ƏDƏBİ
NƏŞRLƏR: TARİX VƏ BU GÜN
Qulu Ağsəs: “Vəziyyət o həddə çatıb ki,
yazarlarımızın əlində “Ədəbiyyat” qəzeti,
“Qobustan” jurnalı görəndə sevinirik”
Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzetlər və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan olub. Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb.
Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb. Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.
Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.
Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.
"Azərbaycan” jurnalı
İlk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda, qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.
"Maarif və mədəniyyət” adı ilə nəşrə başlayan "Azərbaycan” jurnalı müxtəlif illərdə "İnqilab və mədəniyyət” (1928-1936), "Revolyusiya və kultura” (1936-1941), "Vətən uğrunda” (1941-1946), yenidən "İnqilab və mədəniyyət” (1946-1952) adları altında nəşr olunub. 1953-cü ildən isə jurnal "Azərbaycan” adlanır. Keçən 85 ildə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi bu jurnalda əksini tapıb.
"Qobustan” sənət toplusu
1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu İncəsənət almanaxının davamıdır. İlk baş redaktoru Xalq yazıçısı Anar olub. Toplunun yaradılmasında, dəyərli nəşr kimi formalaşmasında, tanınmasında qarşılaşdığı çətinliklərdən, o zamankı senzura sədlərindən qorunmasında onun müstəsna rolu danılmazdır. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala Xalq şairi Fikrət Qoca rəhbərlik edib (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olub. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır.
"Qobustan” öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır. Bu toplu ildə dörd dəfə nəşr olunur.
"Körpü” dərgisi
"Körpü” ilk dəfə 2004-cü ildə almanax kimi işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin 17.05.2004-cü il tarixdə keçirilən XI Qurultayının qərarı ilə almanax rüblük ədəbi - tənqid dərgisi kimi təsis olunur. Dərginin müəllifi, baş redaktoru tənqidçi Əsəd Cahangir olub. "Körpü” respublikada ilk ədəbi - tənqid dərgisi idi. Dərginin əsas məqsədi çağdaş ədəbi prosesdə meydana çıxan faktların nəzəri-estetik şərhini vermək olub. Bununla bərabər klassik ədəbiyyatımız və ictimai şüurun digər sahələri - din, incəsənət, fəlsəfə və sair haqqında yazılar da dərginin səhifələrində öz əksini tapıb. "Körpü”nün əsas funksiyalarından biri bölgələr və paytaxt, Azərbaycan və ümumtürk dünyası, Azərbaycan və dünya ədəbiyyatı arasında əlaqə yaratmaqdır. Ona görə də, bölgələrdəki ədəbi-bədii proses, eləcə də ümumtürk məkanı və dünya ədəbiyyatı haqqında yazılara da dərgi öz səhifələrində geniş yer ayırıb.
"Mütərcim” jurnalı
1996-cı ildən fəaliyyət göstərən "Mütərcim” ədəbi, elmi, tərcümə jurnalı Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və "Mütərcim” Tərcümə Mərkəzinin həmtəsisçiliyi ilə nəşr olunur. Respublikamızın ədəbi mühitində öz dəst-xətti ilə seçilən dərgi rüblük olaraq ildə 4 dəfə buraxılır.
"Mütərcim” jurnalı əsasən dünya ədəbiyyatı karifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır.
"Ədəbiyyat” qəzeti
"Ədəbiyyat” qəzetinin ilk nömrəsi 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934-1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat” qəzeti, 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət” (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti” adı ilə nəşr edilib.
Ədəbiyyat əlavələri
Onu da deyək ki, ədəbi dərgilərə paralel olaraq bəzi qəzetlərdə ədəbiyyat əlavələri çıxır ki, bu da tarixi ənənələrə söykənir. Belə ki, Əli bəy Hüseynzadənin rəhbərlik etdiyi "Həyat”, Əhməd bəy Ağaoğlunun əsasını qoyduğu "İrşad” qəzeti bu missiyanı çox gözəl həyata keçiriblər. Bu gün də bir sıra aparıcı qəzetlər öz səhifələrində ədəbiyyata ayrıca yer ayırmaları ilə fərqlənir.
