HEYDƏR ƏLİYEVİN ADI OLMASAYDI, MƏNİ SƏNƏTDƏN SİLMİŞDİLƏR”

 

Samir Cəfərov: “Rusiyanın şou-biznesi ona görə inkişaf etdi ki, Alla Puqaçova, İosif Kabzonlar məktəb yaratdılar”

“Amma bizdə Flora Kərimova, İlhamə Quliyeva, Azər Zeynalov sənətə nəzarət etməli idilər, onlar qalmaqallara üstünlük verdilər”

 

"Azərbaycanda 3-4 güclü vokalist var. Cahangir Qurbanov, Azər Zeynalov və mən. Biz üçümüz də naxçıvanlıyıq. Heç birimiz Qəbələ festivallarında iştirak edə bilmirik”

 

- Bizim kəndin axunduna söz vermişəm ki, azanı lentə aldıracam. O deyir ki, sənin ifanda azanı hər gün səsləndirək. Mən də razılıq vermişəm. Nehrəm kəndində mənim səsimlə azan səslənəcək...

"Ondan danışırıq”:

Tahirə Məmmədqızının təqdimatında

Səs Allahın verdiyi fitri istedaddı. Onu nə pulla satın alırlar, nə bəxşiş verirlər. O, ilahi bir hədiyyədir. Onun da səsi Allahın verdiyi hədiyyədir. Onu tanımağa isə bəzən ehtiyac qalmır. Əslində bilmirəm, onun sənətindən yazarkən daha gözəl cümlələr axtarıb tapım, ya şəxsiyyətinə olan hörmətimi bu yazıda siz ocucularla bölüşüm? Əslində hər iki halda budəfəki layihəmizdə "Ondan danışırıq”.

Xalq artisti, Opera və Balet Teatrının solisti, İncəsənət Gimnaziyasının pedaqoqu Samir Cəfərov həmsöhbətim olacaq. Onun sənət dünyasından, Samir Cəfərovun pəncərəsindən həyata baxıb, onun həyat bucağı ilə sizləri də tanış etmək istədim. İncəsənət Gimnaziyasında onun otağına daxil olana qədər tələbələrinin onun barədə söylədikləri fikirlər, onun təkcə bir sənətkar kimi deyil, bir şəxsiyyət kimi də özünə hörməti insanı düşündürməyə vadar etdi. Demək ki, böyük sənətkar olmaq yox, əsl şəxsiyyət olmaq həyatda qazandığın ən böyük uğurdu. Samir Cəfərov da şəxsiyyətinə hörmət etdiyim o sənətkardı ki, yaddaşımda yeni bir iz buraxdı. Onunla həmsöhbət olandan sonra tanımadığım Samir Cəfərovu tanıdım desəm, səhv etmərəm. Mən bu tanışlıqdan məmnun qaldım. Həqiqətən onu tanımağa dəyər!

- Bu gün sənətə nə qədər diqqət və qayğı çoxalsa da, sənətə gələnlərin sayı çox olduğundan sanki dəyərsiz olmağa başlayıb. Bir sözlə, sənət ucuzlaşıb.

- Kəmiyyətin çox olmağı keyfiyyət göstəricisi deyil. Maraqlıdır ki, bu gün sənətə kiminsə pulu çoxdu deyə gəlir, ya da dayısı sponsoru var və özünü göstərir. Bəlkə də problem bundadı.

- Nədənsə, valideynlər uşaqlarının gələcəyini düşünəndə çıxış yolu kimi əllərindən tutub sənətə gətirirlər, müğənni kimi istəyirlər.

- Müəyyən bir qurum olmalıdı ki, buna nəzarət etsin, bəli, bu gün valideynlərin bir hissəsi uşaqlarının gələcəyini düşünəndə, onları müğənni kimi arzulayır, ona görə də əllərindən tutub sənətə gətirirlər. Amma əsl sənətdən söhbət gedirsə, burda yalnız ən yaxşıları qalacaq. Yəni ən istedadlı olanlar. Rusiyanın mədəniyyəti niyə inkişaf edib, çünki onlarda mədəni siyasət var. Senzura vacibdir.

- Yəni əvvəllər olduğu kimi bədii şura olmalıdır?

 Adını bədii şura deməyək, başqa cürdə adlandırmaq olar. Rusiyanın şou-biznesi niyə inkişaf edir, orda Alla Puqaçova, İosif Kabzon və digərləri məktəb yaratdılar.

