MEDİA KİFAYƏT QƏDƏR FƏAL
OLDU
“Bakı 2015”in xarici və yerli KİV-də
işıqlandırılması müsbət
qarşılanıb
"Bakı 2015” Avropa Oyunlarının 6 günü arxada qalıb. Oyunlar başlayandan bu yana müxtəlif idman sahələri üzrə çoxsaylı yarışlar keçirilib və idmançılarımız 8 qızıl olmaqla, 18 medal qazanıblar. Təbii ki, bu göstərici son deyil, qalibiyyətlərin davamı gələcək və idmançılarımız daha çox qızıl, gümüş və bürünc mükafatlar əldə edəcəklər. Məlumat üçün deyək ki, 6 gün ərzində qələbə və məğlubiyyətlərlə yanaşı, müxtəlif maraqlı, sevindirici və kədərli hadisələr də yaşanıb.
Həm yarışlar, həm də baş verən maraqlı məqamlar dünyanın 50-dən çox ölkəsinin media qurumları tərəfindən diqqətlə izlənilməkdədir. Birinci Avropa Oyunları haqqında materiallar xarici KİV-lərin baş xəbərlərinə çevrilib. Qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi Azərbaycan coğrafi mövqeyi ilə hər zaman dünyanın marağını özünə cəlb edə bilib. Bu mühüm amil Birinci Avropa Oyunlarının açılış mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin, Milli Olimpiya Komitələri prezidentlərinin, görkəmli mədəniyyət və idman xadimlərinin iştirak etməsi ilə bir daha təsdiqini tapdı. İndi beynəlxalq media məkanında "Bakıda möhtəşəm açılış mərasimi”, "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”, "Unudulmaz idman bayramı”, "Avropanın idman nəbzi Bakıda döyünür”, "Avropa Oyunlarını Azərbaycan reallığa çevirdi”, "Azərbaycan qitənin idman tarixini yazdı”, "Dünyanın məşhur idmançıları Bakıda görüşür” və digər ifadələrə hər gün rast gəlmək mümkündür. Qardaş Türkiyə mediası da Birinci Avropa Oyunları barədə xəbərlərə geniş yer ayırır. "NTV Spor” kanalının rəsmi internet səhifəsində "Bakıda tarixi açılış” sərlövhəli məqalə yerləşdirilib. Rəsmi yayımçı olan kanal, həmçinin yarışların gedişindən bəhs edən operativ informasiyalar və gündəlik icmallar təqdim edir.
"Haberler.com” portalı "Bakıda Avropa Oyunları üçün möhtəşəm açılış mərasimi” sərlövhəsi ilə geniş yazı verib. Məqalədə 68 min yerlik möhtəşəm Bakı Olimpiya Stadionunda təşkil edilən bənzərsiz açılış mərasiminin bütün dünyanı heyrətləndirdiyi diqqətə çatdırılır. "Haberturk.com” saytında yer alan yazı isə belə adlanır: "Bakıda Avropa Oyunları coşqusu”. Yazıda bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək dövlət rəsmilərinin iştirak etdikləri açılış mərasimində Azərbaycanın milli dəyərləri ilə yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu vurğulanır. Britaniyanın gündəlik "London Evening Standard” qəzetində dərc edilmiş geniş məqalədə "Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri yer alıb. Kleq bu Oyunların ən çox diqqət çəkən layihə ola biləcəyini, belə bir mötəbər tədbirin ilk dəfə keçirildiyini qeyd edib.
"Bakı-2015” Birinci Avropa Oyunları ABŞ mediasının da gündəmindədir. Məşhur "Getty Images” foto
agentliyinin saytında Oyunların
açılış mərasimindən çəkilmiş
fotoşəkillər yerləşdirilib. Fotosessiyada
iyunun 12-də Bakıda Birinci
Avropa Oyunlarının
açılış mərasiminin möhtəşəmliyini
əks etdirən rəngarəng görüntülər yer alıb. "The Washington Post” qəzetinin
internet səhifəsində də Birinci Avropa Oyunları ilə bağlı 26 foto yerləşdirilib. Fotosessiya
hazırda Azərbaycanda
olan David Ramos, Kril Kusryatsev, Sergey Dolzeko, Dan Mulan, Bernd Sissen kimi məşhur fotomüxbirlərin "Bakı-2015” Birinci Avropa Oyunlarının açılış
mərasimindən çəkdiyi
fotoşəkillər əsasında
tərtib olunub. "Bristol Herald Courier” qəzetinin
dərc etdiyi məqalədə tanınmış
dünya ulduzu Ledi Qaqanın Birinci Avropa Oyunlarının açılış
mərasimindəki çıxışından
bəhs olunub.
