ÖLKƏMİZİN DÜNYAYA
İNTEQRASİYASI...
Azərbaycan Cənubi
Qafqazda əsas söz
sahibi olan dövlət
kimi müstəqil xarici
siyasət həyata keçirir
Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıqda maraqlı olan ölkəmiz bu yöndə konkret addımlar atır. Bərabərhüquqlu əlaqələrin təmin edilməsi prosesinə öz töhfəsini verir. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri daha da möhkəmlənib.
Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Məlum faktlar deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək. Bundan başqa, heç kimə sirr deyil ki, uzaqgörən daxili və xarici siyasətin reallaşması nəticəsində hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilib. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışla qarşılanır. Şübhəsiz ki, qazanılan uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.
Beynəlxalq təşkilatlarda təmsil olunuruq
Ölkəmizin dünya birliyinə inteqrasiyasından söz açan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə vurğulayıb ki, son zamanlar Azərbaycanda siyasət, mədəniyyət və idmanla bağlı beynəlxalq tədbirlərin keçirilməsi, ölkəmizin Avropaya daha yaxından tanıdılması və özünə layiqli yer tutması baxımdan çox faydalıdır: "Ölkəmiz 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında iki illik qeyri-daimi üzv seçildi. Bura üzv seçiləndən sonra ölkəmiz həmin təşkilatda beynəlxalq hüquq normalarının müdafiəsi nəticəsində, hüququn aliliyini qorumaqla kifayət qədər özünə tərəfdaş qazandı. Bildiyiniz kimi, ölkəmizlə BMT arasında əməkdaşlıq Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub. Respublikamız 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilib və həmin ildə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Sözügedən təşkilatla əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. Adıçəkilən beynəlxalq qurumun Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Hər bir qətnamə Azərbaycan
Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib”.
Ölkəmiz BMT-də fəal iştirak edir
Millət vəkili hesab edir ki, Azərbaycanın xarici siyasət çoğrafiyası getdikcə genişlənir: "Ölkəmiz Afrika və Latın Amerikası ölkələrində fövqəladə səfirliklər açır. Bununla da Azərbaycan beynəlxalq əməkdaşlıq imkanlarına malik oldu. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatına üzv olmaqla Azərbaycan xarici siyasətində beynəlxalq hüququn aliliyini müdafiə etdi. Regionda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edərək, münaqişənin beynəlxalq qanunvericiliklə həll olunmasını istəyirdi. Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək ölkəmizin milli təhlükəsizlik siyasətinin ən mühüm vəzifəsidir. Ərazilərin zəbt edilməsi, etnik təmizləmə ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsipinə ziddir. Qeyd edim ki, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana olan təcavüzlə əlaqədar qətnamələr qəbul edilib. Ölkəmizin ərazi bütövlüyünün pozulması pislənilib. İşğalçıların tezliklə zəbt etdikləri əraziləri tərk etməsi tələb olunub”.
İkitərəfli münasibətlər formalaşdırırıq
Parlamentarinin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də ikitərəfli münasibətlərin formalaşdırılmasıdır: "Bu münasibətlər qarşılıqlı, ikitərəfli formatda siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın qurulmasıdır. Azərbaycan üçün müstəqillik mühüm amildir. Ölkəmiz müstəqilliyə təhlükə olmayan qurumlara üzv olur. İkitərəfli əməkdaşlığı müstəqil formatda qurmağa çalışır”.
A.Mollazadə deyib ki, Azərbaycan NATO ölkələri üçün önəmli tərəfdaşlardan biridir: "Antiterror koalisiyasının üzvü olan ölkəmiz NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir”.
Beynəlxalq enerji təchizatçısıyıq
Parlament üzvü onu da əlavə edib ki, son illərdə Azərbaycan regionda ən strateji nəqliyyat-kommunikasiya, enerji dəhlizlərini həyata keçirir: "Zəngin təbii ehtiyatlarımız ölkəmizin inkişafı və milli rifahının təmin olunması üçün perspektivlər yaradır. Onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Azərbaycan regionda genişmiqyaslı enerji-kommunikasiya dəhlizlərinin davamını gətirən qərarlar qəbul edib. Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atdı. Bu, Azərbaycanı dünyaya bağlayacaq strateji nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti idi”.
Dünyaya inteqrasiya əsas yolumuzdur
Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov bildirib ki, ümummilli lider H.Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib: "Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində fəal surətdə iştirak edib. Çünki səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edib. Bu baxımdan 1994-cü il mayın 4-də mərhum H.Əliyevin USülh naminə tərəfdaşlıqF proqramı çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verdi”.
Azərbaycan tanınır
Həmsöhbətimizin fikrincə, Azərbaycanın Avropa institutlarına inteqrasiyası bizə problemlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün çox mötəbər tribuna vermiş oldu: "Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli lider H.Əliyevin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi”.
Aparıcı dövlətlərin diqqəti ölkəmizə yönəlib
E.Əhmədov diqqətə çatdırıb ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılır. Və dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçir: "Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur. Öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasətimiz dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. Bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb”.
Regional məsələlərdə əsas iştirakçıyıq
Ekspertin qənaətincə, Azərbaycan artıq Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirir: "Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilib. Mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İ.Əliyevin qeyd etdiyi kimi, URegiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməzF. Müsahibimiz söyləyib ki, müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində çox ikitərəfli əlaqələrə üstünlük verir: "Azərbaycan Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Buna görə də Birliyin ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir”.
Məqsədimiz erməni işğalını dünyaya tanıtdırmaqdır
E.Əhmədov bəyan edib ki, Azərbaycanın xarici siyasətində ölkəmizin də üzv olduğu İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Respublikamızın memarı H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İKT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləminə olan maraq və diqqətini daha da artırdı. Son illər Azərbaycanın İKT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olub. Lakin sonradan İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmayıb, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilib”.
Beynəlxalq münasibətlərin qeyri-formal aktoruyuq
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu da düşünür ki, Azərbaycan beynəlxalq münasibətlərin qeyri-formal aktorudur: "Beynəlxalq münasibətlər sistemində formal və qeyri-formal aktorlar mövcuddur. Formal aktorlarda sərhədləri olan, milli dövlətçiliyi təmsil edən bütün nişanələr var. Amma dövlət olmasına baxmayaraq, siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul etmir. Belə dövlətlərə misal olaraq, Ermənistanı göstərmək olar. Azərbaycan isə siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul edə bilən dövlətdir”.
Ayyət Əhməd
Şərq.-2015.-18 iyun.- S.10.