 "Fabrika Zvyozd”. Burda istedadlılar istehsal olundu. Eyni zamanda onlar o çəkini saxladılar, yəni o balans pozulmadı.

- Axı bizdə də bu kimi layihələr oldu...

- Bizdə oldu. Amma hansı səviyyədə? Təəssüflər ki, bizdə adlı-sanlı, Alla Puqaçova səviyyəsində olan sənətkarlarımız bu kimi işlər görmək əvəzinə, qalmaqallara üstünlük verdilər. Misal üçün, mənim gənclik dövrümdə İlhamə Quliyeva, Flora Kərimova, rəhmətlik Elçin Cəlilov, Azər Zeynalov kimi böyük sənətkarlar efirlərdə var idi. Onlar nəsə etməli idilər. Allah Elçin Cəlilova rəhmət etsin, o rəhmətə gedib, digərləri nəsə etməli idilər. Bu gün onlar Azərbaycan şou-biznesinin qaymaqları sayılır. Onlar sənətə nəzarət etməli idilər. Amma əvəzində qalmaqallara üstünlük verdilər. Bəzi sənətkarlar da var ki, siyasi maraqları üzündən cəmiyyətə daha çox xeyir verəcək işdən uzaq qaldılar.

- Söhbət Azər Zeynalovdan gedir?

- Yox, təkcə Azər Zeynalovdan söhbət getmir, elə Flora Kərimovanı da deyirəm. Sənətkar sənətilə məşğul olmalıdır. Ortalıq boş qaldı. Bizim sənətkarlarımız isə nədənsə, sənətdən çox başqa işlərlə məşğul olmağa üstünlük verdilər. Bugünkü mənzərə də məhz bunun nəticəsidir.

- Samir Cəfərov özü Avropada təhsil alan, Azərbaycanın Xalq artisti olan sənətkarlardandır. Bəlkə siz bu missiyanı üzərinizə götürəsiniz. Niyə buna cəhd etmirsiniz?

- Yox, bilirsiniz, hələ ki mən o statusda olan sənətçi deyiləm. Bunun üçün adlarını çəkdiyim və çəkmədiyim sənətkarlar var ki, onlar nəsə etməli idilər, meydanı boş qoymamalı idilər. Bunun üçün Mədəniyyət Nazirliyi və digər qurumlar nəsə etməlidirlər. Bizdə hələ ki, sənətdə keyfiyyət yoxdur, kəmiyyət var.

- Axı bizdə də "Fabrika Zvyozd” kimi yeni müsabiqələr keçirildi. "Yeni ulduz”, "Azəri-Star” və digərləri. Dırnaqarası səslənsə də, nəsə etməyə çalışırlar. Edirlərmi?

- Təəssüf ki, bütün bu yarışlar, filan keyfiyyətə yox, kəmiyyətə xidmət edir. Misal üçün, elə muğama da axın dəhşətli dərəcədə çoxalır. Məsələn, 4-cü muğam müsabiqəsi, 5-ci muğam müsabiqəsi. Lazımdırmı bu qədər muğam ifaçısı. Dövlətin dəstəyi var, diqqəti, qayğısı var. Amma bu o demək deyil ki, hara baxsan xanəndə görəsən, bu qədər xanəndə heç kimə lazım deyil. İstedad 10 ildə bəlkə bir dənə yetişir. Amma bizdə ildə müsabiqələrdən 20-30 xanəndə efirlərə ayaq açır. Məni narahat edən bir də o məqamdır ki, bu müsabiqələrdə iştirak edənlər üçün efirlərin qapısı asanlıqla açılır. Hansı kanala getsələr, muğam müsabiqəsinin iştirakçısı olduğu üçün onlara məhdudiyyət qoyulmur, bir sözlə, muğam müsabiqəsi onlar üçün efirlərə getməyin ən gözəl körpüsüdür. Muğam müsabiqəsindən açar kimi istifadə edirlər. Bütün kanalların qapısını açan rahat açar. Bütün televiziyalar da bu açardan ehtiyat edir. Çünki müsabiqə rəsmi, dövlətin, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir deyə, telekanallar bunu nəzərə alırlar. Bu müsabiqədə də senzura olmalıdır. Əgər hər dəfə 20 xanəndə müsabiqədə iştirak edirsə, 5 ildə 100 xanəndə edir.

