“JURNALİST HƏR CÜMLƏSİNDƏ VƏTƏNDAŞLIQ MƏSULİYYƏTİNİ DƏRK ETMƏLİDİR”

 

Məzahir Süleymanzadə: “Gənc yazarlarımız bilməlidirlər ki, erməni saytlarından xəbərləri kopyalayıb, yaymaq qəhrəmanlıq deyil

 

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin imzası oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanışdır. O, bu mülkün ən halal sahiblərindən biridir. Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib.

Otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır. Onun yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir. Amma bunların hamısını bir məcrada birləşdirərək oxucu marağına səbəb olmaq qüdrətinin yalnız bir adı və möhkəm dayağı var: Qələm!

Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla oxunub, rəğbətlə qarşılanıb. Həm peşəkarlıq, həm də istedad, üstəgəl səriştə, təcrübə - bütün bunlar birləşərək məhz Məzahir Süleymanzadə imzasını oxuculara sevdirə bilib.

Bu gün isə Məzahir Süleymanzadə bugünkü mətbuatın durumu, söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata verilən dəyər haqqında fikirlərini "Şərq”lə bölüşüb. Ahıl Jurnalistlər Məclisinin sədr müavini mətbuatın mövcud durumunu o qədər müsbət qiymətləndirməsə də, əvvəlki illərə nisbətən xeyli irəliləyişlərin olduğunu vurğulamağı da unutmayıb:

- Həm möhtəşəm Avropa Oyunlarının keçirilmə ərəfəsində, həm də yarışların getdiyi müddət ərzində bir sıra beynəlxalq təşkilatlar ölkəmizə qarşı "qara piar” kampaniyası aparırlar. Təəssüflər olsun ki, bəzi yerli mətbuat orqanları da onlara rəvac verirlər və hansısa formada ortaya çıxan neqativ, texniki qüsurları şişirdərək ictimaiyyətə təqdim edirlər. Amma onların sayı çox deyil, ölkədə vur-tut bir-iki qərəzli fəaliyyət göstərən informasiya portalı var. Onlar müxtəlif dövrlərdə olduğu kimi bu günöz "ənənələrinə” sadiq qalaraq işlərini davam etdirirlər. Mətbuatın missiyası Azərbaycan reallığını lazımi səviyyədə obyektiv olaraq təqdim etmək və ölkəmizə qarşı olan mənfi və qərəzli yazılara adekvat cavab verməkdən ibarətdir. Bunlar bilavasitə mətbuatın müasir öhdəliyi və ümdə vəzifəsidir. Demək olar ki, bütün Azərbaycan mediası dəfələrlə bir sıra xarici mətbuatda dərc olunan neqativ yazılara dərhal reaksiya verir və onları yerində "otuzdurur”.

Azərbaycan mətbuatı qərəzli qüvvələrə operativ cavab verməyə hər zaman hazırdır. Hesab edirəm ki, istər sıravi vətəndaş olsun, istər jurnalist, fərq etməz, hamı Vətən və millət qarşısında öz mənəvi borcunu dərk etməli və bu istiqamətdə çalışmalıdır. Bilirsiz ki, Avropa Oyunlarında könüllülər də fəaliyyət göstərir. Onların hər birinin ətrafında böyük sosial şəbəkə qrupları var. Eyni zamanda jurnalist təşkilatlarının ətrafında böyük qruplar fəaliyyət göstərir. Bütün bu vasitələrdən istifadə edərək həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı, qərəzli yanaşmaları çürütməliyik. Bütün bunlarla yanaşı, bir şeyi təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda nəşr olunan qəzetlərin tirajları az olduğu üçün dünya ictimaiyyətinə təsir imkanlarımız çox azdır. Bizim mediada yayılan məlumatları ancaq Azərbaycan cəmiyyəti mənimsəyir. Bu mənada, xarici mediada Azərbaycan haqqında aparılan qarayaxma kampaniyalarına cavab vermək imkanları məhduddur. Hələlik, bu funksiyanın bir hissəsini bizim dövlət orqanlarımız öz üzərinə götürüb. Mediamızın görmək istəyib, gücü yetmədiyi funksiyanı bu gün bizim rəsmi orqanlar görürlər. Onlar həmin dövlətlərin səfirliklərinə müraciət edir. Eyni zamanda, Avropa Parlamentinin nümayəndəliyində olan millət vəkillərimiz müntəzəm olaraq, bu məsələni beynəlxalq ictimaiyyət qarşısında qaldırır. Əslində onlar özləri də çox gözəl bilirlər ki, bütün bu kampaniyalar boş sözlərdən ibarətdir. Onların yazdıqlarının, dediklərinin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Ümid edirəm ki, zamanla bu kampaniyaların iflasa uğradığını görüb, öz qərəzli mövqelərindən geri çəkiləcəklər.

