JURNALİSTİKA
DƏLƏDUZLARDAN VƏ ŞANTAJÇILARDAN
TƏMİZLƏNƏCƏK
Ekspertlər jurnalist
adından sui-istifadə edənlərə qarşı
ağır cəzaların tətbiqini düzgün
addım sayırlar
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında yeni İnzibati Xətalar Məcəlləsi deputatların müzakirəsinə çıxarılıb. Millət vəkilləri Məcəlləyə daxil olan bir sıra məsələlərlə yanaşı, qanunvericiliyin kütləvi informasiya vasitələrinə aid hissəsinə də öz münasibətlərini bildiriblər.Sonda yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sözügedən Məcəllədə jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzaların ağırlaşdırılması nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata, vəzifəli şəxslər 500 manatdan 700 manata, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədərcərimə olunacaqlar. Maddənin hazırda qüvvədə olan variantında isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilirlər.
Görəsən, yeni Məcəllənin qəbulundan sonra jurnalist adından sui-istifadə edilməsi hallarının qarşısı alınacaqmı?Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən media nümayəndələri yeni İnzibati Xətalar Məcəlləsinin qəbulundan sonra vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edirlər.Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov Məcəllədəki yeniliyi cərimə məbləğinin adekvatlığı baxımından yüksək qiymətləndirib. Mətbuat Şurasının ötən müddətdə medianın saflaşması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini vurğulayan MŞ sədri deyib ki, mövcud xüsusda jurnalist adından sui-istifadə hallarına qarşı mübarizə ön planda olub: "Bu istiqamətdə nəzərəçarpacaq uğurlar var. Ancaq həmişə hesab etmişəm ki, əsaslı hüquqi mexanizmlərin işə salınmasına ehtiyac böyükdür”.Millət vəkilinin qənaətincə, gələcəkdə daha yüksək cərimələrin tətbiqi məsələsini gündəmə gətirmək mümkündür. O, jurnalistikanın spesifik sahə olduğunu diqqətə çatdıraraq, mövcud mühitdə hər hansı spekulyasiyanın həm cəmiyyətin, həm də dövlətin maraqlarını zədələmək potensialına daha çox malik olduğunu vurğulayıb: "Təcrübədə dəfələrlə belə halların şahidi olmuşuq. Hətta bəzi maraqlı qrupların lokal vəzifə mənafe və istəklərini gerçəkləşdirmək naminə müxtəlif media orqanlarını himayə etmələrinə, manipulyasiyalara əl atmalarına dair misallar da yetərincədir. Buna görə jurnalistikaya həssas yanaşma tam mənada təmin edilməlidir. Mövcud siyasətin davamlı olması mütləqdir.Əlbəttə, həqiqi jurnalistlər işlərində məsuliyyətlidirlər, peşələrinə sadiqdirlər və təsəvvürə gələ bilməz ki, onların hansısa fəaliyyəti sui-istifadə predmetinə çevrilə bilər. Cəmiyyət məhz jurnalist adına ləkə gətirənlərin hərəkətlərindən zərər görür. Hər il Mətbuat Şurasına ünvanlanan 500-dən artıq şikayətin böyük əksəriyyətinin motivini peşədən sui-istifadə müstəvisində yaranan narazılıqlar təşkil edir. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin yeni variantında əks olunan müddəalar bu sahədə müsbət irəliləyişlərin əldə olunmasına təkan verəcək. Ümumən niyyət saflığına, mütərəqqiliyə söykənmiş hər bir yenilik xeyrimizədir”.
Məbləği az olsa da, jurnalist adından sui-istifadə edənlərin cərimələnməsi ilə bağlı qərarın hazırda da qüvvədə olduğunu vurğulayan "Üç nöqtə” qəzetinin redaktoru, "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı əvvəlki variant tətbiq olunmadığı üçün dəyişikliklərin necə tətbiq olunacağı barədə təsəvvürü olmadığını deyib: "Cərimələri artırmaqla nəyəsə nail olmaq mümkün deyil. Əslində burada sual doğuran məqamlar çoxdur. Cəriməni hansı orqan, necə tətbiq edəcək? Qeyri-ixtisaslı jurnalistlərimiz çoxdur, o zaman belə çıxır ki, onlar jurnalistəm deməsinlər, yoxsa cərimə ediləcəklər? Yox, əgər söhbət reketlərdən, dələduz saytların və qəzetlərin işçilərindən gedirsə, onsuz da ki onların əməlləri konkret olaraq, reketçiliklə, dələduzluq, rüşvət tələb etmə maddələrində təsbit olunub. Bəs onda o maddələr nədir, bu maddələr nədir? Zənnimcə, daha faydalısı o olardı ki, dələduzluqla, şantajla, reketçiliklə məşğul olanların kökü kəsilsin. Onların kimliyi də, nə işlə məşğul olduqları da bəllidir. Hesab edirəm ki, daha sərt tədbirlərlə o cür yaramazları mediadan təmizləmək lazımdır”. Onlara qarşı atılacaq konkret addımlara gəldikdə isə E.Muradlı deyib ki, həmin saytları, qəzetləri təhlil etmək, əsaslı materiallar hazırlayıb hüquq-mühafizə orqanlarına təqdim etmək lazımdır ki, bir tədbir görsünlər: "Əslində o cür adamlara ümumiyyətlə jurnalistikaya aid işlərlə məşğul olmağı qadağan eləmək lazımdır. Hətta nəşriyyatda qəzet daşımağa da qoymasınlar. Onlar mətbuatı elə günə salıblar ki, illər sonra da biz bu biabırçılığa görə, cəmiyyət qarşısında xəcalət çəkəcəyik” .Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli jurnalist adından, eləcə də kütləvi informasiya vasitələrinin adından sui-istifadəyə görə "Kütləvi informasiya vasitələri haqqında” qanunda konkret müddəaların olmasını xatırladıb. Onun sözlərinə görə, sözügedən qanunun 10-cu və 60-cı maddələrində bu barədə geniş təsnifat verilib: "Qanunun 10-cu maddəsində açıq şəkildə bildirilib ki, Azərbaycanın qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Qanunun 60-cı maddəsində isə kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə KİV orqanının, məsul redaktorun, müəlliflərin məsuliyyətləri diqqətə çatdırılıb. Bu qanunla bağlı bizim peşəkar mediada elə də ciddi problem yaşanmır. Çünki peşəkar media yayılması qanunla qadağan edilən informasiyalara, eləcə də digər məqamlara kifayət qədər ciddi yanaşır. Bu sahədə əsas problemimiz onlayn media resursları ilə əlaqədardır. Çünki onlayn media resurslarında, xüsusən də yeni media qurumlarında bu bəndlərin tez-tez, operativ şəkildə pozulması halları müşahidə edilir. Hətta bəzən bu hallar o qədər inkişaf edir ki, ölkə üçün təhlükəli həddə gəlib çatır. Ona görə də hesab edirəm ki, yeni İnzibati Xətalar Məcəlləsində də bu məsələnin üzərinə gedilməsi bizim onlayn media resurslarını belə məsələlərdə bir qədər də diqqətli və həssas davranmağa məcbur edəcək”."Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə bu gün müqəddəs peşə olan jurnalistika adından sui-istifadə edənlərin sayının artdığını təəssüflə vurğulayıb. Onun sözlərinə görə, artıq dələduzların çoxu bu ad altında maskalanırlar və çox keçmədən ifşa olunurlar: "Bununla belə jurnalist adından təsir vasitəsi kimi sui-istifadə halları da kifayət qədərdir. Bu isə sağlam jurnalistikaya kölgə salır, nüfuzuna da zərbə vurur. Hesab edirəm ki, sözügedən dəyişikliklər zamanın tələbidir və zəruridir. Cərimələrin artırılmasından əlavə inzibati həbs də nəzərdə tutulsa, bunun müsbət nəticələri hiss olunar. Mən sərt addımlar atılmasını bu gün üçün uyğun görürəm və dəstəkləyirəm. Dəyişikliklər qüvvəyə mindikdən sonra müsbət nəticəsi çox qısa zamanda görünəcək və jurnalist adından sui-istifadə halları kəskin şəkildə azalacaq”.Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri, MŞ İdarə Heyətinin üzvü Azər Həsrət də İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklikləri dəstəklədiyini bildirib. Qanunvericilikdə nəzərdə tutulan cərimə məbləğinin bir qədər də artırılmasının tərəfdarı olduğunu vurğulayan CASCFEN sədri Azərbaycan jurnalistikasının üzünü qara edən əməllərlə məşğul olan xeyli sayda adamlar olduğunu deyib: "Həmin adamlar əslində jurnalist deyillər, ancaq ölkənin müxtəlif ərazilərində jurnalist adından sui-istifadə edirlər. Belələrinin əməllərinə görə bir sıra hallarda peşəkar jurnalistika ilə məşğul olan adamlar öz peşələrini dilə gətirməkdən utanırlar. Həmin "jurnalistlər” elə əməllərdən çıxıblar ki, hətta mən də regionlara səfər edəndə jurnalist olduğumu deməyə çəkinirəm. Ehtiyat edirəm ki, haqqımda başqa şeylər düşünərlər. Bu baxımdan yeni İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyi dəstəkləyirəm. Bunun sui-istifadə hallarının qarşısının alınmasına nə dərəcədə təsir edəcəyinə gəlincə, burada icraatın önəmindən çox şey asılıdır. Cərimənin miqdarı az və ya çox ola bilər. Bu məsələ icraata yönəldiləcəyi təqdirdə real nəticələr ortaya çıxacaq. Yəni qanun təsdiqini tapıb qüvvəyə minəndən sonra sərt tədbirlərin ümumi duruma necə təsir edəcəyini müşahidə edə biləcəyik. Əgər yeni dəyişiklik köhnə variantda olduğu kimi kağız üzərində qalacaq, tətbiq edilməyəcəksə, kimlərsə yenə də qanunun yanından keçməyə meyillənəcəksə, o zaman heç bir müsbət nəticə olmayacaq. Ona görə də arzu edir və düşünürəm ki, icraat məsələsində daha qətiyyətli olmalıyıq. Belə olarsa, jurnalist adından sui-istifadə hallarının qarşısını almaq mümkün olacaq”.
Şəymən
Şərq.-
2015.-11 dekabr.- S. 11