- Bu çox oldu?

 

 Həddindən artıq çoxdu. 20 xanəndədən 2-si qalib olur da. Bunlara məhdudiyyət olmasın. Axı bu müsabiqədən əlavə də Milli Konservatoriyada, Musiqi Akademiyasında, İncəsənət Universitetində xanəndə hazırlanır. Bunların hamısını nəzərə alsaq, çoxdu. Üstəlik də, bu gənclərə qədər də sənətdə olan xanəndələr var. Bu qədər xanəndə kimə lazımdı? Misal üçün, İncəsənət Universitetində muğam bölümü nəyə lazımdı? Əvvəllər Musiqi Akademiyası 4 ilə 10 xanəndə buraxırdı. Yəni bu qədər axın düzgün deyil. Təkcə muğam sənətindən söhbət getmir. İncəsənət Universitetində aşıq sənəti, estrada fakültəsi, muğam sənəti nəyə lazımdı?

- Samir özü necə oldu ki, sənətə gəldi?

- Mən Naxçıvanda oxuyurdum. Atamın təkidi ilə bu sahədə təhsil almağa başladım. Yəni nə zamansa böyük səhnədə olacağımı düşünmürdüm.

- Əslində Samir Cəfərov sənətçi yox, milli təhlükəsizlik sahəsində çalışmaq arzusunda olub. Bəs bu iddiada olan Samiri sənətə gətirən qüvvə nə oldu?

 Mən 1991-ci ildə Bakıya gəldim. Ulu öndərimiz Naxçıvana gəlmişdi. Mənim ifamı eşitdi, çox bəyəndi. Onun dəstəyi və birbaşa göstərişi ilə məni Bakıya təyin etdilər ki, Musiqi Akademiyasında təhsil alım. Əslində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da dövləti qoruyur, mədəniyyət sahəsində olan insanlar da dövlətin mədəniyyətini qoruyur. Oxşar məqamları bəlkə də budur. Biz də öz sahəmizdə bu ölkənin mədəniyyətini qoruyuruq.

 

 Sizin Moskvadakı konsertinizdə erməni aparıcısı sizi təqdim etməkdən imtina edib...

- Bəli, Moskvada böyük bir konsertdə iştirak edirdim. Aparıcı erməni idi. Bildirdi ki, azərbaycanlı sənətçini təqdim etmirəm. Məni təqdim etməkdən imtina etdi. Konsertin təşkilatçılarından iki nəfər dedi ki, biz sizi təqdim edərik. Nə isə, ifama başladım. İfa bitdikdə erməni aparıcı pərdə arxasından səsini çıxararaq mənim ifamı çox bəyəndiyini və zaldan daha gurultulu alqış istədi. Tərifləyə-tərifləyə zala daxil oldu. O konsertin video görüntüləri məndə var. Yəni həyatda belə məqamlar da olur.

- Düşmənlərimizin sizə paxıllığını başa düşmək olar, bizim özümüzdə necə, Samirə paxıllıq edənlər olur?

- O qədər. Sənətə gəldiyim gündən bunu hiss etmişəm. Mən etiraf edim də, Heydər Əliyevin adı olmasaydı, məni səhnədən silmişdilər, imkan verməzdilər ki, mən sənətdə olum. Bir də Fatma xanım Abdullazadə mənə dəstəyini göstərib. Mənim bir naxçıvanlı kimi bu sənətdə yerim olmayacaqdı.- Niyə bunu eyhamla vurğuladız? Axı bir çoxlarının fikrincə, naxçıvanlı olmaq şans sayılır...

- Bu dəqiqədə də o özünü göstərir. Azərbaycanda bir neçə ildi Qəbələ festivalı keçirilir. Azərbaycanda az sayda sənətçi var ki, vokalist olaraq tanınır. Mən Qəbələ festivalına dəvət almıram. Məndən soruşurlar ki, siz niyə Qəbələ festivalında iştirak etmirsiz?

- Səbəb? Niyə iştirak etmirsiz?