- 20 Yanvar faciəsi zamanı baş verən həqiqətlərin obyektivoperativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılmasında "Səhər” qəzetinin müstəsna xidmətləri olub. Amma ötən ilin avqust ayında cəbhə xəttində baş verən toqquşma zamanı media orqanlarımız informasiya təhlükəsizliyimizlə bağlı xeyli nöqsanlara yol verdilər. Bu problemin kökü nədir?

- "Səhər” qəzeti ilə bugünkü nəşrləri müqayisə etmək düzgün deyil. Çünki bizim dövr tamam başqa idi, Azərbaycanın müstəqilliyinin ilk illəri idi. Bizim jurnalistikaya, mətbuata, ictimaiyyətə münasibətimiz daha təmiz idi, peşə sədaqətimiz daha güclü idi. 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar "Səhər” qəzeti 2 milyon tirajla nəşr olunmuşdu. İnternetin inkişafı baxımından o dövr ilə indiki dövrü müqsayisə etmək doğru deyil. Həmin illərdə sovet dövründən qalma metodlarla xalqı məlumatlandırmağa çalışırdıq. Amma indi zaman başqadır. İnformasiya çox tez yayılır. Hətta təəssüflə qeyd etməliyəm ki, yanlış informasiya doğru informasiyadan daha tez yayılır. İstinadlı-istinadsız eyni xəbəri bütün saytlar biri-birindən götürüb yayırlar. Bu da təbii ki, ilk növbədə jurnalistlərin peşəkarlığı ilə bağlı olan bir məsələdir. Hər şeydən əvvəl jurnalist öz ölkəsinin vətəndaşı olmalıdır. Hər yazısında, hər cümləsində öz vətəndaşlıq məsuliyyətini dərk etməlidir. Vətəndaşlıq mövqeyi olmayan jurnalist nə yazır-yazsın, lap belə cümlələri inci kimi sapa düzsün, onun yazısı ictimai rəydə lazımi reaksiya doğurmayacaq. Bu gün jurnalistlərimizin əksəriyyəti gənc və təcrübəsiz olduğu üçün onlarda vətəndaşlıq mövqeyi yetəri qədər formalaşmayıb. Bu da ekstremal vəziyyətlərdə istər- istəməz Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı müəyyən problemlər yaradır. Gənc jurnalistlər bilməlidirlər ki, erməni saytlarından xəbərləri kopyalayıb, yaymaq qəhrəmanlıq deyil. Bu, ölkənin informasiya təhlükəsizliyinə problem yaradan jurnalist səriştəsizliyidir. Son vaxtlar Mətbuat Şurası ilə Müdafiə Nazirliyi sıx əməkdaşlığa başlayıb. Jurnalistlər üçün yaddaş kitabçası hazırlanıb, onların cəbhə bölgəsinə aparılması istiqamətində layihələr hazırlanıb.

- Mətbuatda söz, fikir azadlığı qaneedicidirmi?

- Bu gün Azərbaycan mətbuatında kifayət qədər sözfikir azadlığı var. Kim nə istəyir, onu yazır. Kim necə düşünür, o cüröz fikirlərini ifadə edir. Bu sahədə jurnalistlər üçün heç bir məhdudiyyət hiss eləmirəm. Sizə onu deyim ki, hansısa bir məsələnin problem səviyyəsinə qalxması bir yoxluqdan, birçoxluqdan irəli gəlir. Azərbaycanda isə həddindən artıq söz azadlığı olduğu üçün bir çox hallarda bu məsələ geniş müzakirə predmetinə çevrilir. Bizim jurnalistlərə tam şəkildə sərbəstlik verilib. Bütün problemlər də burdan qaynaqlanır. Məsələ burasındadır ki, bəzi jurnalistlər artıq məsuliyyət hissini itiriblər. Söz azadlığının içində itib batıblar. Onlara o qədər söz azadlığı verilib ki, artıq bu "dəniz”də üzə bilmirlər. Mən heç bir halda jurnalistlərə qarşı təzyiqin, senzuranın tərəfdarı deyiləm. Amma çox yaxşı olar ki, jurnalistlərimiz ayaqlarını yorğanlarına qədər uzatsınlar. Okeana atılan adam ilk növbədə özünü balıq və balina kimi aparmaq barədə düşünməlidir.

