərini diktə edir. Nəticədə onlar bahalı menyular sifariş etmək məcburiyyətində qalırlar. Mərasim bitdikdən sonra isə toy sahibləri məclisdə yığılan pulları çox vaxt bütövlükdə şadlıq saraylarına ödəyirlər. Hətta bəzən elə olur ki, toyda yığılan pullar şadlıq saraylarının haqqını ödəməyə kifayət eləmir. Toy sahibləri əlavə ödəniş eləməli olurlar. Əslində ailə quran gənclərin rifahı, hansısa probleminin həlli üçün yığılan pullara nəticədə toy mafiyası sahib çıxır. Əhalini bu bəlalardan xilas etməyin də yolu birmənalı olaraq inzibati tədbirlərdən keçir”.
Ayyət Əhməd
Şərq.-2014.- 24 sentyabr.- S. 12.