- Səbəb naxçıvanlı olmağımdır. Pavarotti də naxçıvanlı olsaydı, Qəbələ festivalında iştirak edə bilməzdi. Mənim üçün də maraqlıdır ki, o festivala niyə dəvət olunmuram. Rusiya, başqa ölkələrdən belə festivallara tez-tez dəvət alsam da, öz ölkəmizdə olan Qəbələ festivalına dəvət almıram. Azərbaycanda 3-4 güclü vokalist var. Cahangir Qurbanov, Azər Zeynalov və mən. Biz üçümüz də naxçıvanlıyıq. Heç birimiz Qəbələ festivallarında iştirak edə bilmirik. Bu barədə inanın, ilk dəfədi danışıram.

(P.S. Qəbələ festivalına dəvət alan sənətçilərin seçiminə birbaşa Fərhad Bədəlbəylinin nəzarət etdiyini də öyrəndik).

Rostropoviç festivallarında mən iştirak edirəm. Bu yaxınlarda Minskdə ümumdünya vokalçılarının festivalı keçiriləcək, orda Azərbaycanı təmsil edirəm. Amma Qəbələ festivalında iştirak etmirəm. Nə qədər məntiqə uyğundu. Dünyanın vokalistləri Qəbələyə gəlir, biz orda iştirak etmirik. Bilirsiz, xaricdən dəvət alasan, amma öz ölkəndə kənarda qalasan, bu, adama ağır gəlir. Tələbələrim də soruşur. İndi bizi sevənlər də var, sevməyənlər də, bu ayrı məsələdi.

- Tələbələriniz doğrudanmı belə suallar ünvanlayırlar? Axı indiki gənclər sərbəstliyi sevir, yəqin ondandı...

- İnanın ki, soruşurlar. Çünki bizim tələbələr bir az da yaradıcı ruha sahib olan insanlardı. Bu onların da psixologiyasına təsirini göstərir. Xaricdən gələn sənətçilərə verilən qonorarı eşidəndə, bəzən şoka düşürsən. O qədər böyük qonorarlara xaricdən qonaqlar dəvət olunur ki, bu, həqiqətən böyük vəsaitdi. Amma özümüzünkülərə gələndə, nədənsə, xəsislik edirik. Ona görə bizim sənətçilər dünya səviyyəsində tanına bilmirlər. Biz özümüzə qiymət verməyi bacarmırıq. Əslində dediniz tələbələrlə bağlı, bunu demək lazımdı. Onlar üçün də maraqlıdı, gələcəkdə onların yaradıcılığı necə qiymətləndiriləcək. Maraqlanırsan, görürsən ki, bizim sənətçilərə, 50, 100,150 manat qonorar verilir, amma xaricdən gələnlərə ağlı döndərəcək böyük məbləğlər xərclənir.

- Bildiyim qədər "Koroğlu” operasını italyan dilində hazırlayıb dünyanın məşhur "La Skala” teatrında təqdim etmək istəmisən. Bunun üçün sadəcə, 280 min manat vəsait lazımdır ki, "Koroğlu” italyan dilində "La Skala”da səslənsin. Amma Samirin bu istəyi elə istək olaraq qalır. Bu layihə üçün pul xərcləməyə xəsislik edirlər...

- Mən italyanlarla əlaqə saxlamışdım, ilkin deyilən qiymət bu qədər oldu, bəlkə də ondan az tələb oluna bilərdi, ya da bir az artıq. Amma təxmini bu civarda məbləğə "Koroğlu”nu səsləndirmək olardı, həm də İtaliyada. Bu, sənət aləmində böyük səs-səda yaradardı. Bilirsiz, sənətə bu qədər soyuq yanaşmaq düzgün deyil. Bəlkə də belə proyektlərin reallaşacağına bəziləri inanmaq istəmir. Amma dünya praktikasında bu var. Məsəlçün, Çaykovskini dünyada bəstəkar kimi nə vaxt tanıdılar? O vaxtki rus missionerləri onun "Yevgeni Onegin” əsərini fransız dilində səhnəyə qoydular. Həm də Fransada. Bir müddət fransız dilində "Yevgeni Onegin” əsəri Fransada təqdim olundu. Sonra rus və fransız dillərində. Bu, rus musiqisinin təbliğatı idi. Şostakoviçi klassik musiqiləri ilə tanısalar da, Çaykovski rus musiqisini dünyaya fərqli tərzdə tanıtdı. Raxmaninovun da elə. Amma Çaykovski daha genişmiqyaslı şəkildə rus musiqisinin tanınmış siması olaraq tarixə düşdü. Burda təbliğatın böyük rolu vardı. Yəni bu təcrübədən çıxış edərək düşündüm ki, "Koroğlu”nu italyan dilində səhnəyə qoymaq Azərbaycan operasının inkişafına, Azərbaycan musiqisinin dünyada təbliğinə töhfəsini verə bilər. Ola bilər gələcəkdə sponsor da tapılsın. Söhbət mənim oxumağımdan getmir. Sadəcə olaraq Azərbaycan musiqisinin təbliğindən gedir. Mən ariyanı Monserrat Kabalyeyə italyan dilində təqdim etdim. Onlar üçün yenilik idi. Bu musiqi İtaliyada, italyan dilində təbliğ olunmağa başlasa, 21-ci əsrin yeni operası olmaq ehtimalı yüksəkdi. Üzeyir bəyin "Üvertura”sı ilə açılan bu opera inanın ki, Avropada səs sala bilər. O, qeyri-adi musiqidi. Sadəcə bunu təbliğ etmək lazımdı. Nigarın ariyasını rus dilində hazırlamışdıq. Hələ rus dilində çox yaxşı səslənirdi, maraq doğurmuşdu. Heç olmasa, "Koroğlu”nu Moskvada rus dilində təqdim etmək lazımdı. Bu, arzularımdan biridir.

