ƏDƏBİ NƏŞRLƏRƏ MARAQ AZALIB

 

Aqşin Yenisey: “Yaxşı şeir, hekayə yazdığı üçün heç kimi yada salan yoxdur

Zahir Əzəmət: “Hələ də ölkədə ədəbi nəşrlər fəaliyyət göstərirsə, bunun özü bizim üçün böyük şeydir

 

 

Cəlil Cavanşir: "İstedadlı gənclərə yetəri qədər diqqət ayırıb, şərait yaratmırlar”

 

 

(... əvvəli ötən sayımızda)

 

Son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.

 

Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumu ilə bağlı "Şərq”ə danışan yazarlar da hesab edir ki, ölkədə nüfuzlu ədəbi dərgilərin olmamasının əsas səbəbi ədəbiyyata olan marağın azalmasıdır.

 

Ədəbiyyat çörək hayındadır

 

Dövlət büdcəsi hesabına çıxan heç bir ədəbi orqanı oxumadığını deyən şair Aqşin Yenisey təcrübələrinə əsasən bunun sadəcə, vaxt itkisi olduğunu bəyan edib: "Beş-altı il bundan qabaq arada bir nəşr olunan "Alatoran” jurnalı ilə əməkdaşlıq edirdim, orada həm Azərbaycan, həm də dünya ədəbiyyatında baş verən yeniliklərdən xəbər tutmaq olurdu. Amma bütün yaxşılar kimi onun da ömrü qısa oldu. İndi isə Azad Qaradərəlinin şəxsi təşəbbüsü hesabına nəşr olunan "Yazı” jurnalı ilə Səxavət Sahilin təkbaşına hazırladığı "Avanqard” dərgisini izləyirəm”. Ümumilikdə isə şair bu gün ədəbi orqanların fəaliyyətinin yox səviyyəsində olduğunu düşünür: "İnanmıram ki, özü şeir, hekayə yazmayan adamlar ədəbi mətbuatı izləsin”.

 

A.Yeniseyin sözlərinə görə, ədəbi dərgilərin nüfuzunun aşağı olmasının səbəbi heç də sözə marağın azalması ilə bağlı deyil: "Deməzdim, sözə maraq azalıb, sadəcə, ədəbi qüvvələr indi ayrı-ayrı adamların şəxsi maraqlarına muzdurluq etməklə dolanırlar. Yaxşı şeir, hekayə yazdığı üçün heç kimi yada salan yoxdur. Ona görə də ədəbi saytların, dərgilərin problemləri yazarların öz maraqlarında da deyil. Ədəbiyyat çörək hayındadır”.

 

Çoxluq heç vaxt yaxşı olmur

 

Hər hansı bir ədəbi dərgi ilə mütəmadi şəkildə əməkdaşlığı olmadığını vurğulayan şair, esseist Səlim Babullaoğlunun ara-sıra "Ulduz” və "Azərbaycan” jurnallarında həm orijinal mətnləri, həm də tərcümələri dərc olunur: "Qəzetlərdən isə "Ədəbiyyat” və "Kaspi -Ədəbiyyat”la əməkdaşlıq etmişəm. Bu günimkan olanda edirəm. Məncə, hər iki qəzetin indiki fəaliyyəti qaneedicidir”.

 

Azərbaycanda fəaliyyət göstərən ədəbi dərgilərin ümumi səviyyəsinə gəldikdə isə şair səviyyənin göydəndüşmə bir şey olmadığını deyib: "Ədəbi orqanların səviyyəsini müəyyənləşdirən əsas amil müəlliflər və mətnlərdir. Biz necəyiksə, ədəbiyyat dərgilərimiz də aşağı-yuxarı elədir. Yəni, bu günə qədər ədəbi dərgilərdə çox yaxşı mətnlərə də rast gəlmişəm, bərbad yazılara da. Amma onu da deyim ki, çoxluq heç vaxt yaxşı olmur. Bu səbəbdən də əksər zaman daha bərbad mətnlərlə üzləşməli oluruq. Ən çatışmayan xüsusiyyət isə naşirlərin - redaktorların müəllif axtarışı məsələsindəki təşəbbüssüzlüyüdür”.

