I AVROPA OYUNLARININ BAKIDA KEÇİRİLMƏSİNİN ÖLKƏMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ...

 

 Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir. Bu baxımdan, Birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi heç də təsadüfi xarakter daşımır. Ümumi qənaət ondan ibarətdir ki, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Konkret olaraq iyunun 12-dən 28-nə kimi dünyanın diqqəti Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarına yönələcək.

Həmin müddətdə Azərbaycan qitə üçün çox maraqlı, cəlbedici və yeni multi-idman yarışları ilə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunlar zamanı idmançılar da daxil olmaqla ölkəmizə gələn minlərlə qonaq Azərbaycandakı güclü iqtisadi inkişafın, müxtəlif sahələrdə əldə edilən uğurların və ideal tolerantlıq mühitinin şahidi olacaqlar. Bu isə ölkəmizin nüfuzunun daha da artmasına, anti-Azərbaycan dairələrin, o cümlədən erməni lobbisinin ölkəmizə qarşı apardığı "qara piar” kampaniyasının iflasa uğramasına səbəb olacaq. Ona görə də peşəsindən, statusundan və siyasi mövqeyindən asılı olmayaraq, bütün ictimaiyyət nümayəndələri ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini qürur hissi ilə dəstəkləyirlər."İlk Avropa Oyunlarınınbizə həvalə olunmasıuğurumuzun göstəricisidir”

Millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bütün azərbaycanlıların ölkəmizdə bu cür mühüm tədbir keçiriləcəyi üçün sevindiyini deyib. Deputatın sözlərinə görə, Azərbaycan belə Oyunları qəbul etməyə layiq ölkədir: "İdmançılarımız son illər beynəlxalq idman yarışlarında böyük uğurlar əldə ediblər. Bununla da ölkəmizdə idmanın yüksək səviyyədə olduğunu təsdiqləyiblər. Azərbaycanda idman infrastrukturunun yaradılmasına çox böyük diqqət yetirilir. Bugünədək 40-a yaxın Olimpiya stadionu tikilib. Təkcə Bakıda yox, respublikanın bütün bölgələrində idman arenaları inşa edilib. Bütün bunlar da idmanın kütləviliyinin artırılmasına səbəb olub. Ona görə də dünyada siyasi və iqtisadi böhran olmasına baxmayaraq, Azərbaycanın bütövlükdə inkişaf tempinin sürətlə davam etməsi bu cür mötəbər idman yarışının ölkəmizdə keçirilməsinə şərait yaradır. I Avropa Oyunlarının bizə həvalə olunması uğurumuzun göstəricisidir və çox şərəfli işdir. Azərbaycan sabit və demokratik ölkədir, bu baxımdan Oyunların Bakıda keçirilməsinin həm bizim, həm də Avropa üçün böyük əhəmiyyəti var. Mötəbər idman yarışı Azərbaycan üçün bayrama çevriləcək və biz Azərbaycanın imicinin artırılmasında daha bir göstərici əldə edəcəyik”.

"Oyunlar Qarabağ probleminin həllinə yardımçı olacaq”

Millət vəkili Jalə Əliyeva da bildirib ki, I Avropa Oyunları ölkəmizin mövqeyinin dünyada bir daha təsdiqlənməsi baxımından olduqca əhəmiyyətli tədbirdir: "Belə bir etimadın göstərilməsi, ilk dəfə Avropa idman oyunlarının keçiriləcəyi məkan olaraq məhz müstəqilliyi cəmi 20 il

bundan əvvəl tanınan Azərbaycanın seçilməsi böyük nailiyyətdir. Bu, Azərbaycan dövlətinə olan böyük inamın göstəricisidir. Hər bir azərbaycanlı bu Oyunlarla fəxr edir. Heç şübhəsiz ki, beynəlxalq tədbir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mübarizəsinin həllində əhəmiyyətli addım olacaq. Bugünədək Azərbaycan reallığını görmək istəməyən ölkələr və fövqəldövlətlər bir daha əmin olacaqlar ki, Azərbaycan haqq ölkəsidir, sülh tərəfdarıdır. Ölkəmizin heç bir dövlətin torpağında gözü yoxdur. Oyunlarda milyonların gözünün Azərbaycana zillənməsi ölkəmizin mövqeyini bir daha möhkəmləndirəcək, Qarabağ probleminin həllinə aparan yola əhəmiyyətli bir işıq saçacaq”.

"Görəcəklər ki, Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətidir”

Ölkədə fəaliyyət göstərən siyasi partiya liderləri də Birinci Avropa Oyunlarının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıblar. AMİP sədri Yusif Bağırzadə bildirib ki, Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi Azərbaycana olan yüksək etimadın göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan götürdüyü öhdəliyi yüksək səviyyədə həyata keçirir: "Birincisi, bu yarışın Bakıda keçirilməsi göstərir ki, Azərbaycan artıq Avropanın bir hissəsi kimi qəbul edilir. Ölkəmiz neft və idman siyasəti ilə özünü təqdim edə bilir. İkincisi, Azərbaycan bir daha tolerant dövlət olduğunu, bütün xalqların burada azad, firavan və qardaşlıq münasibətində yaşadığını ortaya qoyur. Oyunlarla bağlı Bakıya gələcək minlərlə idmançı, eləcə də turistlər Azərbaycanda bütün xalqların əmin-amanlıqla yaşadığını, bütün dinlərə məxsus icmaların olduğunu biləcəklər. Görəcəklər ki, katoliklər, pravoslavlar, yəhudilərin burada dini mərkəzləri, ofisləri var və heç bir dini sekta təzyiqə məruz qalmır. Üçüncüsü, Bakıya gələcək qonaqlar həm də Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, Dağlıq Qarabağ probleminin olduğunu biləcəklər. Burada tarixi məlumatlar alacaqlar, ədalətli informasiya ilə təmin olunacaqlar. Azərbaycan xalqının necə sülhsevər və humanist olduğunu anlayacaqlar. Bütün bu məsələlərə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi dövlətimiz və millətimiz üçün mühüm hadisədir”.