Almaniyanın məşhur "Deutsche Welle”
media agentliyində "Bakı
Birinci Avropa Oyunlarının açılışını
qeyd edir” sərlövhəli məqalə
dərc edilib. İtaliyanın
"Opinione Pubblica”,
"Avvenire” xəbər
saytları da Azərbaycanda idmanın inkişafı istiqamətində
qəbul olunmuş dövlət proqramları,
icra olunan layihələr, keçirilən
tədbirlər barədə
ətraflı məlumat
verirlər. Bildirilir ki, Olimpiya Hərəkatının genişləndiyi
bu ölkənin idmançıları nüfuzlu
yarışlarda yüksək
nailiyyətlər əldə
edirlər. Xəzərin
sahilində yerləşən
Azərbaycan bu cür önəmli idman tədbirinə ev sahibliyi
etmək iqtidarındadır.
Qonşu
Rusiya Federasiyasının
populyar və aparıcı KİV-ləri
də Bakıda keçirilən Avropa Oyunlarının açılış
mərasimini geniş şəkildə işıqlandırır.
Amma aydındır ki, Oyunlar müddətində,
xüsusən, idman yarışlarının anbaan
işıqlandırılmasında əsas məsuliyyət Azərbaycan mediasının
üzərinə düşür.
Ötən müddət ərzində
Azərbaycanda fəaliyyət
göstərən əksər
media qurumları müxtəlif
arenalarda və fərqli saatlarda keçirilən idman yarışlarını operativ
və obyektiv şəkildə ölkə
ictimaiyyətinə çatdırmağa
çalışır. Ancaq bəzi xarici, hətta bir sıra yerli media qurumları Azərbaycan əleyhinə yazılar tirajlayaraq, ictimaiyyəti yanıltmağa səy göstərirlər. Bu baxımdan Azərbaycan mətbuatının üzərinə
mühüm öhdəlik
düşür. Belə ki,
Azərbaycan KİV-ləri
mütəmadi olaraq Avropa Oyunlarını işıqlandırmaqla yanaşı,
həm də mötəbər tədbiri
qaralamağa çalışan
"media qurumlarını” zərərsizləşdirməlidir. Bəs, görəsən, yerli
KİV-lər bunun öhdəsindən gələ
bilirmi? Ümumiyyətlə, Azərbaycan mediasının
Oyunlar müddətindəki
fəaliyyətini, operativliyini
qənaətbəxş hesab
etmək olarmı?
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu istiqamətdə
Azərbaycan mediasının
fəaliyyətini çox
yüksək qiymətləndirib:
"Avropa Oyunlarının
uğurla başlaması,
açılış mərasiminin
çox böyük təntənə ilə həyata keçirilməsi,
idmançılarımızın müxtəlif arenalarda yüksək nəticələr
göstərməsi, qaralama
kampaniyalarına qarşı
birgə mübarizə
aparılması Avropa
Oyunlarının Təşkilat
Komitəsinin əməyinin
nəticəsi olmaqla yanaşı, həm də Azərbaycan mediasının zəhmətinin
bəhrəsidir. Oyunların təbliğ
olunmasında, nəticələrin
müdafiəsində və
dünyada tanıdılmasında
ölkə mətbuatı
üzərinə düşən
öhdəliyi yerinə
yetirir”.
Baş redaktor bildirib ki, digər proseslərə o qədər
də ciddi yanaşmaq lazım deyil: "Azərbaycan idmançıları komanda
hesabındakı medalların
sayına görə,
ikinci yerdədir və birinciliyə iddialı olmaq üçün əlimizdə
kifayət qədər
əsaslar var. İdmançılarımızın
qısa müddət ərzində bu qədər böyük bir nəticə əldə etməsi indiyə kimi Avropa Oyunlarını qaralamağa çalışanlara
ən tutarlı cavabdır. 5-6 ay ərzində
Avropa Oyunlarına qarşı kampaniya aparan qüvvələr idmançılarımızı ruhdan sala biləcəklərinə
ümid edirdilər.