 

Əslində bu bizim ədəbi dərgilərə yox, dərgini istiqamətləndirən sistemə qarşı etirazımızın göstəricisidir

 

Yazar Zahir Əzəmət isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların, nəşrlərin durumu ədəbiyyatın durumuna uyğundur. Onun sözlərinə görə, ədəbi dərgiləri ədəbiyyatdan ayrı müqayisə etmək olmaz. Əgər Azərbaycanda kitab oxunma faizi getdikcə aşağı düşür, insanlar kitaba maraq göstərmirsə, ədəbi dərgilər təkbaşına inqilab edə bilməz axı: "Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən ədəbi nəşrlərdən başqa Azərbaycanda müstəqil şəkildə dərc olunan jurnallar da var. Belə nəşrlər arasında uzun illərdir mütəmadi olaraq çıxan "Yazı” jurnalını xüsusi qeyd edə bilərəm. Mən jurnalların fəaliyyət səviyyəsinin aşağı olduğunu deyib, bu işlə məşğul olan insanları həvəsdən salmaq istəmirəm. Çünki indiki situasiyada bu jurnalların çap olunmasının özü belə bir qəhrəmanlıq, "Don Kixotluqdur. Çap xərclərini çəkmək, dərgiyə müəlliflər cəlb etmək və ortaya normal səviyyədə oxunaqlı bir jurnal çıxarmaq asan deyil. Bu məhdudiyyətlər içərisində hələ də ölkədə ədəbi nəşrlər fəaliyyət göstərirsə, bunun özü bizim üçün böyük şeydir. Əslində bu gün maraqlı və oxunaqlı dərgilər var, sadəcə oxucu marağı çox aşağı səviyyədədir. Jurnalların səviyyəsinin artması üçün ölkədə rəqabət mühiti olmalıdır. Rəqabət mühiti üçün də oxucuların ədəbiyyata marağı olmalıdır. Bu gün Azərbaycanda nə ən yaxşı ədəbi dərgi, nə də peşəkarlıq səviyyəsi aşağı olan jurnallar satılır. Deməli, bu halda ədəbi dərgilərin fəaliyyətinin qənaətbəxş səviyyədə olub-olmadığını müzakirəyə çıxarmaq üçün əsas yoxdur. Kitab nəşri və yayımı ilə məşğul olan biri kimi deyə bilərəm ki, hətta dünyanın ən məşhur yazıçılarının kitablarına belə Azərbaycanda tələbat azdır. İnsanlarımız kitabdan uzaq gəzirlər. Bunun səbəbi heç də bəzilərinin də iddia etdiyi kimi "internet əsri”ndə olmağımız deyil. İnterneti biz kəşf etməmişik ki? Qərb ölkələrində internet var, amma orada kifayət qədər normal tirajlarla satılır”.

 

Z.Əzəmətin sözlərinə görə, Azərbaycanda ədəbiyyata marağın azalması cəmiyyətdə gedən proseslərlə bağlıdır: "Bizim insanlar hələ ki, öz inkişaflarında kitabdan, ədəbiyyatdan əsas vasitə kimi istifadə etmirlər. İnsanlar qabağa getmək üçün digər vasitələrdən yararlanırlar. Bu gün heç bir sahədə savada, istedada, intellektə önəm verilmir. Ədəbiyyatla bağlı heç bir xəbər, müsabiqə insanların diqqətini çəkmir. Televiziyalarda keçirilən "ulduzyarışlarına on min adam müraciət edir, halbuki Azərbaycanda heç bir kitab on min tirajla satılmır”.