Siyahının əvvəlində təbii ki, "525-ci qəzet”i göstərmək olar. Ədəbiyyat əlavəsi olmasa da, şənbə günü buraxılışı demək olar, ədəbiyyat və sənət məsələlərinə həsr olunur. Qəzet əsası qoyulandan bu günə qədər Azərbaycan ədəbiyyatının tanınmış və gənc imzaları ilə əməkdaşlığını davam etdirir. Azərbaycanda siyasi qarşıdurmaların gərgin vaxtlarında, oxucuların da daha çox siyasi yazılar tələb etdiyi bir zamanda "525-ci qəzet” öz oxucu kütləsini itirməkdən ehtiyatlanmayaraq ədəbiyyata geniş yer verib. "525-ci qəzet” ədəbiyyata yer ayırmaqla öz qəzetçilik missiyasını həyata keçirib. Ədəbiyyata yeni gələn gənclərə də kifayət qədər təsiri olub. Bu gənc yazarlar özləri də etiraf edirlər ki, daim izlədikləri və ədəbiyyata faydalı mətbuat orqanlarından biri də
"525-ci qəzet”dir. "Kaspi” qəzeti də bu ənənəyə sadiq qalır. Zəngin tarixi ənənələri olan bu qəzet ozamanki ənənəsinə xilaf çıxmayaraq əsas ideoloji və estetik təsir vasitələrindən olan ədəbiyyata indi də yer ayırır. Hər həftənin şənbə günü isə qəzet xüsusi ədəbiyyat əlavəsi ilə işıq üzü görür. "Kaspi” ədəbiyyat əlavəsi ilə yanaşı, hər il bir sıra müsabiqələr də keçirir. Bu vaxta kimi ədəbiyyat və mətbuata həsr olunan 9 kitab nəşr edilib.
Bu gün ölkəmizdə nəşr olunan populyar ədəbi-bədii jurnallardan biri də "Ulduz” jurnalıdır.
Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumu ilə bağlı "Şərq”ə danışan "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib ki, Azərbaycanda ədəbi dərgilərə ögey münasibət var və bu, son zamanlar daha qabarıq hiss olunur. Onsuz da sayı çox az olan ədəbi jurnalları qəzet köşklərində tapmaq olmur: "Ədəbi dərgilər və ya ədəbi mövzulara toxunan qəzetlər, elektron media orqanları digər mətbu nəşrlərdən fərqli olaraq az oxunur. Bu reallıq acı da olsa bir faktdır. Nə qaçmaq, nə də danmaq olur. Biz sadəcə bununla hesablaşmalıyıq. Ən azından ona görə ki, indiki dövrdə nəyisə gizlətmək, yalandan şişirdilmiş məlumatlar yaymaq dövrü arxada qalıb. Tiraj hər şeyi müəyyənləşdirir. Amma kədərli statistikanın özündə belə axtarsaq, ədəbi-bədii dərgilərlə bağlı işıq tapmasaq da, işıq ucu tapmaq olar. İşıq ucu isə odur ki, özümüz yazıb, özümüz oxuyuruq. Hər nə qədər qəribə və təzadlı səslənsə də, bəzən yazıçılarımızın biri-birlərinin əsərlərini oxumadıqlarını görürük. Vəziyyət o həddə çatıb ki, yazarlarımızın əlində "Ədəbiyyat” qəzeti, "Qobustan” jurnalı görəndə sevinirik. Amma vaxt vardı ki, nəinki yazıçıların, digər sahələrdə çalışan insanların, ziyalıların da əlindən bu dərgilər düşmürdü. Elə oxumadığımıza görə də son illərdə ədəbi-bədii nəşrlərin tirajı kəskin şəkildə aşağı düşüb. Bəzən sual verirlər ki, ədəbiyyat dərgilərinin tirajı niyə günü-gündən aşağı düşür? Mən də sizin qəzet vasitəsilə həmin adamlara sual edirəm ki, onlar hansı dərgiyə abunədirlər? Əvvəllər hər birimiz dərgilərə abunə olmağa can atırdıq ki, köşklərdə ədəbi jurnalları tapmaq olmurdu. Nəşrlər satışa çıxarılan kimi alınıb, qutarırdı”.
(davamı olacaq...)
Şəymən
Şərq.- 2015.- 16 oktyabr.- S.11