Amma təmsilçilərimiz ard-arda
qələbələr qazanaraq,
həm özlərinin,
həm də Azərbaycanın idman şərəfini layiqincə
qorudular. Mən onların
uğurunu yüksək
qiymətləndirirəm”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da deyib ki, Azərbaycan
idmançılarının əldə etdiyi uğurlar ayrıca bir hadisədir və Azərbaycan idman tarixinin ən parlaq, şərəfli səhifələrindəndir:
"Avropa Oyunları kimi möhtəşəm
bir tədbirin Azərbaycanda bu cür əfsanəvi, nağılabənzər və
ecazkar şəkildə
təşkil olunması
xaricdə və daxildə bizi sevməyən qüvvələr
tərəfindən narazılıqla
qarşılandı. Anti-Azərbaycançı mərkəzlər
bu hadisədən istifadə edərək ölkəmiz əleyhinə
neqativ informasiyalar yazmağa başladı.
Bu istiqamətdə bir sıra jurnalist
təşkilatları, bəzi
QHT-lər də onlara qoşuldu. Amma ötən günlər onu göstərdi ki, Azərbaycanın bütün media ictimaiyyəti
və əksər
QHT-lər çox fəal və obyektiv şəkildə işlədilər. Ayın
12-də Avropa Oyunlarının
açılış günü
bir sıra mətbu orqanlarda start götürən neqativ xəbər yayma planı baş tutmadı. Azərbaycan dövləti və
xalqı öz gözəllikləri ilə
ön plana çıxdı. İdmanımızın gözəl səhifələri
mediamız vasitəsi
ilə bütün dünya ictimaiyyətinə
çatdırıldı. Ayrı-ayrı xarici ölkələrdə
birbaşa yayımlar vasitəsi ilə Azərbaycanda nə qədər sağlam idman mühitinin, mədəni şəraitin,
tolerant bir cəmiyyətin
mövcud olduğu ortaya çıxdı.
Artıq
əminliklə deyə
bilərəm ki, anti-Azərbaycançı mərkəzlərin
bizə qarşı hücumu tam fiaskoya uğradı. Azərbaycan informasiya
mübarizəsində duruş
gətirə, mübarizədən
qalib çıxa bildi və idman
sahəsində yeni tarix yazdı”.
H.Babaoğlu qeyd edib ki, istər çap mediası, istər sosial media kifayət qədər fəaldır: "Bir-iki neqativ nüansları nəzərə almasaq, ümumilikdə mediamız
üzərinə düşən
tarixi missiyanı yerinə yetirməyi bacardı və prosesdən üzüağ
çıxdı. Bu prosesdə ölkəmizin
fəal gəncliyi də xüsusi rol oynadı. Anti-Azərbaycançılığa
qarşı mübarizə
aparmaq təckə
KİV-lərin gücü
daxilində deyildi.
Vurğulamaq lazımdır ki,
sağlam və intellektual əsaslarla formalaşmış yeni, mübariz Azərbaycan gəncliyi milli maraqları qorumaqda mediaya çox kömək etdi”.
"Yeniçağ.az” saytının
baş redaktoru Aqil Ələsgər deyib ki, bu
gün Obamadan daha çox ABŞ-ı müdafiə edən medianın öz dövlətini gözdən
salmaq üçün
əl atdığı
fəndləri gördükdə,
təəssüflənməmək olmur: "Avropa Oyunları öncəsi turistlərin və idmançıların Bakıya
gəlməməsi üçün
çox ciddi fəaliyyət göstərildi.
Heç
erməni diasporu bu qədər canfəşanlıq göstərmədi.
Heyvan ölümü, sonra başqa iddialarla insanların beyinlərini bulandırmağa çalışdılar.
Yerli bəzi qüvvələr
də onlara qoşuldu. Bu, artıq iqtidar-müxalifət
savaşı yox, Vətənə qarşı
xəyanətdir. Əlbəttə,
o fikirdə deyiləm
ki, kim
Avropa Oyunlarını
xoşlamırsa, deməli
o, xaindir. Kiminsə Avropa Oyunlarından
xoşu gəlməyə
bilər. Fəqət burada
məsələ Avropa
Oyunlarından xoşu
gəlməmək deyil,
dövlət əleyhinə
təbliğatdır. Nəticədə avropalı bizim
ölkənin məmurunu
bəyənsə nə
dəyişəcək, bəyənməsə
nə olacaq? Olan Azərbaycanın imicinə olacaq. Bunlar sözdə iqtidara qarşı savaş aparsalar da, əslində
Azərbaycanın imicini
ləkələyirlər. Mediada işıqlandırılmağa gəlincə, mən bir sıra xarici
ölkələrdə tədbirlərdə
iştirak edən jurnalist olaraq etiraf etməliyəm ki, Avropa Oyunlarında
medianın fəaliyyət
göstərməsi üçün
çox əla şərait yaradılıb”.
(davamı
var)
İsmayıl
Şərq.-2015.-18 iyun.- S.11.