- Axı "Arşın mal alan”ı Vyanada səhnəyə qoydular. Sizi bu qane etdi?

- Bəli, "Arşın mal alan”ı Vyanada səhnəyə qoydular. O da mən istəyən səviyyədə deyildi. Etiraf edim ki, o, bizim opera deyildi. Bizə aid olan orda heç nə yox idi. Mən bilmirdim ki, Tellini çinli qız oynayacaq və "Arşın mal alan” o cür cılız şəkildə təqdim olunacaq. Cins şalvarla, əlində siqaret çinli qız, "Arşın mal alan”ı necə təqdim edə bilərdi? Bir sözlə, bizə aid orda heç nə yox idi. Bu, bizim mədəniyyətə zidd idi, bu da məni ağrıtdı. Biz operalarımızı orijinal şəkildə də təqdim edə bilmərik. Çünki Avropa buna hazır deyil. Bəlkə də 100 dəfədən sonra, tədricən milli operalarımız orijinal şəkildə orda təqdim oluna bilər. Bunun üçün təqdimat və təbliğat önəmlidir. Sadəcə, o tamaşanın təqdimatı zamanı mənim bir məqam ürəyimcə oldu. Orda şəxsiyyətinə böyük hörmət etdiyim Amaliya Pənahova da var idi. Operatorlar onu tez-tez göstərirdilər. Azərbaycan xanımının ən azından gözəlliyini görürdülər. O xanımın əli ağzında qalmışdı. O qədər təəccüblənmişdi, o qədər sarsılmışdı. Yəni o tamaşaya sona qədər baxmağa səbrim çatmadı.

- Muğam sənətinin özündə də bir haçalanma var. Bayaq etdiyim naxçıvanlı məsələsi? Axı muğamda da qarabağlılara deyilənə görə, daha çox önəm verilir. Baxmayaraq ki, Alim Qasımov Şamaxıdandı...

- Muğam elə bir dərin musiqidir ki, onu danışmaqla, öyrənməklə bitməz. Muğam təkcə səsim var deyə, ifa olunan musiqi deyil. Burda Allahla təmas, ruhun rolu da böyükdür.

- Samir Cəfərov da muğam oxuyur. Hərçənd bəziləri bunu son zamana qədər bilmirdilər.

- Bəli, lazım olan yerdə muğam da ifa edirəm. Mənə bu qiyməti ilk dəfə Sabir Abdullayev verib. Daha sonra Alim Qasımov. Onlar da dedilər ki, oxu. Arif Babayev, Ağaxan Abdullayev də ifamı bəyənirlər. Sadəcə mən vokal sahəsində boşluq hiss etdim, ona görə də o sahəyə meyl göstərməyə üstünlük verdim. Bizim yetərincə xanəndələrimiz var. Özünüz də bilirsiz ki, şou-biznesdə bir qədər kiminsə səsi varsa, mədəniyyətə yox, "mədə - niyyətə” xidmət etməyə çalışır. Yəni səsi olan bundan yalnız pul qazanmaq üçün istifadə edir. Bir mahnı tapırlar ki, məni tanısınlar. Toya gedim, vəssalam. Onlar üçün maraqlı deyil, Azərbaycan mədəniyyəti hara gedir. Əsas odur ki, toya gedib pul qazansınlar.

