TƏHLİLLƏR VƏ
ƏLAQƏLƏR ZƏİFDİR
Beynəlxalq
münasibətlərdən yazan jurnalistlərin
təkmilləşməsinə ehtiyac var
Azərbaycanda beynəlxalq münasibətlər mövzusunun işıqlandırılmasında medianın durumu o qədər də ürəkaçan deyil. Azərbaycan jurnalistlərinin ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində uğurları çox məhdud saydadır. Söz yox ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var.
Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Belə olan halda isə Azərbaycan jurnalistlərinin beynəlxalq münasibətləri zəif işıqlandırması ölkə ictimaiyyətini narahat etməyə bilməz. Onu da deyək ki, Azərbaycan mətbuatının dünya mediası ilə əlaqələrinin hansı səviyyədə olduğunu araşdırmaq üçün bir sıra media ekspertləri ilə əlaqə saxladıq. Amma Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil. Buna baxmayaraq onların hər biri ölkə mediasında beynəlxalq mövzunun peşəkarlıqla işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya mediasına daha geniş çıxarılması üçün zəruri olan məsələlərə aydınlıq gətirilməsi məsələsində həmrəy oldular.
Beynəlxalq münasibətlərlə bağlı yazılarda obyektiv dəyərləndirmələr olmur
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələyə kompleks yanaşmağın vacibliyini əsaslandırıb. Baş redaktor bildirib ki, təkcə jurnalistikada yox, elə beynəlxalq münasibətlərlə məşğul olan ekspertlərin özündə belə diferensiya zəifdir. Buna görə də bəzən bir adam müxtəlif regionlarla bağlı məsələlərə şərh verir. Halbuki həmin regionların hər birinin təhlili ayrılıqda aparılmalıdır. E.Mirzəbəyli həmçinin beynəlxalq münasibətlər sahəsində yazan jurnalistlər üçün təşkilati işlərin daha çox klub və qarşılıqlı müzakirələr formatında düzənlənməsinin vacibliyindən söz açıb:
"Azərbaycanda beynəlxalq münasibətlərdən yazan jurnalist yoxdur” demək ədalətli olmaz. Çünki var bizdə belə jurnalistlər. Onlar ayrı-ayrı mətbuat orqanlarında çalışırlar. Onların bir hissəsi sırf beynəlxalq münasibətlər üzrə təhsil alan insanlardır. Bəziləri isə jurnalist ixtisası üzrə təhsil alsalar da, beynəlxalq münasibətləri kifayət qədər bildikləri üçün bu sahəyə üz tutublar. Ancaq toplum şəklində götürsək, bəli, bu sahədə doğrudan da ciddi boşluq var. Xüsusən də bu boşluq araşdırmalarda nəzərə çarpır. Konkret olaraq desəm, beynəlxalq münasibətlərlə bağlı yazılarda obyektiv dəyərləndirmələr olmur. Bütün bu problemlərin arxasında isə beynəlxalq münasibətlərdən yazan jurnalistlərin məlumat qıtlığıdır. Azərbaycan mətbuatının nümayəndələrinin beynəlxalq məlumat mənbəyi əsasən Rusiya mediasıdır. Rus mediasında isə beynəlxalq münasibətlərlə bağlı araşdırmaları bilavasitə rusların maraqlarını müdafiə edir. Həmçinin hər hansı bir mövzunu dəyərləndirmək üçün bir neçə mənbədən məlumatın alınması zəruridir. Yəni eyni bir mövzunu həm qərb, həm rus, həm də digər xarici mənbələrdən əldə edib, müqayisəli şəkildə təhlil etmək lazımdır”.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda beynəlxalq münasibətlər sahəsində çalışan jurnalistlərin dil problemi də var: "Həmçinin bizdə bütün sahələrdə olduğu kimi bu sahədə də ixtisaslaşma getməyib. Azərbaycan jurnalistlərinin xarici dilləri mükəmməl bilməməsi onları ölkənin sərhədlərindən kənara çıxmağa maneçilik törədir. Fikir verirsinizsə, bizim jurnalistlərin yazıları xarici media orqanlarında çox nadir hallarda dərc olunur”.