"Ümummilli məsələlərdə müxalifət də həssas və həmrəy olmalıdır”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hesab edir ki, ölkəmiz bu tədbirdən təbliğat fonunda böyük dividendlər götürəcək: "Avropa Oyunları üzərindən aparılan anti-Azərbaycan kampaniyası qəbuledilməzdir. Prosesdə daxili qüvvələrin yer alması isə utandırıcı haldır. Belə ümummilli məsələlərdə müxalifət də həssas və həmrəy olmalıdır. Çünki bu Oyunların siyasi və iqtisadi qazancları böyükdür. Bununla dövlət büdcəsinə külli miqdarda vəsait daxil olacaq. Eyni zamanda Azərbaycanın dünyada tanınması üçün böyük vasitə olacaq. Dövləti və milli maraqları siyasi ehtiraslara qurban vermək yanlış mövqedir”.

Azərbaycan Avropa Oyunlarının ilk keçirildiyi məkan olacaq

Təbii olaraq, idman ictimaiyyəti də ilk Avropa Oyunlarının əhəmiyyətini çox yüksək qiymətləndirib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini hər kəsə qismət olmayan böyük fürsət adlandırıb. Ölkəmizin idman sahəsində bir sıra uğurlara imza atdığını deyən X.İsayev idmançılarımızın hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu və onların bu yarışlarda uğurlu nəticələr əldə edəcəyinə inandığını deyib: "Belə bir yarışın keçirilməsi ideyası cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Oyunlarının 2015-ci ildə 38 dövlətin dəstəyi ilə Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. Rəqabətin olmasına baxmayaraq, 42 ölkədən 38-nin səs verməsi nəticəsində Oyunlara ev sahibliyi Bakıya verilib. Əminəm ki, bu qərar Avropada və dünyada Azərbaycanın nüfuzunu daha da artıracaq. Azərbaycan Avropa Oyunlarının ilk keçirildiyi ölkə kimi tarixə yazılacaq. Bu, həm də böyük məsuliyyətdir”.

Dünya şöhrətli yazıçı, "Neftçi” klubunun prezidenti Çingiz Abdullayev də bildirib ki, Birinci Avropa Oyunları dövlətimizin təbliğatı üçün çox lazımlı tədbirdir: "Oyunlar Azərbaycanın bütün dünyada müsbət imici üçün xüsusi önəm kəsb edir. Bunu başa düşməyənlər ölkəsini və xalqını sevməyən adamlardır. Mən hər kəsi bu Oyunlara dəstək olmağa çağırıram. Bəzən mətbuatda Avropa Oyunları ilə bağlı axmaq-axmaq yazılara rast gəlinir. Gəlin bu qarayaxma kampaniyasından əl çəkək”.

İqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaranacaq

Birinci Avropa Oyunlarının önəmindən danışarkən iqtisadi amilləri unutmaq olmaz. Bu barədə danışan iqtisadçı-alim Vüqar Bayramov deyib ki, I Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri uzunmüddətli dövrü əhatə edəcək: "Avropa Oyunları keçirildiyi müddətdə cari gəlirlərlə yanaşı, oyunlar başa çatdıqdan sonra ölkə iqtisadiyyatına əlavə vəsaitin daxil olmasına da şans yaranacaq. Şübhəsiz, oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar daxil olmaqla ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalanacaq. Oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq”. V.Bayramov Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari, həm də strateji gəlirləri biri-birindən fərqləndirməyi məsləhət bilib: "Gəlirlər, sadəcə, qısa müddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəətlə istifadə edə biləcək. Avropa Oyunları zamanı ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərci 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam edəcəyini nəzərə alsaq, oyunlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından, xüsusilə xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazanacaq. Cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan mənfəət də daxildir”.

Yarış strateji nöqteyi-nəzərdən də Azərbaycan üçün gəlir vəd edir

İqtisadçı-alimin sözlərinə görə, oyunlar müxtəlif xarici kanallarda yayımlanacaq ki, bu da praktiki olaraq böyük qazanc götürməyə şərait yaradacaq: "Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaqlar. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Avropa Oyunları strateji nöqteyi-nəzərdən də Azərbaycan üçün gəlir vəd edir”. V.Bayramov bildirib ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün də istifadə ediləcək: "Azərbaycan islam ölkələrinin və Avropa çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Deməli, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə böyük xərclər olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq ölkəmiz növbəti beynəlxalq yarışların təşkili üçün bütün bazanı formalaşdırıb. Növbəti illərdə çox cüzi xərclərlə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq”.

 

İsmayıl

Şərq.- 2015.- 5 may.- S.- 10