- Siz toya getmirsiz ki?

- Gedirəm. Niyə getmirəm ki? Amma sənət təkcə toyda oxumaq deyil. Sadəcə elə insanlar var Azərbaycan mədəniyyətini məhv etdilər, bu mədəniyyəti qaldırmaq bu gün mənim üçün sıfıra bərabər nəticədir. Bunun üçün illər lazımdı ki, Azərbaycan musiqisi yenidən qalxsın. Azərbaycan musiqisinin ana xəttini məhv etdilər.

- Samir, səsində problem olanlar, səs tembri ilə bağlı problemləri olanlar arasında xalq artistləri, tanınmışlar da var ki, sənə müraciət edirlər.

- Mən çalışıram ki, təkcə özüm üçün yox, tamaşaçılar üçün zövqlü musiqi təqdim olunsun. Gələnlər arasında dostlarım da var, münasibətim olmayanlar da var. Bunun fərqi yoxdu.

- Dostlarla münasibətin olmayanlar arasında fərq qoyursan məsləhətlər verəndə?

- Qətiyyən. Çalışıram ki, düzgün məsləhət verim. Avropada təhsil almışam, vokalist olduğum üçün müəyyən məqamlarda bilirəm ki, səsi necə açmaq olar. Səsdə yaranan problemi necə aradan qaldırmaq lazımdı. Hamı müraciət edir, Xalq artistindən tutmuş, Əməkdar artistə, sıravi müğənniyədək.

- Alim Qasımov, Gülyaz, Gülyanaq bacıları, Elnarə Abdullayeva və digərlərinin sənin məsləhətindən istifadə etdiyini bilirəm...

- Məsləhət deməyək, biz sadəcə təcrübələrimizi bölüşürük.

- Bunu da sizin təvazökarlığınız hesab edək...

- Sadəcə, yenə də deyirəm, sənəti olan insanlara böyük hörmətim var. Həqiqətən də çox böyük ifaçılardı. Şükür ki, Azərbaycanda hələ də belə ifaçılar var. Çünki orijinaldılar. Heç kimə bənzəmirlər.

- İndi "kitayski” muğam ifa edənlər də peyda olub.

- Belə deməyək, "kopirovka” edənlər çoxalıb.

- Bizim böyük xanəndələr, tanınmış muğam ifaçılarımız arasında elələri var, burundan oxuyurlar. Sadə dinləyici bunu bəlkə hiss etməsə də, sənin kimi səsi tanıyan insanlar bunu bilir.

- Bəli, elələri var. Onlar içində tanınmışlar da var. Mən ad çəkməyəcəm, amma çoxdu. Onlar da özlərini belə tanıdıblar. Bundan sonra da onları dəyişmək mümkün deyil. Bilirəm ki, desəm də heç nə dəyişməyəcək, ona görə də demərəm. Mənə kim müraciət edirsə, məsləhətimi əsirgəmirəm. Vaxtlarını almadan məsləhət verirəm ki, bunu belə etsən, daha yaxşı olar. Ad deməyəcəm, amma mənə fərdi şəkildə dərs almağa gələnlər var.

- Tələbələrin arasında elələri olub ki, uzun müddət onlarla çalışmısan, hər hansı mərasimdə, çəkilişdə ustadlarından danışanda, nədənsə, sənin adını çəkmirlər.

- Olub, o qədər elə olub ki. Əvvəllər bir az ağır olurdu, təsir edirdi. Sonralar öyrəşdim. Misal üçün, bir nəfər var idi, konsertində ifa etdiyi 7 mahnıdan 6-nı mən öyrətmişdim. Biri balaca bir muğam idi. Muğam öyrədənin adını çəkdi, mənim adımı çəkmədi. Əsas odur ki, o tədbirdə yaxşı ifa etdi. Hansı müəllimlər ki, ifaçı deyillər, onlara daha çox təsir edir. Çünki ən azı efirdə adları çəkilsin. Mən efirdə də olduğum üçün bu narahatlığım yoxdu. Bəlkə də ondandı.

- Samirin məqsədi nədi?