Beynəlxalq təşkilatlarla informasiya mübadiləmiz var
Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsi (CASCFEN) sədri Azər Həsrət Azərbaycanın media qurumlarının beynəlxalq əlaqələrinin olmasının zəruriliyindən danışıb. Onun fikrincə, istənilən ölkə haqqında məlumatlar beynəlxalq müstəviyə mətbuat vasitəsilə ötürülür. O hesab edir ki, media ölkə haqqında dəqiq və dürüst məlumatları beynəlxalq təşkilatlara düzgün çatdırmağa çalışmalıdır. CASCFEN rəhbəri müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşərkən əsasən dil faktoru üzərində dayanıb. O, digər cəhət kimi beynəlxalq jurnalistika sahəsində təcrübəsi olan şəxslərin ali məktəblərin jurnalistika fakültələri ilə əməkdaşlığa cəlb edilməsinin önəmindən də danışıb. Sovet dövründə Azərbaycan mediasının beynəlxalq əlaqələrinin lazımi səviyyədə olmadığını bildirən CASCFEN sədrinin sözlərinə görə, 15-20 il bundan əvvələ nisbətən Azərbaycan jurnalistikasının beynəlxalq aləmə inteqrasiyasında müəyyən xeyli irəliləyişlər var:
"1997-ci ildən etibarən
beynəlxalq media orqanları ilə əlaqələrin
qurulması istiqamətində fəal iş
apardıqlarını diqqətə çatdıran ekspert məhz elə həmin illərdən
etibarən Azərbaycan KİV-nin beynəlxalq
əməkdaşlığına nail
olduqlarını qeyd edib.
1997-2000-ci illər ərzində biz
ölkə mediasının beynəlxalq əlaqələrinin
qurulması istiqamətində ardıcıl iş
apardıq. Məhz bu işlərin nəticəsi
olaraq həmin illər ərəfəsində
bir sıra beynəlxalq media
təşkilatlarında üzvlük səviyyəsində
təmsilçilik hüququ qazandıq.
Artıq beynəlxalq səviyyədə Azərbaycan jurnalistləri
xeyli uğur əldə
ediblər. Media ilə bağlı bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda
keçirilməsi bu sahədəki
uğurlarımızdandır. Azərbaycan jurnalistləri bir sıra beynəlxalq jurnalist
təşkilatlarının rəhbərliyində belə təmsil
olunur. Hətta aparıcı
jurnalist təşkilatlarının bir neçəsi, o
cümlədən də mənim rəhbəri olduğum Orta Asiya və Güney Qafqaz söz
azadlığı şəbəkəsi bir
neçə beynəlxalq jurnalist təşkilatları
ilə əlaqə saxlayır və bir
sıra təşkilatların üzvüdür.
Həmçinin biz bu
əlaqələrimizi daha da
genişləndirmək üçün çox ciddi addımlar
atırıq. Beynəlxalq təşkilatlarla informasiya
mübadiləmiz var”. Konkret
olaraq beynəlxalq münasibətlərdən
yazan jurnalistlərimizin olub-olmamasına gəldikdə
isə A.Həsrət bu sahədə
müəyyən çatışmazlıqların olduğunu dilə gətirib. Onun
sözlərinə görə, bu gün Azərbaycan jurnalistlərinin əksəriyyətinin
dil bilgisi məhdud olduğu üçün
onların xarici mətbuata
çıxışı zəifdir. Bildiyiniz kimi, bizim üçün
maraqlı olan rusdilli və ingilis dilli auditoriyalardır. Amma bizdə ingilis dilini mükəmməl bilən jurnalistlərin sayı o qədər də çox deyil: "Beynəlxalq
media ilə əməkdaşlığımız
daha çox Türkiyə mətbuatının
fonunda özünü
doğruldur. Bu mənada Azərbaycan jurnalistlərinin beynəlxalq
əlaqələri məni
qane edəcək səviyyədə deyil”.