 

Dövlət büdcəsindən maliyyələşən ədəbi dərgilərdə əsərləri dərc olunan müəlliflərin istedadına görə yox, baş redaktorların istəyinə görə müəyyənləşdirilməsi ilə bağlı iddialara toxunan yazar deyib ki, bunun səbəbi baş redaktorlarda yox, elə istedadlı müəlliflərin özündədir: "İçi mən qarışıq əksər yazarların özü əsərlərinin həmin jurnallarda dərc olunmasından imtina edir. Əslində bu bizim ədəbi dərgilərə yox, dərgini istiqamətləndirən sistemə qarşı etirazımızın göstəricisidir. Dəfələrlə baş redaktorlar mənə , digər yazar dostlarıma da müraciət ediblər. Amma biz AYB-dən çıxdığımız üçün bu oyunda iştirak eləmək istəmirik. Bu gün dövlət büdcəsindən maliyyələşən ədəbi nəşrlərdən hansınınsa baş redaktorunu çıxarıb, yerinə Zahir Əzəməti qoysalar, heç dəyişməyəcək.

 

Sistem eyni olduğu üçün nəticə eyni olacaq. Ədəbiyyatla bağlı həyata keçirilən bütün layihələr tender əsasında maliyyələşdirilməli bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə ölkədə rəqabət mühiti yaradılmalıdır. Ancaq çox təəssüflər olsun ki, bizdə ədəbi proseslər hələ 1935-ci ildə yaradılan prinsiplərlə idarə olunur”.

 

Gənc yazar Cəlil Cavanşir ədəbi dərgilərimizin əksəriyyətinin fəaliyyətində çox ciddi yarıtmazlıqlar olduğunu düşünür: "Amma son vaxtlar "Ulduzjurnalının fəaliyyətində müsbətə doğru müəyyən dəyişikliklər irəliləyişlər olduğunu xüsusi vurğulamaq istərdim. Bir "Yazıdərgisinin fəaliyyətini uğurlu hesab eləmək olar. Orada çap olunan mətnlər, ədəbi ab-hava yeniliyə doğru müəyyən addımların atıldığının göstəricisidir”.

 

Yazarın sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ədəbi dərgilərin tirajlarının az olması, oxucu marağının olmaması dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi kimi səbəblərdən dolayı bugünkü nəşrlərin fəaliyyəti qənaətbəxş deyil. Əsas problemlərdən biri yazıçılara qonorar verilməməsidir. Ciddi imzası olan, ədəbi mühitdə öz sözünü deyən fiqurların heç biri əsərlərinin "Ulduz”, "Azərbaycanjurnallarında, "Ədəbiyyatqəzetində çap olunmasına maraq göstərmirlər. Belə olan halda isə jurnalların keyfiyyəti yüksək olmur”.

 

C.Cavanşir hesab edir ki, ədəbi dərgilərin baş redaktorlarının istedaddan çox, şəxsi münasibətlərə üstünlük verməsi ilə bağlı iddialar əsaslıdır: "Azərbaycanjurnalı ilə bağlı yaşanan son qalmaqallar da deməyə əsas verir ki, ədəbi dərgilərin baş redaktorları özlərinə yaxın adamları başlarına yığırlar. İstedadlı gənclərə isə yetəri qədər diqqət ayırıb, şərait yaratmırlar”.

 

Mütəmadi olaraq heç bir ədəbi dərgi ilə əməkdaşlıq etmədiyini deyən yazar qeyd edib ki, şeirləri, yazıları özündən xəbərsiz zaman-zaman müxtəlif jurnallarda da çap olunub. Qulu Ağsəsin təklifi ilə "Ulduzjurnalında şeirlərim çap olunub. Amma indiyə qədər "Azərbaycanjurnalından heç bir təklif almamışam. Sözün açığı, onlarla əməkdaşlıqda bir o qədər həvəsli deyiləm”.

 

Ölkədə nəşr olunan ədəbi dərgilər arasında maraqla oxuduğu jurnalın nəşri dayandırılan "Alatoranjurnalı olduğunu vurğulayan C.Cavanşir deyib ki, indi "Yazı”nı səbirsizliklə gözləyir: "Orada maraqlı yazılar, heç yerdə oxumadığım, xəbərsiz olduğum bəzi məlumatlar verilir. Qalan nəşrlərin çapı isə mənim üçün maraqlı deyil”.

 

Şəymən

Şərq.- 2015.- 20 oktyabr.- S.11.