- Azərbaycan musiqisini layiqli şəkildə dünya səviyyəsində təbliğ etmək. Ən böyük məqsədim budur. Azərbaycan musiqisi dünyada layiqli yerini tapsın. Müəyyən layihələrim var. Onları həyata keçirməyə çalışıram.

- Bəlkə bir az da şəxsi həyatınızdan danışaq. Neçə övladınız var?

- (Gülür) Olar. Üç övladım var, iki oğlan, bir qız.

- Övladlarınızdan sizin yolunuzu davam etdirmək istəyən varmı?

- Birmənalı şəkildə qətiyyən.

- Siz icazə vermirsiz?

- Bəli, heç vaxt istəmərəm ki, övladlarım sənətdə olsunlar. Onlar ayrı bir sahədə özlərini sınasalar, daha yaxşı olar. Konkret olaraq onların sənətə gəlməyinə qadağa qoymuşam. Onlar da naxçıvanlıdılar axı. İstedad olsa da, naxçıvanlı olmaqları onlara maneçilik törədər.

- Yəni deyirsiz ki, Qəbələdən olsaydız, icazə verərdiz?

- Bəlkə də. Təbii ki, bu bir zarafatdı.

- Samirin yeməklə arası necədi?

 

Yeməkdə qadağalarım yoxdu, hər yeməyi yeyirəm. Sadəcə bilirəm, nəyi haçan, necə yemək lazımdı. Dünən evdə gözəl yemək hazırlamışdılar. İştahla da yedim.

- Yəni həyat yoldaşınız sizə yaxşı qulluq edir. Xanımlığından razısız?

- İnanın ki, çox razıyam. O baxımdan bəxtim gətirib. Həyat yoldaşımın gözəl əl qabiliyyəti var. Bilirsiz də, biz kişiləri məmnun etmək üçün yaxşı yedizdirmək lazımdı.

- Yoldaşınızın sizə belə maraqlı jestləri tez-tezmi olur, yəni şam yeməkləri, filan...

- Düzünü deyim, olur. Bu da mənim xoşuma gəlir. Çünki insan ailəsində rahatlıq tapanda kənardan olan problemlər unudulur.

- Yeməklərin səsə təsiri olurmu?

- Təbii ki, olur. Misal üçün, vokalistlər xəmir yeməklərin daha tez-tez yeməlidir.

- Yoldaşınızla sevərək ailə qurmusuz?

- Bəli, sevgi mütləq olmalıdır və mən həyat yoldaşımı sevərək onunla ailə qurmuşam.

 Samir Cəfərovun qadına münasibəti necədir?

- Qadınsız kişi quru qəpiyə dəyməz. Mənə elə gəlir ki, qadınsız dünya mənasız həyatdı.

- Samir Cəfərov həyatı hansı rəngdə görür? Sevdiyiniz rəng varmı?

- Mən həyatı rəngarəng görürəm. Bir rəngi necə sevmək olar? Hər dəfə yuxudan duranda bir musiqini sevirəm. Bir gün muğamı, bir gün türk musiqisini, bir gün klassikanı. O mənim əhvalıma bağlı olur. Elə rəngləri də. Rəngarəngliyi sevən insanam. Bir rəng mənim üçün faciə deməkdi.

 Sizin pəncərənizdən həyat necə görünür?

- Əvvəla, bu gün Azərbaycanda sakit yaşayırıqsa, buna görə dövlət başçımıza, dövlətimizə borcluyuq. Mənim dünyamdan da ailəm yanımda varsa, xalqım firavan yaşayırsa, bu mənim üçün həyatın gözəl görünən tərəfidi. Buna görə də şükür edirəm.

- Türk dünyasından sənət imperatoru İbrahim Tatlısəs azan səsləndirib. Bizdə də azan ifa edən olub. Amma Samir Cəfərovun da gözəl azan demək bacarığı var. Bunu nə vaxtsa böyük kütlənin qarşısında təqdim etməyi, lentə aldırmağı düşünürsüz?

- Düşünürəm. Bizim kəndin axunduna söz vermişəm ki, azanı lentə aldıracam. O deyir ki, sənin ifanda azanı hər gün səsləndirək. Mən də razılıq vermişəm. Nehrəm kəndində mənim səsimlə azan səslənəcək.

 

Şərq.- 2015.- 15 dekabr.- S. 14