Mövcud əlaqələri yetərli hesab etməyən A.Həsrət
bildirib ki, Azərbaycan həqiqətlərini
dünyaya çatdıracaq
jurnalistlərin sayı
maksimum həddə çatmalıdır. Ən azından
bizim jurnalistlər xarici mediada Azərbaycan əleyhinə
gedən yazılara cavab verməkdə aktivlik göstərməlidirlər.
Biz öz işimizi
elə qurmalıyıq
ki, Azərbaycanla bağlı həqiqətləri
və problemləri bütün dünyaya duyura bilək.
Bu gün bizdə beynəlxalq əlaqə deyiləndə, ancaq Türkiyə və keçmiş SSRİ respublikalarının
media qurumları ilə
münasibətləri nəzərdə
tuturlar
"Exo” qəzetinin əməkdaşı Tofiqəxanım
Qasımova da bildirib ki, müəyyən
dövrlərdə jurnalistikada
mövcud olmuş stereotiplər beynəlxalq
miqyaslı hadisə və proseslərin təqdimat tərzinə fərqli yanaşma doğurub: "Hesab edilib ki, jurnalistika
ancaq xəbər çatdırmalıdır. Mövcud səbəbdən
bu gün nəticələri açıqlanan
monitorinqdə jurnalistlərin
daha çox xəbərlərə üstünlük
verdiyi, analitik məzmunlu materialların azlıq təşkil etdiyi üzə çıxır. Digər tərəfdən,
dünyanın reallıqları
dəyişir. Bəzən görürsən
ki, ölkəmizə
aidiyyəti olmayan hansısa prosesin elementləri sonradan yaşadığımız bölgəni
də əhatə edir. Ona görə də
daha diqqətli və çevik olmaq zərurəti meydana çıxır.
Jurnalistlər üçün
peşəkarlığın artırılması kurslarına
gəlincə, bu iş gerçəkləşdirilməlidir
və müəyyən
nəzəri aspektlər
dəyərləndirilməlidir. Ancaq bir çox şeylər yenə də jurnalistlərin özlərindən, onların
yanaşmalarından asılıdır”.
"Yenilik.az”
saytının baş
redaktoru Xanlar Xoca isə hesab
edir ki, Azərbaycan mediasının
beynəlxalq əlaqələri
çox zəifdir:
"Dövlətin hazırda
göstərdiyi diqqət
və qayğı nəticəsində daha güclü əlaqələr
qurmaq və inkişaf etdirmək olardı. Bu isə
həm də ölkəmizdə həyata
keçirilən nəhəng
layihələrin dünyaya
çatdırılmasında əhəmiyyətli rol oynaya bilərdi. Təəssüf ki, bu gün bizdə beynəlxalq əlaqə deyiləndə ancaq Türkiyə və keçmiş SSRİ respublikalarının
media qurumları ilə
münasibətləri nəzərdə
tuturlar. Halbuki
ABŞ və Avropanın
avanqard qəzet redaksiyaları, media qurumları
ilə əlaqələr
qurulsa, jurnalistlər təcrübə keçməyə
göndərilsə, müsbət
nəticələr olar,
həm həmin ölkələrin jurnalistləri
arasında ölkəmiz
haqqında daha dolğun təsəvvür
yaradılar, ölkəmizə
qarşı qərəzli
yazıların sayı
azalar, həm də jurnalistlər bilik və təcrübələrini
artırmaq, təkmilləşmək
imkanı əldə edərlər. Ümid edirəm ki,
yaxın gələcəkdə
bu sahədə müəyyən addımlar
atılmasını müşahidə
edə biləcəyik”.
(davamı olacaq...)
Şəymən
Şərq.-2015.-
17 may.- S. 11.