Bir jurnalist kimi nə istəmişəm, onu da yazmışam və o cür də qəzetlərdə dərc olunub. Əslində hər şey müəllifin məsələyə münasibətindən asılıdır. Hər bir jurnalistin özünün daxilində bir senzura olmalıdır. Jurnalist kimisə tənqid edən zaman öz fikirlərini təhqir səviyyəsində ifadə etməməlidir. Yəni jurnalistlərin peşə etikası və kodeksini gözləməlidir. Bu əməllərə riayət edən söz sahibinin sözünə isə heç kəs məhdudiyyət qoymamalıdır və qoyulmur da. Heç bir jurnalist deyə bilməz ki, filan şeydən yazmaq istədim, icazə vermədilər. Düzdür, bir jurnalistin fikirləri onun çalışdığı qəzetin "yoluna uyğun olmaya bilər. Bu zaman həmin jurnalist başqa bir orqanda öz fikirlərini dərc edə bilər.

- Çap mediasının sıradan çıxacağı barədə söhbətlər var. Nə dərəcədə doğru hesab edirsiniz?

- Çap mediası heç vaxt sıradan çıxmayacaq. Elektron medianın bizdən daha artıq inkişaf etdiyi ölkələr var. Həmin ölkələrdə çap mediası hələ də öz gücünü saxlamaqdadır. Odur ki, bütövlükdə qəzetlərin səhnədən getməsinə, sıradan çıxmasına inanmıram, ola bilsin ki, bütün qəzetlərin internet versiyası yaranacaq, onlayn qəzetlər artacaq, amma kağız qəzetlər tamamilə yox olmayacaq. Elektron media bir qədər etibarsız mənbədir. Orada nə istəsən, yaza bilərsən. Hətta elə saytlar var ki, heç kəs oradakı məlumatların həqiqət olduğuna inanmır. Doğrudur, operativlik baxımından qəzetlər elektron mediaya uduzur. Amma çap məhsulunun aurası tamam başqadır. Onlar daha çox etibara sahibdirlər. Bu baxımdan qəzet çox praktikdirklassik variantdır. Kağız məhsulunun özünəməxsus aurasına görə inanmıram ki, qəzetlərdən tam imtina etsinlər. Praktiklik baxımından qəzet mövcudluğunu itirməyəcək. Əslində yeni nələrsə meydana gələndə, həmişə ənənəvi mövcud olanı itirməklə bağlı bir qorxu yaranır. İndionlayn jurnalistikanın inkişafı təbii olaraq qəzetlərin, çap mətbuatının ləğv olunması qorxusunu yaradır, amma fikrimcə, əbəs yerə ehtiyatlanırlar. Qəzetlərə hər zaman ehtiyac olacaq. Amma bu qədər qəzetə də yox. Mənə elə gəlir ki, 15-20 ciddi qəzet saxlayıb, onların hərtərəfli inkişafını təmin eləmək daha effektiv olar.

- Mövcud problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?

- Bu problemlərin həlli üçün xeyli işlər görülür. Arxada qoyduğumuz il ərzində Azərbaycanda mətbuat mövzusunda nə qədər beynəlxalq tədbirlər keçirildi. Eyni zamanda xaricdə keçirilən toplantılarda bizim bəzi nümayəndələrimiz iştirak ediblər. Hər şey gör-götür dünyasıdır. Beynəlxalq praktikada yaxşı nə varsa, öyrənib tətbiq eləmək lazımdır. Onu da deyim ki, jurnalistlərin problemlərinin həlli istiqamətində MŞ-nin fəaliyyətini müsbət dəyərləndirirəm. Onlar 24 saat jurnalistlərimizin taleyi ilə maraqlanır, mövcud problemlərin həlli üçün müxtəlif təşkilatlara müraciətlər edirlər. Sadəcə, 90-cı illərdən bəri o qədər qarışıqlıq yaranıb ki, edilən cəhdlər, görülən işlər bütövlükdə problemlərin həllinə bəs eləmir. Amma ruhdan düşmək yox, bu işləri davam etdirib, istədiyimizə nail olmalıyıq.

 

Şəymən

Şərq.-2015.- 26 iyun.- S. 11.